Məhkəmə qərarları › İş №2(104)-1140/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1140/2025

27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1140/2025 27.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli 2(013)- 3404/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2024-cü il tarixinə yaranmış, xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 2278.7 manat əsas borc və 683.6 manat cərimə, cəmi 2962.3 manat borc və 49.62 manat vəsaitin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli 2(013)-3404/2024 nömrəli qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddia qismən təmin edilərək, Cavabdeh 2278.7 manat ödənilməmiş hissəsi və 83.6 manat cərimə olmaqla, cəmi 2362.3 (iki min üç yüz altmış iki manat otuz qəpik) manat və 49.62 (qırx doqquz manat altmış iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi; İddia tələbinin qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti, eləcə də apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə məhkəməyə ərizə vermişlər. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh olaraq məhkəmənin yeri və vaxtı barədə heç bir məlumatı olmamışdır. Məlum olduğu kimi Ağdam rayonunun işğalından sonra həmin ərazilərdə yaşayış mümkün olmamışdır. Hazıradək qeydiyyatda olduğu ünvanda yaşamır buna səbəb həmin ünvan tamam ilə düşmən tərəfindən dağıdılmışdır. xx.xx.2025ci il tarixdə iddiaçının nümayəndisi ona zəng edərək barəsində olan qətnamə barədə məlumat verərək qətnamənin icrasını tələb etmişdir. Ağdam Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli 2(013)-3404/2024 nömrəli qərardadı ilə (hakim Rafiq Məmmədov) Ağdam Rayon Məhkəməsinin 22(013)-3404/2024 saylı 28 dekabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası haqqında Cavabdeh vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Cavabdeh şikayət verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını və ərizənin təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, vəsatət təmin edilməlidir. Çünki, qeydiyyatda olduğu ünvan işğal altında olmuşdur. Həmin ünvan işğaldan azad olunduqdan sonra hazıradək bərpa edilməmişdir və həmin ünvanda yaşamır. Qətnamə barədə məlumatı olmamışdır. İcra məmuru şöbəyə dəvət etdikdən dərhal sonra qətnamənin surətin götürüb apellyasiya şikayəti vermişdir. Heç-bir müddət ötürülməmişdir. Müddət bərpasına dair ərizə təmin edilməlidir. Vəsatətdə göstərilən əsasların heç-birinə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Ağdam Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli 2(013)-3404/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Cavabdeh işə baxılmasının təxirə salınması barədə məhkəməyə teleqram ünvanlasa da, lakin işə yazılı icraat qaydasında baxıldığından, o cümlədən iş üzrə əlavə araşdırma aparılmasına və tərəflərin izahatının dinlənilməsinə zərurət olmadığından məhkəmə kollegiyası vəsatəti təmin etməmiş və işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən şikayət qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə təmin edilməməli, apellyasiya şikayəti vaxtında verilmiş hesab edilərək apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Мəhkəməsinin Mülki kollegiyasına verilməlidir. Şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd olunmalıdır ki, MPM-nin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır. Müddətlərin hesablanması qaydalarını müəyyən edən MPM-nin 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. MPM-nin 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qətnamədən şikayət vermə müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qətnamənin rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı MPM-nin 134-cü maddəsində müəyyən olunmuşdur. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir. MPM-nin 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Daha sonra həmin Məcəllənin 135.2-ci maddəsində göstərilir ki, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.6-cı maddəsində göstərilmişdir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Həmin Məcəllənin 135.5-ci maddəsində deyilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi qanunvericilik rəsmi sənədlərin verilməsinin üç qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma, təqdim olunmaqla verilmə, habelə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə proses iştirakçısının elektron kabinetinə yerləşdirilməsi qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. İş materialları ilə Ağdam Rayon Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli 2(013)- 3404/2024 nömrəli qətnaməsinin Cavabdeh çatdırılmasını təsdiq edən hər hansı rəsmi sənəd müəyyən edilməmişdir. Lakin, cavabdeh apellyasiya şikayətində sözügedən qətnamənin surətini xx.xx.2025-ci il tarixdə rəsmi qaydada aldığını qeyd etmişdir (bax apellyasiya şikayətinin 4 nömrəli bəndi). Apellyasiya şikayəti isə xx.xx.2025-ci il tarixdə, yəni qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş 1 (bir) ay müddətdə “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış kabinetə yerləşdirilmişdir. “Q.Hüseynovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Şərh olunanlara əsasən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, apellyasiya şikayəti vaxtında verildiyindən prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli və apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Мəhkəməsinin Mülki kollegiyasına verilməlidir. MPM-nin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və MPM-in 133, 263-264, 267, 398 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli 2(013)-3404/2024 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh tərəfindən verilmiş ərizə apellyasiya şikayəti verilməsi üçün prosessual müddət ötmədiyindən təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli 2(013)-3404/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti vaxtında verilmiş hesab edilsin və apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Мəhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar