Məhkəmə qərarları › İş №2(104)-1008/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1008/2025

27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1008/2025 27.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (əri) X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli 2(061)-115/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə 27 may 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2024-cü il tarixli ******* saylı müqavilənin surətindən görünür ki, Cavabdeh iddiaçı təşkilatdan 1200,80 manat dəyərində imei kod **********47939 “HONOR 90” markalı mobil telefonu 2 il zəmanətlə kreditə götürmüşdür;

2. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 1133,78 manat ödənilməmiş hissə, 113,22 manat cərimə olmaqla, ümumilikdə 1247 manat borc hesablanmışdır;

3. Müştəriyə müvəqqəti istifadə üçün mobil telefonun təqdim edilməsi barədə xx.xx.2024-cü il tarixli 547633 nömrəli razılaşmanın surətində qeyd edilmişdir ki, 1-ci bənddə müştəriyə müvəqqəti istifadə üçün "xxxx" MMC-nin mülkiyyətində olan mobil telefon (model: Samsung Galaxy A32, İMEİ kod: **********15065 bundan sonra telefon) təqdim edilir. Müştəri razılaşır ki, telefonun dəyəri 550 manat təşkil edir və telefon tam saz vəziyyətdədir. 2-ci bənddə telefon müştəri tərəfindən servisə təhvil verilmiş mobil telefonun (model:HONOR 90 8/256 GB EMERALD GREEN, İMEİ kod: **********47939) təmir müddəti ərzində istifadə üçün təqdim olunur. Təmir başa çatdıqdan sonra telefon "xxxx" MMC-yə dərhal geri qaytarılmalıdır. 4-cü bənddə müştəri telefonu "xxxx" MMC-yə hər hansı bir xidmətdən geri qaytara bilmədikdə və ya telefon işlək vəziyyətdə olmadıqda və ya korlandıqda bu razılaşmanın 1-ci bəndində göstərilən məbləği tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Əgər telefonun ekranında mexaniki zədə nəticəsində hər hansı bir qüsur yaranarsa müştəri 275 manat məbləğini ödəməlidir. 5-ci bəndində müştəri bu razılaşmanın şərtlərini pozduğu halda, "xxxx" MMC müştəriyə müvəqqəti istifadə üçün təqdim olunmuş telefonun istifadəsini mümkünsüz edə bilər, o cümlədən əşyanın Azərbaycan Respublikası rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər. Bu bəndin icrası ilə əlaqədar "xxxx" MMC əlavə ödənişlər tələb edə bilər;

4. "xxxx" MMC-nin 24 yanvar 2025-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, HONOR 90 8/256 GB EMERALD GREEN markalı telefonun, cavabdeh tam və qüsursuz şəkildə təhvil almış və imzası ilə təsdiq etmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, HONOR 90 8/256 GB EMERALD GREEN markalı telefonu Reset Servis tərəfindən iki dəfə diaqnostika olunub, cihazda qüsur aşkar olunmamışdır. Hal-hazırda parametrlərinə uyğun işləyir. Bununla bağlı cavabdehə məlumat verilmişdir və məhsulun geri götürülməsi təklif olunmuşdur;

5. xx.xx.2024 tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-ə olan borcunu 3 iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci maddəsinə əsasən, aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir;

6. xx.xx.2024-cü il tarixli texniki vəziyyət barədə aktın surətindən görünür ki, 06 mart 2024-cü il tarixdə HONOR 90 8/256 GB EMERALD GREEN markalı telefon Cavabdeh satılmış, cihaz 29 mart 2024-cü il tarixdə və 23 may 2024-cü il tarixdə servisə qəbul edilmişdir. Hər iki müraciətdə cihazın donduğu, qızdığı və proqramlarının qarışdığı müraciətdə qeyd edilmişdir. Cihaz servisdə yoxlanılmış və qüsur görünmədiyi qeyd edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********47939 “HONOR 90” markalı telefon üçün 1133,78 manat ödənilməmiş hissə, 113,22 manat cərimə, ümumilikdə 1247 manat borc və 32,47 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı MMC tələbini onunla əsaslandırmışdır ki, cavabdeh aralarında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********47939 “HONOR 90” markalı telefon almış və nəticədə 1247 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq alqı-satqı qiyməti 1200,78 manat olan telefon üçün ümumilkdə 1247 (min iki yüz qırx yeddi) manat olmaqla, ondan 1133,78 manat ödənilməmiş hissə, 113,22 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 67 manat təşkil etmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanmışdırsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faiz həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll edilməsi, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğundan rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər, tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir.

9. Tərtər Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli 2(061)-1637/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

10. Tərtər Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli 2(061)-115/2025 nömrəli qətnaməsi ilə (hakim Kamil Rzayev) İddiaçın Cavabdeh qarşı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********47939 “HONOR 90” markalı telefon üçün 1133 (min yüz otuz üç) manat 78 (yetmiş səkkiz) qəpik ödənilməmiş hissə, 113 (yüz on üç) 22 (iyirmi iki) qəpik cərimə, ümumilikdə 1247 (min iki yüz qırx yeddi) manat borc və 32 (otuz iki) manat 47 (qırx yeddi) qəpik ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb İddiaçı MMC-ə ödənilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1 və 600.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətlərinin dəlilləri

12. İddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı "xxxx" MMC apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, cavabdehin ümumiyətlə telefonun qaytarılması niyyəti olmayıb. Birinci instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunverciliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız cavabdeh tərəfindən irəli sürülən dəlillərə və sübutlara istinad etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmırlar. Çünki, keçirilmiş məhkəmə iclaslarında cavabdeh özü deyil, onun etibarnamə üzrə nümayəndəsi iştirak etmişdir. “HONOR 90” markalı telefon saz vəziyyətdə cavabdehə təqdim edilmişdir. Telefonun alqı-satqısından 9 gün sonra cavabdeh əlaqə saxlayaraq telefonun işləmədiyini bildirmişdir. Telefon təmir üçün servisə təqdim edilmiş və servis telefonu saz vəziyyətdə cavabdehə geri qaytarmışdır. Bundan sonra cavabdeh ikinci dəfə də telefonda problem yarandığını bildirmiş və telefon yenidən servisə təqdim edilmişdir. Telefonun servisdə qaldığı müddət ərzində istifadə etməsi üçün cavabdehə başqa telefon vermişlər. Lakin, iddiaçı servisə verdiyi “HONOR 90” markalı telefonu gəlib götürməmişdir. Hazırda cavabdehin gəlib həmin telefonu servisdən götürməsini, habelə telefonun dəyərini ödəməsini tələb edirlər. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (əri) X2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, arvadı Cavabdeh “HONOR 90” markalı telefonu qızıl zəmanətlə iddiaçı təşkilatdan satın almışdır. Telefonda problem olduğuna görə onu servisə təqdim etmişlər və telefonun servisdə qaldığı müddətdə müvəqqəti istifadə edilməsi üçün iddiaçı təşkilat tərəfindən arvadına başqa telefon verilmişdir. Servisdən ona bildirmişlər ki, telefonda heç bir qüsur aşkar edilməmişdir. Lakin, telefon qüsurlu olduğundan onu servisdən götürməmişlər. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. O, məhkəmə iclasında etibarnamə üzrə nümayəndə vasitəsilə təmsil edildiyindən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

19. Maddə 581. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər.

20. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

21. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

22. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 06 mart 2024-cü il tarixli ******* nömrəli müqaviləyə əsasən, sonuncu aldığı 1200,80 manat dəyərində imei kod **********47939 “HONOR 90” markalı mobil telefonu 2 il qızıl zəmanətlə nisyə almışdır. Əşya alınarkən yoxlanılsa da tam olaraq 9 gün sonra, yəni zəmanət müddətində cihazda donmalar, qızma və proqramlarının qarışması və s. qüsurlar ortaya çıxması əsası ilə sözügedən mobil telefon servisə təqdim edilmişdir. Daha sonra telefon servisdə diaqnostika olunduqdan sonra cavabdehə geri qaytarılmışdır. Lakin, yenə telefonda qeyd olunan qüsurlar mövcud olduğundan telefon yenidən servisə təhvil verilmişdir. İkincı dəfə mobil telefonun servisdən qayıtdığı cavabdehə bildirilmiş, lakin cavabdeh telefonu iddiaçıdan götürməkdən imtina etmişdir. Hazırda iddiaçı həmin telefonun dəyərinin cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir.

37. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

38. Hər hansı iddia üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

39. Tərəflər arasında bağlanmış müddətli (nisyə) alqı satqı müqaviləsinin 3.10-cu bəndində göstərilir ki, müştəri “ABC”-nin razılığı ilə müvafiq çatdırma, quraşdırılma, daşıma sökülmə xərclərini qarşıladığı halda malı geri qaytara bilər. Bu zaman “ABC”-in özü və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ müştərinin ümumi borcundan çıxılır.

40. İşin müəyyən edilmiş və faktiki hallarından aydın olur ki, zəmanət müddətində HONOR 90” markalı mobil telefonda donmalar, qızma və proqramlarının qarışması və s. qüsurlar ortaya çıxmışdır. Bundan sonra “HONOR 90” markalı mobil telefon servisə təqdim edilmişdir. Daha sonra telefon cavabdehə geri qaytarılmışdır. Lakin, yenə telefonda donmalar, qızma və proqramların qarışması və s. qüsurlar ortaya çıxmışdır. Bu səbəbdən telefon yenidən iddiaçıya təhvil verilmiş və onun tərəfindən diaqnostika olunması üçün servisə göndərilmişdir. Sözügedən mobil telefonun servisdən qaytarıldığı və təhvil alınması təklif olunsa da, lakin cavabdeh telefonu iddiaçıdan təhvil almaqdan imtina etmiş və bunun səbəbi kimi həmin mobil telefondakı qüsurların aradan qalmadığına istinad etmişdir. Hazırda da “HONOR 90” markalı telefon iddiaçının sahibliyindədir.

41. Göründüyü kimi, iddiaçı təşkilat tərəfindən cavabdehə satılmış “HONOR 90” markalı mobil telefon lazımi keyfiyyətdə olmadığından onda bir sıra nasazlıqlar ortaya çıxmış, satıcı da əşyadakı həmin qüsurları aradan qaldırmamış, nə də ki, alıcıya lazımi keyfiyyətdə əşya təqdim etməmişdir. Mövcud vəziyyətdə əşya satıcıya qaytarılmış olduğundan o, əşyanın dəyərini alıcıdan tələb etməkdə haqlı deyildir.

42. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlnaılmalıdır.

43. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli 2(061)-115/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar