Məhkəmə qərarları › İş №2(104)-1131/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1131/2025

04.06.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1131/2025 04.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X4 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-519/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi ilə verilən ********** saylı sözügedən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-519/2025 nömrəli qətnaməsi (hakim Ziya Abdullayev) ilə, iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçı 2016-cı ildə eşitmişdir ki, həmkəndlisi X2 şəhərində ev satır. O da Təranəyə evi almaq istədiyini bildirmişdir. Təranə isə ona demişdir ki, evi X3 iştirakı ilə satacaq və ondan sonra o, bütün danışıqları və pulu Musayev Husaməddin və onun yoldaşı Əhmədova Gülnarə ilə aparmış və pulu onlara vermişdir. Onlar birlikdə gedib evə baxmışlar və 55000 manata razılaşmışlar. Evə baxmağa onlar birlikdə Təranə, əri Səbuhi, Husaməddin və onun arvadı Gülnarə Əhmədova ilə getmişlər. O, hissə-hissə pulu Husaməddinə və onun yoldaşı Gülnarəyə vermişdir. Ona Husaməddin və onun arvadı Gülnarə zəng edirdilər ki, Təranəyə pul lazımdır. O da pulu aparıb verirdi Husaməddinə. Daha sonra Təranənin qaynatası İmran ona dedi ki, “ev Təranənin adına deyil, nə ağılla onlara pul verirsiniz”. Ondan sonra onların razılaşması pozulmuş və o, Təranədən və cavabdehlərdən pulunu istəyəndə dedilər ki, “evi satıb verəcəyik”. Lakin, dəfələrlə müraciə etməyinə baxmayaraq, 2016-cı ildən bugünə qədər onun pulunu qaytarmamışlar. O, bu barədə polis şöbəsinə də müraciət etmişdir. Bundan sonra polisdə araşdırma aparılmış və Goranboy rayon Polis şöbəsi tərəfindən verilmiş 10 sentyabr 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardadda iddiaçının dedikləri öz əksini tapmışdır. Lakin yuxarıdada qeyd etdiyi kimi məhkəmə həmin sübutlara düzgün qiymət verməmişdir. Cavabdeh iddiaçının apellyasiya şikayətinə elektron informasiya sistemi vasitəsilə məhkəmə kollegiyasına etiraz verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı “Cavabdeh X6 xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi ilə verilən ********** saylı olan sözgedən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və Bərdə Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, 2(021)-519/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Lakin, İddiaçı Bərdə Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, 2(021)-519/2025 nömrəli qətnaməsinin dəlilləri ilə razılaşmadığı üçün apelyasiya şikayəti vermişdir. Hazırda apellyasiya şikayətinin heç bir hüquqi əsası olmadığından apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, İddiaçı qardaşı X1 həyat yoldaşıdır. İddiaçı qardaşı ilə ayrıldıqdan sonra onlarla ədavət apararaq onları davamlı olaraq narahat edir. Hər cür iddia tələbi üzrə məhkəməyə müraciət edir və onları məhkəməyə gəlməyə məcbur edir. Hazırda isə iddiaçının vermiş olduğu iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Çünki, o Bərdə rayon Məhkəməsinə İddiaçı Bərdə rayon Mollaisalar kəndində yerləşən xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən əmlakı ilə birlikdə çıxarılması tələbi üzrə müraciət etmişdir. İddia tələbi üzrə keçirilən mülki işə hakim Gündüz Abbasovun icraatında baxılaraq İddiaçı əmlakı ilə birlikdə Bərdə rayon Mollaisalar kəndində yerləşən və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 28 oktyabr 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən X5 mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması qərara alınmışdır. Bərdə rayon Məhkəməsinin qətnaməsindən narazı qalan İddiaçı Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Mülki işə Gəncə Apelyasiya məhkəməsində xx.xx.2024-cü il tarixdə 2(104)-819/2024 saylı iş üzrə baxılaraq İddiaçı vermiş olduğu şikayət əsassız olduğundan şikayəti təmin edilməmiş və Bərdə rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2(021)-89/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(104)-819/2024 saylı qətnaməsindən narazı qalan İddiaçı kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli 2(102)-783/2025 saylı qərarı ilə Bərdə rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2(021)-89/2024 saylı qətnaməsi və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-819/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Buradan da görünür ki, iddiaçının tələb etdiyi iddia üzrə qeyd edilən 28 oktyabr 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ona məxsusdur. Bunun üçün də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin rədd edilməsi və Bərdə Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, 2(021)-519/2025 nömrəli qətnaməsinin qüvvədə qalması qanuna müvafiqdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə, onlara məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Belə ki, cavabdeh elektron informasiya sistemi vasitəsilə ərizə ünvanlayaraq, məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını və şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və proses iştirakçısını dinləyib, mülki işdə olan sənədləri araşdırıb məcmu halda hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-519/2025 nömrəli qətnaməsi ləğv edilməli, işə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İlk olaraq, məhkəmə kollegiyası bildirir ki, MPM-in normaları mülki məhkəmə icraatının gedişatını, həmçinin, mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin, ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək, onun əsas mahiyyətinə toxunmamalıdır. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. Azərbaycan Respulikasının MPM-də məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran bir sıra amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, yenidən qaldırılan iddianın yolverilməzliyi ilə bağlıdır. Belə ki, qeyd olunan hallarda yenidən verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respulikasının MPM-in 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respulikasının MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Ona görə də Azərbaycan Respulikasının MPM-in 261.0.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Belə ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-89/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı evdən çıxarılma tələbinə dair iddiası təmin edilmiş, cavabdeh Xıdırova (Hüseynova) Kəmalə Rafəddin qızı əmlakı ilə birlikdə Bərdə rayonu, Mollaisalar kəndində yerləşən və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 28 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)- 819/2024 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçıın apellyasiya şikayətinin təmin edilməməsi, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)- 89/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məkhəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)-783/2023 nömrəli qərarı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-819/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd olunan qərarlardan məlum olur ki, hazırkı mübahisənin tərəfləri arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Yuxarıda qeyd olunduğu kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iş üzrə icraata xitam verir və işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunan maddənin mətnindən göründüyü kimi, məhkəməyə təkrar müraciət edilməsi o halda istisna olunur ki, eyni vaxtda üç şərt mövcud olsun: - mübahisənin eyni tərəflər arasında olması. Mübahisə eyni tərəflər arasında olsa da, müxtəlif predmetlər barəsində və ya müxtəlif əsaslar üzrə olduqda, məhkəməyə təkrar müraciət edilə bilər; - mübahisənin eyni predmet barəsində olması. Mübahisə eyni predmet barəsində olsa da, müxtəlif tərəflər arasında və ya müxtəlif əsaslar üzrə olduqda, məhkəməyə təkrar müraciət edilə bilər; - mübahisənin eyni əsaslar üzrə olması. Mübahisə eyni əsaslar üzrə olsa da, müxtəlif tərəflər arasında və ya müxtəlif predmetlər barəsində olduqda, məhkəməyə təkrar müraciət edilə bilər. Baxılan işdə birinci instansiya məhkəməsi mübahisənin eyni tərəflər arasında olması, mübahisənin predmeti və əsaslarının eyni olub-olmaması üzrə zəruri araşdırma aparmamışdır. Hazırkı mübahisənin tərəfləri, iddianın predmet və əsasları ilə əvvəlki hüquqi münasibətlər eyni olduğundan, bu hal prosessual hüquq normalarının pozulması ilə nəticələnmiş və birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılması qanunvericiliyin tələblərinə zidd olmuşdur. Qanuni qüvvəyə minmiş məhkəmə aktı preyudisial xarakter daşıyır və həmin aktla müəyyən edilmiş hüquqi vəziyyətin yenidən mübahisələndirilməsinə yol verilmir, bu isə hüquqi müəyyənlik prinsipinin təmin olunması baxımından zəruridir. İş materiallarından və tərəflərin izahatlarından göründüyü kimi, eyni hüquqi münasibət üzrə tərəflər arasında əvvəllər məhkəmə çəkişməsi olmuş, həmin mübahisə üzrə Bərdə Rayon Məhkəməsi və daha sonra Gəncə Apellyasiya Məhkəməsi, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən yekun və qanuni qüvvəyə minmiş məhkəmə aktları qəbul olunmuşdur. Xüsusilə qeyd olunmalıdır ki, xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışla bağlı hüquqların təsbit edildiyi məsələyə dair əvvəlki məhkəmə araşdırmaları nəticəsində Cavabdeh mülkiyyət hüququ təsdiq edilmiş və bu barədə qərar qüvvəyə minmişdir. İddiaçının eyni hüquqi və faktiki əsaslara istinad etməklə həmin mübahisəyə dair yenidən məhkəməyə müraciət etməsi, sadəcə olaraq əvvəlki qərarla razılaşmamaq niyyəti ilə ədalət mühakiməsinə təkrar müraciət kimi qiymətləndirilməli və hüquq sisteminin sabitliyinə təhlükə yaradan addım kimi rədd edilməlidir. Beləliklə, iş üzrə əvvəlki məhkəmə qərarlarında artıq həll edilmiş hüquqi məsələlərin hazırkı iddia ilə yenidən məhkəmə mübahisəsinə çıxarılması hüquqi müəyyənlik və “bir dəfə həll edilmiş məsələ” prinsipinə ziddir və iş üzrə icraata xitam verilməsini zəruri edir. Buna baxmayaraq birinci instansiya məhkəməsi hazırkı iş üzrə icaata Azərbaycan Respulikasının MPM-in 261.0.2-ci maddəsinə əsasən, xitam verməli olduğu halda iddiaya mahiyyəti üzrə baxaraq qətnamə çıxarmışdır. Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Məhkəmə aktının müstəsnalığı bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Bu cür yanaşma ilk növbədə hüquqi müəyyənlik prinsipinə əsaslanmaqla, qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. Bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipi onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. Eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Əks yanaşma proses iştirakçısının yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradar və bu hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Məhkəmə kollegiyasi həmçinin bildirir ki, belə yanaşma hüquqi müəyyənlik və preyudisiallıq prinsiplərinə ziddir. Həmin prinsiplərə görə, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Əks yanaşma hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, yəni artıq həll olunmuş məsələ üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirməklə yanaşı, ədalət mühakiməsinə olan inamın azalmasına səbəb olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarında vurğulamışdır ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Azərbaycan Respulikasının MPM-in 385.1.1-ci maddəsində məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biri kimi “prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi” müəyyən edilmişdir. Azərbaycan Respulikasının MPM-in 387.1-ci maddəsində deyilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respulikasının MPM-in 387.2-ci maddəsində şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadının ləğv edilməli hallar müəyyən olunub. Bu hallar prosessual normaların kobud pozulması kimi qiymətləndirilən hallardır. Bu halların mövcudluğunda məhkəmə aktı ümumiyyətlə qanunilik xassəsinə malik olmur və məhz buna görə də işə baxan məhkəmədən apelyasiya şikayətinin dəlillərində bu hallara istinad edilib edilməməsindən asılı olmayaraq məhkəmə aktının ləğvi tələb olunur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və İddiaçı Cavabdeh qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə icraata Azərbaycan Respulikasının MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respulikasının MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respulikasının MPM-in 384.0.5-ci maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 10-1, 261, 262, 263, 264, 384, 385, 387, 405-407-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: İddiaçı tərəfindən verilmiş apellyasiya qismən təmin edilsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-519/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddiaçı Cavabdeh qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası üzərindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar