Məhkəmə qərarları › İş №2(103)-9918/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9918/2021

27.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9918/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili X2, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər “X10 MMC”, Cavabdeh2 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 qarşı “müqavilənin və nəticələrinin etibarsız hesab edilməsi”nə dair ilkin, Cavabdeh2 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi”nə dair qarşılıqlı iddia ərizəsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1539/2021 saylı, 23 iyul 2021-ci il tarixli qərardadından cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “X10 MMC”, Cavabdeh2 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 qarşı müqavilənin və nəticələrinin etibarsız hesab edilməsinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı Cavabdeh2 cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı birinci instansiya məhkəməsi iclasında iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, 04 dekabr 2008-ci il tarixli alqı-satqı müqaviləsi ilə ona məxsus olan Bakı şəhəri, X8 massivi Ə.Talıblı küçəsi ünvanında inşa edilən “X10 MMC”-nin 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 47 kv.m. qeyriyaşayış sahəsinin qapısının dəyişdirilməsi, sındırılması, açar gözlüklərinin dəyişdirilməsi, icarəyə verilməsi, həmin əmlaka dair alqısatqı edilməsinə qadağan qoyulmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 2(003)-1539/2021 №-li qərardadı ilə ərizə təmin edilmiş Bakı şəhəri, X8 massivi Ə.Talıblı küçəsi ünvanında inşa edilən “X10 MMC”-nin 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 47 kv.m. qeyri-yaşayış sahəsinin qapısının dəyişdirilməsi, sındırılması, açar gözlüklərinin dəyişdirilməsi, icarəyə verilməsi, həmin əmlakın özgəninkiləşdirilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır Qeyd olunan qərarddan cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 şikayət verərək, qərardadın ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi məhkəmə iclasının vaxtı barəsində nə sms bildiriş vasitəsilə, nə də ki, poçt vasitəsi ilə məlumatlandırılmamışlar. Qeyd edilməlidir ki, ilk olaraq İddiaçı tərəfindən verilmiş iddia ərizəsində iddia tələbinin hansı 47 kv.m-ə münasibətdə verildiyi müəyyən olunmamışdır. Buna görə də iddia təmin tədbiri barədə qərardad əsassızdır. Digər tərəfdən isə, tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edilərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarış əldə edilmiş və onun Bakı şəhəri, Yasamal rayonu, X8 massivi, 1 saylı binada yerləşən qeyri-yaşayış sahəsi üzrə xüsusi mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Həmin çıxarışa əsasən daşınmaz əmlaka tam mülkiyyət hüququm tanınmış və həmin əmlakla bağlı sahiblik, istifadə və sərəncam vermək hüququm mövcud olmuşdur. Lakin məhkəmə qərardadına əsasən, mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə hüququna əsassız olaraq maneə yaradılmışdır. Halbuki qarşı tərəfin iddia ərizəsi istifadə hüququna yaradılan maneələrlə deyil, müqavilənin etibarsızlığı ilə bağlı olmuşdur. Belə olan halda məhkəmə tərəfindən istifadə hüququna dair qərardad qəbul edilməklə iddia predmetindən kənarda qalan məsələ həll edilmişdir. Eyni zamanda belə bir qərardad qəbul etməklə məhkəmə iddia ərizəsinin nəticəsi barədə öz mövqeyini əvvəlcədən bildirmişdir. Bundan əlavə, İddiaçı tərəfindən verilmiş iddia ərizəsinə əlavə olunan sənədlərin arasında ona məxsus olduğunu iddia etdiyi 47 kv.m.-lik qeyriyaşayış sahəsinin Cavabdeh2 məxsus olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşməsi barədə heç bir ilkin sübut təqdim olunmamışdır. Əlavə olaraq bildirir ki, iddia ərizəsində qeyd olunan Ə.Talıblı adında küçə ümumiyyətlə həmin ərazidə yerləşmir. Mülkiyyət hüququna dair çıxarışdan da görünür ki, mülkiyyətində olan qeyri-yaşayış sahəsi ümumiyyətlə iddiaçının qeyd etdiyi küçədə deyil, başqa ərazidə, yəni Əsəd Əhmədov küçəsindədir. Bu ziddiyyətin aradan qaldırmaq üçün məhkəmə tərəfindən əvvəlcə Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən iddia ərizəsində qeyd olunan ünvanla, çıxarışda qeyd olunan ünvanın üst-üstə düşməsi barəsində məlumat tələb edilməli idi. X9 Holdinq MMC tərəfindən tikilən həmin binada olan qeyri yaşayış sahəsi hündürlük baxımından binanın bir tərəfindən yerdən hündürlüyü 1-ci mərtəbə olsa da, digər istiqamətindən 2-ci mərtəbədir. Bu hal özü də hazırki iddiaçının əmlakının binanın hansı istiqamətində yerləşməsi baxımından ziddiyyət yaradır. Belə olan halda iddia təmin tədbiri barədə ərizə təmin edilməməli idi. Belə ki, həmin ərizənin təmin olunması faktiki olaraq mülkiyyət hüququ qeydiyyata alınmış, çıxarışı olan şəxsin istifadə hüququna maneə yaratmışdır. Həmin binada yerləşən qeyri-yaşayış sahəsinin hansı hissəsinin iddiaçıya məxsus olub-olmamasına gəldikdə isə o barədə İddiaçı ümumiyyətlə ilkin mötəbər sübutlar təqdim etməmişdir. Digər tərəfdən iddiaçı yeni ərizəsində cavadehlərin qeyri-yaşayış sahəsinə özbaşına daxil edilməsi xahiş edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili X4 şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 və nümayəndəsi və vəkili Vəkil2 şikayətin həlli məsələsini məhkəmə kollegiyasının mülahizəsinə həvalə etdiyini bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasına gəlməmişlər, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbirlər görülə bilər. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyrimümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Ona görə də, iddianı təmin tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların, mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Buna görə, iddianı təmin tədbirinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən qorunan mübahisə obyekti məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilsin. Bu mənada nəzərə almaq lazımdır ki, hazırkı məhkəmə icraatı iddiaçının cavabdeh “X10 MMC-yə və qeyrilərinə qarşı məhz Bakı şəhəri, X8 massivi Ə.Talıblı küçəsi ünvanında inşa edilən “X10 MMC”-nin 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 47 kv.m. qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi əsasında başlanmaqla, iddiaçı məhz həmin qeyri-yaşayış sahəsinin ona məxsus olduğunu irəli sürdüyü həmin daşınmaz əmlakın qapısının dəyişdirilməsi, sındırılması, açar gözlüklərinin dəyişdirilməsi, icarəyə verilməsi, həmin əmlakın özgəninkiləşdirilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi, yəni həmin obyektlərin iddiasının təmini üsulu kimi (gələcəkdə lehinə çıxarılacaq qətnamənin icrasının təmini məqsədilə) qorunmasını xahiş etmişdir. Bu baxımdan kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi şikayət mövzusu qərardadı qəbul etməkdə haqlı olmuşdur, şikayətin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla, öz təsdiqini tapmamışdır. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçı iddia tələbində sözügedən qeyriyaşayış sahəsinə dair bağlanmış alqı-satqı müqavilələnin etibarsız hesab edilməsini edilməsini tələb edir. Beləliklə, iş materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1539/2021 saylı, 23 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1539/2021 saylı, 23 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar