Məhkəmə qərarları › İş №2(104)-1039/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1039/2025

30.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1039/2025 30.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğvi, qanun üzrə vərəsə kimi tanınma və miras əmlaka payların bərabər hissədə müəyyən edilərək bölünməsi tələbinə dair ilk, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı miras əmlaka vərəsəliyin müəyyən olunması tələbinə dair qarşılıqlı iddiası üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(023)-92/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğvi, qanun üzrə vərəsə kimi tanınma və miras əmlaka payların bərabər hissədə müəyyən edilərək bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka vərəsəliyin müəyyən olunması tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X1 miras qalan, Qazax şəhəri N.Nərimanov qəsəbəsi, 1 nömrəli evin 8 nömrəli mənzilinə Cavabdeh1 və Cavabdeh2 hər birinin payı ikidə bir hissədə olmaqla vərəsəlik payı müəyyən edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(023)-92/2025 nömrəli qətnaməsi ilə (hakim E.Mansırov) İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğvi, qanun üzrə vərəsə kimi tanınma və miras əmlaka payların bərabər hissədə müəyyən edilərək bölünməsi tələbi barədə iddiasına dair ilk iddiası təmin edilməmiş, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı miras əmlaka vərəsəliyin müəyyən olunması tələbi barədə qarşılıqlı iddiası təmin edilmiş, xx.xx.2000-ci ildə vəfat etmiş X1 miras qalmış, Qazax şəhəri N.Nərimanov qəsəbəsi, 1 nömrəli evin 8 nömrəli mənzilinin 1/2 hissəsinə Cavabdeh1, həmin mənzilin 1/2 hissəsinə Cavabdeh2 payı müəyyən edilməsi, məhkəmədə ilk iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməsi qət edilmişdir. İddiaçı qətnamədən narazı qalaraq apelyasiya şikayəti vermiş, Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(023)-92/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, ilkin iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) qətnamədən verilmiş apellyasiya şikayətini iş materialları ilə birgə araşdırıb hesab edir ki, apellyasiya mümkün sayılmamalı və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verilməsi üçün iş Qazax Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 363.1.2. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, istər ilkin iddia tələbi, istərsə də qarşılıqlı iddia tələbi qiymətləndirilənməyən iddia tələbləridir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci bəndinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə dövlət rüsumu 100 manat müəyyən edilir. İş üzrə ilkin “vərəsəlik şəhadətnaməsinin ləğvi, qanun üzrə vərəsə kimi tanınma, miras pay bölgüsü” tələbi dair iddia üzrə 100 manat, qarşılıqlı iddia tələbi “miras əmlaka vərəsəliyin müəyyən olunması” üzrə 100 manat dövlət rüsumu ödənilməli idi. İddiaçı məhkəməyə 100 manat dövlət rüsumu ödəyərək birinci instansiyası məhkəməsinə müraciət etmiş, cavabdeh isə qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödəməli olduğu 100 manat dövlət rüsumunu ödəməmiş, birinci instansiyası məhkəməsi dövlət rüsumunun ödənilməməsinə münasibət bildirmədən qarşılıqlı iddia ərizəsini icraata qəbul etmiş və yekun məhkəmə aktında dövlət rüsumunun ödənilməmiş hissələrinə qiymət verməmişdir. İddiaçı apellyasiya şikayətində isə həm ilk, həm də qarşılqlı iddia üzrə birinci instansiyası məhkəməsi tərəfindən təmin və rədd edilən hissələr üzrə məhkəmə aktını mübahisələndirir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Birinci instansiyası məhkəməsinə ödənilməli olan dövlət rüsumunun məbləği ilk və qarşılıqlı iddia tələbi üzrə ümumilikdə 200 manat təşkil etdiyindən apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumunun məbləği 100 manat təşkil edir. İddiaçı isə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar 50,60 manat dövlət rüsumu ödəmişdir ki, bu halda da qanunvericiliyin tələblərinə əməl etməmişdir. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinə dair Azərbaycan Respublikası Müılki Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələblərinə uyğunluğunu yoxlamdan şikayəti apellyasiya instansiyası məhkəməsinə göndərdiyindən Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(023)-92/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilməli və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verilməsi üçün şikayət iş materialları ilə birgə Qazax Rayon Məhkəməsinə qaytarılmalıdır. İşə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutan, məhkəmə qərara aldı: Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(023)-92/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(023)-92/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti hüquqi qiymət verilməsi üçün iş materialları ilə birlikdə Qazax Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar