Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-995/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: sığorta məbləğinin subroqasiya qaydasında tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 08 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. “Mercedes Benz E240” markalı, 99–DZ–082 dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il oktyabrın 09-da Cavabdeh etibarnamə olmadan idarə etdiyi “Mercedes Benz E240” markalı, 99–DZ–082 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Həsən Əliyev küçəsində, X2 idarə etdiyi “VAZ 21015” markalı, 99–NE– 594 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Bakı DYPİ tərəfindən xx.xx.2020-ci il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXMnin 332.1-ci(nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Bakı DYPİ-in xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci(nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “VAZ 21015” markalı, 99–NE–594 dövlət nömrə nişanlı avtomobilə 1215 manat məbləğində zərər dəymişdir. İddiaçı xx.xx.2020-ci il tarixində həmin məbləği zərərçəkmiş şəxs X3 ödəmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1215 manat məbləğində vurulmuş zərər və 32.50 manat məbləğində dövlət rüsumunun, cəmi 1247.50 manat pulun alınaraq iddiaçının hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixində həmin məbləği zərərçəkmiş şəxs X3 ödəmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4548/22 saylı iş üzrə 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Abbasova) iddia rədd edilmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, avtomobili etibarnamə olmadan idarə etməsi onun avtomobili istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 936.5ci, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, məhkəmə kimi üzərinə düşən vəzifəni, yəni iddiaçının sübutlarını nə üçün qəbul etmədiyinə dair dəlliləri göstərməməklə, MPM-nin 220-ci maddəsində göstərilmiş vəzifəni yerinə yetirməkdən özünü kənarlaşdırmışdır. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq 12.Azərbaycan Respublikası Mülki Məcəlləsi 13.Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 14.Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 15.Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
“İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu 16.Maddə 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 17.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 18.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamə tam həcmdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
22. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edildiyi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edildiyi, subroqasiya hüququnun həmin şəxsə qarşı yarandığı göstərilmişdir.
23. Bu o deməkdir ki, hazırkı iş üzrə avtomobilin cavabdeh tərəfindən etibarnamə olmadan idarə edilməsi həmin cavabdehi avtomobili istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir. Ona görə də subroqasiya hüququ həmin şəxsə qarşı yarana bilməz.
24. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur.
25. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
26. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.