Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1167/2024 03.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Şəmkir Rayon Qaz İstismar İdarəsi Ağstafa xidmət sektoruna qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əsassız hesablanmış borcun silinməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi) Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı cavabdeh Şəmkir Rayon Qaz İstismar İdarəsi Ağstafa Xidmət Sektoruna qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli 2(015)-305/2024 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Biriliyi tərəfindən verilmiş apellyasiya şikayətinə 03 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvanda quraşdırılmış sayğaca ümumi baxış keçirilmiş və sayğacın çıxış plasmas borusunun deşilməsi əsası ilə Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuşdur.
2. Abonent kodu **********03220 olan İddiaçı saldosundan görünür ki, 2023-cü ilin noyabr ayına “qalıq və aktlar” üzrə 777.80 manat cərimə yazılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Şəmkir Rayon Qaz İstismar İdarəsi Ağstafa xidmət sektoruna qarşı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, əsassız hesablanmış borcun siliməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz” İstehsalat Birliyinin işçiləri onun iştirakını təmin etmədən sayğacı dəyişdirmişlər. Lakin sonradan sayğaca müdaxilə olunması əsası ilə əsassız olaraq ona 778,80 manat cərimə yazmışlar. Halbu ki, sayğacın istismar müddəti başa çatmışdır.
5. Ağstafa Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli 2(015)-305/2024 nömrəli qətnaməsi ilə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı (abonent kodu: **********03220) əsassız hesablanmış 787.80 (yeddi yüz səksən yeddi manat səksən qəpik) manat məbləğində borc silinməsi; İddiaçı istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar tələbi üzrə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azad olunduğundan iddia ərizəsinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu “Azəriqaz” İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə köçürülməsi qət olunmuşdur.
6. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa, Nazirlər Kabinetinin 2011-ci il tarixli 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydalarına, Mülki Prosessual Məcəllənin 4 və 18-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus qaz sayğacına qanunsuz müdaxilə olunduğundan sayğac sərfiyyatı düzgün qeyd edilməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilərək 2023-cü ilin noyabr ayında iddiaçının abonent hesabına işlənilmişdir. Birinci instansiya məhkəməsi İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin nümayəndələrinin rəyini nəzərə almadan iddia tələbini təmin etmişdir. Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblardan birinin üzərində olmaması aşkarlanmışdır. Nəzərə alınmamışdır ki, ekspertiza prosesində Azərbaycan Metrologiya İnstitunun nümayəndələri də iştirak etmişdir. İddiaçının istismarında olan qaz sayğacının işləmədiyi işin mübahisəsiz halıdır və iddiaçıya 08 dekabr 2023-cü il tarixdə qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında 777,60 manat itirlmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Sayğacın nisbi xəta ilə işləmə tarixi qeyri müəyyən olduğundan fakt aşkarlandığı vaxtdan 90 günlük hesabat aparılmışdır. 2023-cü ilin noyabr ayında hesablanmış borc məbləği sayğaca qanunsuz müdaxilə nəticəsində abonent tərəfindən məsrəf edilmiş qaza görə hesablanmışdır və mövcuq qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
11. Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.
12. Maddə 54. Hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyrikommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. İdarə ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Dövlət idarələrinin və digər idarələrin ayrı-ayrı növlərinin hüquqi vəziyyətinin xüsusiyyətləri qanunvericiliklə müəyyənləşdirilir.
13. Maddə 52. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir.
14. Maddə 54.1. İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir.
15. Maddə 54.4. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
16. Maddə 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir.
17. Maddə 372.6. Aapellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması məhkəmə aktının apellyasiya qaydasında ləğvi üçün əsasdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Kollegiya apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli 2(015)-305/2024 nömrəli qətnaməsi ləğv edilməli, iddiaçı İddiaçı cavabdeh Şəmkir Rayon Qaz İstismar İdarəsi Ağstafa Xidmət Sektoruna qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir.
21. Belə ki, yuxarıda da qeyd olunduğu kimi “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş 08 dekabr 2023-cü il tarixli, ******* saylı akt əsasında İddiaçı 777.80 manat cərimə hesablanmışdır. İddiaçı hesablanmış cərimənin silinməsini məhkəmədən xahiş etsədə, lakin iddia ərizəsində Şəmkir Rayon Qaz İstismar İdarəsi Ağstafa Xidmət Sektorunu cavabdeh qismində qoymuşdur. İşə baxan birinci instansiya məhkəməsi isə əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunması məsələsini həll etmədən “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə bildirişi göndərməklə işə mahiyyəti üzrə baxmışdır.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50-ci maddəsinə görə, özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və ya hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilir. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Göründüyü kimi, prosessual qanunvericilik mülki məhkəmə icraatında tərəflərin dairəsini müəyyən edir. Normanın məzmunundan aydın olur ki, tərəflər işdə iştirak edən şəxslərdir. Bu zaman tərəf ifadəsinin işlədilməsi isə təsadüfi deyildir. Mülki məhkəmə icraatının bu iştirakçılarının bir-biri ilə konkret mübahisəli hüquq münasibəti bağlayır və onlar bu münasibətlərdə bir-birinə qarşı olan maraqlara malikdirlər. Tərəf ifadəsi həm də onu bildirir ki, bu iştirakçıların mübahisəsinə baxılması üzrə məhkəmə icraatında hərəsi bir və ya bir neçə nəfərdən ibarət olmaqla iki qarşı-qarşıya duran tərəf mövcuddur. Tərəflər işdə iştirak edən şəxslər üçün nəzərdə tutulmuş ümumi hüquqlara malikdirlər. Mülki prosesdə tərəflər iddiaçı və cavabdeh adlanır. İddiaçı hüquq və mənafelərinin müdafiəsi üçün məhkəmədə iddia qaldırmış şəxsdir. Cavabdeh isə iddia tələbinin yönəldiyi şəxsdir. O, iddiaçının hüququnu və ya qanuni maraqlarını pozduğu güman edildiyinə, yaxud onun iştirak etdiyi hüquq münasibəti mübahisələndirildiyinə görə prosesə cəlb edilir və tərəf olur.
23. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər. Hazırkı iş üzrə cavabdeh Şəmkir Rayon Qaz İstismar İdarəsi Ağstafa Xidmət Sektoru isə iddiaçının müvafiq tələbinə cavab verməli olan şəxs deyildir. Belə ki, İddiaçı cərimənin silinməsi barədə hüququ şəxsin özünə, yəni “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia qaldırmalıdır.
24. Qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 35, 372, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli 2(015)-305/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Şəmkir Rayon Qaz İstismar İdarəsi Ağstafa Xidmət Sektoruna qarşı cərimənin silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.