Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1139/2024 08.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X1 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2(013)-544/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixli MAS-4077 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadəyə görə xx.xx.2023-cü il tarixə 880,30 manat əsas, 277,76 manat mükafat, 412,84 manat dəbbə, lizinq obyektinin bərpa olunması üçün tələb olunan 3711,09 manat cəmi 5281,99 manat və ödənilmiş dövlət rüsumu əvəzində 72,82 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli MAS-4077 saylı daxili lizinq müqaviləsi bağlanmış və 2021-ci il buraxılışlı, “Khazar LX” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil sonuncunun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Ödəniş cədvəlinə əsasən o illik 23 faiz hesablanmaqla 48 ay müddətinə hər ay sabit pul məbləğində 373,40 manat, ümumilikdə 21023 manat lizinq şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan 21023 manatın 14750 manatı əsas məbləği təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMCnin mülkiyyətində olan “Khazar LX” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 3711,09 manat ziyan dəymişdir. Ağdam Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2(013)-544/2024 nömrəli qətnaməsi ilə (hakim M.Niftəliyev) iddia qismən təmin edilərək, Cavabdeh 880,30 manat əsas, 277,76 manat mükafat, 10 manat cərimə, lizinq obyektinin bərpası üçün tələb olunmuş 3711,09 manat, cəmi 4879,15 manat və ödənilmiş dövlət rüsumu əvəzində 72,82 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi; İddianın dəbbə pulu tələbinin qalan 402,84 manat hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İddiaçı "xxxx" MMC iddiadan imtina barədə məhkəmə kollegiyasına ərizə göndərərək bildirmişdir ki, tərəflər arasında 21 iyun 2024-cü il tarixli MAS-6312 nömrəli daxili lizinq müqaviləsi bağlanmışdır. Yeni müqavilə bağlandığından İddia tələbindən imtinanın qəbul olunmasını və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47-ci və 52.1. maddələrinə əsasən iddiaçının iddiadan imtina etmək hüququ vardır. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.1. maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1. maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2. maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 261.0.4. maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1. maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər. Mülki Prosessual Məcəllənin 52-ci maddəsində iddiaçının iddiadan imtina etməsi dedikdə, iddiaçının cavabdehə olan öz maddi-hüquqi tələblərindən və deməli, məhkəmə prosesini davam etdirməkdən şərtsiz imtina etməsi başa düşülür. İddiadan imtina iddiaçının birtərəfli sərəncamverici hərəkətidir və yazılı formada ifadə edilməlidir. Məhkəmə iddiadan imtinanın motivlərini qiymətləndirmir, lakin o, imtinanın qanuniliyini qiymətləndirməli və bu zaman imtinanın azad iradə ifadəsi nəticəsində baş vermədiyini (məsələn, iddiaçı bunu cavabdeh tərəfindən hədələndiyinə görə etdikdə və s.) aşkar etdikdə imtinanı qəbul etməməlidir. Bununla belə, iddiaçı iddiadan imtina barədə ərizəsində imtinanın səbəblərini, motivlərini göstərməyə borclu deyildir. Məhkəmə iddiaçının etdiyi hərəkətlərin əhəmiyyətini və mənasını ona izah etməli və belə imtinanın könüllü olmasını müəyyənləşdirməlidir. İddiadan imtina edilməsinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə qərardad çıxarılır və eyni zamanda bu qərardadla iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" MMC-nin iddiadan imtinası qanunvericiliyin tələbinə uyğundur, eləcə də iddiadan imtina digər şəxslərin qanunla qorunan hüquq və mənafelərinə toxunmur. Belə olduğu təqdirdə iddiadan imtina qəbul edilməli, Ağdam Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2(013)-544/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52, 191, 261.0.4, 263-264, 370, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" MMC-nin iddiadan imtina barədə ərizəsi qəbul edilsin. Ağdam Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2(013)-544/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1139/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1139/2024
08.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver