Məhkəmə qərarları › İş №2(104)-1072/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1072/2024

01.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1072/2024 01.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-406/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-406/2024 saylı qətnaməsi ilə (hakim H.Məhəmmədi) iddianın təmin edilməsi, ünvan 1 ünvanında yerləşən yaşayış evi üzrə təbii X1nın pozulmasına görə İddiaçı adına hesablanmış 3110,40 manat borcun silinməsi qət edilmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Şəmkir rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(076)-406/2024 saylı qətnaməsini ləğv edib, İddiaçı iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edərək “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli, ******* saylı qüsur aktı üzrə hesablanmış 3110,40 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Şəmkir rayonu Dağ Cǝyir kəndində qeydiyyatda olsa da artıq 4 ildir ki, Şəmkir şəhərində qızının yanında yaşayır. Şəmkir rayonu Dağ Cǝyir kəndində ona məxsus fərdi yaşayış evi var. Həmin evdə yaşadığı müddətdə qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə etmişdir. Evində bir qaz plitəsi olmuşdur. 4 il olar ki, problemlər olduğundan oradan köçüb, qızının yanında Şəmkir şəhərində yaşayır. Evində olan qaz sayğacı onun adına qeyd edilmişdir. O, orada yaşadığı müddətdə mütəmadi olaraq təbii qazdan istifadə etdiyinə görə ödənişləri etmişdir. 11 may 2023-cü il tarixdə “Azəriqaz” İB-nin əməkdaşları onun Şəmkir rayonu Dağ Cəyir kəndində yerləşən evinə quraşdırılmış qaz sayğacına onun iştirakı olmadan baxış keçirǝrǝk, ******* saylı akt tərtib etmişlər. Həmin akta əsasən sayğacın plastmas qapağının, zavod qurğuşun plombunun, hesablayıcı mexanizminin, zavod nömrəsi olan lövhənin gövdənin üzərində aşkar olunmadığı və sayğacın istismara yararsız olduğu qeyd edilərək və ona həmin akt üzrə 3110.40 manat borc hesablamışlar. O, yaşlı qadındır, iki dəfə infarkt keçirtmişdir. Ümumilikdə həmin evdə yaşamır. Əgər həmin sayğac yararsız vəziyyətə düşmüşdüsə onun təqsirinin ucbatından olmamışdır. Sayğac çöldə quraşdırılmışdır. Sayğaca nəzarəti də “Azəriqaz” İB-nin əməkdaşları edir. Sayğacın yararlığına cavabdehliyi o daşımır. Əgər sayğac istismara yararasız hala salınmışdırsa bu da onun təqsiri ucbatından baş verməmişdir. Qeyd edilənlərə əsasən xx.xx.2023-cü il tarixli, ******* saylı qüsur aktı üzrə hesablanmış 3110,40 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi hissəsində gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. Belə ki, Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi iddiaçıya məxsus qaz sayğacına qanunsuz müdaxilə olunduğundan sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və 2023-cü ilin aprel ayında iddiaçının abonent hesabına işlənilmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Belə ki, sayğacın plastmas qapağının, zavod qurğuşun plombunun, hesablayıcı mexanizmi və zavod nömrəsinin olduğunu lövhənin yerində olmaması aşkarlanmışdır. Nəzərə alınmamışdır ki, ekspertiza prosesində Azərbaycan Metrologiya İnstitunun nümayəndələri də iştirak etmişdir. İş materiallarından da göründüyü kimi sayğaca müdaxilə faktı ilə bağlı kifayət qədər sənədləşmə aparılmış, fakt təsdiqini tapmışdır. Qeyd edilənlərdən aydın görünür ki, iddiaçının istismarında olan qaz sayğacının işləmədiyi işin mübahisəsiz halıdır və iddiaçıya xx.xx.2023-cü il tarixdə X1nın pozulması haqqında ******* saylı akt əsasında 3110,40 manat itirlmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Sayğacın nisbi xəta ilə işləmə tarixi qeyri müəyyən olduğundan fakt aşkarlandığı vaxtdan 180 günlük hesabat aparılmışdır. Buna baxmayaraq məhkəmə 2023-cü ilin aprel ayında müəyyən edilmiş məbləğin hamısının silinməsini qət etmişdir. İddia tələbinin ilk hissəsində qeyd edilən 2023-cü ilin aprel ayında hesablanmış borc məbləği sayğaca qanunsuz müdaxilə nəticəsində abonent tərəfindən məsrəf edilmiş qaza görə hesablanmışdır və mövcuq qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi İddiaçı oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin ediməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollеgiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin təmin edilməməsinə dair iddiaçının izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkldə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “Təbii X1nın pozulması haqqında” ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı yaşayış sahəsində xx.xx.2023-cü il tarixlərdə təbii qazın uçotu və TQİQ-na riayət olunması vəziyyəti yoxlanılmışdır. Aktda aşağıdakılar qeyd olunmuşdur: G-4 markalı 10321178 №-li sayğacın nömrəsi Şəmkir RQİİ-nin möhürlü kağızına əsasən yazılıb. Sayğaca baxış keçirildi. Sayğacın plastmas qapağı, zavod qurğuşun plombu, hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhə gövdənin üzərində aşkar olunmadı. Sayğac istismara yararsızdır, nəticədə qaz itkisi yaranmışdır. İş materiallarında olan abonent İddiaçı saldosundan görünür ki, 2021-ci ilin iyun ayından qaz sərfiyyatı olmamış, bununla belə iddiaçının abonent hesabına 2023-cü ilin aprel ayında 3110,40 manat cərimə hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, Elster tipli, G-4 markalı 10321178 nömrəli sayğac yararsız hala salındığına ğörə çıxarıldığı göstərilsə də, yararsız hala salınmanın nədən ibarət olduğu göstərilməmişdir. İş materiallarında olan “Qaz sayğacının yoxlanılması barədə” MSK-14-2-2/3-5- 5020/Q002 nömrəli xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 10321178 daxili nomrəsi olan sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacın nömrəsi Şəmkir RQİİ-nin möhürlü kağızına Əsasən yazılmış, Sayğacın plastmas qapağı, zavod qurğuşun plombu, hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhə gövdənin üzərində aşkar olunmamışdır. Sayğac istismara yararsız olması müəyyən edilmişdir. İş materiallarında olan dağ Cəyir kənd İƏD üzə nümayəndəliyin xx.xx.2023-cü il tarixli 104 saylı arayışında göstərilir ki, İddiaçı Şəmkir rayonu Dağ Cǝyir kəndində qeydiyyatda olmaqla 2020-ci ildən ailə üzvləri ilə birlikdə Şəmkir şəhərində yaşayır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı Şəmkir rayonu Dağ Cǝyir kəndində qeydiyyatda olsa da bir neçə ildirdir ki, Şəmkir şəhərində yaşayır. Şəmkir rayonu Dağ Cǝyir kəndində ona məxsus fərdi yaşayış evi var. Həmin evdə yaşadığı müddətdə qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə etmişdir. 03 may 2023-cü il tarixdə “Azəriqaz” İB-nin əməkdaşları onun Şəmkir rayonu Dağ Cəyir kəndində yerləşən evinə quraşdırılmış qaz sayğacına onun iştirakı olmadan baxış keçirǝrǝk, ******* saylı akt tərtib etmişlər. Həmin akta əsasən sayğacın plastmas qapağının, zavod qurğuşun plombunun, hesablayıcı mexanizminin, zavod nömrəsi olan lövhənin gövdənin üzərində aşkar olunmadığı və sayğacın istismara yararsız olduğu qeyd edilərək və ona həmin akt üzrə 3110.40 manat borc hesablamışlar. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün göstərmişdir ki, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 3110,40 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə saygac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X2 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə 2023-ci il tarixdə müəyyən edilmiş borc üzrə də cavabdeh sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edə bilmədiyindən və akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Əhali abonentlərinin mənzillərində (evlərdə) qaz sayğaclarının quraşdırılması və istismarı barədə məlumat”ın 2.4-cü bəbdində göstərilir ki, qaz sayğacları hündür mərtəbəli binalarda mənzillərin çıxışında (pilləkən qəfəsində) və açıq şəraitdəki eyvanlarda, fərdi evlərdə isə həyətdən kənarda mənzilin qaz xəttinin başlanğıcında (həyətə giriş qapısının yaxınlığında) quraşdırılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə qazpaylayıcı tərəfindən abonentin qaz sayğacında baş vermiş nasazlıqda istehlakçının təqsiri müəyyən olunmadığı halda qaz sərfiyyatı ilə bağlı vurulmuş ziyan da ondan tələb oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda zərərin iddiaçı tərəfindən vurulduğu sübuta yetmədiyinə görə cavabdeh tərəfindən hesablanmış “Təbii X1nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktı əsasında hesablanmış 3110,40 manat məbləğində pulun ödənilməsi iddiaçıdan tələb oluna bilməz. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, iş materiallarından da göründüyü kimi sayğaca müdaxilə faktı ilə bağlı kifayət qədər sənədləşmə aparılmış, fakt təsdiqini tapmışdır. Apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayan kollegiya qeyd edir ki, işdəki abonent saldosundan da göründüyü kimi, iddiaçıya məxsus evdə 2021-ci ilin iyun ayından qaz sərfiyyatı qeydə alınmamışdır. Halbuki, “X1”nın 3.1.10-cu bəndinə əsasən bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir Həmin Qaydaların 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Kollegiya apellyasiya şikayətinin həmin dəlilləri ilə bağlı qeyd edir ki, məişət abonentinə məxsus qaz sayğacının saz saxlanmasına cavabdehliyi abonent daşımır. İkincisi, iddiaçının nümayəndəsinin izahatından, həmçinin işdəki abonent saldosundan da göründüyü kimi iddiaçıya məxsus evdə 2022-ci ilin yanvar ayından 2023-cü ilin aprel ayınadək təbii qazdan ümumiyyətlə istifadə olunmamışdır, ona görə ki, həmin evdə yaşayış olmamışdır. Odur ki, kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarını hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də iddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin bu qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyasışərh olunanları və Azərbaycan Respublikasıнын MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-406/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar