Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1051/2024 01.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə Açar sözlər: təmsilçi vasitəsilə bağlanmış əqd; etibarlı əqd Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2(125)-395/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 01 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X4 ilə İddiaçı arasında xx.xx.1990-cı il tarixdə 6 saylı dövlət notariat kontorunda bağlanmış müqavilədən görünür ki, Gəncə şəhəri X14 küçəsi 86 ünvanında yerləşən fərdi yaşayış evi X4 tərəfindən İddiaçı satılmışdır;
2. Ağcabədi rayon notariat kontorunda təsdiqlənmiş 26 dekabr 2014-cü il tarixli 7E- 11953 reyestr nömrəli etibarnamədən görünür ki, İddiaçı tərəfindən X7 - harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı və digər səlahiyyətlər etibar edilmişdir (etibarnamə üzrə verilmiş səlahiyyətlərin başqa şəxsə ötürülməsi nəzərdə tutulmuşdur);
3. xx.xx.2022-ci il tarixli, **********261-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, X14 küçəsi, 86 ünvanında yerləşən ümumi sahəsi 79.2 kv.m olan fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0404 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına reyestrdə qeydiyyata alınmışdır;
4. xx.xx.2022-ci il tarixli, 7E-10169 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, Ağcabədi rayon notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2014- cü il tarixli, 7E-11953 reyestr nömrəli etibarnamə əsasında İddiaçı tərəfindən X7 verilmiş səlahiyyətlər X12 tərəfindən ötürülərək həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı və digər səlahiyyətlər Cavabdeh2 etibar edilmişdir;
5. Gəncə şəhəri 6 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə-905 reyestr nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı adından Cavabdeh2 ilə X13 arasında Gəncə şəhəri X14 küçəsi 86 ünvanında yerləşən 0,0404 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 79,2 kv/m olan fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsi bağlanmış, həmin fərdi yaşayış evi X8 20000 manata satılmışdır;
6. AZ-İİ 306124 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2023-cü il tarixdə ölmüşdür.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh2 və ölmüş şəxslər X12 və X5 hüquqi varisi Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri X14 küçəsi 86 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinə dair bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə- 905 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi onun mülkiyyətində olmuşdur. Həmin fərdi yaşayış evinə dair mərhum qardaşı X12 ondan xahiş edərək bildirmişdir ki, uşaqları və digər şəxsləri evə qeydiyyata salıb çıxartmaq üçün ona etibarnamə lazımdır. Belə ki, X12 onun savadsızlığından istifadə edərək sonradan onun məlumatı olmadan öz mənafeyinə qulluq edərək başqa şəxsə, yəni Cavabdeh2 etibarnamə verərək öz doğma qızının adına alqı-satqı etmək məqsədi ilə Cavabdeh2 etibarnamə verərək öz maraqları və görüntü xarakterli müqavilə bağlamaq məqsədi ilə qarşılıqlı pis niyyətlə əlaqə quraraq onun mülkiyyətində olan evini mənimsəmişlər. Beləliklə, cavabdehlər özləri bir ailə olaraq onun mülkiyyət hüququnun pozulması ilə nəticələnən alqı-satqı müqaviləsi bağlamışlar. Belə ki, Cavabdeh2 cavabdehlərdən olan X8 alqı-satqı etmişdir. X13 qardaşı X6 ikinci nikahından anadan olmuş qızıdır. Cavabdeh2 isə X6 ikinci nikahı ilə evləndiyi Cavabdeh1 birinci nikahından anadan olmuş oğludur. Göründüyü kimi, X12 öz 20 yaşında olan qızına alqı-satqı etmək niyyəti olmamış, sadəcə olaraq onun əmlakını mənimsəmək olmuşdur. Bu baxımdan bağlanmış alqı-satqı müqaviləsi görüntü xarakterli olmaqla tərəflərin əsl iradə ifadəsini əks etdirmir, yalnız cavabdehlərin ona qarşı pis niyyətlə qarşılıqlı razılığa gəlmələrini göstərir. Cavabdehlər birgə olaraq onu mülkiyyət hüququndan məhrum etmək məqsədi bu müqaviləni bağlamışlar. 20 yaşında qızın, yəni təhsil alan tələbənin sərəncamında 20000 manat pulun olması özlüyündə gülüncdür. Hesab edir ki, cavabdehlərin qeyd olunan fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququnun təmin edilməsi həm ədalət mühakiməsinin prinsiplərinə, həmçinin hüquqi müəyyənlik prinsipinin tələblərinə uyğun olar. Əgər onun həqiqətən də qeyd olunan fərdi yaşayış evini tam olaraq X5 adına rəsmiləşdirmək niyyəti olsa idi, X7 heç bir ehtiyacı yox idi.
9. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaya etiraz verərək qeyd etmişlər ki, mübahisəli mülk olan Gəncə şəhəri Z.Tağıyev küçəsi 86 nömrəli fərdi yaşayış evini mərhum həyat yoldaşı Famil Həsənov 1993-cü ildə almışdır. Lakin, Famil Həsənov polis əməkdaşı olduğu üçün öz adına əmlak ala bilmədiyindən həmin mülk formal olaraq bibisi İddiaçı adına qeyd etdirmişdir. İddiaçı isə öz növbəsində mülkü idarə edə bilmək üçün Famil Həsənova baş etibarnamə vermişdir. İddiaçı 1 gün də olsun həmin mülkdə yaşamamışdır. Famil Həsənov 1993-cü ildən etibarən 30 il müddətində həmin mülkdə yaşamış, 01 yanvar 2023-cü il tarixdə də elə həmin mülkdə vəfat etmişdir. O, isə 2001-ci ildən etibarən hal-hazırda dünyasını dəyişmiş Famil Həsənovla rəsmi nikah bağlamaqla ailə qurub həmin mülkə gəlin köçmüşdür. Bu nikah hər ikisinin ikinci nikahı olmuşdur. Hər ikisinin də ilk nikahlarından övladları vardır. Birgə nikahlarından isə X13 adlı övladları olmuşdur. Yəni, iddia ərizəsində qeyd edilən kimi X17 ögey deyil, öz doğma qızıdır. Kubra da doğulduğu andan 20 il müddətində həmin mülkdə yaşamışdır. İddia ərizəsində qeyd olunmuşdur ki, Kubranın o evi 20000 manata alması qeyri realdır və gülünc vəziyyətdir. Halbuki, o, X3 dosentdir, əməkhaqqısı 2000 manatdır. Digər övladları böyük olduqları üçün və özləri işlədikləri üçün o, qazancını ancaq Kubraya sərf etmişdir və 20000 manat hal-hazırkı dövrdə o qədər də böyük məbləğ deyil. Əksinə İddiaçı heç zaman ailə qurmamış, heç bir yerdə işləməmiş və qardaş himayəsində yaşamışdır. Ancaq, təqaüd yaşı çatan zaman Famil Həsənov onun təqaüdünü düzəltmişdir. Göründüyü kimi, İddiaçı təqaüd yaşından dövlətdən pul aldığı üçün, o evi almaq iqtidarında olmamışdır. Onun 30 il ərzində Famil Həsənovdan o evi tələb etməməsi və yalnız sonuncunun ölümündən sonra ev iddiasını qaldırması da bunun bir sübutudur. Əslində, ev iddiasını qaldırmağa İddiaçı Famil Həsənovun birinci nikahdan olan oğlu Fuad Həsənov vadar etmişdir. Famil Həsənov xərçəng xəstəliyinə tutulduğundan, müalicəyə çox pul sərf etdiyindən evi satıb kiçik ev alaraq borcları bağlamaq və onları gələcəkdə Fuadın başlarına açacağı bəlalardan qurtarmaq qərarına gəlsə də, Kubra doğulub boya başa çatdığı mülkdən ayrılmaq istəmədiyi üçün Kubranın adına yığdığı pulla, nisbətən də qardaşı Elturanın köməyi ilə evi Kubraya almışlardır və həmin pulla da Famil Həsənov borclarını ödəmişdir. Bildirmişdir ki, hələ Famil Həsənovun sağlığında onun ilk nikahdan olmuş oğlu X15 ilə aralarında münaqişələr olmuşdur. Belə ki, Fuad Həsənov pis vərdişlərin aludəçisi olduğu üçün hər dəfə nə yolla olursa olsun atasından pul tələb etmiş, yaşadıqları evdən və digər evlərdən dəfələrlə oğurluq etmişdir. Atası isə hər dəfə onun vurduğu zərərləri ödəmiş, öz adını qorumaq məqsədilə və oğlunun hərəkətlərindən utanc hissi duyduğu üçün onun hərəkətlərinin əksəriyyətini ört-basdır etmiş, polisə şikayət etməmişdir. Hər dəfəsində tələb etdiyi pulu ala bilmədiyi təqdirdə isə evə gələrək davalar salmış, atasının maşınının şüşəsini daşla qırmış, maşına qırmızı rəngli boya tökərək yararsız vəziyyətə salmışdır. Bakı şəhərində törətdiyi cinayət nəticəsində isə 7 il həbs olunmuş, bu səbəbdən də atası X22 şəhər Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsindən azad olunmuşdur. Fuad Həsənovun evdən davamlı olaraq oğurluq edib pis vərdişlərinə sərf etməsi hələ sağlığında Famil Həsənovu onu evdən uzaqlaşdırmağa məcbur etmişdir. Nəticədə isə mərhum əri keçirdiyi streslərdən və əsəblərdən xərçəng xəstəliyinə tutularaq dünyasını dəyişmişdir. Famil Həsənovun ölümündən sonra oğlu Fuad Həsənov bu dəfə Famillə birgə nikahdan olan qızları, yəni öz atabir bacısı Kubra Həsənovanı təhdid etməyə başlamışdır. Ona təhdid dolu videolar çəkib atmış, Novruz bayramında evlərinə basqın edərək yaşadıqları evi satıb ona pul vermələrini, ev satılmasa belə pul tapıb vermələrini tələb etmişdir. Kubra hələ 20 yaşında idi, o qardaşının bu əməllərindən qorxub sarsıntı keçirirdi, atasının ölümündən sonra qardaşının onu elə təhdidlərlə hədələməsi onun depressiyaya düşməsinə gətirib çıxartmışdır. Onun ilk nikahından olan oğlu Cavabdeh2 isə anabir bacısı Kubra Həsənovanın müdafiəsinə qalxanda isə bu dəfə Fuad Həsənov onunla “icəşməyə” başlamışdır. Belə ki, Cavabdeh2 polis əməkdaşı olduğundan istifadə edərək xx.xx.2023-cü il tarixində “Tik-tok” sosial şəbəkəsi vasitəsilə onun barəsində şərböhtan xarakterli çıxışlar etmişdir. Bu hal Kubranın tamamilə stressə düşməsinə, qardaşı Elturana nəsə olacağı qorxusuna düşməsinə səbəb olmuşdur. Kubra Həsənovanın yaşı az olduğundan və zərif cinsin nümayəndəsi olduğundan bu hadisələrə tab gətirməyərək xx.xx.2023-cü il tarixdə özünü asaraq intihar etmişdir. Ailələrinə bu qədər bədbəxtlik gətirməsindən hələ də sakitləşməyərək, Fuad Həsənov indi də evi satıb pulunu ona verməyəcəkləri təqdirdə onu və nəvələrini ölümlə hədələmişdir. Bununla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Famil Həsənov ölümündən əvvəl Gəncə Şəhər 2 saylı notariat kontoruna gedərək evi qızı Kubra Həsənovaya alqı-satqı yolu ilə satmışdır. Proseslərin davam etdirilməsi üçün isə Cavabdeh2 etibarnamə vermişdir. Göründüyü kimi, mübahisəli mülkü Famil Həsənov almış, mülk ona məxsus olmuş, 30 il ərzində həmin mülkdə yaşamışdır. Mülkün İddiaçı adına olması isə formal xarakter daşımış və İddiaçı 30 il ərzində ev iddiası qaldırmamış, yalnız Famil Həsənovun ölümündən və evin formal olaraq onun adına olmasından istifadə edərək evi mənimsəmək qərarına gəlmişdir.
10. Gəncə Şəhər Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2(125)-395/2024 nömrəli qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddia təmin edilərək, Gəncə şəhəri, X14 küçəsi, ev 86 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair İddiaçı adından mərhum X13 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 4Ə-905 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3 və 340.1-ci maddələrinə, həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
13. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Gəncə şəhəri X14 küçəsi 86 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 359.3-cü maddəsinə istinad edərək hesab etmişdir ki, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Məhkəmə hesab etmişdir ki, təmsilçi öz barəsində qərar qəbul etmişdir. Lakin, işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçının nümayəndəsi olan Famil Həsənov qanuni əsaslarla alqı-satqı müqaviləsi bağlamış və həmin əmlakı 20000 manat müqabilində satmışdır. Beləliklə, təmsilçinin öz xeyrinə qərar qəbul etməsi və yaxud da həmin əmlakı ələ keçirtməsi halları öz əksini tapmamışdır. İddiaçı ilə X21 yaxın qohumdur. Onlar arasında olan münasibətlər daima yaxşı olmuşdur. İddiaçının X16 ölümünə qədər mübahisəli mülklə bağlı hər hansı iddia etməməsi isə işin mabahisəsiz halıdır. Eyni zamanda iddiaçının baş etibarnamə verməsi də onun həmin mülkün Famil Həsənovla birbaşa bağlılığının sübutudur. Buna görə də hesab edir ki, bu hal iş üçün mühüm əhəmiyyət kəsb edirdi. Bu halların aydınlaşdırılmadan qərar qəbul edilməsi isə qanunun pozulması hesab edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı X21a baş etibarnamə vermişdir. Bu etibarnamə əsasında X18 Hacıyev vasitəsilə alqı-satqı müqaviləsi bağlamış və Gəncə şəhəri X14 küçəsi 86 saylı ünvanda yerləşən fərdi yaşayış evini 20000 manat qiymətlə X1. Kubra Həsənovanın həmin əmlakı alqı-satqı müqaviləsi əsasında əldə etməsi ilə bağlı notariat hərəkətlərinin aparılmasında hər hansı qanun pozuntusu olmamışdır. Belə ki, Kubra Həsənova alqı-satqı müqaviləsi əsasında 20000 manat vəsaiti bank hesabı vasitəsilə ödəmişdir. Deməli, tərəflər arasında alqı-satqı müqaviləsinin əsasını təşkil edən alqı-satqı həqiqətən baş tutmuşdur. Buna görə də hesab edirlər ki, məhkəmə bu sübutları görməzdən gəlmiş və yekunda ziddiyyətli sübutları əks etdirən qətnamə qəbul etmişdir. İş materiallarında olan Ağcabədi rayon notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2014- cü il tarixli, 7E-11953 reyestr nömrəli etibarnamə ilə müəyyən edilmişdir ki, İddiaçı tərəfindən X7 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncamverməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdlər bağlamaq, bu əqdlər üzrə haqq-hesab aparmaq və digər səlahiyyətlər verilmişdir. Həmin etibarnamədən aydın görünür ki, iddiaçı mübahisəli əmlakla yanaşı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi X21a etibar etmişdir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, Famil Həsənov tərəfindən yalnız mübahisəli əmlakla bağlı alqı-satqı müqaviləsinin bağlanması vəzifəsini Cavabdeh2 ötürmüşdür. Halbuki, əgər hesab etsək ki, X21 İddiaçı əmlakını ələ keçirtmək niyyətində idi, onda ona verilmiş səlahiyyətlərdən istifadə edərək, başqa hərəkətlər belə edə bilərdi. Lakin, göründüyü kimi, iddiaçı tərəfindən verilmiş etibarnamə əsasında yalnız mübahisəli mülkün satılması ilə bağlı hərəkətlər icra olunmuşdur. Bununda əsas səbəbi isə yuxarıda qeyd olunduğu kimi, X16 həmin əmlakı illər boyu öz əmlakı kimi idarə etməsi, ondan istifadə etməsi və onun üzərində etibarnamə ilə olsa belə sərəncam verməsi olmuşdur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat vermişdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, Ağcabədi rayon notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli 7E-11953 reyestr nömrəli etibarnamə əsasında İddiaçı tərəfindən X7 verilmiş səlahiyyətlər X12 tərəfindən ötürülmüşdür. X21 mübahisəli əmlakı başqa şəxsdən alıb, ev alındıqdan sonra isə orada Famil, arvadı Sevda və onların qızları Kubra birlikdə yaşamışlar. Həmin ev X21a məxsus olmuş və formal olaraq iddiaçının adına qeydiyyata alınmışdır. Bunun sübutu kimi iddiaçının Famil Həsənova sərəncam vermək üçün notarial qayda da təsdiq olunmuş 50 il müddətinə verdiyi etibarnamədir.
16. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, X16 polis əməkdaşı olması evi öz adına qeydiyyata aldırmasına mane olmurdu. İddiaçı Famil Həsənovun bibisidir. Mübahisəli evin Famil Həsənov tərəfindən öz qızı olan Kubraya satılması inandırıcı deyil. Çünki, X21 sağlığında 5000 manat pensiya almışdır, onun pula ehtiyacı olmayıb. Alqı-satqı müqaviləsi formal olaraq bağlanmış, mərhum Kubra Həsənova tərəfindən atası Famil Həsənova hər hansı məbləğdə pul ödənilməmişdir. X10mağa evi olmadığı üçün bibisi İddiaçı öz evi olan mübahisəli evi ona vermişdir ki, orada yaşasın. Bundan sonra X23 Hacıyeva ilə ailə həyatı qurmuşdur. Bir müddətdən sonra ilk nikahdan olmuş oğlu X15 ilə aralarında münaqişələr yaranmağa başlamışdır. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, X21 evin qaz, su və.s məsələləri ilə bağlı etibarnamələr verməli olduğuna iddiaçını inandırmış, sonuncunun da savadı olmadığı üçün ona inanaraq Familə etibarnamə vermişdir.
17. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə etdiyini və əvvəlki məhkəmə iclaslarında verdiyi izahata əlavəsi olmadığını qeyd etmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, X16 ölümündən sonra iddiaçı cavabdehlərin mübahisə predmeti olan evdən çıxarılmasını tələb etsə də, lakin müsbət nəticə olmamışdır. Belə ki, Cavabdeh1 buna etiraz etmiş və evin onlara məxsus olduğunu bildirmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Onlar məhkəmə iclasında nümayəndə (vəkil) vasitəsilə təmsil edildiyindən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
21. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
22. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
23. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
24. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
25. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
26. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.
27. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
33. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
34. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.
39. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, 6 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.1990-cı il tarixli müqaviləyə əsasən X2 şəhəri X14 küçəsi 86 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı satmışdır. Sonuncu 26 dekabr 2014-cü il tarixli 7E-11953 reyestr nömrəli etibarnamə ilə 50 (əlli) il müddətinə X7 - harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı və digər səlahiyyətlər etibar etmişdir. Etibarnamə üzrə verilmiş səlahiyyətlərin başqa şəxsə ötürülməsi nəzərdə tutulmuşdur. Həmin etibarnamə üzrə səlahiyyətlər Ağcabədi rayon notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 7E-10169 reyestr nömrəli etibarnamə ilə X12 tərəfindən X7 ötürülmüşdür. Bundan sonra Gəncə şəhəri 6 saylı notariat ofisində satıcı İddiaçı adından Cavabdeh2 ilə alıcı X13 arasında xx.xx.2022-ci il tarixli 4Ə-905 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında Gəncə şəhəri X14 küçəsi 86 ünvanında yerləşən 0,0404 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 79,2 kv/m olan fərdi yaşayış evi alıcı X8 20000 manata satılmışdır. X12 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İddiaçı 26 dekabr 2014-cü il tarixli 7E-11953 reyestr nömrəli etibarnaməni X16 öz uşaqlarını da Gəncə şəhəri X14 küçəsi 86 ünvanında yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatına saldırmaq üçün verdiyini, lakin mərhumun cavabdehlərlə əlbir olub onun iradəsinə zidd olaraq fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsi bağladığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
40. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, cavabdehlərin mübahisəli evi məhz öz doğma qızlarına Famil Həsənovun müalicəsi məqsədi və borclarının ödənilməsi məqsədi ilə satılmasına dair göstərdikləri dəlillər işin hallarına uyğun deyildir və görüntü məqsədi ilə bağlanmış müqavilə olmuşdur. Cavabdehlər iddiaçının verdiyi etibarnamə əsasında iddiaçıya məxsus fərdi yaşayış evini alqı-satqı yolu ilə yaxın qohumuna (öz doğma qızına) satmışdır. Halbuki, mülki qanunvericiliyə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.
41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.
42. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarı).
43. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
44. Bununla belə mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin, əqdin təmsilçi vasitəsilə bağlanması üçün müvafiq qaydalar müəyyən edilmişdir.
45. Belə ki, Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.
46. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir. Həmin normada deyilir ki, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Bu Məcəllənin 362.2-ci maddəsinə görə, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.
47. İşin mübahisəsiz hallarıdır ki, İddiaçı 26 dekabr 2014-cü il tarixli 7E-11953 reyestr nömrəli etibarnamə ilə 50 (əlli) il müddətinə X7 - harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı və digər səlahiyyətlər etibar etmişdir. Həmin etibarnamə üzrə səlahiyyətlər Ağcabədi rayon notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 7E-10169 reyestr nömrəli etibarnamə ilə X12 tərəfindən X7 ötürülmüşdür. Bundan sonra Gəncə şəhəri 6 saylı notariat ofisində satıcı İddiaçı adından Cavabdeh2 ilə alıcı X13 arasında xx.xx.2022-ci il tarixli 4Ə-905 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında Gəncə şəhəri X14 küçəsi 86 ünvanında yerləşən 0,0404 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 79,2 kv/m olan fərdi yaşayış evi alıcı X8 20000 manata satılmışdır.
48. İddiaçı hazırkı iddia üzrə başlıca dəlili ondan ibarət olmuşdur ki, 26 dekabr 2014cü il tarixli 7E-11953 reyestr nömrəli etibarnaməni X16 öz uşaqlarını da Gəncə şəhəri X14 küçəsi 86 ünvanında yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatına saldırmaq üçün vermişdir, onun adından sərəncam əqdi bağlaması üçün deyil.
49. Məhkəmə kollegiyası iddia tələbini əsassız hesab edir və bununla bağlı aşağıdakıları qeyd edir.
50. İlk növbədə qeyd edilməlidir ki, mübahisələndirilən əqd səlahiyyətli subyektlər arasında bağlanmış, habelə əqdin forma və məzmunu ilə bağlı mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmişdir. Həmin əqdlə bağlı notariat ofisində açılmış notariat işinin sənədlərinə nəzər saldıqda satış predmeti olan fərdi yaşayış evinin mülkiyyətçisi tərəfindən X21a, habelə sonuncu tərəfindən Cavabdeh2, yəni satıcını təmsil edənə verilmiş etibarnamələrin qüvvədə olduğu, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin bank əməliyyatları yolu ilə alıcı tərəfindən satıcının hesabına köçürüldüyü müəyyən olunur. Mübahisələndirilən alqı-satqı müqaviləsinin mülki qanunvericiliyin tələblərinə uyğun bağlandığı öz təsdiqini tapdığından məhkəmə kollegiyası həmin müqaviləni etibarlı əqd olaraq qiymətləndirir.
51. İddiaçı 26 dekabr 2014-cü il tarixli 7E-11953 reyestr nömrəli etibarnaməni X16 öz uşaqlarını da mübahisəli fərdi yaşayış evinə pasport qeydiyyatına saldırmaq üçün verdiyini iddia etsə də, lakin həmin etibarnamə üzrə səlahiyyətlər 50 (əlli) il müddətinə verilmişdir ki, bu müddətə verilmiş etibarnamənin məhz pasport qeydiyyatı ilə bağlı məsələlərin həlli ilə bağlı verilməsi inandırıcı və ağlabatan deyildir. Həm də nəzərə almaq lazımdır ki, İddiaçı X21a 2014-cü ildə etibarnamə verdiyi halda mübahisələndirilən alqı-satqı müqaviləsi bundan 8 ilə yaxın müddət keçdikdən sonra bağlanmışdır. Ötən 8 il müddət ərzində isə iddiaçının qeyd olunan etibarnamənin ləğvi ilə bağlı hər hansı iddia irəli sürməmiş, eləcə də iş materialları ilə onlar arasında mübahisəli evə dair hər hansı mübahisənin olması müəyyən edilməmişdir. Bundan başqa, İddiaçı və X21 bibi-qardaş oğlu qohumluq münasibətlərində olmuşlar. İddiaçı X16 uşaqlarının, yəni öz qardaşı nəvələrinin hansı səbəbdən ona məxsus evə pasport qeydiyyatına düşməsi və onun da buna razılıq verməsi ilə bağlı da əsaslı dəlillər irəli sürə bilməmişdir.
52. Xüsusilə diqqət yetirilməli haldır ki, İddiaçı X21a verdiyi etibarnamədə sonuncuya bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı, eləcə də bu əqdlər üzrə haqq-hesab aparmaq səlahiyyətləri vermişdir ki, işin bu halı həmin etibarnamənin məhz pasport qeydiyyatı ilə bağlı məsələlərin həlli məqsədilə verilmiş olmasını birmənalı təkzib edir. Həmçinin diqqət yetirilməli hallardan biri də odur ki, sözügedən etibarnamə üzrə səlahiyyətlərin başqa şəxsə ötürülməsi qanunvericiliyin tələblərinə zidd olmamışdır.
53. Mülki Məcəllənin 339.3-cü maddəsində deyilir ki, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
54. İddiaçının nümayəndəsi X16 evin qaz, su və.s məsələləri ilə bağlı etibarnamələr verməli olduğuna iddiaçını inandırması, sonuncunun da savadı olmadığı üçün ona inanaraq Familə etibarnamə verməsini bildirmişdir. Lakin, iddiaçı tərəf bununla bağlı hərhansı sübutu birinci instansiya məhkəməsinə və ya məhkəmə kollegiyasına təqdim etməmişdir. Halbuki, sübut etmə yükünün bölüşdürülməsi baxımından əqdin etibarsızlığına əsas olan halların mövcudluğunun sübuta yetirilməsi vəzifəsi əqdi mübahisələndirən tərəfin üzərinə düşür.
55. İşin halları yuxarıda göstərilən hüquq normaları baxımından tədqiq olunduqda görünür ki, iddiaçının cavabdeh tərəfindən aldadılmaqla müqavilənin bağlanması üçün səlahiyyət verdiyi barədə nəticəyə gəlməyə əsas verən hal müəyyən olunmur. İddiaçı könüllü olaraq sərancam vermək üçün notarial qaydada təsdiqlənmiş etibarnamə vermiş və onun nəticələrini görərək bunu arzu etmişdir. Bir sözlə alqı-satqı müqaviləsi iddiaçının iradə ifadəsini əks etdirmişdir.
56. Məhkəmə kollegiyası işin yuxarıda şərh olunan hallarını ağlabatan məhkəmə mühakiməsi əsasında tədqiq edərək iddiaçının dəllilərinin əsassız və uydurma olması qənaətinə gəlir.
57. Qeyd edilməlidir ki, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).
58. Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı).
59. İşin sadalanan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğundur. Müqavilənin iddiaçının iradəsinə zidd bağlanmış olması barədə hazırkı iddia tələbi əsassızdır, alqı-satqı müqaviləsinin etibarsızlığı üçün hər hansı hüquqi əsas yoxdur. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da qanunidir.
60. İşə baxan birinci instansiya məhkəməsi isə maddi hüquq normalarını yanlış təfsir etməklə iddianın təmin edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2(125)-395/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.