Məhkəmə qərarları › İş №2(104)-1129/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1129/2025

02.09.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1129/2025 02.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X2 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “müqavilənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, etibarsız hesab edilmiş müqavilə üzrə alınmış pul vəsaitinin və çəkilmiş xərclərin qaytarılması” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-507/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı müraciəti əsasında toplanmış HK-1/1394 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır.

2. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh3 Etibar oğlu, Cavabdeh2, Cavabdeh4 Etibar oğlu, X6 qəbz imzalayaraq bildirmişlər ki, İddiaçı 8 sot həyətyanı torpaq sahəsini 6000 manata satmışlar. Torpağın içərisində zəbt torpaq olsa gələcəkdə heç biri onu tələb etməyəcəkdir. Belə ki, atalarından qalan məhləni ümumilikdə satmışlar.

3. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışından görünür ki, İddiaçı 0.08 ha yaşayış məntəqələrinin torpaqları Bərdə rayonu Böyük Qəcər kəndində yerləşməklə xüsusi mülkiyyətindədir. Hüquqi sahibi İddiaçı olmaqla tam payı ilə ********** nömrəsi ilə xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində qeydiyyata alınmışdır.

4. AN-923857 saylı torpaq sahəsinin planı və ölçüsü haqqında sənəddə torpaq sahəsinin ölçüləri qeyd edilmişdir.

5. Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı barədə müqavilədən görünür ki, İddiaçı ilə müqavilə bağlanmışdır.

6. xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin müətəxəssi rəyindən görünür ki, Bərdə rayon Böyük Qəcər kəndində İddiaçı məxsus 0.08 ha torpaq sahəsidə yerləşən fərdi yaşayış evinin tikilməsi üçün təxminən çəkilmiş xərc- 11000 manat, Bərdə Rayonu Böyük Qəcər kəndində İddiaçı məxsus digər tikililərin ( qeyri yaşayış binası olan 1 ədəd ölçüsü 24 kv.m olan toyuq damı, 1 ədəd ölçüsü 22 kv.m olan digər toyuq damı və 1 ədəd yanları açıq formada olan üstü bağlı çardaq) tikilməsi üçün çəkilmiş xərc 3000 manat, Bərdə rayon Böyük Qəcər kəndində İddiaçı məxsus 0.089 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və digər yardımçı tikililərin tikilməsi üçün təxminən çəkilmiş xərc 14000 manat təşkil edir.

7. xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqısı Müqaviləsindən görünür ki, satıcılar Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 alıcı İddiaçı satıcı ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinin birgə mülkiyyəti üzrə onlara məxsus hissəsindən aşağıda göstərilən hissəni alıcının mülkiyyətinə vermişdir. Satıcılar daşınmaz əmlakı 5000 manat qiymətinə satmışlar, alıcı isə həmin qiymətə almışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-1 ******* nömrəli “Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin bağlandığı andan, həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, reyestr nömrəli **********7 olan çıxarışın və A 923857 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin verildikləri xx.xx.2023-cü ildən etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1997-ci ildən, yəni 27 ildir ki, ömürlük İİ dərəcə əlil olan qadındır. Diaqnozu Sol tərəfi nefroektomaniya, sağ tərəfli tez-tez residivləşən xr. Pielonefrit XBÇ İİ dərəcə, kəllə-beyin travmasının qalıq əlamətləridir. Ailəli olmuşdur, həyat yoldaşı uzun illərdi Bərdə şəhərində müxtəlif ünvanlarda yaşamışdır. Hazırda isə ünvan 2vində müvəqqəti olaraq ona sığınıb yaşamışdır. 2022-ci ilin əvvəllərində tanışlarından biri eşitmişdir ki, Bərdə rayonu Böyük Qəcər kəndində 9000 manata bir ev satılır. Kirayələrdə yaşamaqdan bezdiyinə görə fikirləşmişdir ki, həmin evi alsın və kənd yeri olsa da, ömrünün qalan hissəsini orada yaşasın. Odur ki, bu barədə cavabdehlərdən biri olan Böyük Qəcər kəndində yaşayan və doğma xalası qızının oğlu olan Cavabdeh5 demiş və ondan xahiş etmişdir ki, həmin evlə maraqlansın, satılıb– satılmadığını öyrənsin, satılmayıbsa onu alsın və qohum kimi yaxınlıqlarında yaşasın. Səttara demişdir ki, evi onun adına alacaqdır. Bir gün sonra Səttar ona demişdir ki, həmin ev artıq satılıb və behi alınıb, ancaq onun qonşusu eyni zamanda bacısının qaynı olan Cavabdeh1 boş torpaq sahəsindən ibarət olan məhləsini satır, məhlədə Etibarın ata evi də olub, ev köhnə olduğu üçün uçurublar, ancaq darvazası, qaz sayğacı və məhlədə bir neçə ağac var. Həmin məhləni alsın, onlar da, köməklik edib kiçik ev tikər və yaşayar, torpaqla birlikdə 60 sota yaxındır. Səttarın oğlu Babəklə gedib məhləyə baxmışdır. Məhlə təxminən 60 ha torpaq sahəsindən ibarət olmuşdur. Ətraflı baxdıqdan sonra Cavabdeh1 evinə getmişlər, onun uşaqlarını görmüşlər və Ehtibar ona mülkün onun və ailə üzvlərinin adında olduğunu, 60 sotun hamısını ona 6000 satmağa razı olduğunu bildirmişdir. Səttar ona fikirləşməyə imkan verməyərək, elə səhəri günü yük maşını ilə fəhlə gətirib onun Bərdə şəhərində bacısı Südabənin həyətində olan 1200 ədəd daşını və xeyli-taxtasını yüklədib aparıb Cavabdeh1 60 sot adı ilə ona satmaq istədiyi torpaq sahəsinə tökmüşdür. Bundan bir neçə gün sonra Cavabdeh1 ailə üzvləri ilə X9 Xidmət mərkəzindəki Notariat ofisinə gedərək, sözügedən 0.60 torpaq sahəsinin alqı-satqı müqaviləsi ilə ona satılmasını rəsmiləşdirmək istədikdə ona məlum olmuşdur ki, həmin torpaq sahəsinin 0.08 ha hissəsi JN:040A, KOD 61023078 nömrəli şəhadətnamə ilə Cavabdeh1, onun həyat yoldaşı Cavabdeh2, oğulları Cavabdeh3 və Cavabdeh4dir. Qalan hissəsinin kimə məxsus olması bəlli deyildir. Səttar və Cavabdeh1 qalan torpaq sahəsinin zəbt olunduğunu və atasına məxsus olmasını bildirərək, alqı-atqı müqaviləsinin 5000 manata satıldığının qeyd edilməsini xahiş etdilər. Onların dediyinə inanaraq xx.xx.2022-ci il tarixli AN-1 ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsini bağlamışlar. Müqavilə 4 Ə931 nömrə ilə reyestrdə qeydə alınmışdır. Müqavilədə göstərilmiş 120 manat vergi məbləği Cavabdeh1 və ailə üzvləri tərəfindən, notariat hərəkətlərinin aparılmasına görə ödənilmiş 161 manat haqqın isə 150 manatı onun tərəfindən ödənilmişdir. xx.xx.2022-ci il tarixli AN- 10484421 nömrəli alqı-satqı müqaviləsini Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 7 saylı Bərdə Ərazi İdarəsinə təqdim edərək sözügedən 0.08 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmasına dair qeydiyyat tarixi xx.xx.2023-cü il qeydiyyat nömrəsi ********** olan **********87 reyestr nömrəli hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və həmin torpaq sahəsinin planı və ölçüsü sənədi almışdır. Bu zaman çıxarışı və torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb ona verilməsinə görə 7 saylı Bərdə Ərazi İdarəsinin bank hesabına 186.2 manat pul ödənilmişdir. Lakin 2023-cü ilin noyabr ayından başlayaraq Cavabdeh1 ona bildirmişdir ki, onlar yalnız müqavildə nəzərdə tutulmuş 0.08 ha sahəsini satmışıq, qalan 0.52 ha torpaq sahəsini atası adına olan 0.17 ha hissəsi ilə birlikdə məhrum atasınındır. 0.08 ha torpaq sahəsində başqa artıq torpaqdan istifadə edə bilməz, razı deyilsə 6000 manat pulunu qaytarsın və tikdiyi tikililəri sökərək aparsın. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

10. Bərdə Rayon Məhkəməsinin 2(021)-507/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Ziya ABdullayev) iddia tələbi təmin edilməmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan sadə yazılı qəbzə əsasən tərəflər arasında 0,08 ha torpaq sahəsinin satılması barədə razılıq müəyyən olunur. Digər torpaq sahələrinin zəbt torpaq sahəsi olduğu göstərilir. Zəbt torpaq sahəsinin tələb edilməyəcəyi bildirilir. Hal-hazırda da, belə bir tələb müəyyən olunmur. Məhkəmə əlavə olaraq bildirir ki, 0,60 ha həyətyanı torpaq sahəsinin cəmi 6000 (altı min) manata satılması real bazar dəyəri baxımından ağlabatan olmamaqla həqiqəti əks etdirmir. İddiaçı tərəfindən daşınmaz əmlakın əldə edilməsinə dair daşınmaz əmlakın alqısatqısı və dövlət reyestrində qeydə alınmasına dair icraat qanunauyğundur, iddiaçı tələb etdiyi pul məbləğlərinin ödənilməsi barədə tələb irəli sürsə də, çıxarışın və torpaq sahəsinin plan, ölçüsünün etibarsız hesab edilməsinin əsaslarını sübut edə bilməmişdir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 337.1, 340.1, 340.2, 646.1, n 646.2, 648.1, 648.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

13. Bərdə Rayon Məhkəməsinin 2(021)-507/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, Bərdə rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-507/2025 nömrəli qətnaməsinin tam ləğv edilərək iddia tələbinin təmin olunmasına və apellyasiya şikayətimə baxılması üçün dövlət rüsumu olaraq ödədiyi 77 manatın cavabdehlərdən tutularaq ona qaytarılmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1997-ci ildən etibarən, yəni 27 ildir ki, ömürlük İİ dərəcəli əlil olan qadındır. Evi yoxdur, uzun illər Bərdə şəhərində müxtəlif ünvanlarda yaşamış, hazırda isə ünvan 2vində müvəqqəti olaraq ona sığınıb yaşayır. 2022-ci ilin əvvəllərində tanışlarından birindən eşitmişdir ki, Bərdə rayonu Böyük Qəcər kəndində 9000 manata bir ev satılır. Kirayələrdə yaşamaqdan bezdiyinə görə fikirləşmişdir ki, həmin evi alısın və kənd yeri olsa da, ömrümün qalan hissəsini orada yaşasın. Odur ki, bu barədə cavabdehlərdən biri olan Böyük Qəcər kəndində yaşayan və doğma xalası qızının oğlu Cavabdeh5 həmin evlə maraqlanmasını xahiş etmişdir. Hətta Səttara bildirmişdir ki, evi onun adına alacaqdır ki, o, öldükdən sonra da, ev ona qalar. 1 gün sonra Səttar ona demişdir ki, həmin ev artıq satılıb və behi alınıb, ancaq onun qonşusu, eyni zamanda bacısının qaynı olan Cavabdeh1 boş torpaq sahəsindən ibarət olan məhləsini satır, məhlədə Ehtibarın ata evi də, olub, ev köhnə olduğu üçün uçurublar, ancaq darvazası, qaz sayğacı və məhlədə bir neçə ağac var. Səttar ona həmin məhləni almasını, onların da, köməklik edəcəyini, məhlənin zəbt torpaqla birlikdə təxminən 60 sota qədər olmasını bildirmişdir. Odur ki, Səttarın oğlu Babəklə gedib həmin məhləyə baxmış, məhlə təxminən 0,60 ha torpaq sahəsindən ibarət olmuş, hiss olunmuşdur ki, içərisində ev də, olub və ev sökülüb, çünki məhlədə xeyli söküntü qara daşlar, bundan başqa məhlənin darvazası, qaz xətti və qaz sayğacı, həmçinin cəmi 6-7 ədəd yabanı və meyvə ağaçları da, olmuşdur. Bundan sonra Səttarla birlikdə Cavabdeh1 evinə getmiş və onunla görüşmüşlər. Ehtibar demişdir ki, məhlə təxminən 60 sotdur, hamısı da, onun və ailə üzvülərinin adındadır, 60 sotun hamısını ona 6000 manata satmağa razıdır. Hətta and içmişdir ki, bu məhləni 7-8 min manata istəyiblər, satmayıb, ancaq o, qohum olduğum üçün ona 6000 manata satmağa razıdır. Səttar hətta ona fikirləşməyə də, imkan verməmiş, ona məhləni 6000 manata almasını, evini də, tikəcəklərini, sonra fikrini dəyişsə, onun bütün xərcini ödəyəcəyini, evi isə qaytarmasını bildirmişdir. Cavabdeh1la olan bu razılaşmanın elə səhəri günü Səttar yük maşını və fəhlə gətirib onun Bərdə şəhərində bacısı Südabənin həyətində olan 1200 ədəd kubikini və xeyli taxta şalbanını yüklədib aparıb Cavabdeh1 60 sot adı ilə ona satmaq istədiyi torpaq sahəsinə tökmüşdür. Bundan bir neçə gün sonra isə Cavabdeh1, həyat yoldaşı Cavabdeh2, onların oğulları Cavabdeh3, Cavabdeh4, qohumu Cavabdeh5 və o, birlikdə X9 Xidmət Mərkəzindəki Notariat Ofisinə gəlmiş ki, sözügedən 0,60 ha torpaq sahəsinin alqı-satqı müqaviləsi ilə ona satılmasını rəsmiləşdirən zaman məlum olmuşdur ki, həmin torpaq sahəsinin 0,08 ha hissəsi JN: 040A, KOD61023078 nömrəli Şəhadətnamə ilə Cavabdeh1, onun həyat yoldaşı Cavabdeh2ın, oğulları Cavabdeh3 və Cavabdeh4 birgə mülkiyyətidir, torpağın qalan təxminən 0,52 ha hissəsinin kimə məxus olması isə məlum deyildir. Səttar ona demişdir ki, kənddə hamının torpaq sahəsi sənədlə 0,08 ha-dır, qalanı zəbt torpaqdır, o narahat olmasın Ehtibar 0,08 ha torpağını ona sənədlə satır, atasının olan 0,52 ha zəbt torpağı isə sənədsiz olaraq verir. Cavabdeh1 da, Səttarın dediklərini təsdiq etmişdir. Cavabdeh1 həmçinin ondan xahiş etmişdir ki, alqı-satqı müqaviləsində torpağın ona 5000 manata satıldığı qeyd olunsun, çünki, alqı-satqının notariusda rəsmiləşdirilməsi az pul tutsun. Odur ki, Cavabdeh1 və Cavabdeh5 dedikərinə inanmış və X9 Xidmət Mərkəzinin Notariat Ofisində Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4 ilə onun aramda DTXK-nin Bərdə Rayon Şöbəsi tərəfindən xx.xx.2002-ci ildə verilmiş JN: 040A KOD 61023078 nömrəli şəhadətnamə ilə həmin şəxslərin birgə mülkiyyəti olan, Bərdə rayonu Böyük Qəcər kənində yerləşən 0,08 ha torpaq sahəsinin 5000 manata satılmasına dair xx.xx.2022-ci il tarixli AN-1 № 1048421nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsini bağlamışlar. Müqavilə 4 Ə931 № ilə Reyestrdə qeydə alınmışdır. Müqavilədə göstərilmiş 120 manat vergi məbləği Cavabdeh1 və ailə üzvləri tərəfindən, notariat hərəkətlərinin aparılmasına görə ödənilmiş 161 manat haqqın isə 150 manatı onun tərəfindən ödənilmişdir. Fikrini dəyişib torpaq sahəsini öz adına rəsmiləşdirildiyinə görə xx.xx.2022-ci ildə, yəni rəsmiləşdirmə başa çatan gün Səttar notariusa gəlməmişdir. Notariusdaki rəsmiləşdirmə başa çatdıqdan sonra əlavə olaraq 850 ədəd və 500 ədəd kubik daşları, serment, qum, şeben, plastik qapı-pəncərələr, taxdadan hazırlanmış, lakin işlənmiş qapı-pəncərələr və taxta materialları alıb Cavabdeh1 və onun ailə üzvlərindən aldığı sözügedən torpaq sahəsində 2 otaq və 1 mətbəxdən ibarət fərdi yaşayış evi, toyuq-cücə saxlamaq üçün yanları məftil tordan, dam örtüyü isə şiferdən olan 24 kv.m. ölçüdə çardaq (naves), 22 və 24 kv.m. ölçülü 2 dam tikdirmiş, o cümlədən də, bu damlardan birini yəni ölçüsü 24 kv.m. olanı 0,08 ha torpaq sahəsindən kənarda, yəni Cavabdeh1 ona verdiyini bildirdiyi 0,52 ha zəbt torpaq sahəsində tikdirmişdir. Həmin dam hündürlüyü 2 metrdən çox olan 6x4 metr ölçülü toyuq damıdır və bu damın dam örtüyünü usta kimi Ehtibarın oğlu, cavabdehlərdən biri olan Cavabdeh3 vurmuşdur ki, onun xidmətinə görə zəhmət haqqını vermişdir. Əgər sözügedən 0,52 ha (zəbt torpaq adlandırılan) torpaq sahəsi də, 0,08 ha ilə birlikdə ona satılmamış olsaydı, o, bu damı Cavabdeh1 və digər cavabdehlərin gözü qarşısında necə tikdirə bilərdi və Cavabdeh3 həmin tikilinin dam örtüyünə ustalıq edərdimi? xx.xx.2022-ci il tarixli AN-1 № ******* nömrəli alqı-satqı müqaviləsini Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 7saylı Bərdə Ərazi İdarəsinə təqdim edərək sözügedən 0,08 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmasına dair qeydiyyat tarixi xx.xx.2023-cü il, qeydiyyat nömrəsi ********** olan **********87 reyestr nömrəli Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və həmin Torpaq sahəsinin planı və ölçüsü sənədi almışdır(tərtib edilmə tarixi xx.xx.2023-cü il, AN № 323857 saylı). Bu zaman Çıxarışın və Torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb ona verilməsinə görə 7 saylı Bərdə Ərazi idarəsinin bank hesabına 186,2 manat pul ödəmişdir. Reyestr Çıxarışında və Torpaq sahəsinin planı və ölçüsü sənədində də, torpaq sahəsinin ölçüsü 0,08 ha yazıldığına görə o, xx.xx.2022-ci il tarixdə Cavabdeh1 evinə gedərək ona bildirmişdir ki, ona heç olmasa atasından qalan məhlə də, daxil olmaqla ümumilikdə 0,060 ha torpaq sahəsini 6000 manata satmış olmaları barədə yazılı qəbz versinlər, əlində qeyri-rəsmi də, olsa təsdiqedici bir sənəd olsun. Cavabdeh1 razı olmuş, odur ki, onun və ailə üzvlərinin imzaları ilə təsdiq edilmiş həqiqətən də, 0,08 ha torpaqdan başqa qalan 0,52 ha torpağı da, ona satmışlar, gələcəkdə problem yaşanmasın aşağıdakı məzmunda qəbz yazılaraq mənə verilmişdir: “Biz Cavabdeh3 Etibar oğlu, Cavabdeh2, Cavabdeh4 Etibar oğlu, X6 qəbzverdik ondan ötəri ki, İddiaçı 8 sot həyətyani torpaqsahəmizi 6000 manata satdıq. Torpağın içərisində zəbt torpaq olsa gələcəkdə heç birimiz tələb etməyəcəyik. Belə ki, biz atamızdan qalan məhləni ümumilikdə satmışıq. Təsdiq etmək üçün imza edirik İmzalar: (imzalar var) Cavabdeh3,Cavabdeh2, Cavabdeh4, Əhmədov Etibar xx.xx.2023-cü il”. 2023-cü ilin noyabr ayından başlayaraq Cavabdeh1 ona bildirmişdir ki, onlar yalnız müqavilədə nəzərdə tutulmuş 0,08 ha sahəsini satmışlar, qalan 0,52 ha torpaq sahəsi atasının adına olan 0,17 ha hissəsi ilə birlikdə məhrum atasınındır, 0,35 ha hissəsi atasının zəbt etdiyi torpağdır, odur ki, ona satdıqları 0,08 ha torpaqdan başqa 1 metr də, torpaqdan istifadə edə bilməzsən, buna razı deyilsə, 6000 manat pulunu qaytarsın, o da, inşa etdirdiyi tikililərin hamısını söküb aparsın. O, Cavabdeh1 dəfələrlə başa salmağa çalışmışdır ki, onun bu tələbin qanunsuzdur, ona torpağı 0,60 ha adı ilə satmışdır. Əvvəldən bildirsəydi o, həmin evi və damları tikməzdi, torpağını özünə qaytarar və 6000 manat pulunu geri alardı, o həmin evi və damlarıdaxmaları tikdirmək üçün 16000 manat pul xərcləmiş, əgər tələbi qətidirsə onun həmin 16000 manatını və torpağı alarkən verdiyi 6000 manatı, cəmi 21000 manat pulu qaytarsın, müqaviləni ləğv edin, torpaq özlərinə qaytarsın, tikdiyi ev, dam və daxmalar da onlara qalsın. Cavabdeh1 və onun ailə üzvü olan digər cavabdehlər hətta ona satdıqları 0,08 ha torpaq sahəsi üzərində tikdirdiyi evi və damları hər hansı bir şəxsə satmağına da, qətiyyən razı deyillər. Cavabdeh1 onu hədələyərək demişdir ki, “buranı kimə satsan, həmin adamı yabanın ucuna keçirərəm”. Beləliklə də, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə onun arasında onların birgə xüsusi mülkiyyəti olan 0,08 ha torpaq sahəsinin satılmasına dair xx.xx.2022-ci il tarixli, AN1 № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsi bağlanarkən cavabdehlər tərəfindən aldadıldığı, yəni cəmi 0,60 ha torpaq sahəsini mülkiyyətinə və istifadəsinə verməli olduqları halda onun yaşlı və xəstə, həmçinin çətin maddi və ailə vəziyyətində olmağından istifadə edərək məharətlə aldadılaraq mülkiyyətinə cəmi 0,08 ha torpaq sahəsi vermələri faktı aşkardır və cavabdehlər tərəfindən aldadılmağı ona 2023-cü ilin noyabr ayından etibarən məlum olmuşdur. Cavabdehlərin onunla xx.xx.2022-ci il tarixli müqaviləni bağlayarkən əsil niyyətlərini yaşlı, xəstə və çətin ailə və maddi vəziyyətdə olmağı səbəbindən başa düşə bilməzdi. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsini bağlamağım üzrlü və təbii hal kimi qəbul edilməlidir. Bərdə rayon məhkəməsinin sözügedən qətnaməsində göstərilir ki, məhkəmə iclaslarında iştirak etmiş cavabdehlər X6 və Cavabdeh5 izahatlarında bildirmişlər ki, İddiaçı yalnız 0.08 ha torpaq sahəsi satmışlar, digər torpaq sahələri sənədsiz torpaq sahələridir və heç vaxt onlara məxsus olmamışdır. Belə olan halda məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq bu faktın, yəni 0.08 ha torpaq sahəsindən kənarda olan 0,52 ha torpaq sahəsinin kimə məxsus olmasını aydınlaşdırılmalı idi. (Bələdiyyə, dövlətə, yaxud konkret şəxsə və ya şəxslərin). Lakin məhkəmə bunu etməmişdir.

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat vermişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq isə bildirmişdir ki, alqı-satqı müqaviləsinin 5000 manata yazılmasına səbəb Etibarın rüsumu az ödəməsi olub. Etibar ona məhəllədəki hamının torpaq sahəsinin bu cür qeyd edildiyini bildirmişdir. Cavabdeh onu aldadaraq torpaq sahəsinin hamısının onun adına olmasını bildirmişdir. Notariusda alqı-satqı zamanı notarius ona alqı-satqının predmeti olan torpaq sahəsinin 0.08 ha olduğunu bildirmişdir. Onun torpaq sahəsini aldığı zaman həmin həmin kənddə 0.01 ha torpaq sahəsinin qiyməti 300 manat olmuşdur. Beləliklə onu aldatmışlar. O, yalnız cavabdehlər tərəfindən qəbzə imza edildikdən sonra aldadıldığını bilmişdir. Qəbzin mətnini onun özü vəkilə yazdırmışdır.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 324.1.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

19. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

20. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

21. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

22. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

23. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

24. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər bir əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

25. 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər.[358]

26. 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir.

27. 347.7. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur.

28. Maddə 567-ci. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

29. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

30. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

31. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

32. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

33. Maddə MM-nin 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.

34. Maddə 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.

35. 648.2. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

36. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

37. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

44. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

45. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

46. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

48. Hazırkı apellyasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-507/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

50. İddianı təmin etməyən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən daşınmaz əmlakın əldə edilməsinə dair daşınmaz əmlakın alqı-satqısı və dövlət reyestrində qeydə alınmasına dair icraat qanunauyğundur, iddiaçı tələb etdiyi pul məbləğlərinin ödənilməsi barədə tələb irəli sürsə də, çıxarışın və torpaq sahəsinin plan, ölçüsünün etibarsız hesab edilməsinin əsaslarını sübut edə bilməmişdir.

51. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Ümumiyyətlə, əqdin etibarsızlığı o deməkdir ki, əqd formasında həyata keçirilən hərəkətlər hüquqi fakt əlamətinə malik olmur. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə, hər hansı əqdin (o cümlədən alğı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göründüyü kimi, xx.xx.2022-ci il tarixli AN-1 ******* nömrəli alqı-satqı müqaviləsinni etibarsızlığına əsas olacaq heç bir hal aşkar edilməmişdir. Belə ki, həmin alqı-satqı müqaviləsinin bağlanması zamanı lazımi səlahiyyətli şəxslər iştirak etmiş, həmin torpaq sahəsinin alq-satqısı maqaviləsini bağlanan zaman notarius tərəfindən onlara müqavilənin predmeti, onların hüquq və vəzifələri izah edilmiş, tərəflər də razılşaraq müqaviləni imzalanmışlar.

52. Apellyasiya şikayətinin dəlilində iddiaçı onun Cavabdeh1 tərəfindən aldadıldığını, əslində cavabdehin zəbt torpaq sahəsi ilə bilrikdə ona 0.60 ha torpaq sahəsini satması ilə bağlı kollegiya qeyd edir ki, məhkəmə iclasında izahat verən iddiaçı notariat ofisində alqısatqı müqaviləsini bağlayan zaman notariusun ona alqı-satqının torpağın 0.08 ha hissəsinə dair edilməsi barədə məlumat vermiş, iddiaçı isə razılşaraq müqaviləni imzalamışdır. Mülki qanunvericiliyin mənasına görə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da, borcludur. Mülki qanunvericilik vacib əhəmiyyətli yanılmanın üç halını, birincisi şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsini, ikincisi şəxsin bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsini, üçüncüsü tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmamasını müəyyən etmişdir. Kollegiya hesab edir ki, həmin hallardan heç biri hazırkı iş üzrə mövcud deyildir. Belə ki, iddiaçı mübahisələndirdiyi əqdi bağlayarkən əqdin məzmunu ilə bağlı məlumatlı olmuş və bununla razılşamışdır. İddiaçının cavabdehlər tərəfindən digər öhdəliklər götürməsi barədə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçının mübahisələndirilən alqı-satqı müqaviləsini bağlayan zaman vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlaması müəyyən edilməmişdir.

53. Bundan başqa iddiaçı Bərdə RİH tərəfindən ona verilmiş arayışı təqdim edərək 2022-ci il üçün həmin ərazidə 0.01 ha torpaq sahəsinin qiymətinin 300 manat olmasını, belə olan halda cavabdehin həmin torpaq sahəsini ona 0.01 ha hissəsini 800 manata satmasını bildirmişdir. Bununla bağlı kollegiya bir daha qeyd edir ki, xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqısı Müqaviləsindən görünür ki, satıcılar Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 alıcı İddiaçı satıcı ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinin birgə mülkiyyəti üzrə onlara məxsus hissəsindən aşağıda göstərilən hissəni alıcının mülkiyyətinə vermişdir. Satıcılar daşınmaz əmlakı 5000 manat qiymətinə satmışlar, alıcı isə həmin qiymətə almışdır. Bundan başqa həmin ərazidə 0.01 ha torpaq sahəsinin 2022-ci il üçün dəyərinin 300 manat olması nəzərə alınsa 0,60 ha həyətyanı torpaq sahəsinin cəmi 6000 manata satılması real bazar dəyəri baxımından ağlabatan olmamışdır.

54. İddiaçının həmçinin apellyasiya şikayətində cavabdehlərdən digər 0.52 ha torpaq sahəsinin də, ona satılmasına dair qəbz təqdim etməsi ilə bağlı kollegiya qeyd edir ki, qəbzin məzmunundan görünür ki, Cavabdeh3 Etibar oğlu, Cavabdeh2, Cavabdeh4 Etibar oğlu, X4 İddiaçı 0.08 ha həyətyanı torpaq sahəsini 6000 manata satmaları müəyyən olunur. Məhkəmə iclasında həmin qəbzin məzmunun kim tərəfindən tərtib olunması araşdırılan zaman müəyyən olunmuşdur ki, qəbzin mətni iddiaçının özü tərəfindən vəkilə yazdırılmışdır. Cavabdehlər sadəcə qəbzə imza etmişlər.

55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi :

Bərdə Rayon Məhkəməsinin 2(021)-507/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-507/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar