Məhkəmə qərarları › İş №2(104)-1125/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1125/2023

14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1125/2023 14.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiаçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) cavabdeh X1 qarşı kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış «borcun ödənilməsi» tələbi barədə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(125)- 2939/2022 saylı qətnaməsindən cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, Müəyyənetdi: İddiaçı "xxxx" MMC cavabdeh X1 qarşı kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Samsung markalı soyuducu üçün 126 manat ödənilməmiş məbləğ, 12 manat cərimə, Samsung markalı paltaryuyan üçün 246 manat ödənilməmiş məbləğ, 24 manat cərimə olmaqla, cəmi, 408 (dörd yüz səkkiz) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq xeyrlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(125)-2939/2022 saylı qətnaməsi ilə (hakim C.Tağıyev) iddia tələbi təmin edilmiş, Cavabdeh xx.xx.2019-cu il tarixli 00738377 nömrəli müqavilə üzrə 126 manat ödənilməmiş məbləğ, 12 manat cərimə və xx.xx.2019-cu il tarixli 01160650 nömrəli müqavilə üzrə 246 manat ödənilməmiş məbləğ, 24 manat cərimə olmaqla hər iki müqavilə üzrə, cəmi 408 (dörd yüz səkkiz) manat pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh X2 qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan alqı-satqı qiyməti 1156 manat olan Samsung markalı soyuducu alaraq müqavilə üzrə öhdəliyi yerinə yetirmədiyi üçün 126 manat ödənilməmiş məbləğ 12 manat cərimə, xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan alqı-satqı qiyməti 1200 manat olan Samsung markalı paltaryuyan alaraq müqavilə üzrə öhdəliyi yerinə yetirmədiyi üçün 246 manat ödənilməmiş məbləğ 24 manat cərimə olmaqla cəmi, 408 (dörd yüz səkkiz) manat borcu yaranmışdır. Mülki iş materiallarında olan: xx.xx.2019-cu il tarixli, 00738377 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, cavabdeh "xxxx" MMC-dən 18 ay müddətinə hər ay 64 manat ödəmək şərti ilə Samsung markalı soyuducu almışdır. xx.xx.2019-cu il tarixli, 01160650 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, cavabdeh "xxxx" MMC-dən Samsung markalı paltaryuyanı 12 ay müddətinə hər ay 100 manat ödəmək şərti ilə almışdır. xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə cavabdehin 126 manat ödənilməmiş məbləğ, 12 manat cərimə və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 246 manat ödənilməmiş məbləğ, 24 manat cərimə olmaqla cəmi, 408 (dörd yüz səkkiz) manat borcu vardır. xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş sənədləri sübut kimi qəbul edərək iddianın təmin edilməsi qənaətinə gəlmiş və işə onun iştirakı olmadan baxmışdır. Əgər məhkəmə tərəfindən onun iştirakı təmin edilsəydi noyabr ayında hər iki müqavilə üzrə etdiyi ödənişlərlə bağlı məlumat verərdi. Prosessual məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.1-ci maddəsinə görə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. Həmin Məcəllənin 394-1.3-cü maddəsinə görə apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Göstərilən prosessual hüquq normalarının tələblərinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını qanunamüvafiq hesab etmişdir. Həmçinin qeyd olunmalıdır ki, işə yazılı icraat qaydasında baxılmasını istisna edən iş üzrə əlavə araşdırma, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti kimi hallar mövcud deyildir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00738377 saylı borc müqaviləsinə əsasən, X2 "xxxx" MMC-dən 18 ay müddətinə hər ay 64 manat ödəmək şərti ilə “Samsung” markalı soyuducu və xx.xx.2019-cu il tarixli, 01160650 nömrəli müqaviləyə əsasən isə cavabdeh "xxxx" MMC-dən “Samsung” markalı paltaryuyanı 12 ay müddətinə hər ay 100 manat ödəmək şərti ilə almışdır. Lakin, cavabdeh müqavilənin şərtlərin pozmuş və üzərinə düşən öhdəlikləri vaxtında icra etməmişdir. Nəticədə onun xx.xx.2019-cu il tarixli müqavilə üzrə 126 manat ödənilməmiş hissə, 12 manat cərimə və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən isə 246 ödənilməmiş hissə, 24 manat cərimə olmaqla, cəmi 408 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, nisyə satılmış əşyanın dəyərinin ödənilməsi münasibətləri üzrə yaranmışdır. Ona görə də işin hallarına nisyə satılmış əşyanın dəyərinin ödənilməsi ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsidir. Həmin normada deyilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsində deyilir ki, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasıdır. Mülki Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. İddia ərizəsinə əlavə edilmiş sənədlərə istinad edilən zaman müəyyən edilir ki, cavabdeh iddiaçıdan xx.xx.2019-cu il tarixli, 00738377 nömrəli və xx.xx.2019-cu il tarixli, 01160650 nömrəli müqavilələr əsasında müxtəlif vaxtlarda nisyə əşya almış, lakin üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və aldığı malların pulunu tam qaytarmamışdır. Bununla da iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Ona görə də borcun nisyə alqı-satqı müqaviləsi üzrə tərəf olan Turqut Babyevdən tələb edilməsi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Sadalanan xüsusatlara görə məhkəmə kollegiyası iddia tələbini əsaslı hesab edir və göstərir ki, iddianın təmin edilməsi qanuni əsaslara söykənir. Bununla yanaşı məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edir. Apellyatorun borcun düzgün hesablanmaması və ödənişlərin edilməsi barədə dəlili ilə bağlı məhkəmə kollegiyası göstərir ki, bu dəlil formal mülahizə olmaqla cavabdehlərin subyektiv mülahizəsinə söykənir. Məhkəmə kollegiyasının bu nəticəyə gəlməsinə əsas Mülki Prosessual Məcəllənin 77.1-ci və Mülki Məcəllənin 433.3-cü maddəsidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. (Mülki Məcəllənin 433.3-cü maddəsi). Məhkəmə kollegiyası diqqətə çatdırır ki, cavabdeh tərəfindən edilmiş ödənişlər barədə apellyasiya şikayətinə mötəbər sübutlar (ödəniş qəbzləri, mədaxil orderləri və.s.) təqdim edilməmişdir. Əksinə iş materiallarında olan maliyyə arayışı ilə borc məbləği dəqiqliklə göstərilmişdir. Ona görə də hər hansı xüsusi biliyin tətbiqinə zərurət yoxdur. Bundan əlavə, cavabdeh apellyasiya şikayətində göstərir ki, ona məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmişdir. Bununla bağlı diqqətə çatdırılmalıdır ki, hazırki mübahisə Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsində bəhs olunan kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatdır. Həmin normada təsbit edilmişdir ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsində göstərilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göründüyü kimi, bu növ icraata tərəfləri çağırılmadan baxılır və bu hal qanunvericiliyin özündə təsbit edildiyindən çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanunsuz və əsassız olduğundan apellyasiya şikayətləri təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392 və 402.1, maddələrini rəhbər tutaraq, Qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(125)-2939/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar