Məhkəmə qərarları › İş №2(104)-1050/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1050/2025

19.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1050/2025 19.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-708/2025 saylı, 15 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ABC-Telecom” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 14271305 saylı müqavilədə qeyd edilir ki, «ABC» özünə məxsus «Malı» «Müştəri»-yə müqavilədə göstərilən şərtlərlə verir, “Müştəri” isə “Mal”-ı müqavilədə göstərilən şərtlərlə qəbul edir.

2. xx.xx.2024-cü il tarixli müqaviləyə 1 saylı əlavədən və Bildirişdən görünür ki, Cavabdeh İddiaçı MMC-dən 0 manat dəyərində Reklam Bloklayıcı AWAX 12 ay, 0 manat dəyərində X5 1P/1Y, 401,40 manat dəyərində “OPPO A38 4/128GB - Black” markalı mobil telefonu, 7,20 manat dəyərində HD GLASS OPPO A38, 9 manat dəyərində MYCHOİCE CASE OPPO A38 BLACK, 0 manat dəyərində Antivirusun quraşdırılması, 29,99 manat dəyərində Paket M, 0 manat dəyərində Akkaunt yaradılması, 0 manat dəyərində Mobil tətbiqin yüklənməsi (1 ədəd) və 100 manat dəyərində “X8 3 il (kontakt)” qəbul etmiş, 0 manat ilkin ödəmiş, ilkin ödəniş daxil olmaqla cəmi 547,59 manat pulu 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.

3. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC-nin müştərisi olan Cavabdeh xx.xx.2024-cü il tarixli, 14271305 saylı müqavilə üzrə 547,56 manat əsas, 54,44 manat cərimə, cəmi 602 manat borcu yaranmışdır.

4. xx.xx.2024-cü il tarixli, ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, borcluya müqavilə üzrə mübahisənin məhkəmədən kənar qaydada həlli məqsədi ilə pretenziya məktubu göndərilmiş, borcun ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir.

5. AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1987-ci ildə Bərdə rayonu, Nazırlı kəndində doğulmuşdur, Bərdə rayonu, Nazırlı Ərazi Dairəsinin Nazırlı kəndində qeydiyyatdadır və yaşayır.

6. Məhkəmə sorğusu əsasında Azərcell Telekom MMC-dən əldə olunmuş məktuba əsasən **********77798 İMEİ kodlu cihazın 2024-cü ilin mart ayında (**********57 mobil nömrə ilə) istifaə edilməsi və həmin mobil nömrənin X3 nömrəsi olması müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra İddiaçı MMC) kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, 14271305 saylı müqavilə üzrə 547,56 manat əsas borcun, 54,44 manat cərimə, cəmi 602 manat borcun və 30 manat manat dövlət rüsumunun Cavabdeh alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 14271305 saylı müqaviləyə əsasən cavabdehə 547,56 manat dəyərində mal satılmışdır. Cavabdeh müqaviləyə 1 saylı əlavə (ödəniş cədvəli) üzrə borcu ödəməyi öhdəsinə götürmüş, lakin borclu müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Hazırda cavabdehin müqavilə üzrə 547,56 manat əsas, 54,44 manat cərimə, cəmi 602 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

9. Bərdə Rayon Məhkəməsinin 2(021)-708/2025 saylı, 15 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim Fuad Babaşov) iddia qismən təmin edilmiş, müqavilə üzrə 547,56 manat əsas borc, 1 manat cərimə, cəmi 548,56 (beş yüz qırx səkkiz manat əlli altı qəpik) manat pul və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutulаrаq İddiaçı xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumundan 10 (on) manat hissə iddiaçıya aid edilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 14271305 saylı müqaviləyə əsasən cavabdehə 547,59 manat dəyərində mal satılmışdır. Lakin, cаvаbdeh iddiaçıya bоrclu оlduğu pulu ödəmədiyi üçün iddiаçının məhkəmə müdаfiəsindən istifаdə hüququ yаrаnmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 405.1, 425.1, 427.3. 442, 443.1, 445.1, 445.2.1, 448.1, 462.1, 462.2, 467, 567, 600.1, 600.4 və 601.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

12. Bərdə Rayon Məhkəməsinin 2(021)-708/2025 saylı, 15 yanvar 2025-ci il tarixli qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-708/2025 saylı, 15 yanvar 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və Gəncə Apellyasiya Məhkəməsində yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə sübutlara obyektiv, qərəzsiz hərtərəfli və tam hüquqi qiymət verməmiş, nəticədə qeyd edilən prosessual hüquq normasının pozulması ilə nəticələnən əsassız qətnamə qəbul edilmişdir. Çünki, onun iddiaçı "xxxx" MMC-lə heç bir müqaviləsi olmamış iddiaçının ondan tələb etdiyi borc ona heç bir adiyyəti yoxdu. Çünki, o, tələbkardan kredit telefon götürməmişdir. Buna görə də, hesab edir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-708/2025 saylı qətnaməsi ləğv edilməli, apellyasiya məhkəməsində yeni qətnamə qəbul olunmalıdı. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. O, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında bildirmişdir ki, mobil telefon almaq məqsədi ilə "xxxx" MMC-yə yaxınlaşmış, orada olan mobil telefonlardan birini bəyənib almışdır. Lakin aldığı mobil telefona özünə məxsus mobil nömrəni daxil etdiyi zaman telefon işləməmişdir. Sonra başqa mobil nömrələr də daxil etdiklərinə baxmayaraq, telefon işləməmişdir. "xxxx" MMC-nin əməkdaşları başqa mobil nömrə daxil etmək üçün telefonu özü ilə aparmağı təklif etmişdirlər. O, əvvəlcə etiraz etmişdir, lakin daha sonra "xxxx" MMC-nin əməkdaşları ona əgər mobil telefon işləməsə geri qaytara biləcəyini bildirmişdirlər. Buna baxmayaraq o, mobil telefonu götürməyərək orada qoyub mağazanı tərk etmişdir. Daha sonra "xxxx" MMC-nin rəhbərliyindən ona zəng edilmiş və narahat olmamağını bildirilmişdir. Uzun vaxtdan keçdikdən sonra isə Bərdə Rayon Məhkəməsindən İddiaçı MMC-nin ona qarşı borc tələbinə dair mülki iş üzrə qətnamə qəbul edildiyini və həmin qətnaməni gəlib aparmağı bildirilmişdir. O, isə iddiadan ümumiyyətlə xəbəri olmadığını bildirərək qətnaməyə etirazını bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, müqavilədəki imza ona məxsusdur. Lakin həmin müqavilə mağazadan götürdüyü başqa telefona görədir. Həmin telefonu o, 2024-cü ilin əvvəlində "xxxx" MMC-dən almışdır. Mobil telefona onun əli dəyməmişdir. O, mobil telefonu 2024-cü ilin yanvar ayında "xxxx" MMC-dən almışdır. O, telefonu "xxxx" MMC – nin hansı əməkdaşına verdiyini xatırlamır. Ona "xxxx" MMC-dən xəbərdarlıq məktubu gəlməmiş, lakin mağazanın əməkdaşları zəng etmişdirlər. Onun adına iki mobil nömrə olmuşdur. Biri hazırda üstündə olan telefondadır, digəri isə yaşadığı evdə olan telefondadır. O, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında bildirmişdir ki, məhkəmədən zəng gəlmiş ki, telefon tapılmış, gəlin həll edək. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. O, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında bildirmişdir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, cavabdeh apellyasiya şikayətində müəssisə ilə müqvilə bağlamadığını bildirmişdir. Hazırda isə iş materiallarında olan müqavilədəki imzanın özünə məxsus olduğunu etiraf etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, müqavilə üzrə cavabdehə 01 ədəd mobil telefon satılmışdır. Telefon cavabdehə tam şəkildə yararlı vəziyyətdə verilmişdir. O, Bərdə Rayon Məhkəməsinin 2(021)-708/2025 saylı, 15 yanvar 2025-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

17. Maddə 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

18. Maddə 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.

19. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

21. Maddə 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Maddə 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Maddə 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

25. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

28. Maddə 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

29. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı ümumilikdə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-708/2025 saylı, 15 yanvar 2025-ci il tarixli qətnaməsi ləğv edilməlid və iddia tələbi rədd edilməlidir.

34. Məhkəmə kollegiyasının apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, apaellyasiya araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh iddiaçı "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli 14271305 saylı müqaviləyə əsasən “OPPO A38” markalı telefon almışdır. Lakin mobil telefona nömrə daxil edilən zaman mobil telefon işləməmiş, cavadeh isə mobil telefon qüsurlu olduğundan götürməyərək mağaza işçilərinə qaytarmış və hazırkı vaxtadək telefon iddiaçının faktiki sahibliyində qalmışdır. Belə ki, məhkəmə sorğusu əsasında Azərcell Telekom MMC-dən əldə olunmuş məktuba əsasən **********77798 İMEİ kodlu cihazın 2024-cü ilin mart ayında (**********57 mobil nömrə ilə) istifaə edilməsi ilə bağlı məhkəmə araşdırması zamanı, həmin mobil nömrənin Kontakt Home işçisi X3 nömrəsi olması, telefonun yoxlanması məqsədilə nömrə taxıldığı müəyyən olunmuşdur.

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, tərəflər ilkin olaraq “OPPO A38” markalı telefonun alqı-satqısına dair razılığa gəlmişlər. Lakin cavabdeh telefonun vəziyyəti ilə razılaşmadığı üçün telefonu qəbul etməmiş və telefon iddiaçıda qalmışdır.

36. Həmçinin məhkəmə kollegiyasının iclasında X10 filialının əməkdaşı ilə telefon əlaqəsi yaradılmış və bildirmişdir, Cavabdeh işi ilə bağlı məsələ araşdırılmış və “OPPO A38” markalı telefonun anbarda olması müəyyən edilmişdir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqımüqaviləsi olmaqla ilkin olaraq telefonun alıcıya verilməsini, alıcı isə hissə-hissə olaraq ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

37. Göründüyü kimi istinad edilən hər iki maddə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi üçün ilkin şərt olaraq satılmış əşyanın alıcıya verilməsini şərtləndirir. İş materialları ilə təsdiq olunur ki, iddiaçı satdığını iddia etdiyi “OPPO A38” markalı telefonun cavabdehin mülkiyyətinə verməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı satdığı əşyanı cavabdehin mülkiyyətinə vermədiyindən onlar arasında alqı-satqı müqaviləsi bağlanmamış və bu baxımdan iddiaçının pul tələbi əsassız olmuşdur.

38. Odur ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-708/2025 saylı, 15 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-708/2025 saylı, 15 yanvar 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.

39. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

Qət etdi :

Bərdə Rayon Məhkəməsinin e-2(021)-708/2025 saylı, 15 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin e-2(021)-708/2025 saylı, 15 yanvar 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. xx.xx.2024-cü il tarixli, 14271305 saylı müqavilə üzrə 547,56 manat əsas borcun, 54,44 manat cərimə, cəmi 602 manat borcun və 30 manat manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən şikayət verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar