Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1038/2024 06.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ağstafa Rayon Məhkəməsinin *3 dekabr 2023-cü il tarixli, 2(0*5)-**07/2023 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinə qarşı “sənədin şəxsə aid olması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. Ağstafa Rayon Məhkəməsinin *3 dekabr 2023-cü il tarixli, 2(0*5)-**07/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Z.Rəsulov) Ərizəçi maraqlı şəxs qismində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinə qarşı sənədin ona aid olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməmişdir. Ərizəçi həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin *3 dekabr 2023-cü il tarixli, 2(0*5)-**07/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı onun məhkəməyə təqdim etdiyi AR Müdafiə Nazirliyi Mərkəzi arxiv idarəsi tərəfindən təqdim olunan arayışda açıq şəkildə ifadə olunur ki, atasının adı hər iki mərhələdə" Axtiv" və Aktiv" kimi səhv yazılmışdır. Həmçinin arayışda qeyd olunur ki, bunun onlar tərəfindən düzəldilməsi mümkün deyildir. Məhkəmə isə heç bir araşdırma aparmadan, heç bir yerə müvafiq sorğular vermədən qeyd olunan qətnaməni qəbul etmişdir. İş üzrə maraqlı şəxs qismində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinə və üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə işə baxılmanın yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə kollegiyasının iclasında verdiyi izahatında apellyasiya şikayətini müdafiə edərək, bildirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, o, *992-cii ildə Qarabağ müharibəsində iştirak etmiş və ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün Müdafiə Nazirliyinə müraciət etmiş, lakin Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyıt göstərən Komissiyanın məktubu ilə onun müraciətinin həll edilməsinədn imtina edilmişdir ki, təqdim edilən əmrlərdə atasının adları “Axtiv” və “Aktiv” kimi səhv yazılmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını və Ağstafa Rayon Məhkəməsinin *3 dekabr 2023-cü il tarixli, 2(0*5)- **07/2023 nömrəli ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin *3 dekabr 2023cü il tarixli, 2(0*5)-**07/2023 nömrəli qətnaməsi ləğv edilməli, hazırki işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçıya hazırkı tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Ərizəçi maraqlı şəxs qismində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivində qeyd edilmiş ata adının “Axtiv” və “Aktiv” kimi qeyd olunmuş arxiv arayışının Ərizəçi məxsus olması faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tələbə mülki məhkəmə icraatında baxmaqda haqlı olmamışdır. Belə ki, iş materiallarının *4-cü səhifəsində olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin *2.05.2023-cü il tarixli imtina məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazırinin Katibliyinin Mərkəzi Arxivinin 26.0*.2023-cü il tarixli 4/2- 339 nömrəli arayışına və təqdim olunan digər sənədlərə əsasən N nömrəli hərbi hissənin *2.03.*992-ci il tarixdən əməliyyatlarda iştirak etdiyini, Azərbaycan Respublikası Müdafiə Nazirnin 04.0*.*992-ci il tarixli müvafiq əmrinə əsasən hərbi qulluq müddəti qurtardığı üçşün ordu sıralarından ehtiyata buraxıldığına, habelə N nömrəli hərbi hissə komadirinin 26.0*.*992-ci il tarixli *3 nömrəli və 02.04.*992-ci il tarixli 34 nömrəli əmrlərində “Ərizəçi Aktiv oğlunun (əmrlərdə ata adı “Axtiv” və “Aktiv” yazılmışdır) şəxsiyyət vəsiqəsində olan ata adında uyğunsuzluqların mövcudluğuna görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26*.0.*-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi, ərizəçi xahişində onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivində qeyd edilmiş ata adının “Axtiv” və “Aktiv” kimi qeyd olunmuş arxiv arayışının Ərizəçi məxsus olması faktının təsdiq edilməsini xahiş etsə də, hazırkı tələb əslində inzibati orqan olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ərizəçiyə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina ilə bağlı olmuş və ərizəçinin marağı əslində ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı olmuşdur ki, o, bunun üçün Müdafiə Nazirliyinə müraciət etmiş, lakin Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən Komissiyanın məktubu ilə onun müraciətinin həll edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası MPM-nin 30-cu maddəsinin şərh edilməsinə dair” 38.03.20*3-cü il tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə inzibati xarakter daşıyır. Belə ki, “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli *36 saylı Qərarının 4.*-ci bəndinə əsasən, Maraqlı şəxs* idarə, şöbə və xidmətləri inzibati orqanı kimi müəyyən olunmuşdur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *0 aprel 20*5-ci il tarixli 4 nömrəli qərarının 5.*-ci bəndində qeyd olunmuşdur ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququn tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.*-ci maddəsində deyilir ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.*-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 33.2-ci maddəsinə görə, bu Məcəllənin 33.*-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl edilməmişdir. Belə ki, hər kəsin pozulmuş hüquqlarının bərpası istənilən məhkəmə tərəfindən deyil, yalnız səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən həyata keçirilməlidir. Lakin qeyd edilən tələblərə mülki məhkəmə icraatı qaydasında baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 3*.*-ci maddəsinə, əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *0 aprel 20*5-ci il tarixli 4 nömrəli qərarının *5.4-cü bəndində qeyd olunmuşdur ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in *53.2, *53.2.*-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 26*.0, 26*.0.*-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 387.2.*-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin *3 dekabr 2023-cü il tarixli, 2(0*5)-**07/2023 nömrəli qətnaməsi ləğv edilməli, hazırki işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçıya hazırkı tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 387, 39*, 402, 404- 407-cı maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin *3 dekabr 2023-cü il tarixli, 2(0*5)-**07/2023 nömrəli qətnaməsi ləğv edilsin. Hazırki işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. İddiaçıya müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən *0 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən *0 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1038/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1038/2024
06.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver