Məhkəmə qərarları › İş №2(104)-1040/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1040/2023

16.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1040/2023 16.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(015)-286/2021 nömrəli qərardadından X3 vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ərizəçi maraqlı şəxsi Ağstafa Rayonu Notariat Ofisinə qarşı "miras əmlakın vərəsə tərəfindən qəbul edilmiş hesab edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ağstafa Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli 2(015)-286/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, X5 miras qalmış (torpağa mülkiyyət hüququna dair JN-114 kod 50210018 No-li Dövlət aktına və torpağın mülkiyyətə verilməsinə dair JN- 996A kod 50210018 No-li şəhadətnaməyə əsasən) Ağstafa rayonunun Köhnəqişlaq kəndində yerləşən 0,20 ha və 0,45 ha torpaq sahələri Ərizəçi vərəsəliyi müəyyən edilmiş və ona müvafiq şəhadətnamə verilmişdir. Həmin qətnamədən qanunla nəzərdə tutulmuş müddətdə apellyasiya şikayəti məhkəməyə daxil olmamış və qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün 16 aprel 2021- ci il tarixdə Ağstafa Rayonu Notariat Ofisinə göndərilmişdir. Ağstafa Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(015)-286/2021 saylı qətnaməsindən narazı qalan X6 16 dekabr 2022-ci il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Ağstafa Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(015)-286/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2(015)-286/2021 saylı qərardadı ilə Ağstafa Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(015)-286/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. X3 vəkili X2 Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli qərardadından şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağstafa Rayon Məhkəməsinin 17 fevral 2023-ci il tarixli 2(015)-286/2021 saylı qərardadı ilə şikayətin təmin edilməməsi, iddiaçı Ərizəçi cavabdeh Ağstafa Rayonu Notariat Ofisinə qarşı “miras əmlakın vərəsə tərəfindən qəbul edilmiş hesab edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi” iddiasına dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, şikayətin 7 gün müddətində işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və apellyasiya şikayətinin mümkünlük şərtləri yenidən araşdırılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129-cu maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Həmin Məcəllənin 130-cu maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X1 Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(015)-286/2021 saylı qətnaməsi üzrə tərəf olmamış, işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışmamış, qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb edilməmiş, həmçinin qeyd edilən qətnamə onun hüquq və maraqlarına toxunan şəxs kimi tanınması barədə məhkəməyə müraciət etməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə tamamilə əsassızdır. Belə ki, işdə olan sənədlərdən də müəyyən edilir ki, X6 mərhum X9 qızıdır və o, hazırda Qazaxstan Respublikasının vətəndaşı olmaqla orada yaşayır. Hazırki tələbdən də müəyyən edilir ki, iddiaçı Ərizəçi miras əmlakın vərəsə tərəfindən qəbul edilmiş hesab edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(015)-286/2021 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir. X6 həmin qətnamədən şikayət vermiş, məhkəmə isə apellyasiya şikayətini geri qaytarmışdır. Kollegiya qeyd edir ki, X3 yuxarıda qeyd olunan qətnaməni mübahisələndirməsi ilə bağlı həmin iş üzrə tərəf olmaması, işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışmaması, qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb edilməməsi, həmçinin qeyd edilən qətnamə onun hüquq və maraqlarına toxunan şəxs kimi tanınması barədə məhkəməyə müraciət etməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticə gəlməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminatın mahiyyətinə görə, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Ədalətli məhkəmə araşdırması hüquqi müəyyənlik prinsipi ilə sıx bağlıdır və hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur. Hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyrimüəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər. Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Nəzərə alınmalıdır ki, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qeyri-müəyyən hədlərdə deyil, yalnız MPM-də nəzərdə tutulan konkret müddətlərə riayət olunmaqla həyata keçirilməsi şərtləndirilmişdir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını da əhatə edir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə kifayət qədər araşdırma aparılmamış və X6 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü kifayət qədər yoxlanılmamışdır. Belə ki, apellyasiya şikayətinə əlavə edilmiş sənədlərdən də aydın olur ki, X6 mərhum X9 qızıdır və o, hazırda Qazaxstan Respublikasının vətəndaşı olmaqla orada yaşayır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-286/2021 nömrəli qərardadı tam, 17 fevral 2023-ci il tarixli, 2(015)-286/2021 saylı qərardadı isə şikayətin təmin edilməməsi hissədə ləğv edilməli, Ağstafa Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(015)-286/2021 saylı qətnaməsindən X6 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılıb (digər mümkünlük şərtləridə nəzərə alınmaqla) hüquqi qiymət verilməsi üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.2. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ var. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128-130, 263-264, 357, 360, 398, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-286/2021 nömrəli qərardadı tam, 17 fevral 2023-ci il tarixli, 2(015)-286/2021 saylı qərardadı isə şikayətin təmin edilməməsi hissədə ləğv edilsin. Ağstafa Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(015)-286/2021 saylı qətnaməsindən X6 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılıb (digər mümkünlük şərtləridə nəzərə alınmaqla) hüquqi qiymət verilməsi üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi gündən qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar