Məhkəmə qərarları › İş №2(104)-1046/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1046/2025

03.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1046/2025 03.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh, maraqlı şəxslər Maraqlı şəxs2 və X11 qarşı mülki iş üzrə Açar sözlər: miras əmlakda payların müəyyən edilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh, maraqlı şəxslər Maraqlı şəxs2 və X11 qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli 2(021)-179/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 03 iyun 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu R.İsmayılov küçəsi 22 ünvanında yaşayır;

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Seriya MA №0093919 nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 142 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı və X8 ümumi birgə mülkiyyətindədir;

3. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir;

4. “Elektron notariat” X1 vasitəsi ilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan Çıxarışdan görünür ki, ünvan 2 ünvanında İddiaçı, Cavabdeh və X9 qeydiyyatdadırlar;

5. Bərdə regional "ASAN-Xidmət" mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1947-ci il tarixdə Bərdə rayonunda anadan olmuş və xx.xx.2018-ci il tarixdə Bərdə rayon vəfat etmiş (Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən 60 saylı xx.xx.2018-ci il tarixində ölüm akt qeydi qeydə alınmışdır) X8 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2024-cü ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: 1. Əri: Talıbov Məmməd (Mamed) Şəmil oğlu (X.X.1940-cı il)

2. Oğlu: İddiaçı (xx.xx.1974-cü il) 3. Qızı: Maraqlı şəxs2 (xx.xx.1972-ci il) 4. Qızı: Cavabdeh (xx.xx.1975-ci il);

6. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X3 doğumu, valideynlərinin kimliyi və doğma və ögey qardaş və bacılarının olub olmaması nikahı barədə Bərdə Şəhər İƏD üzrə Nümayəndəliyində heç bir məlumat yoxdur. X3 ümumi birgə mülkiyyətində ünvan 3 ünvanda hal hazırda X12 yaşayır və sahiblik edir;

7. Maraqlı şəxs2 notarial qaydada təsdiq olunmuş xx.xx.2023-cü il taixli ərizəsində qeyd etmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmuş X6 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən müddət ötürülmüşdür, yəni buraxılmışdır. Onun ölümündən sonra miras qalmış bütün əsaslarla (qanun, vəsiyyətnamə, irsi transsmissiya, təmsiçilik, məcburi pay üzrə) əmlakın nədən ibarət olmasından və harada yerləşməsindən asılı olmayaraq nə faktiki, nə də ərizə ilə qəbul etməmişdir, mirasın tərkibinə daxil olan əmlakları istifadə və idarə etməmişdir. Buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək və miras əmlakdan pay almaq niyyətində deyildir. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsi notarius tərəfindən ona izah edilmişdir;

8. İddiaçı notarial qaydada təsdiq olunmuş xx.xx.2024-cü il taixli ərizəsində qeyd etmişdir ki, 11 mart 2018-ci ildə onun ünvan 5 ünvanında qeydiyyatda olan X6 ölmüşdür. Mirasın tərkibi: ümumibirgə mülkiyyət hüququ üzrə ona məxsus olan və ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evindən və 0.03 ha torpaq sahəsindən ibarətdir. Ondan irs qalmış mirası qəbul etmiş və faktiki olaraq idarə edir. Ondan başqa vərəsə kimi tanınmaq istəyən, həmin ünvanda yalnız qeydiyyatda olan, ailə qurduqdan sonra yaşayış yerini dəyişərək başqa ünvanda yaşayan bacısı Cavabdeh vardır. O, anasından sonra qalmış miras əmlaka dair bacısı Cavabdeh onunla bərabər payda vərəsəlik hüququ haqqında şəhadətnamə almasını istəmir. Mirasın tərkibinə daxil olan bu evdə özü yaşayır, özü idarə edir və onun bütün vergi və kommunallarını özü ödəyir;

9. Bərdə regional "ASAN-Xidmət" mərkəzində notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı ərizə ilə Bərdə regional "ASAN-Xidmət" mərkəzində notariat ofisinə müraciət edərək 11 mart 2018-ci il tarixdə vəfat etmiş X6nın vəfatından sonra qalmış miras əmlakın bölüşdürülməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması ilə əlaqədar digər vərəsə ilə aralarında ixtilaf olduğunu bildirmişdir, cavab olaraq miras əmlakın bölüşdürülməsi üçün müvafiq məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Cavabdeh, maraqlı şəxslər Maraqlı şəxs2 və X11 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X6nın ümumi birgə mülkiyyətdə olan Bərdə şəhəri Səməd Vurğun küçəsi ev 22-də yerləşən fərdi yaşayış evi, həmin evin üzərində yerləşdiyi 0,3 ha torpaq sahəsi üzrə Almas Talıbovanın vərəsəsi kimi tanınmağı və əmlak üzərində payların müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Daha sonra İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, Bərdə şəhəri Səməd Vurğun küçəsi ev 22-də yerləşən fərdi yaşayış evinə o, Cavabdeh və Maraqlı şəxs2 vərəsəsi kimi tanınmaları və paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Bərdə şəhəri Səməd Vurğun küçəsi ev 22-də yerləşən fərdi yaşayış evi vardır. Həmin ev onun və X3 ümumi birgə mülkiyyətindədir. Evin özü 03 ha torpaq sahəsi (həyətyanı) üzərində yerləşir, ümumi sahəsi 142 kv.m təşkil edir. Dövlət reyestrindən xx.xx.2010-cı il qeydiyyat tarixli seriya RX ********** nömrəli çıxarış da vardır. Onlar ailədə 3 övlad olmuşlar. Bacıları Maraqlı şəxs2 və Cavabdehdır. X21 1978-ci ildə vəfat etmişdir. Anası X5 şəhəri, Səməd Vurğun küçəsi ev 22-də yaşamış və xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. X2 ünvan 7 ünvanında 0,03 ha torpaq sahəsi (həyətyanı) üzərində yerləşən ümumi sahəsi 142 kv.m olan fərdi yaşayış evinin ona məxsus hissəsi miras olaraq qalmışdır. X4 vəfat etdiyi gündən onun yuxarıda göstərilən daşınmaz əmlak olan miraslarını faktiki olaraq o qəbul etmiş, həmin əmlakları idarə etməklə evə sahiblik etmiş, indi də evi idarə və sahiblik edir. Bacıları isə ailə qurandan sonra ər evlərinə köçərək daimi orada yaşamışlar. X3 yuxarıda göstərilən daşınmaz əmlak miraslarını faktiki olaraq onun tərəfindən qəbul edilməsinə, idarə və sahiblik edilməsinə baxmayaraq cavabdeh bacısı Cavabdeh onunla ədavət aparmağa başlamışdır. Halbuki, o, həmin miras əmlaka vərəsəlik hüququnu itirmişdir. Belə ki, o, heç bir mirası faktiki olaraq qəbul etməmiş, nə də qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qanunla müəyyən edilmiş müddətdə notariat orqanına müraciət etməmişdir. Bundan başqa cavabdeh Bakı şəhərində özünə məxsus evində yaşayır, mərhum anasından miras qalmış yuxarıda döstərilən daşınmaz əmlakların qayğısına qalmaq, onları qorumaq, məhv olmağa qoymamaq və s. onları qətiyyən maraqlandırmamışdır. O, mərhum X6ndan miras qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bərdə rayon ASAN Xidmət Mərkəzinin Notariat ofisinə müraciət etmiş, lakin ASAN Xidmət Mərkəzinin Notariat ofisinin xx.xx.2024-cü il tarixli 1129 nömrəli məktubu ilə notariat hərəkətinin aparılmasından imtina edilmişdir.

13. Bərdə Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli 2(021)-179/2025 nömrəli qətnaməsi ilə (hakim Fərman Abdullayev) iddia tələbi təmin edilərək, ünvan 8 ünvanında yerləşən 0,03 ha yaşayış məntəqəsi torpağı və həmin torpaq sahəsində yerləşən ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 142 kv/m xüsusi mülkiyyətdə olan fərdi yaşayış evi vərəsələr arasında bölünərək həmin əmlaklara İddiaçı 4/6 hissədə miras (vərəsəlik) payları, X10 və Maraqlı şəxs2 hər birinin isə 1/4 hissədə miras (vərəsəlik) payları tanınması; İş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

14. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1151.1, 1159.1.1, 1160, 1243.1, 1243.2, 1243.3, 1255, 1261, 1274, 1275, 1291-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və Mülki Məcəllənin 1262, 1267 və 1268-ci maddələrinin tələbi nəzərə alınmaqla miras əmlakda payların yenidən bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Maraqlı şəxs2 mirasdan imtinası ilə bağlı ərizəsini nəzərə almadan iş üzrə gəldiyi nəticədə payları 3 varis arasında bölmüşdür. Qətnamədə iddiaçı məhkəməyə Cavabdeh ona hansı hərəkətlərlə mane olduğuna dair sübutlar təqdim etməyibdir. ASAN xidmət notariat ofisi Cavabdeh vərəslik işi üçün dəvət etməyibdir. Məhkəmə bu məqamı aydınlaşdırmadı ki, iddiaçı hansı əsasla Cavabdeh ona mirası qəbul etməyinə maneçilik yaradıbdır və buna dair notariatın hansı sənədi vardır. Məhkəmə Maraqlı şəxs2 Məhəmməd qızının məhkəmədə iştirakını lazımi qaydada təmin etməmişdir. İş üzrə iddiaçının faktiki vəziyyəti ilə zidiyyət təşkil edən arayış mövcud olsa da (Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 10 ünvanında yaşayır) məhkəmə bu fakta qiymət vermədi. Belə ki, İddiaçı 1992-ci ildən Bakı şəhərində yaşayır və orada jurnalist işləyir. Baxmayraq ki, iş materiallarında iddiaçının yaşayış ünvanının ünvan 11əhkəmə iddiaçıya verilmiş rəsmi arayışın hansı əsasla verilməsi məsələsini aydınlaşdırmamışdır.

c) Apellyasiya şikayətlinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı, ümumiyyətlə, mərhum anasından qalmış mirası qəbul etməmişdir. Belə ki, o, hələ miras qoyanın sağlığında miras əmlakı tərk edib Bakı şəhərində yaşamışdır. İcra nümayəndəliyi tərəfindən verilmiş guya iddiaçının miras əmlakda yaşaması barədə arayış həqiqəti əks etdirmir. Sədrlik edənin sualına cavab olaraq nümayəndə bildirmişdir ki, miras açıldıqdan sonra vərəsə Cavabdeh övladı ilə birlikdə orada yaşamış, beləliklə də mirası faktiki qəbul etmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

20. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

21. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

22. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

23. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

24. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

25. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

26. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

27. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 28 Maddə 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. 33. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

34. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

35. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir.

39. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, X9 ilə Talıbov Məmməd (Mamed) Şəmil oğlu ailə qurmuşlar. Onların birgə ailə münasibətlərindən İddiaçı, Cavabdeh və Maraqlı şəxs2 adlı uşaqları anadan olmuşdur. Talıbov Məmməd (Mamed) Şəmil oğlu xx.xx.1978-ci il tarixdə vəfat etmişdir. Bununla yanaşı müəyyən edilir ki, ünvan 1 ünvanındakı 0,03 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 142 kv.m olan fərdi yaşayış evi İddiaçı və X8 birgə mülkiyyətində olmuşdur. X9 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri – uşaqları İddiaçı, Cavabdeh və Maraqlı şəxs2 olmuşdur. X13 miras qalan əmlak isə ünvan 1 ünvanında 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 142 kv.m olan fərdi yaşayış evinin payına düşən hissəsi, yəni ½ hissə olmuşdur. Adları qeyd olunan vərəsələrdən Maraqlı şəxs2 notariat orqanına mirasın qəbulundan imtina barədə ərizə vermişdir. Digər vərəsələr isə mirasın qəbulundan imtina etməmişlər. Vərəsə İddiaçı mirasın qəbulu ilə bağlı ərizəylə notariat ofisinə müraciət etmiş, lakin miras şərikləri arasında ixtilaf olduğundan notariat orqanı tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Ona görə də, o, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

40. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilərək, miras qoyanın vərəsələri – İddiaçı 4/6 hissə, Cavabdeh və Maraqlı şəxs2 isə hər birinin ¼ miras əmlak üzərində vərəsəlik payları müəyyən edilmişdir.

41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.

42. İşin mübahisəsiz hallarıdır ki, miras əmlak olan ünvan 1 ünvanındakı 0,03 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 142 kv.m olan fərdi yaşayış evi İddiaçı və X8 birgə mülkiyyətində olmuşdur. Mərhum İddiaçıdan qalan miras da sözügedən əmlakın ½ hissəsi olmuşdur. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi vərəsəlik payları isə miras kütləsinin həcminə və vərəsələrin sayına uyğun olmamışdlr. Bu isə vərəsələrin mülkiyyət hüququnun pozulmasına, habelə gələcəkdə qətnamənin icrasında çətinliyə səbəb olacaq haldır.

43. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”.

44. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.

45. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

46. Məhkəmə kollegiyası iddia tələbinin əsaslığı ilə bağlı aşağıdakıları qeyd edir.

47. Vərəsəlik hüquq münasibətləri vərəsəliyin açıldığı zaman yaranır. Vərəsəliyin açılması miras qoyanın ölməsi ilə, yaxud onun ölmüş elan olunması ilə müəyyən olunur. Yuxarıda qeyd olunduğu kimi miras qoyan X16 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir və iddia tələbində həmin miras qoyanın miras əmlakının vərəsələr arasında paylara bölünməsi xahiş edilmişdir. Buna görə də baxılan iddia tələbi 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Çünki, MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.

48. İşin mübahisəsiz hallarıdır ki, X9 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri – uşaqları İddiaçı, Cavabdeh və Maraqlı şəxs2 olmuşdur. X13 miras qalan əmlak isə ünvan 1 ünvanındakı 0,03 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 142 kv.m olan fərdi yaşayış evinin payına düşən hissəsi, yəni ½ hissəsi olmuşdur. Eyni zamanda müəyyən olunmuşdur ki, adları qeyd olunan vərəsələrdən Maraqlı şəxs2 notariat orqanına mirasın qəbulundan imtina barədə ərizə ilə müraciət etmişdir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, vərəsəliyin açılması faktı, mirasın kütləsi və vərəsələrin dairəsi müəyyən edildikdən sonra mübahisənin həllində növbəti təhlil mirasın vərəsələr tərəfindən qəbul edilib-edilməməsinin araşdırılmasından ibarətdir.

50. Çünki, istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilərdi ki, vərəsə, mirası qəbul etmiş olsun.

51. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin- vərəsənin - iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığını tələb etmir.

52. Bu baxımdan işin halları araşdırılarkən müəyyən olunur ki, miras qoyan İddiaçının vərəsəsi Maraqlı şəxs2 notariat orqanına mirasın qəbulundan imtina barədə ərizə vermişdir. Miras qoyanın digər vərəsələri İddiaçı və N.Talıova isə miras açıldıqdan sonra miras əmlaka sahiblik etməklə mirası faktiki qəbul etmişlər. Cavabdeh iddiaçı tərəfindən mirasın qəbul edilməməsi barədə dəlil irəli sürsə də, lakin həmin dəlil işin faktiki halları ilə təkzib edilmişdir. Belə ki, işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışla müəyyən edilir ki, İddiaçı miras qalmış fərdi yaşayış evində yaşayır. Bununla belə, Cavabdeh həmin arayışdakı məlumatların həqiqi olmaması barədə arqument irəli sürsə də, lakin bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Bir sözlə, icra nümayəndəliyi tərəfindən verilmiş arayışdakı məlumatın həqiqiliyini şübhə altına alacaq hər hansı hal mövcud olmadığından kollegiya həmin arayışı mötəbər sübut olaraq qiymətləndirmişdir. Məhkəmə kollegiyası mirasın İddiaçı tərəfindən qəbul edilməsi qənaətinə gələrkən həm də işin bu halını nəzərə alır ki, miras əmlakın ½ hissəsi iddiaçının birgə mülkiyyətindədir. İşin bu halı da ağlabatan mühakimə əsasında iddiaçının miras açıldıqdan sonra miras mülkə sahiblənməklə mirası faktiki idarə etməsinə dəlalət edir. Bunun əksinə olması, yəni iddiaçının (birgə) mülkiyyətində olan əmlaka sahib durmaması, əmlakla əlaqələrini tamamilə kəsməsi inandırıcı və məntiqli deyildir.

53. Digər tərəfdən, Cavabdeh tərəfindən mirasın faktiki qəbulu iddiaçı tərəfindən mübahisələndirilmədiyindən və iddiaçı özü tələbində mirasda cavabdehin də payının müəyyən edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası mirasın Cavabdeh tərəfindən faktiki qəbulunu işin mübahisəsiz halı kimi qiymətləndirir və bu məsələ ilə bağlı əlavə araşdırma aparılmasına zərurət olmadığını vurğulayır.

54. Məhkəmə kollegiyası miras qoyan İddiaçının miras kütləsinin həcmini, vərəsələrinin sayını və birinci növbəli vərəsələrdən Maraqlı şəxs2 mirası nə faktiki nədə ki, qanuni qəbul etməməsi barədə notariat orqanına müraciətini nəzərə alaraq qeyd edir ki, miras əmlak olan ünvan 1 ünvanındakı 0,03 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 142 kv.m olan fərdi yaşayış evinin ½ hissəsi üzərində miras qoyanın qanun üzrə birinci növbəli vərəsələri olan İddiaçı və Cavabdeh hər birinin ½ hissədə payları müəyyən edilməlidir.

55. Məhkəmə kollegiyası həmçinin miras əmlak olan ünvan 1 ünvanındakı 0,03 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 142 kv.m olan fərdi yaşayış evinin ½ hissəsinin İddiaçı mülkiyyətində olmasını nəzərə alaraq hesab edir ki, ünvan 1 ünvanındakı 0,03 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 142 kv.m olan fərdi yaşayış evi üzərində ümümi əmlakda İddiaçı ¾ hissədə, Cavabdeh isə ¼ hissədə payı müəyyən edilməlidir.

56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 385, 392-393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli 2(021)-179/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Miras qoyan X7 miras qalmış ünvan 1 ünvanındakı 0,03 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 142 kv.m olan fərdi yaşayış evinin ½ hissəsi üzərində miras qoyanın qanun üzrə birinci növbəli vərəsələri olan İddiaçı və Cavabdeh hər birinin ½ hissədə payları müəyyən edilsin. ünvan 1 ünvanındakı 0,03 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 142 kv.m olan fərdi yaşayış evi üzərində ümumi əmlakda İddiaçı ¾ hissədə, Cavabdeh isə ¼ hissədə payı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar