Məhkəmə qərarları › İş №2(104)-1037/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1037/2025

07.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1037/2025 07.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin azad edilməsi və üzərindəki fərdi yaşayış evindən cavabdehlərin çıxarılması, evin və torpağın boşaldılaraq təhvil verilməsi tələbinə dair iş üzrə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(015)-659/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin azad edilməsi və üzərindəki fərdi yaşayış evindən cavabdehlərin çıxarılması, evin və torpağın boşaldılaraq təhvil verilməsi barədə iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********24-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında mülkiyyətində olan Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən 0.12 ha torpaq sahəsinin cavabdehlərdən azad edilməsi, həmin torpaq sahəsindən və üzərindəki fərdi yaşayış evindən cavabdehlərin çıxarılması, həmin torpağın və evinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(015)-659/2025 nömrəli qərardadı ilə (hakim H.Mürsəlova) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin azad edilməsi və üzərindəki fərdi yaşayış evindən cavabdehlərin çıxarılması, evin və torpağın boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina edilməsi, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin İddiaçı qaytarılması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd edilən qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun hazırkı iddia tələbinin əsasını yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam təşkil edir. O, hal-hazıradək cavabdehlərə qarşı kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında əks olunan iddia tələbi ümumi əsaslarla cavabdehlərin mülkiyyətində olan yaşayış sahəsindən çıxarılması ilə bağlıdır. Bu səbəbdən cavabdehlərə qarşı hazırki iddia tələbi eyni tələb və eyni predmet üzrə olsa belə, iddia tələbinin əsası fərqlidir. Lakin bütün bunlara baxmayaraq, məhkəmə iddianın yolverilməzliyi ilə bağlı yanlış hüquqi nəticəyə gələrək, onu konstitusion hüququ olan məhkəmə müdafiəsi hüququndan əsassız olaraq məhrum etmişdir. Ona görə də, Ağstafa Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2(015)-659/2025 nömrəli qərardadını ləğv edilməsi və mülki işin icraata qəbul edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(015)-659/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Ağstafa Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2(015)-659/2025 saylı qərardadının dəyişdirilmədən saxlanılması, İddiaçı tərəfindən verilmiş şikayətin materialla birlikdə 7 gün müddətində baxılması üçün Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərini tam və obyektiv araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Ağstafa Rayon Məhkəməsinin 19 mart 2025ci il tarixli, 2(015)-659/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair birinci instansiya, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qanuni qüvvəyə minmiş qətnamələri mövcud olduğundan iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İş materialları ilə müəyyən olunur ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(015)-100/2024 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin azad edilməsi və üzərindəki fərdi yaşayış evindən cavabdehlərin çıxarılması, evin və torpağın boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)-1671/2024 saylı qətnaməsi apellyasiya şikayəti təmin edilməmiş, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(015)-100/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025ci il tarixli, 2(102)-254/2025 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)-1671/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair birinci instansiya, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qanuni qüvvəyə minmiş qətnamələri olduğundan birinci istansiya məhkəməsi iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddiaçınin şikayətinin dəlillərində göstərilir ki, o, hal-hazıradək cavabdehlərə qarşı kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etməmişddir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında əks olunan iddia tələbi ümumi əsaslarla cavabdehlərin mülkiyyətində olan yaşayış sahəsindən çıxarılması ilə bağlı olmuş olsa da, onun hazırkı iddia tələbinin əsasını yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam təşkil edir. İddiaçının şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bundan əvvəl iddia ilə müraciət edib cavabdehlərin mülkiyyətində olan yaşayış sahəsindən çıxarılmasını xahiş etmiş olsa da, birinci instansiya məhkəməsində verdiyi izahatında cavabdehlərə 6000 manat kompensasiya ödəməyə razı olduğunu, apellyasiya instansiyası məhkəməsində məhkəmə iclasında verdiyi izhatında isə 8000 manat kompensasiya verməklə cavabdehlərin ona məxsus mülkdən çıxarılmasını xahiş etmiş, hazırda isə iddiaçı cavabdehlərin yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsinin təşkil edildiyini göstərsə də, iddia ərizəsinin xahiş edirəm hissəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********24-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında mülkiyyətində olan Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən 0.12 ha torpaq sahəsinin cavabdehlərdən azad edilməsi, həmin torpaq sahəsindən və üzərindəki fərdi yaşayış evindən cavabdehlərin çıxarılması, həmin torpağın və evinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizəsinin məzmununda isə 7000 manat kompensasiya ödəmək istədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 398.0, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(015)-659/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar