Məhkəmə qərarları › İş №2(104)-1031/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1031/2024

24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1031/2024 24.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(058)-346/2024 nömrəli qərardadından İddiaçı (bundan sonra MMC) tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 13 noyabr 2021-ci il tarixli, QQK6164169 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1495 (min dörd yüz doxsan beş) manat əsas borc, müqavilə üzrə hesablanmış 500 (beş yüz) manat faiz borcu, 22 fevral 2022-ci il, QQK6164528 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 450 (dörd yüz əlli) manat əsas borc, müqavilə üzrə hesablanmış 100 (yüz) manat faiz borcu, 46 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2591 (iki min beş yüz doxsan bir) manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(058)-346/2024 nömrəli qərardadı ilə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılmıası qərara alınmışdır. Həmin qərardadın dəlilləri ilə razılaşmayan İddiaçı MMC şikayət verərək, qərardadın ləğv olunması və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(058)-346/2024 nömrəli qərardadı (hakim Tərifə Kərimova) ilə, İddiaçı Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-346/2024 saylı qərardadından verdiyi şikayətin geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı MMC şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, şikayət asan imza ilə imzalanmış və elektron kabinet vasitəsilə verilmişdir. Hesab edir ki, Samux Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(058)-346/2024 saylı qərardadı əsassızdır və bu səbəbdən ləğv edilməlidir. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(058)-346/2024 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(058)-346/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəməyə təqdim edilmiş elektron qaydada tərtib edilmiş şikayətdən görünür ki, İddiaçı MMC tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilmiş, elektron imza ilə imzalanmış şikayətdə iddiaçı tərəfindən skan edilərək yüklənmiş, lakin şikayət ərizəsi elektron sənəd formasında verilməmişdir. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. (Mülki Prosessual Məcəllənin 10-1.1 və 10-1.2-ci maddələri) İddiaçı tərəf şikayətində göstərmişdir ki, şikayət asan imza ilə imzalanmış və elektron kabinet vasitəsilə verilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Azərbaycan Respublikasının MPM-in 10-1.8-ci maddəsinə əsasən “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən elektron sənəd aşağıdakı tələblərə cavab verməlidir: 21.1.1. texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli, ötürülməli və qəbul edilməlidir; 21.1.2. bu Qanunun 22-ci maddəsində müəyyən edilmiş quruluşa malik olmalıdır; 21.1.3. identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır; 21.1.4. texniki və proqram vasitələrinin köməyi ilə əyani qavranılan (vizual) şəkildə təqdim olunmalıdır. Məhkəmə kollegiyası göstərir ki, elektron kabinet vasitəsilə verilən şikayət ərizəsi yalnız adi sənəd formasında tərtib edilərək imzalanmış və skaner edilərək elektron kabinetə yüklənmiş və elektron imza ilə imzalanmışdır. Hansı ki, elektron sənəd kimi qeydə alınmış şikayət ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron sənəd formasında hazırlanmalı və daha sonra həmin sənəd elektron imza ilə təsdiq edilərək verilməlidir. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin geri qaytarılması qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının MPM-in 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(058)-346/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1.-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 398 və 402-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilməsin. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(058)-346/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar