Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1152/2024 01.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, Samux Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2(058)-336/2024 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər X1 və Samux rayon Notariat Kontoruna qarşı “alqı-satqı müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət etmişlər. Samux Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2(058)-336/2024 nömrəli qərardadı ilə (hakim G.Şirinov) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4nın cavabdehlər X1 və Samux rayon Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Samux Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2(058)-336/2024 nömrəli qərardadından İddiaçı1 məhkəməyə şikayət edərək, Samux Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2(058)-336/2024 nömrəli qərardadının ləğv edilməsini işə mahiyyəti üzrə Samux Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, əsas cavabdeh olan Almast Eyyubova Bakı şəhər sakini olmasına baxmayaraq, mübahisəli torpaq sahəsi Samux rayonu, Alıuşağı kəndində yerləşir və buna görə də işə Samux Rayon Məhkəməsində baxılmalıdır. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-336/2024 saylı qərardadı ilə Samux Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2(058)-336/2024 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri ilə müqayisəli şəkildə tədqiq edib hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, cavabdeh X2 ünvan 1 ünvan Bakı şəhəri Binəqədi rayon inzibati ərazi vahidinə aiddir. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Şikayətin dəlillərindən görünür ki, iddiaçılar hazırkı iddia ilə Samux Rayon Məhkəməsinə müraciət etməsinin səbəbini mübahisəli torpaq sahəsinin Samux rayonu, Alıuşağı kəndində yerləşməsi ilə əsaslandırmışdır. Kollegiya qeyd edir ki, ümumi qaydaya görə iddia cavabdehin və ya onlardan birinin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-də ümumi qaydadan istisnalar da nəzərdə tutulmuşdur ki, iddiaçılar hazırkı iddia tələbi onlara özlərinin yaşadığı yer üzrə məhkəməyə müraciət etmək hüququ verən işlər kateqoriyasına aid deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-in müstəsna aidiyyətdən bəhs edən 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Hazırki halda mübahisə alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlıdır ki, mübahisəli torpaq sahəsinin Samux rayonu, Alıuşağı kəndində yerləşməsi mübahisənin mahiyyətini dəyişdirmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki mülki işi baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verməlidir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyətı ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri əsassız olduğuna görə təmin edilməməli və birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0 və 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-266, 398, 399- 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2(058)-336/2024 saylı qərardadı və həmin qərardadla bağlı 06 aprel 2024-cü il tarixli, 2(058)-336/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1152/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1152/2024
01.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver