Məhkəmə qərarları › İş №2(104)-1047/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1047/2024

12.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1047/2024 12.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X6 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh və vəkili Vəkil2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7 iştirakı ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X11, X8, X13 və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 15 saylı Tovuz Ərazi İdarəsi) qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-20/2024 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X11, X8, X13 və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 15 saylı Tovuz Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, mərhum X3 11 dekabr 2018-ci il tarixli vəsiyyətnaməsinin etibarsız hesab edilməsi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmış **********85- 10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-20/2024 nömrəli qətnaməsi (hakim Nemət Musayev) ilə, iddianın qismən təmin edilməsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin verdiyi xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Qazax rayonu Quşçu Ayrım kəndində yerləşən fərdi yaşayış evinə dair çıxarış ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin qismən təmin edildiyi hissədə ləğv edilməsi və iddianın tam rədd edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, işə mahiyyəti üzrə baxan məhkəmə yaşayış sahəsinə çıxarışın verilməsinə əsas olan sənədləri iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs 15 saylı Tovuz Ərazi İdarəsindən sorğu ilə tələb etmişdir. Verilən sorğuya əsasən dövlət reyestrindən çıxarışın verilməsinə əsas olan bütün sənədlər məhkəməyə təqdim edilmiş. Həmin sənədlərdən də təsdiq olunur ki, evin rəsmiləşdirilməsi zamanı tələb olunan arayışlarda iddiaçının adı təsərrrüfatda olmamışdır. Belə olan halda, iddiaçının adı, ümumi birgə mülkiyyətçilər sırasında reyestrdə haqlı olaraq qeydə alınmamış, çünki bunun üçün hər-hansı hüquqi əsas yoxdur. Buna əsaslanaraq, Daşınmaz Əmlakın Dövltə Kadastrı və Reyestr Xidməti haqlı olaraq yalnız adları təsərrüfatbaşı kitabda keçən şəxslərə münasibətdə onların ümumi birgə mülkiyyətinə dair dövlət reyetrindən rəsmləşmə aparmış və müvafiq çıxarış vermişdir. Bu onu deməyə əsas verir ki, mülkiyyət hüquqularının dövlət qeydiyyatı qanunun tələbinə uyğun aparılmışdır. Bu səbəbdən iddiaçının iddia tələbinin nə faktiki, nə dəki, hüquqi əsası yoxdur. Lakin, nədənsə məhkəmə bütün bu halları diqqətəlayiq nəzərə almamış və qanunvericiliyin tələbinə uyğun şəkildə qeydə alınmış mülkiyyət hüququna dair müvafiq dövlət reyestrindən çıxarışın ləğvinə dair qərəzli və heç bir hüquqi əsası olmayan mövqeyi nümayiş etdirməklə, Daşınmaz Əmlakın Dövlət X2 8 və 9-cu madddələrinin tələbini kobud pozmuşdur. Beləki, Qanunun 8-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan, həmin Qanunun və 9-cu maddəsi isə, dövlət qeydiyyatının aparılması qaydasından bəhs edir. İş üzrə birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixli qətnaməsində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına dair çıxarışın ləğvinə dair heç bir hüquqi əsaslandırma aparmayıb. Daha dəqiq desək, qətnamədə əsaslandırma kimi, təqdim olunan hallar, işin nə faktiki, nə dəki hüquqi halları ilə uzlaşmır. Yəni, birinci intansiya məhkəməsi iş üzrə qətnamənin əsaslandırıcı hissəsində - mübahisəli yaşayış evində rəsmi olaraq təsərrüfatda olmayan və beləliklə həmin evə hüququ yaranmayan bir şəxsə münasibətdə, həmin şəxsin evdə sadəcə yaşamasını əsas götürərək, birgə mülkiyyətçi kimi adının reyestrdə qeydə olunmasını əsaslı hesab etmişdir. Lakin məhkəmə, bu mövqeyini hüquqi əsaslandıran heç bir hüquq normasına istinad etməmişdir. Qətnamədə istinad olunan hüquq normaları isə, işin halları ilə uzlaşmır. Belə ki, birinci instansiya məhkəməsi, iddiaçının digər birgə mülkiyytəçilər kimi adının mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışda olmasının legitimliyinə dair qətnamədə heç bir əsaslı mövqevə bununla bağlı hüquq norması göstərməmişdir. İkinci tələb üzrə (mülkiyyət hüququna dair dövlət reyetrindən çıxarışın ləğvi), iddiaya cavab verməli orqan mülkiyyə hüququ haqqında dövlət reyetrindən çıxarışı verən orqan yəni - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlaın Dövlət Kadastrı və Reeytri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi çıxış edir. Lakin, bu orqanın adı cavabdeh olaraq yox, maraqlı şəxs olaraq iddiada göstərilmişdir. Bu hal da prosessual baxımından doğru deyildir. Çünki, mübahisələndirilən çıxarışı verən orqan cavabdeh tərəfdir və iddiaya birbaşa cavab verməli şəxsdir. Bütün bunlara rəğmən, iddia ərizəsində ondan fərqli olaraq, digər birgə mülkiyyətçilər (Hacıkərim Pirvəliyev, Rəna Pirvəliyeva, Rəna Pirvəliyeva) cavabdeh olaraq yox, müstəqil tələb irəli sürməyən şəxslər kimi adları keçmişdir. Hesab edir ki, bu da mülki prosessual baxımından doğru deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və cavabdehin izahatında göstərdiyi xüsusatlara oxşar izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyib, mülki işdə olan sənədləri araşdırıb məcmu halda hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-20/2024 nömrəli qətnaməsi - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin verdiyi xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Qazax rayonu Quşçu Ayrım kəndində yerləşən fərdi yaşayış evinə dair çıxarış ləğv edilməsi - hissəsində ləğv edilməli, həmin hissə üzrə işə mülki məhkəmə icraatında baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyi məhkəmə aidiyyətinin pozulmasına qadağa qoyur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli Qanununun 15-ci maddəsində deyilir ki, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. İnzibati mübahisə hüquqi təbiətinə görə mülki və iqtisadi mübahisələrdən fərqlənir. İnzibati hüquqi mübahisələr inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr və s.) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlı yaranan mübahisələri nəzərdə tutur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in) 139.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsində deyilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Adı çəkilən Qanunun 2.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. İddia tələbindən görünür ki, iddiaçı mərhum anası X3 11 dekabr 2018-ci il tarixli vəsiyyətnaməsinin etibarsız hesab edilməsi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmış **********85- 10301 reyestr nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin verdiyi xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Qazax rayonu Quşçu Ayrım kəndində yerləşən fərdi yaşayış evi, X5, Cavabdeh, X4 və X9 ümumi birgə mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 51 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Qazax rayon Dövlət Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 8V-12 nömrəli vərəsəlik işindən görünür ki, mərhum X1 qalan miras əmlakın bölüşdürülməsində vərəsələr arasında mübahisə olduğundan məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşin faktiki hallarından görünür ki, mərhum X1 miras əmlak qalmış Qazax rayonu Quşçu Ayrım kəndində 0.15 ha torpaq sahəsində yerləşən 80 kv.m olan fərdi yaşayış evi üzərində X5, Cavabdeh, X4 və X9 hüquqlarının dövlət qeydiyyatına hansı əsaslarla qəbul edilməsi müəyyən edilməmiş və sonuncuların mərhum X3 vərəsələri kimi tanınması və bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması müəyyən edilməmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışı isə Milli Arxiv İradəsinin xx.xx.2022-ci il tarixli, 491 nömrəli arayışı əsasında verilmişdir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı olduqda daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinə əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı tərəfindən mübahisəli fərdi yaşayış evinə dair verilmiş çıxarışın Milli Arxiv İradəsinin xx.xx.2022-ci il tarixli, 491 nömrəli arayışı əsasında verilməsi, həmin əsasın Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində öz əksini tapmamasından qeyd olunan çıxarışın ləğv edilməsi barədə inzibati məhkəməyə müraciət etməlidir. Belə ki, verilmiş iddia üzrə məhkəmənin ilk növbədə fəaliyyəti Azərbaycan Respublikasının MPM-in 151-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyünün yoxlanılmasından ibarətdir. Bu mümkünlük şərtlərindən biri iddianın məhkəmə qaydasında baxıla bilməsinin müəyyən edilməsidir. Azərbaycan Respublikasının MPM-in 153-cü maddəsində iddia ərizəsinin yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanın əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. Azərbaycan Respublikasının MPM-in 153.2.1-ci maddəsinin tələbinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Birinci instansiya məhkəməsi işin bu mərhələsində ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmamasını müəyyən etməmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15.4-cü bəndində göstərilmişdir ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, Azərbaycan Respublikasının MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, Azərbaycan Respublikasının MPM-in 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının MPM-in 261.0.1-ci maddəsində göstərilmişdir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddianın təmin edilmiş hissəsində ləğv olunmalı və iddianın həmin hissəsində iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 384.0.5-ci maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 10-1, 263, 264, 384, 385, 387, 405-407-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-20/2024 nömrəli qətnaməsi qismən - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin verdiyi xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Qazax rayonu Quşçu Ayrım kəndində yerləşən fərdi yaşayış evinə dair çıxarış ləğv edilməsi - hissəsində ləğv edilsin. İddia tələbinin həmin hissəsi üzrə icraata, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçıya fərdi yaşayış evinə dair çıxarışın ləğv edilməsi barədə Gəncə İnzibati Məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar