Məhkəmə qərarları › İş №2(103)-9954/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9954/2021

05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9954/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" MMC və Cavabdeh2 ASC-yə qarşı “hərracın nəticəsinin etibarsız hesab olunması barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli qətnaməsindən İddiaçı1 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Şirvan Apellyasiya Məhkəməsi tərəfindən 2(106)-24/2018 nömrəli iş üzrə verilmiş 13.04.2018-ci il tarixli icra vərəqəsinə görə borclu İddiaçı2 tələbkar Cavabdeh2 ASC-nin xeyrinə kredit müqaviləsi üzrə cəmi 58.785,82 ABŞ dolları məbləğində pul tutulmalı, tutma borclu İddiaçı1 məxsus olan, Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, ev № 36-da yerləşən 58 №-li mənzilə yönəldilməlidir. Mənzilin ilkin satış qiyməti 280.000 manat müəyyən edilib. Yasamal Rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında "xxxx" MMC mənzilin satılması üzrə hərrac keçirib. Birinci hərrac 26.02.2021-ci il tarixə, təkrar hərrac isə 17.03.2021-ci il tarixə təyin olunub. Mənzil birinci hərraca 280.000 manat qiymətlə çıxarılıb. Bundan sonra mənzil həmin qiymətindən 15 faiz aşağı qiymətə - 238.000 manata təkrar hərraca çıxarılıb, təkrar hərrac baş tutmadığına görə hərracın təşkilatçısı banka təklif edib ki, mənzili təkrar hərracdakı satış qiymətindən 25 faiz aşağı qiymətə - 178.500 manata alsın. Bank təklifi qəbul edib. Hərracın təşkilatçısı 02.04.2021-cı il tarixdə “Hərracın yekunları barədə” 28/05 nömrəli protokol tərtib etməklə bunu rəsmiləşdirib, habelə həmin tarixdə bankla alqı-satqı müqaviləsi bağlanıb, bank mənzili 178.500 manata əldə edib. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, hərracın nəticəsi etibarsız hesab olunsun. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı1 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: Qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsində iddia olunur ki, hərrac keçirilərkən “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsinin tələbi pozulub. Belə ki, həmin maddədə qeyd olunub: “Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Qanuna uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Qanuna uyğun olaraq verir”. Lakin bu müddəa “İpoteka haqqında” Qanuna sonradan əlavə edilib və 30.12.2018-ci il tarixdə qüvvəyə minib. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra vərəqəsinin tarixi isə daha əvvələ - 13.04.2018-ci il tarixə aiddir. İddia ərizəsində daha sonra iddia olunur ki, hərrac keçirilərkən “İcra haqqında” Qanunun 61.1-ci maddəsinin tələbi pozulub. Belə ki, həmin maddədə qeyd olunub: “Borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir”. İddiaçı iddia edir ki, "xxxx" MMC ilə icra şöbəsinin arasında müqavilə bağlanmayıb. Lakin müqavilənin olub-olmadığının hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyəti yoxdur, çünki müqavilənin olmaması öz-özlüyündə iddiaçının hüququnun və ya qanuni mənafeyinin pozulmasına səbəb ola bilməz. İddia ərizəsində daha sonra iddia olunur ki, hərrac keçirilərkən “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinin tələbi pozulub. Belə ki, həmin maddədə qeyd olunub: “Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir”. İddiaçı iddia edir ki, "xxxx" MMC kütləvi informasiya vasitələrində elan dərc etməyib və ipoteka qoyana bildiriş göndərməyib. Lakin iş materiallarından müəyyən olunur ki, "xxxx" MMC kütləvi informasiya vasitəsində elan dərc edib və ipoteka qoyana bildiriş göndərib. İddia ərizəsində daha sonra iddia olunur ki, hərracın baş tutmamış elan edilməsinə münasibətdə “İpoteka haqqında” Qanunun 43.1-ci maddəsinin tələbi pozulub. Belə ki, həmin maddəyə görə hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir. İddiaçı iddia edir ki, "xxxx" MMC qanunun bu tələbini pozub, hərracın baş tutmamasını düzgün qaydada elan etməyib. Lakin "xxxx" MMC-dən məhkəmə daxil olmuş sənədlərdən müəyyən olunur ki, hərracın baş tutmadığı barədə məlumat qanunamüvafiq qaydada dərc olunub. İddia ərizəsində daha sonra iddia olunur ki, satılmamış əmlakın tələbkara təklif olunması hüququnun hərrac təşkilatına aid olması qanunvericilikdə müəyyən edilməyib. Bu barədə icra məmuru müvafiq qərar qəbul edərək tələbkara təklif göndərir. "xxxx" MMCnin tələbkara ünvanladığı, ipoteka predmetinin əldə olunmasına dair məktub qanunsuzdur. Məhkəmə qeyd edir ki, bu məsələni “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsi tənzimləyir. 43.7-ci maddəyə həmin Qanunun digər maddələri ilə qarşılıqlı əlaqədə izah verdikdə aydın olur ki, satılmamış əmlakın tələbkara hərrac təşkilatçısı tərəfindən təklif edilməsi qanuna uyğundur. Apellysiya icraatı zamanı İddiaçı1 vəkili məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət qaldırmışdır. Vəsatət onunla əsaslandırılıb ki, hərrac təşkilatının bildirişlərinin iddiaçıya çatdırılması barədə qəbzlərdəki imzalar iddiaçıya məxsus deyil. Lakin bu hal iddianın əsasını təşkil etmir, habelə birinci instansiya məhkəməsində icraat zaman bu barədə vəsatət qaldırılmayıb. Ona görə də məhkəmə Mülki-Prosesual Məcəllənin 372.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, həmin vəsatət təmin oluna bilməz. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar