Məhkəmə qərarları › İş №2(104)-104/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-104/2024

09.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-104/2024 09.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Rüstəmova Mülayim Akif qızının katibliyi, İddiaçı1, digər İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (arvadı) X9 və Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Tovuz regional “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisi və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakda payların müəyyən olunması tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 2(062)-185/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Tovuz regional “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisi və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Tovuz regional “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisi tərəfindən Cavabdeh1 verilmiş 19 mart 2020-ci il tarixli 2V298 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və mərhum X5ndan miras qalmış Tovuz rayonu Alakol kəndində yerləşən 0,26 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan fərdi yaşayış evindən ibarət miras əmlakdan vərəsəlik paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tovuz Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 2(062)-185/2023 nömrəli (hakim Fərid Əliyev) qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Tovuz regional “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisi və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair iddialarının təmin edilməməsi; İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 tələblərini onunla əsaslandırmışlar ki, X5nın Tovuz rayonu Alakol kəndində 0,26 ha torpaq sahəsi və həmin torpaq sahəsində fərdi yaşayış evi vardır. Həmin evdə doğulub böyümüşlər. X5 xx.xx.2001-ci ildə vəfat etmişdir. X3 vəfat edərkən onun yas mərasimində iştirak etmiş və ondan qalan mirasın qəbulunda bilavasitə iştirak etmişlər. Sonrakı vaxtlarda miras əmlakın idarə olunmasında Cavabdeh1 ilə bərabər iştirak etmişlər. X2 miras qalan əmlakın notarial qaydada rəsmləşdirilməsi üçün Cavabdeh2 notariat ofisinə müraciət etmişlər. Lakin onlara Cavabdeh1 xx.xx.2020-ci il tarixli 2V298 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında miras əmlakı öz adına sənədləşdirdiyi bildirilmişdir. Cavabdeh2 notariat ofisi vərəsələrin dairəsini müəyyənləşdirmədən cavabdehə əsassız vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. İş materaillarında olan: Doğum haqqında AZ –T 210298 və AZ - T210398 saylı şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı1 xx.xx.1948-ci il tarixdə, İddiaçı2 isə xx.xx.1954cü il tarixdə doğulmuşdur. X6, anaları isə X11r; Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X12 xx.xx.1964-cü il tarixdə ölmüşdür. Bu barədə xx.xx.1964-cü ildə 22 nömrə ilə akt qeydi aparılmışdır; Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X15 xx.xx.2001-ci il tarixdə ölmüşdür. Bu barədə xx.xx.2001-ci ildə 09 nömrəli akt qeydi aparılmışdır; Tovuz rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 95 nömrəli arayışdan görünür ki, 1996-2000-ci il tarixli 1 saylı təsərrüfatbaşına kitabın 1197-ci şəxsi hesabında təsərrüfat X10 adına olmaqla təsərrüfatda 0,26 ha torpaq sahəsi, 1975-ci ildə tikilmiş yaşayış evi ümumi sahəsi 96 kv.m., o cümlədən yaşayış sahəsinin 54 kv.m. olması göstərilmişdir; Tovuz regional “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli, reyestrdə 2V-298 nömrə ilə qeydə alınmış şəhadətnamədən görünür ki, X7 qalmış miras əmlakdan Cavabdeh1 1/1 hissədə irs almışdır. Miras əmlak JN 706 KOD 50303018 saylı dövlət aktı əsasında mərhuma məxsus Tovuz rayonu, Alakol kəndində yerləşən ümumi sahəsi 0,1618 ha torpaq sahəsinin ½ hissəsindən ibarətdir; “Torpağa mülkiyyət hüququna dair” JN 706 KOD 50303018 saylı dövlət aktından görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 30 saylı qərarı ilə X15 və X1 mülkiyyətinə Tovuz rayonu Alakol kəndi ərazisindən 0,16 ha torpaq sahəsi verilmişdir; Tovuz rayon İcra Hakimiyyəti başçısı yanında Alakol kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 370 nömrəli arayışdan görünür ki, X15 vəfat etdikdən sonra ona məxsus pay torpağından oğlu Cavabdeh1 istifadə edir; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış cavab məktubunda göstərilmişdir ki, X10 adına ərazi idarəsində qeydiyyata alınmış fərdi yaşayış evi aşkar edilməmişdir. Apellyasiya instansiyasında icraat zamanı sorğuya əsasən alınmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş 06 mart 2024-cü il tarixli cavab məktubundan görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli 30 nömrəli qərarı əsasında Cavabdeh1 ailə üzvləri ilə birlikdə ümumi mülkiyyət hüququ ilə Tovuz rayonu Alakol kəndində 0.30 ha həyatyanı torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-353A nömrəli şəhadətnamə tərtib edilmişdir. Qeyd edilən şəhadətnamə və Alakol kənd İƏD-nin 10 noyabr 2021-ci il tarixli 541 nömrəli arayışı əsasında ümumi sahəsi 221,6 kv.m fərdi yaşayış evi üzərində tam olaraq Cavabdeh1, 0.30 ha həyatyanı torpaq sahəsi üzərində isə sonuncunun və digər ailə üzvlərinin ümumi birgə mülkiyyət hüquqları qeydiyyata alınaraq reyestr nömrəsi **********82-10301 olan, ********** qeydiyyat nömrəli 05 dekabr 2022-ci il tarixli elektron çıxarışla rəsmiləşdirilərək müvafiq qaydada texniki pasport tərtib edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mərhum anaları öldükdən sonra miras əmlak onlar tərəfindən qəbul edilmiş torpaq sahəsində İddiaçı2 tərəfindən meyvə ağacları əkilmiş, təsərrüfat aparılmaqla miras kütləsinə faktiki sahiblik həyata keçirilmişdir. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış ərizədə də bu faktlar öz əksini tapmışdır. Məhkəmə nəzərə almamışdır ki, İddiaçı2 mübahisəli əmlaka faktiki sahiblik həyata keçirtməklə mirası qəbul etmişdir. Notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən miras qoyanın digər vərəsələri qəsdən gizlədilmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: 13 iyun 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, anaları 2001-ci ildə vəfat etmişdir. 1977-ci ildə Gəncə şəhərinə köçmüşlər və həmin vaxtdan da orada yaşamışlar. Mərhum anaları vəfat edəndən sonra arabir Tovuz rayonuna gedərək miras əmlaka baş çəkmişlər. Lakin mərhum analarının dəfn mərasimində iştirak etmişdir. Bundan başqa, mərhum anası öləndən sonra qardaşı Məhəmmədəli yox, onun ailəsi miras əmlakda yaşamışdır. 13 iyun 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (arvadı) X9 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 1986-cı ildə əri ilə ailə həyatı qurmuşlar və həmin vaxtdan Gəncə şəhərinə köçmüşlər. Qaynanası vəfat edəndən sonra miras qalmış evdə Cavabdeh1 ailəsi yaşamışdır. Buna baxmayaraq, mərhum qaynanası vəfat etdikdən sonra tez-tez miras əmlaka baş çəkmişlər. Qaynanası öləndə o və əri Xanlar dəfn mərasiminə gedərək orada iştirak etmişlər. 13 iyun 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçılar 1970-ci illərdə Gəncə şəhərində ev alıb orada yaşamışlar. Anası öləndən sonra qonaq kimi miras mülkə gedib-gəlmişlər. 13 fevral 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mərhum anaları Minə Əhmədova 2001-ci ildə vəfat etmişdir. Anasının qanun üzrə vərəsələri olan övladları – o, Xanlar və Məhəmmədəli olmuşdur. Sədrlik edənin sualına cavab olaraq iddiaçı bildirmişdir ki, mərhum atası tərəfindən 1975-ci ildə inşa edilmiş fərdi yaşayış evi qardaşı Cavabdeh1 tərəfindən 1997-ci ildə sökülərək yenidən tikilmişdir. 13 fevral 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçıların iddia etdiyi torpaq sahəsi üzərində olan ev onun tərəfindən inşa edilmişdir. O evin iddiaçılara heç bir aiddiyatı olmamışdır. Belə ki, evin altındakı 0.30 ha torpaq sahəsi ona və ailə üzvülərinə islahat gedən vaxtı 1999-cu ildə verilmişdir. İnşa etdiyi evdə həmin torpaq sahəsinin üzərindədir. Mərhum anası Minə Əhmədovadan ona vərəsəlik qaydasında keçən torpaq sahəsi isə kənd təsərüffatı təyinatlı torpaq sahəsidir. Həmin torpaq sahəsi 0.16 ha olmaqla unun ½ hissəsi vərəsəlik qaydasında ona keçmişdir. Onu da 2018-ci ildə sotunu 150 manatdan qeyri rəsmi olaraq şifahi formada başqa şəxsə satmışdır. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, Tovuz rayon Dövlət Arxivi tərəfindən verilmiş 16 iyun 2022-ci il tarixli 95 nömrəli arayışda mərhum anası Minə Əhmədovadan miras qalmış torpaq sahəsinin 0.26 ha olduğu və üzərində yaşayış evinin mövcud olduğu göstərilmişdir. Cavabdeh1 vermiş olduğu izahatında guya həmin torpaq sahəsinin 10 sotunu satdığını bildirmişdir. Halbuki torpaq sahəsinin hər hansı hissəsi satılmamışdır. Miras qoyan Minə Əhmədova 2001-ci ildə vəfat etdikdən 20 il sonra Cavabdeh1 Rusiya Federasiyasından qayıdaraq mərhum anasından miras qalmış əmlaka dair adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnaməni alarkən miras qoyanın digər vərəsələrinə məlumat verməmiş, eləcə də miras əmlaka təkcə sahiblənmişdir. Bunda başqa, Cavabdeh1 aqrar islahat zamanı mərhum anasına ayrılmış torpaq sahəsini də məxfi yolla ələ keçirərək həmin torpaq sahəsini də zəbt etmişdir. İddiaçı1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (arvadı) X9 apellyasiya şikayətini müdafiə etdiyini və əvvəlki məhkəmə iclasında verdiyi izahata əlavəsi olmadığını bildirərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək əvvəlki məhkəmə iclasında verdiyi izahata əlavəsi olmadığını bildirmişdir. Cavabdeh1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hazıkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırıldıqda müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, X12 ilə X15 evlənərək ailə qurmuşlar və onların birgə ailə münasibətlərindən İddiaçı1, İddiaçı2 və Cavabdeh1 adlı uşaqları anadan olmuşdur. X12 18 avqust 1964-cü il tarixdə ölmüşdür. Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 30 saylı qərarı ilə X15 və X1 mülkiyyətinə Tovuz rayonu Alakol kəndi ərazisində 0,16 ha torpaq sahəsi verilmişdir. X15 xx.xx.2001-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri – övladları Fəxrəddin, Xanlar və Məhəmmədəli olmuşdur. Əhmədova Minə ƏlƏləkbər qızından miras qalan əmlak Tovuz rayonu Alakol kəndi ərazisində yerləşən 0,1618 ha torpaq sahəsinin ½ hissəsi olmuşdur. Adları qeyd olunan vərəsələrdən heç biri mirasın qəbulundan imtina etməmişlər. Vərəsələrdən Cavabdeh1 miras əmlaka dair adına vərəsəlik şəhadətnaməsi verilməsi üçün notariat ofisinə müraciət etmiş və Tovuz regional “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli, reyestrdə 2V-298 nömrə ilə qeydə alınmış şəhadətnaməyə əsasən X7 qalmış miras əmlakdan, yəni Tovuz rayonu, Alakol kəndində yerləşən ümumi sahəsi 0,1618 ha torpaq sahəsinin ½ hissəsindən Cavabdeh1 tam həcmdə irs almışdır. MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsində deyilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, miras qoyanın ölməsi ilə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından mübahisəyə 01 sentyabr 2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2. maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə görə, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir Qeyd edilməlidir ki, vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikas Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. X13 Məhkəməsi Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, miras qoyan X15 xx.xx.2001-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri – övladları Fəxrəddin, Xanlar və Məhəmmədəli olmuşdur. X7 miras qalan əmlak Tovuz rayonu Alakol kəndi ərazisində yerləşən 0,1618 ha torpaq sahəsinin ½ hissəsi olmaqla adları qeyd olunan vərəsələrdən heç biri mirasın qəbulundan imtina etməmişlər. Vərəsələrdən Cavabdeh1 miras əmlaka dair adına vərəsəlik şəhadətnaməsi verilməsi üçün notariat ofisinə müraciət etmiş və Tovuz regional “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli, reyestrdə 2V-298 nömrə ilə qeydə alınmış şəhadətnaməyə əsasən X7 qalmış miras əmlakdan tam olaraq irs almışdır. İşin müəyyən olunmuş və faktiki hallarından göründüyü kimi mərhum Minə Əhmədovadan qalmış miras əmlaka dair Cavabdeh1 adına yuxarıda qeyd edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən miras qoyanın digər qanun üzrə birinci növbəli vərəsəsələrinin olması notariusdan gizlədilmiş, notarius isə vərəsələrin dairəsi yoxlanılmadan və həmin vərəsələri nəzərə almadan sadəcə Cavabdeh1 adına vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, Tovuz regional “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli, reyestrdə 2V-298 nömrə ilə qeydə alınmış şəhadətnamə etibarsız hesab edilməli və həmin miras əmlak üzərində miras qoyanın qanun üzrə birinci növbəli vərəsələrinin bərabər payları müəyyən edilməlidir. Məhkəmə kollegiyası miras qoyan X10 miras kütləsinin həcmini və vərəsələrinin sayını nəzərə alaraq qeyd edir ki, miras əmlak olan Tovuz rayonu Alakol kəndi ərazisində yerləşən 0,1618 ha torpaq sahəsinin ½ hissəsi üzərində miras qoyanın qanun üzrə birinci növbəli vərəsələri olan İddiaçı1, İddiaçı2 və Cavabdeh1 hər birinin bərabər 1/3 hissədə payları müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin miras əmlak olan Tovuz rayonu Alakol kəndi ərazisində yerləşən 0,1618 ha torpaq sahəsinin digər ½ hissəsinin X1 mülkiyyətində olmasını nəzərə alaraq qeyd edir ki, Tovuz rayonu Alakol kəndi ərazisində yerləşən 0,1618 ha torpaq sahəsi üzərində İddiaçı1, İddiaçı2 və Cavabdeh1 hər birinin ümumi əmlakdakı payı 1/6 hissədə, digər mülkiyyətçi X1 əmlakdakı ümumi payı isə 3/6 hissədə müəyyən edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçılar Tovuz rayonu Alakol kəndində yerləşən 0,26 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin miras əmlak olaraq vərəsələr arasında paylara bölünməsini tələb etsələr də, lakin materiallarından müəyyən olunur ki, miras əmlak Tovuz rayonu Alakol kəndi ərazisində yerləşən 0,1618 ha torpaq sahəsindən ibarət olmaqla miras qoyan Minə Əhmədovanın adına həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi qeydiyyata alınmamışdır. Apellyasiya icraatı zamanı verilmiş sorğuya cavab əsasında isə müəyyən olunmuşdur ki, iddiaçıların bölünməsini tələb etdikləri fərdi yaşayış evinin başqa torpaq sahəsində yerləşir. Belə ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli 30 nömrəli qərarı əsasında Cavabdeh1, onun ailə üzvləri X18 və X4 ümumi birgə mülkiyyətinə Tovuz rayonu Alakol kəndində 0.3005 ha torpaq sahəsi verilmişdir. Hazırda da hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışa əsasən həmin torpaq sahəsi Cavabdeh1 və yuxarıda adı qeyd olunan ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir, həmin torpq sahəsi üzərində inşa edilmiş 221.6 kv.m fərdi yaşayış evi isə tam həcmdə Cavabdeh1 mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Göründüyü kimi, ölmüş şəxsin (miras qoyanın) öldüyü məqamadək malik olduğu əmlaka vərəsəlik açılması və vərəsələr arasında bölünməsi ilə bağlı hüquq münasibətləri yuxarıda istinad olunan qanunvericilik normaları ilə tənzimlənmişdir. Ölmüş şəxsin adına qeydiyyatdan keçməmiş və üzərində mülkiyyət hüququ qeydə alınmamış əmlakın mirasın kütləsinə daxil edilməsi və vərəsələr arasında bölünməsi yolverilməzdir. Yuxarıda şərh olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv olunmalı və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 2(062)-185/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Tovuz regional “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli, reyestrdə 2V-298 nömrə ilə qeydə alınmış şəhadətnamə etibarsız hesab edilsin. Miras qoyan X7 miras qalmış JN-706 KOD 50303018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Tovuz rayonu Alakol kəndi ərazisində yerləşən 0,1618 ha torpaq sahəsinin ½ hissəsi üzərində miras qoyan X10 qanun üzrə birinci növbəli vərəsələri olan iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh1 hər birinin 1/3 hissədə payları müəyyən edilsin. Tovuz rayonu Alakol kəndi ərazisində yerləşən 0,1618 ha torpaq sahəsi üzərində ümumi əmlakda iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh1 hər birinin payı 1/6 hissədə, digər mülkiyyətçi X1 ümumi əmlakdakı payı isə 3/6 hissədə müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar