Məhkəmə qərarları › İş №2(104)-1069/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1069/2024

16.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1069/2024 16.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: atalığın müəyyən edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və X2 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh və nümayəndəsi (anası) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2194/2023 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 16 sentyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AZ-İV 434855 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə anadan olmuş Mərdin ata qrafasında X6, ana qrafasında anası İddiaçı kimi qeyd edilmişdir.

2. xx.xx.2022-ci il tarixli, MŞG/1-03577 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər xx.xx.2022-ci il tarixdə, saat 09:15-də keçirilən ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir.

3. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2194/2023 nömrəli qərardadına əsasən məhkəmə-tibbi genetik (DNT) ekspertizası təyin edilmiş, lakin məhkəmə-tibbi genetik ekspertizasının keçirilməsi üçün zəruri olan reaktivlərin alınması təmin olunmadığından ekspertizanın keçirilməsi mümkün olmamışdır.

4. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2194/2023 nömrəli qərardadına əsasən iş üzrə məhkəmə-bioloji ekspertizası təyin olunmuş, lakin ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində İddiaçı uşaqla birlikdə şöbəyə gəldiyi halda, Cavabdeh gəlmədiyinə görə ekspertizanın keçirilməsi mümkün olmamışdır.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X9 xx.xx.2024-cü il tarixli, 358/2024-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, 1 saylı cədvəldə göstərilən, beynəlxalq praktikada geniş istifadə olunan və digər ölkələrdə genetik testlərdə sınaqlardan uğurla çıxmış GlobalFilerTM İQC PCR Amplification Kit reaktiv dəstinə daxl olan 24 müxtəlif STR lokusdan 24-ü (cədvəl 1, 1-24 saylı STR lokuslar) üzrə uşaq X7 (C) ilə güman olunan ata Cavabdeh arasında atalığın müəyyən olunması üzrə keçirilən DNT testi zamanı aşağıdakı nəticələr alınmışdır (cədvəl 2): Testin keçirilməsi üçün götürülən 24 STR lokusdan 24-ü (1-24 saylı STR lokuslar) üzrə təyinat aparmaq mümkün olmuşdur (cədvəl 2). Nəticələrin etibarlı hesab olunduğu 21 (1- 21 saylı STR lokuslar) autosom STR lokusların hər biri üzrə uşağın (C) və ananın (M) DNT profillərində uyğunluq aşkarlanmışdır. 2 saylı cədvəldən göründüyü kimi, D8S1179 STR lokusu istisna olmaqla nəticələrin etibarlı hesab olunduğu 21 (1-21 saylı STR lokuslar) autosom STR lokusların hər biri üzrə testdə iştirak edən uşağın (C) və güman olunan atanın (F) DNT profillərində ən azı bir ortaq allel aşkarlanmışdır. (cədvəldə xüsusi sütunda C-nin güman olunan ataya - F-ə nəzərən obliqat allelləri göstərilmiş və «uyğundur» kimi qiymətləndirilmişdir). Nəticələri aşağıdakı kimi interpretasiya etmək olar: 1) Amelogeninlə nəticələr reallığa uyğun gəlmişdir - testə uğradılan uşaq oğlandır. Cinsi xromosomda yerləşən digər iki kontrol lokus (22 saylı DYS391 və 23 saylı Yindel STR lokusları) üzrə də nəticələr də bunu təsdiqləmişdir (həmin lokuslar üzrə spesifik allellər aşkarlanmışdır). 2) D8S1179 STR lokusu üzrə uyğunsuzluğu həmin lokusda paternal meyozda baş verən deltipli mutasiya ilə izah etmək olar. Bu lokusun mutasiya dərəcəsi 0,14%-dir [7]. Lokusda baş verəcək mutasiya halları ilə ədəbiyyat məlumatlarında tanış olmaq olar [2-7]. Əgər uşağıın profilindəki allellərdən (11 və 13) hər hansı birinin anadan mənimsənildiyini qəbul etsək (həmin allellərin hər ikisi də ananın DNT profilində iştirak edir), onda digər paternal allelin mutasiyasının belə sxemlə baş verdiyini söyləmək olar: a) 11 saylı allell anadan mənimsənilibsə, onda 14 - 1 təkrar->13 və ya 15 - 2 təkrar->13; b) 13 saylı allell anadan mənimsənilibsə, onda 14 - 3 təkrar->11 və ya 15 – 4 təkrar->11. Qeyd edək ki, hər iki sxemdə paternal allelin delesiya yolu ilə reduksiyası baş verir. 3) Testə uğradılan şəxslərin genotiplərində tam homoziqotluq aşkar edilməmişdir. Testin keçirilməsində istifadə olunan 21 autosom STR lokusdan cəmi iki halda (D22S1045 və D7S820 STR lokusları üzrə) təkcə ananın, altı halda (CSF1PO, D2S441, TH01, SE33, D10S1248 və D2S1338 STR lokusları üzrə) təkcə uşağın və cəmi dörd halda (vWA, D16S539, D13S317 və D1S1656 STR lokusları üzrə) isə güman olunan atanın genotiplərində homoziqot allellər aşkar olunmuşdır. Tam homoziqotluğun olmaması və testə uğradılan şəxslərdə daxili homoqizotluğun həddən artıq aşağı olması (anada cəmi 2, uşaqda 6, güman olunan atada 4 hal) testin nəticələrini yüksək dərəcədə etibarlı edir. Beləliklə, genetik test nəticəsində testə uğradılan güman olunan ata (F) ilə uşaq (C) arasında D8S1179 STR lokusu (mutasiya halı) istisna olmaqla tam şəkildə uyğunluq aşkarlanmışdır. Bu isə onlar arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqəsinin olduğunu göstərir. Qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, Cavabdeh ekspertizaya təqdim olunmuş X7 adlı uşağın bioloji atası olması təsdiq olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə onun qeyri-rəsmi nikahlarından xx.xx.2020-ci il tarixdə anadan olmuş X7 adlı uşağının atası Cavabdeh olması faktının müəyyən olunmasına, uşağa ata soyadının verilməsinə və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 200 manat aliment və uşaq üç yaşına çatana kimi hər ay əlavə olaraq 150 manat pul tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikahlarının olmamasına baxmayaraq 2018-ci ilin dekabr ayından onunla Cavabdeh arasında ailə münasibətləri qeyri rəsmi olmuş və bu günə kimi davam etmişdir və o da cavabdehdən uşağa hamilə qalmışdır. O Cavabdeh ilə birlikdə Gəncə şəhərində kirayadə yaşamışlar. Nəticədə faktiki ər-arvad kimi yaşadıqları müddətdə onların qeyri-rəsmi nikahlarından 25 mart 2020-ci il tarixdə X7 adlı uşaqları anadan olmuşdur. Cavabdeh ilə aralarında nigah olmasada uşaq ata qrafasında ata adını daşımağına baxmayaraq uşaqlarının atalığının müəyyən edilməsi zərurəti yaranmışdır. Lakin birgə qeyri rəsmi nikahlarından 25 mart 2020-ci il tarixdə anadan olmuş X7 adlı uşaqlarına aralarında nikah olmadığından atalığın və atalığın tanınması faktının müəyyən olunması haqqında .əhadətnamə ala bilməmişlər. Hesab edir ki, aralarında olan qeyri rəsmi nikahlarından 25 mart 2020-ci il tarixdə anadan olmuş X1 üçün hər ay cavabdehdən sabit pul məbləğində 200 manat məbləğində aliment tələb etməyi qanunun müddəalarına müvafiqdir.

8. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2194/2023 nömrəli qətnaməsi (hakim Cavid Tağıyev) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı doğlulmuş Mərdin atası olması faktı müəyyən edilsin və uşağın doğum akt qeydində soyadı Qarayev, ata qrafasında Cavabdeh kimi qeyd edilməsi, xx.xx.2020-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməsi, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir.

9. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 46.2, 71, 75.4, 100.2, 186 və 188-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 97.5, 216-220, 227, 230, 233 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2194/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Cavabdeh məhkəmədə vəsadət verərək məhkəmə Tibbi-Genetik (DNT) ekspertizası təyin olunmasını və ekspertiza xərclərinin tərəflərin hər ikisinin üzərinə qoyulmasını xahiş etmişdir. Hər iki tərəf ekspertizanın keçirilməsi üçün Bakı şəhərində olmuş, lakin iddiaçı xərcin yarısını ödəmədiyindən ekspertiza keçirilmədən geri qayıtmışlar. İddiaçı tələblərinin əsasında duran halları mötəbər dəlillərlə sübuta yetirə bilməmişdir. Eləcə də iddiaçı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən işə baxılıb qətnamə qəbul edilərkən göstərilən hüquq normasını da pozmuşdur. Belə ki, iddiaçı məhkəmədə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməmişdir. Məhkəmə qətnaməsindən görünür ki, məhkəmənin xx.xx.2023-cü il tarixli 2(125)-2194/2023 nömrəli qərardadına əsasən iş üzrə məhkəmə bioloji ekspertizası təyin olunmuş, lakin həmin ekspertizanın keçirilməsi barədə cavabdehə heç bir məlumat verilməmişdir. Eləcə də cavabdeh uşağın ondan olmasına şübhəli olduğundan iş üzrə ekspertizaların keçirilməsi haqda vəsadət vermişdir. Belə olan halda o nə üçün ekspertizaya getməkdən və ekspertizanın keçirilməsindən imtina etməlidir. Göründüyü kimi, cavabdehə ekspertizanın keçirilməsi barədə rəsmi məlumat verilməmişdir. Belə ki, cavabdeh təyin edilmiş ekspertizanın keçirilməsindən yayınmamışdır. Cavabdeh ekspertizanın keçirilməsindən necə yayına bilər ki, həmin ekspertizanın təyin edilməsini və keçirilməsini o, məhkəmədən tələb etmişdir. Məhkəmə tərəfindən isə cavabdehin ekspertizasının keçirilməsindən iştirak etməkdən imtina edilməsi və ekspertizanın keçirilməsinə mane olması əsas götürülərək sözügedən qətnamə çıxarılmışdır. Ekspertizanın keçirilməsi barədə nə cavabdehin telefonuna SMS gəlmiş, nə də ona rəsmi məlumat verilməmişdir. Belə olan halda hesab edir ki, məhkəmə ehtimala əsaslanaraq qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və cavabdehin göstərdiyi xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, oğlu Cavabdeh ilə İddiaçı arasında qeyri-rəsmi münasibətləri olmuşdur. İddiaçı onun oğlunun birinci ailəsini dağıtmışdır. Belə ki, qeyrirəsmi münasibətləri olmuş, oğlu razı olmadığı halda, uşaq dünyaya gətirib oğluna uşaq sənindir demişdir. Hazırda isə keçirilmiş ekspertizanın nəticəsi ilə razı deyillər. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə aralarında ailə münasibətləri olmuşdur. Lakin, rəsmi olaraq nikaha daxil olmamışlar. Onların birgə münasibətlərindən 25 mart 2020-ci il təvəllüdlü Mərd adlı uşaqları doğulmuşdur. Həmin uşağın bioloji atası Cavabdehdir. Birinci instansiya məhkəməsində işə baxılan zaman məhkəmə tərəfindən keçirilmiş ekspertiza keçirilmiş, lakin cavabdeh ekspertizada iştirak etməmişdir. Hazırda isə keçirilmiş ekspertiza ilə uşağın bioloji atasının həqiqətən də cavabdehin olduğu müəyyən edilmişdir. Odur ki, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. İş üzrə cavabdehin nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi

17. Maddə 43. Valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır.

18. Maddə 45.1. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər.

19. Maddə 45.2. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər.

20. Maddə 46.1. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar.

21. Maddə 47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər.

22. Maddə 47.2. Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

26. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

30. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

36. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

39. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

41. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2194/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh 2018-ci il tarixdə qeyri-rəsmi ailə münasibətlərinə daxil olmuş, bu münsibətlərdən xx.xx.2020-ci il tarixdə Mərd adlı uşaqları doğulmuşdur. Uşaq qeyri-rəsmi nikahdan doğulduğundan və ata tərəfindən qeydiyyat orqanında ərizə verilmədiyindən uşağın atalığı müəyyən edilməmişdir. İddiaçı atalığa dair mübahisə açaraq xx.xx.2020-ci il doğum tarixli Mərd adlı uşağının bioloji atalığının müəyyən edilməsini tələb etmiş və uşağın atasının Cavabdeh olduğunu bildirir.

44. Atalığın müəyyən edilməsi ilə əlaqədar işlərdə sübutetmənin spesifikliyi ondan ibarətdir ki, atalıq müəyyən edilərkən, məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Bu cür sübutlara tərəflərin münasibətləri, davranışları, bir yerdə yaşamaları, birgə təsərrüfatı idarə edib etməməsi, uşağın törənməsinə gətirib çıxaran əlaqələr, cavabdehin uşağa münasibəti və sair kimi məlumatlar aid oluna bilər.

45. Hazırda, Cavabdeh, İddiaçı dünyaya gətirdiyi xx.xx.2020-cı il tarixdə doğulmuş Mərd adlı uşağın atasının olmamasını bildirir.

46. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd edir ki, Cavabdeh, xx.xx.2020-ci il tarixdə doğulmuş Mərd adlı uşağın atası olmamasını mübahisələndirsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

49. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilib.

50. Digər tərəfdən, mülki iş materialları və cavabdehin izahatı ilə də xx.xx.2020-ci il tarixdə doğulmuş Mərd adlı uşağın bioloji atasının cavabdehin olmaması halı təsdiq edilmir.

51. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən 2 dəfə məhkəmə-bioloji ekspertizası təyin edilsə də, cavabdeh Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyində iştirak etməmiş və açıq-açığına ekspertiza keçirilməsindən imtina etmişdir. Məhkəmə isə işin həmin hallarına Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət vermişdir.

52. Belə ki, işin tam və obyektiv araşdırılması üçün birinci instansiya məhkəməsi tərəfindən tibbi-bioloji ekspertiza keçirilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X9 xx.xx.2023-cü il tarixli, 358/2024-MTBŞ №-li ekspert rəyi ilə, Cavabdeh ekspertizaya təqdim olunmuş Mərd adlı uşağın bioloji atası olması təsdiq olunmuşdur.

53. Mülki prosessual qanunvericilik məhkəmələrə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (MPM-in 97.1-ci maddəsi).

54. İş üzrə ekspert rəyi mülki iş üzrə əldə edilən sübutlar sırasında olmaqla, MPM-in 88-ci maddəsinə əsasən onların da məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Bununla yanaşı, işin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə, MPM-in 103-cü maddəsinə əsasən hər bir halda alınmış rəyi məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir.

56. Müasir tədqiqat növləri sırasında uşaqla bağlı atalığın müəyyən edilməsinin yeganə dəqiq metodu DNT test – məhkəmə tibbi-genetik ekspertizasıdır. Bu ekspertizalar oxşar işlər üzrə təqdim olunan istənilən başqa sübutlardan nəzərə çarpacaq dərəcədə üstündür. Bu baxımdan atalığın müəyyən edilməsi barədə mübahisələrə baxan məhkəmə hər bir halda MPM-in 97.1-ci maddəsinə əsasən tərəflərlə məhkəmə tibbi-genetik ekspertizasının təyin edilməsi barədə məsələni müzakirə etməlidir. Sözsüz ki, obyektiv səbəblərdən məhkəmə tibbi-genetik ekspertizasının keçirilməsinin mümkün olmaması işdə olan digər sübutlar, o cümlədən məhkəmə tibbi-bioloji ekspertizasının rəyi əsasında mübahisənin həllini istisna etmir. Belə ki, Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən məhkəmə bu cür işlərə baxarkən uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Bu baxımdan şəxsin uşağa atalığının inkar olunmadığı barədə məhkəmə tibbi-bioloji ekspertizasının rəyi işdə olan digər sübutlarla təsdiq olunduğu halda həmin sübutlarla məcmu şəkildə qiymətləndirilərək, mötəbər sübut kimi qəbul edilə və iddianın təmin olunması üçün əsas ola bilər.

57. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.

58. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.

59. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəylər əsaslıdır. Çünki, ekspertin rəyi dəqiq və müfəssəl tərtib edilmiş, uşaq, ana və atadan müəyyən miqdarda qan nümunələri götürülmüş, ekspertiza tədqiqatı istehsalçının müvafiq protokolları əsasında aparılmış və rəydə gəlinmiş nəticə kifayət qədər əsaslanıdırılmışdır.

60. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh hazırkı iddia tələbinin həlli üçün qeyd edilən ekspert rəyini şübhə altına ala biləcək əsaslı və şübhədənkənar, eyni zamanda, təkzib edilməzliklə bağlı tələblərə cavab verən sübutları məhkəməyə təqdim edə bilməmişdir

61. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır və təmin oluna bilməz.

62. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

65. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

66. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

67. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2194/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar