Məhkəmə qərarları › İş №2(104)-114/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-114/2024

14.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-114/2024 14.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, onun oğlu 3-cü şəxs X3 iştirakı ilə, İddiaçı1 Cavabdeh1 qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 18 iyul 2022-ci il tarixli 2(125)-327/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 14 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(044)- 1158/2014 saylı qətnaməsindən görünür ki, iddia əsaslı olduğundan təmin edilmiş, Cavabdeh1 iki azyaşlı uşağı ilə birlikdə ünvan 1 ünvanda yerləşən İddiaçı1 mülkiyyətində olan evə köçürülməsi və həmin yaşayış sahəsindən istifadə hüququnun tanınması qət edilmişdir.

2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, xx.xx.2013-cü il tarixli, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda mülkiyyətdə olan 0,0466 ha torpaq sahəsində yerləşən 35,3 kv.m yaşayış, 10,8 kv.m yardımçı, 46,1 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 1 otaqlı fərdi yaşayış evi xx.xx.2013-cü il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydə alınmışdır.

3. "xxxx" MMC-nin xx.xx.2021- ci il tarixli 47 saylı rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin likvid dəyəri 23000 (iyirmi üç min) manat və bazar dəyəri 25000 (iyirmi beş min) manat təşkil edir.

4. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16- 16/2-10/5140-9/5369 nömrəli ekspert rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 185 ünvanında mülkiyyətdə olan 0,0466 ha torpaq sahəsində yerləşən 35,3 kv.m yaşayış, 10,8 kv.m yardımçı, 46,1 kv.m sahəsi olan fərdi yaşayış evi hazırki orta bazar qiymtələrinə uyğun ümumi dəyəri təqribən 40000.0 manat, 10 % azalma əmsalı tətbiq edilməklə həmin tikilinin orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 36.000 manat məbləğində müəyyən edilir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı1 Cavabdeh1 qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin 2 yaşlı uşağı ilə ona məxsus Gəncə şəhəri, Atatürk prospekti 185 ünvanda yerləşən mənzildə olan istifadə hüququnun onun tərəfindən kompensasiya kimi ödənilən 3000 manat pulun ödənilməsi ilə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bundan sonra İddiaçı1 vasitəsilə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, 5000 (beş min) manat məbləğində kompensasiya ödəməklə cavabdehin iki uşağı ilə birlikdə ona məxsus Gəncə şəhəri, Atatürk prospekti, 185 ünvanda yerləşən evə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh və onun iki azyaşlı uşağına Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə ona məxsus Gəncə şəhəri Atatürk prospekti 185 ünvanda yerləşən evə köçürülməklə istifadə hüquqları tanınmışdır. Cavabdeh onun evinə köçəndən sonra aralarında daima mübahisə olmuşdur. Cavabdeh 2015-ci il tarixdən istifadə hüququ almış və ona məxsus ünvana köçürülmüşdür, elə həmin vaxtdan da cavabdeh onları şərləyib böhtan atmışdır. Cavabdehin ucbatından 2015-ci ilin dekabr ayından xx.xx.2018-ci il tarixə kimi çöllərdə yaşamışlar. 2018-ci ildə qardaşının övladı vəfat edəndən bəri cavabdeh özünə aid olan əşyaları ilə birlikdə evdən çıxıb getmiş, 2021-ci ilə kimi cavabdeh övladları ilə birlikdə göstərilən ünvanda yaşamamış və hazırda ünvan 5yır. Odur ki, 5000 manat kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməlidir.

8. Gəncə Şəhər Məhkəməsinin 18 iyul 2022-ci il tarixli 2(125)-327/2022 nömrəli qətnaməsi (hakim Gündüz Şirinov) ilə, iddianın təmin edilməsi, Cavabdeh1 5000 (beş min) manat pul kompensasiya verilməsi və onun Gəncə şəhəri, Atatürk prospekti, 185 ünvanda yerləşən fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilməsi, Cavabdeh1 Gəncə şəhəri, Atatürk prospekti, 185 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və İddiaçı1 tərəfindən Cavabdeh1 5000 (beş min) manat məbləğində kompensasiyanın ödənilməsi eyni anda icra edilməsi, iş üzrə məhkəmə ekspertiza xərci 200 manat Cavabdeh1 tutularaq, VÖEN: **********, hesablaşma hesabı: AZ66AİİB********************, Kapital Bank ASC-nin Nərimanov filialı kod:200093, VÖEN:**********, S.W.İ.F.T. AİİBAZ2X, M/h: AZ37NABZ******************** ödənilməsi qət edilmişdir.

9. Gəncə Şəhər Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2(125)-327/2022 nömrəli qərardadı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-327/2022 saylı qətnaməsində yol verilmiş aşağıdakı yanlışlıqlar düzəldilməsi, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-327/2022 saylı qətnaməsinin nəticə hissəsində olan “Cavabdeh1 5000 (beş min) manat pul kompensasiya verilsin və” sözlərindən sonra “onun iki azyaşlı övladı ilə birlikdə” sözlərinin həvalə edilməsi qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, mübahisəli mənzil tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdehin isə mübahisəli mənzildə istifadə hüququ vardır və iddiaçı qüvvədə olan mülki qanunvericiliyin tələbləri əsasında hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə tam haqlıdır. Hazırkı işdə cavabdeh mübahisəli mənzildən istifadə hüququnu notarial qaydada təsdiq olunmuş yazılı razılaşma əsasında deyil, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən ailə münasibətləri əsasında əldə etmiş və həmin hüquq hazırda iddiaçı tərəfindən mübahisələndirilmir.

11. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərə əsasən hazırda mübahisə predmeti olan mənzil iddiaçıya xüsusi mülkiyyət hüququ əsasında məxsus olsa da cavabdeh həmin mənzildən faktiki olaraq istifadə etmir və 2018-ci il tarixdən başqa ünvanda ailəsi ilə birlikdə yaşayır.

12. Məhkəmə iddiaçının kompensasiya verilməsi yolu ilə cavabdehin mübahisəli mənzildə olan istifadə hüquqlarına xitam verilməsini tələb etmək hüququnu əsaslı hesab edərək və işin faktiki hallarına, yəni tərəflər arasında olan ailə münasibətlərinə, onların bir evdə yaşamasının qeyri-mümkün olmasına, iddiaçı ilə cavabdehin qeyri-normal münasibətlərinə qiymət verərək hesab etmişdir ki, belə bir şəraitdə istər iddiaçının, istərsə də cavabdehin birlikdə yaşaması mümkün deyildir.

13. Bundan əlavə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, cavabdeh ümumiyyətlə heç bir məbləğdə kompensasiya verilmək yolu ilə mübahisəli mənzildə olan istifadə hüququna xitam verilməsinə razı deyildir.

14. Məhkəmə, hesab etmişdir ki, cavabdehin bu istəyi mülkiyyətçinin mənzilə olan hüquqlarını məhdudlaşdırır. Bu baxımdan məhkəmə cavabdehin fikirlərinin əsassız və qanunsuz olması qənaətinə gəlir.

15. İddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, o cümlədən Mülki Məcəllənin 152-ci maddəsində təsbit olunmuş mülkiyyət hüquqlarından sərbəst və səmərəli istifadə etmək istəyi tam əsaslıdır, onun qeyd edilən kompensasiya müqabilində mülkiyyət hüququ əsasında ona məxsus olan mənzili istifadə hüququ ilə yüklülükdən azad etməsi tam qanuna əsaslanır və bu heç bir halda onun öz mülkiyyət hüquqlarından başqasının hüquq və azadlıqlarının pozulmasında istifadə kimi qiymətləndirilə bilməz. Ona görə də, məhkəmə mülkiyyətçi tərəfindən təklif edilmiş cavabdehə 5000 (beş min) manatın qarşılığında cavabdehin istifadə hüququna xitam verilməsini işin faktiki hallarına, eləcə də məhkəmə iclasında tədqiq edilmiş sübutlara görə mümkün edən ədalətli əvəz kimi qiymətləndirir.

16. Məhkəmə hesab etmişdir ki, ədalətli kompensasiya müqabilində tərəflərin mənzil hüququnu ayrı-ayrılıqda reallaşdırılması onların hər ikisinin maraqlarına cavab verir. İddiaçı tərəfindən cavabdehə 5000 (beş min) manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə, iddiaçının cavabdehə 5000 (beş min) manat kompensasiya ödəməklə cavabdehin mübahisəli mənzildə olan istifadə hüquqlarına xitam verilməsini əsaslı hesab edir.

17. Bundan əlavə, cavabdehin yaşayış binasının tərkib hissəsindən istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsi və ona kompensasiyanın ödənilməsi bir-biri ilə bağlı olduğundan məhkəmə hesab etmişdir ki, cavabdehin istifadə hüququna xitam verilməsi və ona kompensasiyanın ödənilməsi eyni anda icra edilməlidir

18. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına, Konstitusiya Məhkəməsi 26 sentyabr 2007-ci il tarixli qərarına, «İnsan Hüquqlarının və X2 Haqqında» Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsi «Marckx Belçikaya qarşı» xx.xx.1979-cu il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 228.2-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 233, 238, 242, 244, 252, 253 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

19. Cavabdeh1 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 18 iyul 2022-ci il tarixli 2(125)-327/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Gəncə Şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə onun və iki azyaşlı uşağının Gəncə şəhəri, Atatürk pr.,185 ünvanda yerləşən evə köçürülməklə istifadə hüquqları tanınmışdır. O, həmin evə köçəndən sonra onu yol verməməyə başladılar və o, dəfələrlə polisə şikayət etməyə məcbur olmuşdur. Onun iki övladı da sağlamlıq imkanları məhdud uşaqlardır. Onlar onu və iki xəstə uşağını evdən çıxartmaq məqsədilə özləri evdən çıxıb getmiş və qaz-işıq sayğaclarını da özləri ilə aparmışlar. Məqsədləri onları evdən soyuqdan, aclıqdan öldürmək olmuşdur. Lakin onun yaşamağa başqa yeri olmadığından məcbur olaraq həmin şərtlərlə həmin evdə qalmışdır. Ərinin ikinci arvaddan olan uşağı öldükdən sonra onlar onu uşaqları ilə birlikdə evdən qovmuşlar. O, özünə məxsus əşyaları iddiaçının evindən götürməmişdir. İddiaçı da, onun keçmiş əri də öz ailələri ilə birlikdə həmin evdə yaşayırlar. Keçmiş ərinin ona 7.000 manat aliment borcu vardır. Əgər onların həqiqətən də kompensasiya verməyə maddi imkanları varsa, o zaman aliment borcunu ödəsinlər. Bu ev vərəsəlik qaydasında keçən evdir, onu bütün hüquqlardan məhrum etmək məqsədilə iki qardaş aralarında razılığa gələrək evi Arzunun adına keçirmişlər. Onlar iddia qaldıranda 5.000 manat kompensasiyanı birlikdə ödəmək barədə razılığa gəlmişlər. Lakin o, heç bir kompensasiya əsasında evdən istifadə hüququna xitam verilməsini istəmir. Mübahisəli ünvan onun yeganə yaşayış yeridir. Onlar ancaq onun mənzil tələbatını təmin edəcəkləri halda, evdən çıxmağa razıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. İddiaçı cavabdehin apellyasiya şikayətinə etiraz ərizəsi ünvanlamışdır. Etirazda qeyd edilmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən bütün hallar nəzərə alınmış və dəlillərə, sübutlara istinad edilməklə qətnamə çıxarmışdır. Cavabdehin şikayətdə göstərdiklərinin heç bir hüquqi əsası yoxdur. O, şikayətdə maddi hüquq normalarının pozulmasına istinad edib qətnaməni mübahisələndirsə də, bu, qətnamənin ləğv edilməsinə əsas ola bilməz.

c) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

22. Gəncə Apellyasiya instansiyası məhkəməsinin 2(104)-2623/2022 nömrəli iş üzrə 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Logman Süleymanov (sədrlik edən və məruzəçi), İslam Həsənov və Afiq Hüseynzadə) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, Gəncə Şəhər Məhkəməsinin 18 iyul 2023-cü il tarixli 2(125)-327/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi, İddiaçı1 Cavabdeh1 qarşı 5.000 (beş min) manat məbləğində kompensasiya ödəməklə cavabdehin iki uşağı ilə birlikdə ona məxsus Gəncə şəhəri, Atatürk prospekti, 185 ünvanda yerləşən evə olan istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli qərara əsasən “müəyyən müddət daxilində” ifadələrinə hüquqi müəyyənlik prinsipi nəzərə alınmaqla hüquqi aydınlıq gətirilməsi mühüm əhəmiyyət kəsb edir.

24. Belə ki, hazırkı iddia tələbi cavabdehə münasibətdə onu ehtiva edir ki, sonuncunun Gəncə şəhər. Atatürk pr.,185 ünvanında yerləşən evdən istifadə hüququ vardır və onun hüququna kompensasiya verməklə xitam verilməsinə dair iddia olmasaydı, cavabdehin həmin evdən istifadə hüququ daimi xarakter daşıyacaqdı. Yəni, mübahisəli mənzildə onun istifadə hüququ müvəqqəti deyil, daimi xarakter daşıyır.

25. Məhkəmə kollegiyası hesab etmişdir ki, “müəyyən müddət daxilində” anlayışı onu göstərir ki, istifadə hüququna xitam verilən cavabdeh bu müddət bitən ana qədər özünü yaşayış sahəsi ilə təmin etməlidir və yaxud kompensasiya məbləği ilə əhatə edilən müddət bitdikdən sonra kirayədə qalmağa maddi imkanı olmalıdır. Əks təqdirdə məhkəmə tərəfindən qəbul edilən qətnamə ilə müəyyən edilən və kompensasiya ilə əhatə edilən müddət bitdikdən sonra şəxsin özünü yaşayış sahəsi ilə təmin edə bilməməsi, onun hər hansı bir yaşayış sahəsi olmadan mövcud olması ilə, yaxud, faktiki olaraq həmin şəxslərin yaşayış hüquqlarının məhkəmə qaydasında pozulması ilə nəticələnir.

26. Bu baxımdan Cavabdeh1 daimi istifadə hüququnun başqa bir yaşayış sahəsində müddətli istifadə hüququ ilə əvəz edilməsi, bu məbləğ qurtardıqdan sonra onun ümumiyyətlə hər hansı bir yaşayış sahəsinə malik olmaması cavabdehin faktiki olaraq yaşadığı mənzildən qanunsuz məhrum edilməsi anlamına gəlir. Bu isə iddia tələbinin əsassızlığını təsdiq edir. Çünki, Cavabdeh1 5.000 manat məbləğində kompensasiya verilməklə yaşayış hüququna xitam verilməsi onun qanunla qorunan mənafeyinin yüksək dərəcədə müdafiəsini təmin etməməklə yanaşı, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir.

27. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində iddiaçı tərəfindən təklif edilən kompensasiya, ona davamlı surətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğ olmadığından, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o, heç gözləmədiyi bir halda yaşayış sahəsi ilə təminatsız qalır. Cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi müqabilində ona təklif edilən 5000 manat məbləğində kompensasiya hazirki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilməz.

28. Məhkəmə kollegiyası iddiaçıya cavabdehə vermək üçün bazar qiymətinə uyğun olaraq 12.000 manat kompensasiya məbləği müəyyən etsə də, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığı olmamışdır. Belə ki, İddiaçı1 ona təklif edilən 12.000 manat məbləğində kompensasiya məbləğini ödəməyə razı olmadığını, cavabdehə təklif edilən 5.000 manat məbləğində kompensasiyanı ədalətli hesab etdiyini və həmin məbləği artırmağa maddi imkanının olmadığını bildirmişdir.

29. Kollegiya, həmçinin qeyd etmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışda Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 185 ünvanında yerləşən fərdi yaşayış evinin 35,3 kv.m yaşayış, 10.8 kv.m yardımçı, 46,1 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 1 otaqlı olması qeyd edilsə də, bu göstəricilər evin hazırkı faktiki göstəriciləri ilə üst-üstə düşmür. Belə ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(044)-l158/2014 saylı qətnaməsindən görünür ki. İddiaçı1 məhkəməyə izahatında göstərmişdir ki, Gəncə şəhəri, Atatürk pr. 185 ünvanında yerləşən faktiki olaraq üç otaq, bir aynabənd, bir dəhliz və mətbəxdən, sənəd üzərində isə bir otaqdan ibarət ev 2013-cü ildə vərəsəlik qaydasında onun mülkiyyətinə keçmişdir. İddiaçı hazırkı iclas zamanı verdiyi izahatında da evin 3 otaqdan ibarət olmasını göstərmişdir. Cavabdeh isə evin 4 otaqdan ibarət olduğunu bildirmişdir. Ümumiyyətlə isə, tərəflərin izahatları ilə mübahisəli evdə iddiaçının öz ailəsi ilə, cavabdehin uşaqları ilə və cavabdehin keçmiş ərinin yeni ailəsi ilə yaşaması müəyyən edilmişdir ki, həmin evin cəmi 46,1 kv.m ibarət 1 otaqlı olacağı halda bir neçə ailənin həmin evdə yaşaması qeyri-mümkün olardı.

30. Bu baxımdan, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli hesabatında (rəyi) Gəncə şəhəri, Atatürk pr.,185 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri kimi müəyyən edilmiş 25.000 manat məbləğ həmin evin həqiqi dəyərini ifadə verilərkən evin faktiki göstəriciləri deyil, çıxarışda qeyd olunmuş texniki göstəricilər əsas götürülmüşdür. Bu isə o deməkdir ki, şəhərin mərkəzində hazırkı faktiki vəziyyətinə uyğun olaraq 3 (və ya 4) otaqlı fərdi yaşayış evi ilə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğ 5.000 manat deyildir, iddiaçı isə evin bazar dəyərinə uyğun olaraq kollegiya tərəfindən təklif edilmiş 12.000 manat kompensasiya məbləğini ödəməyə razı deyildir. Ona görə də, iddia təmin edilməməlidir.

Kassasiya instansiya məhkəməsində icraat

31. Qətnamənin dəliləri ilə razılaşmayan İddiaçı1 və vəkili Vəliyev Aydın Rasim oğlu kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, yeni qərar qəbul edilməsini xahiş etmişdir.

32. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 1053/2023 nömrəli qərarı ilə (hakimlər – Mehparə Əhmədova (sədrlik edən və məruzəçi), Vüqar Həsənov və Ələsgər Əliyev), kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2623/2022 nömrəli mülki iş üzrə 20 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

33. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi hansı meyarları əsas götürərək kompensasiya miqdarını 12000 manat müəyyən etdiyini əsaslandırmamışdır. Belə ki, cavabdeh mübahisəli evin iddia etdiyi kimi 75.000 civarında olduğuna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi kompensasiya məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməli, məbləği müəyyən edərkən cavabdehlərə hansı müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən kompensasiya verilməli olduğunu ətraflı araşdıraraq, gəldiyi nəticələri qətnamədə əsaslandırmalıdır.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Apellyasiya icraatı iştirakçılarının izahatları

35. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, o, 2003-cü ildə iddiaçının qardaşı Nəcəf Kalazadə ilə ailə həyatı quraraq həmin evə gəlin köçmüşdür və hal-hazırda da 2 uşağı vardır. Daha sonra əri arasında mübahisələr olduğu üçün ayrılmışlar. Hazırda 2018ci ildən 2 uşağı ilə birlikdə evdən şıxmış, hazırda Gəncə şəhəri, 20 Yanvar küçəsində yerləşən “jek” adlanan toplu yaşayış sahəsində kirayədə yaşayır. Son iki ildən çoxdur ki, aylıq 120 manat məbləğində olan kirayə haqqını qaynı, yəni İddiaçı1 verir. Belə ki, o 6.000 manat məbləğində kompensasiya məbləği ilə razılaşmır. Çünki, onunla birlikdə iki oğlu da vardır. O, yalnız 25.000 manat məbləğində kompensasiya verilməklə və ya evlə təmin ediləcəyi halda evdən istifadə hüquqlarına xitam verilməsinə razılıq verəcəkdir. Odur ki, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

36. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, Cavabdeh1 İddiaçı1 qardaşı arvadıdır. Cavabdeh hazırda mübahisəli əmlakda yaşamır və 2018-ci ildən başqa ünvanda yaşayır. Belə ki, sonuncu 2 uşağı ilə birlikdə Gəncə şəhəri, 20 Yanvar küçəsində yerləşən toplu yaşayış sahəsində kirayədə yaşayır. Həmin kirayə haqqı iddiaçı tərəfindən iki ildən artıqdır ki, ödənilir. Hazırda cavabdehə 6.000 manat məbləğində kompensasiya məbləğinin verilməsi ilə istifadə hüquqlarına xitam verilməsini istəyirlər. Ona görə də, cavabdeh tərəfə 6000 manat kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir.

37. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin oğlu müstəqil tələb irəli sürməyən 3-cü şəxs X6 oglu və anasının iştirakı ilə dindirilmiş X5 oglu Cavabdeh1 ilə eyni məzmunda izahat vermişlər.

38. İş üzrə İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. O, nümayəndəsi və vəkili ilə təmsil olunmuşdur. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

39. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

40. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

41. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

42. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

43. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

44. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

45. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

46. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

“R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi 26 sentyabr 2007-ci il tarixli qərarı

47. Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarı

48. Kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir.

49. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

50. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

55. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

56. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

57. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

58. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

59. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair 28 fevral 2012-ci il tarixli qərarında qeyd edilir ki, «Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir».

Apellyasiya baxışının hədləri

61. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

62. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

64. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, Cavabdeh1 apellyasiya şikayətinin dəlillərində yalnız kompensasiya məbləğini mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı yalnız kompensasiya məbləği hissəsində yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

65. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

66. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

67. Belə ki, işin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Cavabdeh1 İddiaçı1 qardaşı arvadı olmuşdur. Cavabdeh1 2003-cü ildə iddiaçının qardaşı Nəcəf Kalazadə ilə ailə həyatı quraraq həmin evə gəlin köçmüşdür və hal-hazırda da 2 uşağı vardır. Daha sonra cavabdeh ilə əri arasında mübahisələr olduğu üçün rəsmi qaydada ayrılmışlar. Cavabdeh 2018-ci ildən mübahisəli evdən şıxaraq, hazırda 2 uşağı ilə birlikdə Gəncə şəhəri, 20 yanvar küçəsində yerləşən toplu yaşayış sahəsində kirayədə yaşayır. Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 185 nömrəli ünvanda 0,0466 ha torpaq sahəsində yerləşən 35,3 kv.m yaşayış, 10,8 kv.m yardımçı, 46,1 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 1 otaqlı fərdi yaşayış evi İddiaçı1 xüsusi mülkiyyətindədir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(044)-1158/2014 saylı qətnaməsinə əsasən Cavabdeh1 iki azyaşlı uşağı ilə birlikdə Gəncə şəhəri, Atatürk prospekti 185 ünvanda yerləşən İddiaçı1 mülkiyyətində olan evə köçürülməsi və həmin yaşayış sahəsindən istifadə hüququnun tanınması qət edilmişdir. Hazırda cavabdeh mübahisəli əmlakda yaşamır, iki ildən çoxdur ki, onun aylıq 120 manat məbləğində olan kirayə haqqını İddiaçı1 ödəyir və iddiaçı cavabdehin onun mülkiyyətində olan əmlaka hazırda 6000 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsini istəyir.

68. İddia tələbinin mahiyyətindən aydın olur ki, iddiaçının tələbi kompensasiya institundan istifadə etməklə öz hüquqlarının bərpa edilməsindən, yəni cavabdehlərə müvafiq kompensasiya ödəməklə onun istifadə hüququna xitam verilməsindən ibarətdir.

69. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından, yəni “bərpaedici” funksiyasından istifadə edir.

70. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.

71. İşin mübahisə olunmayan hallarına görə, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 185 nömrəli ünvanda yerləşən fərrdi yaşayış evi xx.xx.2013-cü il tarixdən İddiaçı1 mülkiyyətindədir. Cavabdeh1 isə iddiaçının qardaşı arvadı olmuşdur.

72. İddiaçı cavabdehə bir mənzildə yaşamaqlarının mümkün olmadığına görə cavabdehə cəmi 6.000 (altı min) manat kompensasiya verilməklə onların evə istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir.

73. Cavabdeh tərəf isə iddiaçının təklif etdiyi 6.000 (altı min) manat kompensasiya məbləği ilə razı deyil. Etirazının əsası kimi onu göstərir ki, himayəsində 2 uşağının olduğunu, mənzil tələbatını təmin ediləcəyi və ya 25.000 manat məbləğində ödəniş olunacağı halda evdən çıxmağa razılaşacağını bildirmişdir.

74. Məhkəmə kollegiyası, eyni zamanda cavabdeh tərəfin iddiaçının mülkiyyətində olan mənzildən kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma barədə tələbə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

75. Azərbaycan Respubliaksının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər.

76. Göründüyü kimi, Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Bundan başqa, cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır.

77. Konstitusiya Məhkəməsinin mövqeyinə görə kompensasiya məbləği mənzil istifadəçisinin itirdiklərinin ədalətli əvəzi kimi çıxış etməlidir. Belə halda həmin şəxsin məhrum olduğu hüquq qismində mənzilin tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən, ödənilən kompensasiya məbləği ayrıca mənzilin mülkiyyətə əldə olunmasına deyil, başqa yerdə yaşamaq hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Yəni, mülkiyyətçinin hesabına istifadəçiyə müəyyən müddət daxilində, başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı, şəraiti yaradılmalıdır.

78. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, kompensasiya almaq hüququ yaşayış sahəsinin istifadəçisinə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etməyə əsas vermir. Bununla belə, mənzilin mülkiyyətçisi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə (şəxslərə) onun (onların) istifadə hüququna xitam verilməsi üçün elə məbləğdə kompensasiya verməlidir ki, həmin kompensasiya istifadəçiyə (istifadəçilərə) müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona (onlara) xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Tərəflər (mülkiyyətçi və istifadəçi) kompensasiyanın məbləği barədə razılığa gələ bilmədikdə həmin məbləğ məhkəmə tərəfindən müəyyən olunmalıdır. Eyni zamanda məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.

79. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə mülkiyyətçinin üzərinə istifadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoyulmamışdır.

80. Hətta, Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarlarında da bu müddətin nə qədər olması müəyyən edilməmişdir. Eləcə də, mövcud qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli olan kompensasiyanın məbləğinin həddi barədə hər hansı norma yoxdur. Qanunvericilikdə həmin kompensasiya məbləğinin bazar qiymətləri ilə, yalnız məhkəmə tərəfindən tənzimlənməsi təsbit olunmuşdur.

81. Kollegiya təklif edilmiş kompensasiya məbləğinə münasibət bildirməmişdən qabaq ilk öncə bir xüsusatı qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 verdiyi izahatda hazırda Gəncə şəhəri, 20 Yanvar küçəsində yerləşən “jek” adlanan toplu yaşayış sahəsində olan mənzildə kirayədə yaşayır və kirayə haqqısı isə 120 manat təşkil edir. Həmin məbləği isə 2 ildən artıqdır ki, qaynı olan, İddiaçı1 ödədiyini bildirmişdir. Göründüyü kimi, cavabdeh 2 il ərzində kirayədə yaşadığı müddətdə heç bir kirayə haqqı ödəməmiş və bütün ödənişləri iddiaçı qarşılamışdır. Buna görə də kollegiya cavabdehə veriləcək kompensasiya məbləğini araşdıran zaman iddaçının 2 il ərzində aylıq ödədiyi 120 manat məbləğində olan kirayə haqqını da nəzərə alır (120x12=1.440x2=2.880).

82. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).

83. Məhkəmə kollegiyası tərəfindən iddiaçının cavabdehə verə biləcəyi maksimum kompensasiya məbləği müəyyənləşdirildikdən və iddiaçı tərəfindən cavabdehin kirayədə yaşadığı müddət ərzində ödədiyi kirayə haqqını nəzərə aldıqdan sonra, cavabdehə 6.000 manat kompensasiya verilməsi məbləği təklif edilmiş, iddiaçı tərəfindən də həmin məbləğ qəbul edilmişdir ki, məhkəmə kollegiyası da 6.000 manat kompensasiya verilməklə cavabdehin mübahisəli mənzilə istifadə hüququna xitam verilməsini ədalətli və qanunauyğun hesab etmişdir. Həmçinin, həmin məbləğ mübahisəli mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün əhəmiyyətli maddi dəstəkdir və bu, işin hallarına və mülkiyyətçi kimi iddiaçının qanunla qorunan hüquqlarının təmin edilməsi baxımından hər iki tərəfin mənafeyinə uyğundur.

84. Məhkəmə kollegiyası tərəfindən təklif edilmiş kompensasiya məbləğinə münasibətdə qeyd olunur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.

85. Qeyd olunan qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.

86. Göründüyü kimi, hazırki iddia tələbi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında formalaşdırdığı hüquqi mövqe mövcuddur.

87. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın məbləği mübahisəli mənzilin bazar qiymətindən asılı deyildir. Məhkəmə bu qənaətə gələrkən Mülki Məcəllənin 228-ci maddəsini və həmin maddənin şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair" 27 may 2008-ci il tarixli və "R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 26 sentyabr 2007-ci il tarixli qərarlardakı hüquqi mövqeləri rəhbər tutmuşdur. Həmin qərarlardakı hüquqi mövqelər isə ondan ibarət olmuşdur ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır, yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusu müəyyən edilərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasındakı fərq daim diqqətdə saxlanılmalıdır və nəzərə almaq lazımdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ vermir.

88. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq, dövlət tərəfindən bərabər müdafıə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafıəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır.

89. Məhkəmə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsinə dair yuxarıda göstərilən qanunvericilik müddəalarını və onların şərhinə dair Konstitusiya Məhkəməsinin qərarlarını rəhbər tutmaqla, ödəniləcək kompensasiyanın məbləği ilə bağlı həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

90. Konstitusiya Məhkəməsi 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bu isə o deməkdir ki, kompensasiya istifadəçiyə mənsub olmayan mülkiyyət hüququnun əvəzi kimi çıxış etmədiyindən, onun ədalətliliyi mülkiyyətə mənzil əldə etmək üçün kifayət edib-etməməsinə görə deyil, yaşayış sahəsindən istifadə etmək hüququnu ağlabatan müddət ərzində təmin edə bilməsinə kifayət etməlidir.

91. Kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir.

92. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o, heç gözləmədiyi bir halda yaşayış sahəsi ilə təminatsız qalmır. Belə ki, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği cavabdehə yaşadığı ərazidə ağlabatan müddət ərzində əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməklə yanaşı, hətta özünə məxsus ev əldə etməsi üçün əhəmiyyətli maddi dəstəkdir.

93. Belə ki, cavabdehin yaşadığı ərazidə bir otaqlı evin 36.000-40.000 manat məbləğdə olduğu müəyyən edilmişdir.

94. Cavabdeh1 tərəfindən evdən çıxmaları müqabilində iddiaçı tərəfindən bir otaqlı ev alındığı halda razı ola biləcəyinə dair arqumentlərini məhkəmə kollegiyası ədalətli hesab etməmişdir.

95. Çünki, cavabdeh əmək qabiliyyətli olmaqla, işləməklə gəlir əldə etmək və nəticədə özünə ev almaq imkanları mövcuddur.

96. Bundan başqa, mülki iş materiallarında olan ekspert rəyinə əsasən mübahisəli evin bazar dəyəri təxminən 35.000 manat təşkil edir ki, 6.000 (2 il ərzində ödənilmiş 120 manat kirayə haqqı ilə birlikdə 8.880) manat kompensasiya məbləği demək olar ki evin dəyərinin ¼ hissəsindən artıq məbləğ edir. Cavabdeh isə mübahisəli evdən çıxması qarşılığında iddiaçıdan bir otaqlı ev tələb edir ki, bu isə evə istifadə hüququ olan şəxslərin hüquqularının mülkiyyətçi hüquqlarından üstün olması anlamına gəlməklə, bu hal qanunvericiliyin tələbinə görə əsaslı hesab edilə bilməz.

97. Kollegiya bir daha qeyd edir ki, cavabdehə təklif olunan kompensasiya məbləği onların birlikdə davamlı surətdə və müəyyən müddət daxilində həmin yaşayış sahəsinə oxşar digər bir otaqlı yaşayış sahəsində yaşamağa imkan verməlidir.

98. Belə ki, cavabdehin 6.000 manat kompensasiya məbləğinin yetərli olmadığı barədə dəlili inandırıcı deyildir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, oxşar ərazidə və şəraitdə olan evin aylıq kirayə haqqının təxminən 120 manat civarında nəzərdə tutulduqda, təklif olunan kompensasiya məbləği cavabdehə birlikdə təxminən 4 il ərzində başqa yaşayış sahəsində kirayəçi kimi yaşamağa imkan verir (120x12=1.440x4=5.760).

99. Kollegiya, həmçinin nəzərə alır ki, tərəflər arasında mövcud olan münaqişəli vəziyyət bir tərəfdən tərəflərin yaşayış sahəsindən birgə istifadəsini qeyri-mümkün edir, digər tərəfdən mülkiyyətçinin öz əmlakından dinc, istədiyi kimi istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırır. Belə bir vəziyyətdə tərəflərin gələcəkdə eyni yaşayış sahəsində yaşaması onların arasındakı mübahisənin daha da dərinləşməsinə səbəb ola bilər.

100. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, yuxarıda sadalanan normaların mənasına görə, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə də bilər. Lakin, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, işə baxan məhkəmələr hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin və MPM-nin tələblərinə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidirlər. Hazırki halda cavabdeh və uşaqları mübahisəli evdə yaşamasa da, işdən aydın olur ki, cavabdehə məxsus əşyalar həmin evdə qalmaqda davam edir.

101. Ona görə də, iddiaçı tərəf həmin məbləğdə kompensasiya verilməklə cavabdehlərin mübahisəli mənzilə olan istifadə hüquqlarına xitam verilməsini tələb etməkdə haqlıdır.

102. Həmçinin kollegiya hesab edir ki, cavabdehin həmin fərdi yaşayış evindən çıxarılması tələbi də əsaslıdır.

103. Belə ki, cavabdehin mübahisəli evə olan istifadə hüquqlarına xitam verildikdən sonra onların həmin evdən istifadəsi qanunsuzdur. Mülki Məcəllənin 157.2-ci maddəsində isə təsbit olunmuşdur ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

104. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mübahisəli evdən çıxarılması müvafiq kompensasiya məbləği verilməklə icra olunmalı olduğundan, qətnamənin icrası qaydası kimi, kompensasiyanın ödənilməsi ilə cavabdehin evə olan istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılması eyni vaxtda icra edilməli olması müəyyən edilməlidir.

105. Bundan başqa, kollegiya qeyd edir ki, hazırki iş üzrə iddia tələbi Cavabdeh1 qarşı irəli sürülmüş və həmin vaxtı onun uşaqları yetkinlik yaşına şatmamış olmuşlar. Hazırda isə xx.xx.2004 təvəllüdlü Yaşar yetkinlik yaşına çatmış, xx.xx.2006-cı il təvəllüdlü İsmayıl isə yetkinlik yaşına çatmamışdır, onların hər ikisi anaları cababdehin himayəsində birlikdə yaşayırlar. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

106. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.

107. Göründüyü kimi, xx.xx.2006-cı il təvəllüdlü İsmayıl adlı uşaq hal-hazırda yetkinlik yaşına çatmayan şəxs olduğundan göstərilən hüquq normalarının tələbinə əsasən kollegiya hesab edir ki, məhkəmə Cavabdeh1 hər iki uşaqları ilə birlikdə evə istifadə hüquqlarına xitam verilməlidir. Belə ki, hazırda Yaşar Kalazadə qardaşı İsmayıl Kalazadə ilə anası cavabdeh - Cavabdeh1nin himayəsində yaşayırlar.

108. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

109. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

110. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

111. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iddia təmin edilməlidir.

112. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən cəmi 300 manat ekspertiza xərci İddiaçı1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

113. Həmçinin, kollegiya qeyd edir ki, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumu İddiaçı1 özünə aid edilməlidir.

114. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 392, 393, 402, 403 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 18 iyul 2022-ci il tarixli 2(125)-327/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. İddiaçı1 tərəfindən Cavabdeh1 6.000 (altı min) manat məbləğində pul kompensasiyası ödənilməklə onun himayəsində olan övladı 22 noyabr 2006-cı il təvəllüdlü X4 və 13 oktyabr 2004-cü il təvəllüdlü X4 ilə birlikdə Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 185 ünvanında yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilsin, cavabdeh əşyaları və himayəsində olan uşağları ilə birlikdə mənzildən çıxarılsın. İstifadə hüququna xitam verilmə və evdən çıxarılma ilə kompensasiya ödənilmə eyni vaxtda icra edilsin. Ödənilmiş dövlət rusumu iddiaçıya aid edilsin. İş üzrə ekspertiza xərci olan 300 (üç yüz) manat məbləğində pul İddiaçı1 tululub SAP (XİİS), X1, kod210005, VÖEN**********, m/h Az41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar