Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9886/2021 22.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 iyul 2021-ci il tarixli qətnamədən cavabdeh Birliyin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh Birlik tərəfindən təbii qazdan istifadəyə görə əlavə sərfiyyat kimi ona əsassız olaraq hesablanmış 305,40 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı özünə məxsus olan və Bakı şəhəri, Binəqədi rayonu, Hərbi Şəhərcik, ev 29, mənzil 3-də ailə üzvləri ilə birlikdə yaşayır. Həmin yaşayış sahəsi cavabdeh Birlik tərəfindən təbii qazla təmin olunur və bununla bağlı olaraq binanın xaricində, yəni küçədə Birlik tərəfindən qaz sayğacı quraşdırılmışdır. Birliyin əməkdaşları 17.03.2021-ci il tarixdə iddiaçıya bildirmişlər ki, onun Birliyə 305,40 manat məbləğində borcu var və borcun ödənilməsini tələb etmişlər. Onlar bunu belə izah etmişlər ki, onlar tərəfindən 01.09.2012-ci il tarixdə 247992 saylı akt tərtib olunaraq yeni tipli “G-4” markalı 1202AQ**********9 nömrəli əvvəlcə ödənişli qaz sayğacı ilə əvəzlənmiş və “G-4” markalı 1102AQ**********2 nömrəli qaz sayğacının klapanı bağlanmadığından ödəniş edilmədən təbii qazdan istifadəyə görə həmin borc yaranmışdır. İddiaçı cavabdeh Birliyin əməkdaşlarının bu tələbini əsassız hesab edir. Çünki iddiaçının özü və ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişlər. Yeni sayğac quraşdırılanadək iddiaçıya borcunun olması barədə məlumat verilməmişdir. Dəfələrlə sayğaca baxış keçirilmiş, lakin ona irad bildirilməmişdir. Sayğac küçədə yerləşdiyindən ona nəzarəti Birliyin əməkdaşları etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 09.07.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus yaşayış sahəsində quraşdırılmış qaz sayğacı dövlət yoxlamasından keçirilən zaman məlum olmuşdur ki, sayğaca müdaxilə olunmuşdur. Bu növ müdaxilə nəticəsində istehlakçı tərəfindən dəyəri ödənilmədən təbii qazdan istifadə olunur. Bu səbəbdən də akt tərtib olunaraq itirilmiş qazın dəyəri müəyyən olunmuş və istehlakçının qaz hesabına 305,40 manat məbləğində borc yüklənmişdir. İstehlakçı olan iddiaçı qazdan istifadə qaydalarına zidd şəkildə təbii qazdan istifadə etdiyi üçün istifadə edilmiş təbii qazın dəyərini tam olaraq ödəməlidir. Lakin işə baxmış Rayon Məhkəməsi bu halları nəzərə almamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Cavabdeh Birliyin nümayəndəsi və iddiaçı iş üzrə apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, bu halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh Birlik arasında bağlanmış 1154 saylı, 27.07.2007-ci il tarixli “Əhali istehlakçılarının təbii qazla təmin edilməsi, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında müqavilədən” görünür ki, Birlik bu müqavilənin şərtlərinə uyğun olaraq istehlakçı olan iddiaçının yaşadığı ünvanı keyfiyyətli qazla təmin edir, iddiaçı isə aldığı qazın dəyərini, ünvanında quraşdırılmış qaz sayğacının göstəricisinə uyğun olaraq Birlik tərəfindən göstərilən hesaba ödəyir. Bakı Regional Qazın Satışı Departamentinin iddiaçıya ünvanladığı 17.03.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının istifadəsində olmuş əvvəlcədən ödənişli “G-4” markalı, 1102AQ**********2 nömrəli qaz sayğacı Birliyin əməkdaşları tərəfindən 01.09.2012-ci il tarixdə tərtib edilmiş 247992 saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt əsasında yeni “G-4” markalı, 1202AQ**********9 nömrəli əvvəlcə ödənişli qaz sayğacı ilə əvəzlənmiş və əvvəlki qaz sayğacının klapanının bağlanmaması səbəbindən təbii qazdan istifadəyə görə iddiaçıya 305,40 manat borc hesablanmışdır ki, həmin borc iddiaçı tərəfindən ödənilməlidir. Bakı Regional Qazın Satışı Departamentinin işə baxmış Rayon Məhkəməsinin 23.04.2021-ci il tarixli sorğusuna verdiyi cavabdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 10.11.2015-ci il tarixli, SOCAR/15-2900/02-06-000684 №-li əmrinə əsasən Birliyin tabeliyində fəaliyyət göstərən X1 Sahəsi ləğv edilən zaman müvafiq sənədlər Bakı Regional Qazın Satış Departamentinə təhvil verilmədiyinə görə iddiaçının müqavilə borcunun yaranmasına əsas olan sənədlər tapılmamışdır. Birlik tərəfindən tərtib edilmiş “Abonentin saldosundan” və “Sayğac çıxarışından” görünür ki, iddiaçıya aid **********00030 saylı abonent koduna 305,4 manat borc hesablanmışdır. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (bənd 8.). Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir (bənd 9.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə görə, qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə görə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafıq örtüklə örtülməli (fıziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə görə, fıziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə görə, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qeyd olunan maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, fiziki şəxs olan istehlakçıların (hazırki halda iddiaçının) qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh Birlik daşıyır. Buna görə də Məhkəmə hesab edir ki, qaz sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Müdaxilənin iddiaçı tərəfindən edilməsini təsdiq edən hər hansı sübut cavabdeh Birlik tərəfindən məhkəmələrə təqdim edilməmişdir. Belə ki, MPM-nin 77.2-ci maddəsinin mənasına görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə cavabdehin özünə aid edilsin. Yuxarıda göstərilənlərə əsaslanan və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 iyul 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9886/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9886/2021
22.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver