Məhkəmə qərarları › İş №2(104)-1089/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1089/2025

03.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1089/2025 03.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X1 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı əsassız hesablanmış debitor borcun silinməsi tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(015)-309/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı məxsus abonent saldosundan görünür ki, 2012-ci ilin sonunda 164,10 manat borc, 2013-cü ilin sonunda 124,10 manat borc, 2014-cü ilin sonunda 131,10 manat borc, 2015-ci ilin sonunda 151,10 manat borc, 2016-cı ilin sonunda 222,60 manat borc, 2017-ci ilin sonunda 205,90 manat borc, 2018-ci ilin sonunda 192,70 manat borc, 2019-cü ilin sonunda 192,20 manat borc, 2020-ci ilin sonunda 194 manat borc, 2021-ci ilin sonunda 218,20 manat borc, 2022-ci ilin sonunda 203,40 manat borc, 2023-cü ilin 6-cı ayına 280,64 manat borc qalmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona əsassız olaraq hesablanmış 198 (yüz doxsan səkkiz) manat debitor borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddia ərizəsinə əlavə barədə ərizə təqdim edib cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona əsassız olaraq hesablanmış 229,62 (iki yüz iyirmi doqquz manat altmış iki qəpik) manat debitor borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16 iyun 2024-cü il tarixində X5 İdarəsindən ona məktub gəlmişdir. Məktubda qeyd olunmuşdur ki, onun 198 manat debitor borcu var və həmin borcun ödənilməsi üçün 8 gün vaxtı olduğu qeyd olunmuşdur. Borcu ödəmədiyi halda təbii qazın verilməsinin dayandırılacağı bildirilmişdir. O, hər ay ödənişlərini etmişdir. Bundan sonra həmin borcla maraqlanmışdır. Onun borcu olmasını heç kim sübut edə bilmir, lakin həmin borcun ödənilməsini tələb edirlər. Ona həmin borcdan 87 manat ödətmişlər ki, əks halda qazı kəsirlər. 2012-ci ildə sayğac dəyişdirilən zaman sayğacın göstəricisi sıfır olduğu halda 1431 kub sərfiyyat yazmışlar. 2017-ci ildə sayğac dəyişdirilən zaman sərfiyat abanent saldosunda 4282 göstərilir, lakin tərtib olunan aktda 3561 qeyd olunmuşdur. Hal-hazırda 229,62 manat ondan əsası olmayan debitor borc tələb edirlər. Ona görə də, qeyd etdiklərini nəzərə alıb iddiasının təmin olunmasını xahiş etmişdir.

5. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(015)-309/2025 saylı qətnaməsi ilə (hakim Natiq Abbasov) iddia rədd edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh təşkilat tərəfindən İddiaçı və ailə üzvlərinin yaşadığı ünvan qaz xətti ilə təmin edilməsi, cavabdehlə iddiaçı arasında olan müqaviləyə əsasən cavabdeh təşkilatın iddiaçıya fasiləsiz olaraq təbii qazın verilməsini, iddiaçının isə həmin təbii qazdan istifadə etdiyi sərfiyatı vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürməsi, bundan başqa iddiaçının təbii qazdan istifadə etməsi, lakin borcunu ödəməməsi, iddiaçının təbii qazdan istifadəyə görə 229,62 manat debitor borcu yaranması, göndərilmiş xəbərdarlıqların icrası olaraq iddiaçı tərəfindən itirilmiş təbii qaz sərfinə görə müəyyənləşdirilmiş dəymiş ziyanın ödənilməmiş qalması, bu barədə idarənin rəhbərliyi tərəfindən həmin vətəndaşa qanunun tələbləri izah edilməsinə, rəsmi qaydada “xəbərdarlıq məktubu” göndərilməsinə baxmayaraq cavabdehin hal-hazıra qədər həmin məbləği ödəməməsi, iş üzrə iddiaçının onun debitor borcunun olmamasını, ona yazılmış həmin borcun əsassız olmasını qeyd etsə də bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etmədiyindən və iddiaçının istinad etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmadığından iddia əsassızdır və təmin oluna bilməz.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1 və 442-ci maddəsinə və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

8. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(015)-309/2025 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ildən Azəriqaz abonentidir. Azəriqaz İB tərəfindən 198 manat debitor borcu olması ilə bağlı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu almışdır. Məktubda borcun yaranma tarixi ilə bağlı heç bir məlumat olmamışdır. Hər ay istehlak etdiyi qazın dəyərini tam ödəmişdir. Bu fakt abonent saldosunda öz əksini tapmışdır. Abonent saldosunu araşdırarkən aşağıdakıları müəyyən etmişdir. 2012-ci ilin may ayında göstəricisi 0 (sıfır) olan sayğaca 1431 kub metr sərfiyyat yazılmışdır. 2017-ci ilin yanvar ayında istismar müddətini başa vurduğuna görə sayğac dəyişdirilərkən Azəriqaz tərəfindən tərtib olunmuş aktda sayğacın son göstərişi 3561 olduğu halda abonent saldosunda bu rəqəm 4282 göstərilib. 1431 x 0.1 =143.1 manat 4282 - 3561 = 721 721x 0.12=86.52 manat 143.1+86.52=229.62 manat Qaz Təchizatı haqqında qanunun 8-ci maddəsinin tələbinə görə qazın dəyəri sayğacın göstərişinə əsasən müəyyən edilir. Qaz paylayıcının səhvi nəticəsində düzgün hesablanmamış qazın dəyəri istehlakçıdan tələb edilə bilməz. Bunları əsas gətirərək əsassız hesablanmış 229.62 manat debitor borcun silinməsinə dair iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(015)- 309/2025 saylı qətnaməsi ilə iddiası təmin edilməmişdir. Bu qətnaməni aşağıda göstərilənlərə görə əsassız və qeyri obyektiv hesab edir. Debitor borc abonent saldosuna istinad edilərək borcun yaranma tarixi, sayğacın göstəricisi, sərfiyyat, qazın dəyəri, ödənilmiş məbləğ və qalıq borc göstərilməklə sübuta yetirilir. Məhkəmə qətnaməsində bunlar göstərilmədiyinə görə bu borcun ona yoxsa ondan əvvəlki abonentə aid olması sual altında qalır. Azəriqaz tərəfindən heç bir sübut göstərilmədən tələb edilən borc məhkəmə tərəfindən heç bir sübut göstərilmədən rədd edilməli idi. Qətnamədə göstərilən itirilmiş qaza görə müəyyənləşdirilmiş borcun ödənilməməsinə gəldikdə isə belə bir borc mövcud deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli Plenum Qərarının 2.4 bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Bu qətnamənin əsaslandırma və nəticə hissəsində işin hallarının araşdırılması ilə bağlı heç bir məlumat yoxdur. 2012-ci ildə süni şəkildə yaradılan bu borcun Mülki Məcəllənin 373-cü maddəsinin tələbinə əsasən iddia müddəti 2015-ci ildə bitmişdir. Azəriqaz İB-nin vaxtaşırı icra etməli olduğu öhdəlikləri mövcuddur. Vaxtında borcu tələb etməyib 12 ildən sonra tələb etməsi heç bir qanunla tənzimlənmir.

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X2 apellyasiya şikayətini müdafiə edərək, uyğun məzmunlu izahat vermiş, apellyasiya şikayətininin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, sayğacı xx.xx.2017-ci ildə dəyişdirilmişdir. Həmişə borcu bildiriş ilə vermişlər. Həmin bildirişdə qalıq borc sıfır manat göstərilmişdir. Evin əvvəlki abonenti anası olmuşdur. Anası vəfat etdikdən sonra ev miras olaraq, ona qalmışdır və abonent kimi o, qeyd edilmişdir.

12. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə bildirişi ilə ona hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəyi təqdirdə işə onun iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

13. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

14. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

15. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”:

16. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

17. 4.7-ci Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

18. 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.

19. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

20. Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir.

21. 5.3. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir.

22. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

23. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

24. 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə).

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

25. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

33. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

34. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəfin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(015)-309/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, cavabdeh təşkilat tərəfindən İddiaçı və ailə üzvlərinin yaşadığı ünvan qaz xətti ilə təmin edilmişdir. Cavabdehlə iddiaçı arasında olan müqaviləyə əsasən cavabdeh təşkilat iddiaçıya fasiləsiz olaraq təbii qazın verilməsini, iddiaçı isə həmin təbii qazdan istifadə etdiyi sərfiyatı vaxtlıvaxtında ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, iddiaçı təbii qazdan istifadə etmiş, lakin borcunu ödəməmişdir. İddiaçının təbii qazdan istifadəyə görə 229,62 manat debitor borcu yaranmışdır. Göndərilmiş xəbərdarlıqların icrası olaraq iddiaçı tərəfindən itirilmiş təbii qaz sərfinə görə müəyyənləşdirilmiş dəymiş ziyan ödənilməmiş qalmaqdadır. Bu barədə idarənin rəhbərliyi tərəfindən həmin vətəndaşa qanunun tələbləri izah edilməsinə, rəsmi qaydada “xəbərdarlıq məktubu” göndərilməsinə baxmayaraq cavabdeh hal-hazıra qədər həmin məbləği ödəməmişdir. İş üzrə iddiaçı onun debitor borcunun olmamasını, ona yazılmış həmin borcun əsassız olmasını qeyd etsə də, bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir.

40. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

41. Kollegiya apellyasiya şikayətinin hər ay borcun tam ödənilməsi və borcun olmaması barədə dəlilinə münasibətdə qeyd edir ki, debitor borc abonent saldosuna istinad edilərək borcun yaranma tarixi, sayğacın göstəricisi, sərfiyyat, qazın dəyəri, ödənilmiş məbləğ və qalıq borc göstərilməklə müəyyən edilir. İş materiallarında olan abonent saldosundan, ******* saylı aktdan və debitor borcun ödənilməsi barədə xəbərdarlıq məktubundan görünür ki, Ağstafa rayonu Köçəsgər kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış, İddiaçı adına qeydə alınmış qaz sayğacı ilə istehlak edilmiş qazın dəyəri tam ödənilməmiş və debitor borc yaranmışdır.

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin yaranmış debitor borcun 12 ildən sonra, yəni iddia müddəti keçdikdən sonra tələb edilməsi dəlillərinə münasibətdə qeyd edir ki, hazırki iddia debitor borcun silinməsi tələbi ilə bağlıdır. “Azəriqaz” İB tərəfindən debitor borc tələbinə dair iddia qaldırılmamışdır. İddiaçı ona qarşı məhkəmədə belə bir iddia qaldırıldıqda, müddət tətbiq edilməklə iddianın rədd olunması barədə ərizə ilə müraciət etmək hüququna malikdir.

43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi: Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(015)-309/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(015)-309/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar