Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-118/2023 10.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi hakim), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X13 qızının katibliyi, İddiaçı Balasoltan qızının, cavabdehlər Cavabdeh2 oğlunun və X3 nümayəndəsi (vəkil) X4 iştirakları ilə, İddiaçı Balasoltan qızının cavabdehlər X5 və Cavabdeh2 oğluna qarşı “borc” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 2(062)-1642/2020 saylı qətnaməsindən cavabdehlər X5 və Cavabdeh2 oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Tovuz Rayon Məhkəməsinin (hakim Q.Baxşıyev) 25 sentyabr 2020-ci il tarixli, 2(062)-1642/2020 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh X2 5000 manat, Cavabdeh2 oğlundan 12500 manat borc pulun və 30 manat dövlət rüsumunun alınıb İddiaçı Balasoltan qızına verilməsi qət edilmişdir. Cavabdehlər X5 və Cavabdeh2 oğlu həmin qətnamədən apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 2(062)-1642/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi hakim Ə.Məmmədov, hakimlər Ş.Rzaquliyev və A.Hüseynzadə) xx.xx.2021-ci il tarixli, 2(104)- 1159/2021 saylı qətnaməsi ilə Hüseynova LətifəTapdıq qızı və Cavabdeh2 oğlu tərəfindən birlikdə verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Tovuz Rayon Məhkəməsinin 2(062)-1642/2020 saylı mülki iş üzrə 25 sentyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər X5 və Cavabdeh2 oğlu kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)- 1159/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi hakim Ə.Əhmədov, hakimlər V.Həsənov və İ.Şəfiyev) xx.xx.2022-ci il tarixli, 2(102)- 199/2022 saylı qərarı ilə cavabdehlər X5 və Cavabdeh2 oğlunun kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)-1159/2021 saylı qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. işin halları İddiaçı Balasoltan qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 ona borclu olduğu 5000 manat məbləğində pulun, Cavabdeh2 oğlundan ona borclu olduğu 12500 manat məbləğində pulun, bundan əlavə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Cavabdehlər çoxlu borclarının olduğunu və oğlanlarının problemləri olduğunu bildirərək, ondan Lətifə Hüseynova 5000 manat Cavabdeh2 isə 12500 manat müxtəlif vaxtlarda borc pul almışlar və bu barədə ona özləri qəbz yazıb vermişlər. Sonradan ona məlum olmuşdur ki, cavabdehlər bir neçə şəxsləri beləcə aldadıb və pullarını alıb mənimsəmişlər. Hər dəfər cavabdehlər ona bir bəhanə gətirərək pullarını verməkdən imtina etmişlər. Hal-hazırda cavabdehlərdən pulunu istəsə də, cavabdehlər ona şər-böhtan ataraq borcunu qaytarmaqdan imtina edirlər. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnaməni qanunsuz və əsassız hesab edirlər. Belə ki, iddiaçı onların gəlini olmuşdur. X1 cəzaçəkmə müəssisəsində cəza çəkərkən iddiaçı ondan boşanmışdır. O, həm oğulları ilə ailə qurmazdan əvvəl, həm nikah dövründə, həm də hazırda vəkildir. İddiaçı onlara heç zaman borc verməmişdir. 2020-ci ildə artıq boşanmış, oğulları ilə münasibətlərinin çox pis olduğu bir dövrdə, ona bağışlanmış əmlakların geri qaytarıldığı bir ayda onlara borc verməsi mümkünsüz idi və bu barədə onlarda zəruri sənədlər də var. İddiaçı həm də, hər iki oğullarının istintaq və məhkəmə dövründə vəkili olmuş, onlardan işlərin həll edilməsi ilə bağlı külli miqdarda pul almışdır. 2019-cu ilin dekabr ayından ondan pul vəsaitlərini və əmlaklarını tələb etdikcə qaytarırdı. İddiaçıya onlar bank vasitəsi ilə dəfələrlə pullar göndərmiş və bunu təsdiq edən sənədlər də vardır. İddiaçı 2020-ci ildə onlara məxsus əmlakın və pulların bir qismini geri qaytararkən, həmçinin bank vasitəsi ilə ona göndərilmiş pulların da bir qismini geri qaytarmağa könüllü razılıq vermişdir. Aralarında hər hansı bir münasibətindən söhbət belə getməzdi. Çünki İddiaçı 2020-ci ilin yanvar ayından müxtəlif hüquq mühafizə orqanlarına şikayətlər etmiş, hazırda şikayətləri əsasında Vəkillər Kollegiyası tərəfindən onun vəkilliyinə xitam verilməsi barədə qərar qəbul edilmiş və məhkəməyə müraciət edilmişdir. Bundan başqa, İddiaçı tərəfindən təqdim edilmiş qəbzlərdə imzalar saxtalaşdırılmış, imzalar onlara aid deyildir. Hesab edirlər ki, bu xüsusat da məhkəmə xətşünaslıq ekspertizası vasitəsi ilə müəyyən edilməlidir. Odur ki, Tovuz Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 2(062)- 1642/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Proses iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2 oğlunun və X3 nümayəndəsi (vəkil) X8 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətin təmin edilməsini, Tovuz Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 2(062)- 1642/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Balasoltan qızı təqdim edilmiş ekspert rəyinə heç bir etirazının olmadığını bildirdi və apellyasiya şikayətinin dəlillərinin tamamilə əsassız olduğunu, odur ki, təmin edilməməsini, Tovuz Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 2(062)-1642/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair 28 fevral 2012-ci il tarixli qərarında qeyd edilir ki, “Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apelyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apelyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi kassasiya instansiyası məhkəməsi olaraq iş üzrə buraxılmış pozuntulara hüquqi qiymət vermiş və həmin pozuntunun aradan qaldırılması məqsədilə işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Odur ki, məhkəmə kollegiyası nəzərə çatdırır ki, işə yol verilmiş pozuntunun aradan qaldırılması ilə müşaiyət olunan maddi və prosessual hüquq normalarına riayət edilməsi ilə baxılmalıdır. İş materiallarına əlavə edilmiş sadə yazılı qəbzlərdən müəyyən olunur ki, Hüseynov X7 Sevildən 14 fevral 2020-ci il tarixdə 3000 manat, 03 fevral 2020-ci ildə 3500 manat, tarixi göstərilməyən qəbzlə 2000 manat və tarixi göstərilməyən qəbzlə 4000 manat məbləğlərində pul almışdır. İş materiallarına əlavə edilmiş sadə yazılı qəbzdən müəyyən olunur ki, X9 Sevildən 13 iyul 2019-cu il tarixdə 5000 manat məbləğində pul almışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/129 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 2(104)-1498/2022 nömrəli mülk işin 5-ci səhifəsində dama-dama dəftər vərəqində Cavabdeh2 oğlunun adından olan 14 fevral 2020-ci il tarixli 3000 manata dair borc qəbzinin mətni və həmin qəbzin sonunda “aldım” sözündən sonrakı imza, mülk işin 6-ci səhifəsində dama-dama dəftər vərəqində Cavabdeh2 oğlunun adından olan 3 fevral 2020-ci il tarixli 3500 manata dair borc qəbzinin mətni və həmin qəbzin sonunda “aldım” sözündən sonrakı imza, mülk işin 7-ci səhifəsində dama-dama dəftər vərəqində Cavabdeh2 oğlunun adından olan tarixsiz 2000 manat dair borc qəbzinin mətni və həmin qəbzdə “imza:” sözündən sonrakı imza, mülk işin 8-ci səhifəsində dama-dama dəftər vərəqində Cavabdeh2 oğlunun adından olan tarixsiz 4000 manata dair borc qəbzinin mətni və həmin qəbzdə “imza:” sözündən sonrakı imza Cavabdeh2 oğlu tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş 2(104)-1498/2022 nömrəli mülk işin 9-cu səhifəsində dama-dama dəftər vərəqində X3 adından olan 13 dekabr 2019-cu il tarixli, 5000 manata dair borc qəbzinin mətni X5 tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tam, obyektiv və qərəzsiz araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İş materiallarından göründüyü kimi, İddiaçı Balasoltan qızı iddia ərizəsi ilə məhkməyə müraciət edərək, müxtəlif vaxtlarda Cavabdeh2 oğlunun ondan 12500 manat, digər cavabdeh X3 isə 5000 manat borc pul aldıqlarını, bu barədə ona yazılı qəbzlər verdiklərini, borcunu tələb etsə də, cavabdehlərin hər dəfə müxtəlif bəhanələr gətirərək borcu qaytarmaqdan imtina etdiklərini bildirmişdir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 324.6-cı maddəsinə əsasən, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). Mülki Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir (MM-nin 390.4-cü maddəsi) Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 405.2-ci maddəsinə əsasən, müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 739.1-cu maddəsinin tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Sübutlarla bağlı mülki prosessual qanunvericiliyin normalarının mənasından aydın görünür ki, məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. Göründüyü kimi, İddiaçı ayrı-ayrı vaxtlarda Cavabdeh2 12500 manat, digər cavabdeh L.Hüseynovaya 5000 borc pul verdiyini, cavabdehlərin isə həmin borc məbləğini qaytarmadıqlarını iddia edir. Cavabdehlər isə apellyasiya şikayətinin dəlillərində iddiaçıdan heç vaxt borc pul almadıqlarını, əksinə cavabdehin onlardan müxtəlif vaxtlarda övladlarına hüquqi yardım göstərilməsi adı ilə yüksək məbləğdə pullar almasını və həmin pul vəsaitlərini iddiaçıya bank vasitəsi ilə göndərdiklərini, lakin 2019-cu ilin dekabr ayında iddiaçı tərəfindən aldadıqlarını başa düşdükdən sonra verdikləri pul vəsaitini ondan geri tələb etdikərini, həmin pul hissəsinin bir hissəsinin könüllü şəkildə ondan geri aldıqlarını, hazırkı işdə olan qəbzlərdəki imzaların iddiaçı tərəfindən saxtalaşdırıldığını bildirmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq bu qənaətə gəlir ki, tərəflər arasında borc hüquq (öhdəlik) münasibətlərinin olması iş materialları ilə müəyyən olunmur. Mülki Məcəllənin 386.1-ci maddəsinin şərtlərinə əsasən öhdəlik münasibətlərinin yaranma əsaslarından biri kimi tərəflər arasında həmin münasibətləri tənzimləyən müqavilənin olması çıxış edir. Göründüyü kimi, iddiaçı cavabdehlərlə aralarında borc müqaviləsindən irəli gələn münasibətlərin mövcud olduğunu iddia edir və bu əsasla cavabdehlərdən ödənilməli olan borc məbləğini tələb edir. Məhkəmə kollegiyası ilk növbədə borc müqaviləsini tənzimləyən maddi hüquq normalarına diqqət yetirlməsini zəruri hesab edir. Belə ki, Mülki Məcəllənin 739.1-cu maddəsinin dispozisiya şərtlərinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürur. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən təqdim edilmiş yazılı qəbzlər tərəflər arasında borc müqaviləsinin olmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş xx.xx.2022-ci il tarixli, 4/129 saylı ekspert rəyi ilə mülki iş materiallarında olan qəbzlərin cavabdehlər Cavabdeh2 oğlu və X5 tərəfindən icra olunduğu müəyyən edisə də, qeyd olunan yazılı qəbzlərdə İddiaçı pul vəsaitini cavabdehlərə məhz borc şəklində verməsi müəyyən olunmur. Digər tərəfdən, həmçinin qeyd edilən qəbzlərdə borcun hansı müddətə verilməsi, onun qaytarılma tarixi və şərtləri ilə bağlı hər hansı qeydlərin aparılmaması onun borc sənədi kimi qəbul edilməsini istisna edir. Göründüyü kimi, tərəflər arasında borc münasibətlərini əks etdirən müqavilənin bağlanması işin halları ilə müəyyən edilmədiyindən cavabdehlərin üzərinə borcun qaytarılması ilə bağlı hər hansı bir öhdəliyin qoyulması da əsaslı deyildir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi 2019-cu ildən başlayaraq cavabdehlər iddiaçı tərəfindən aldadılaraq pul vəsaitlərinin və əmlaklarının ələ keçirilməsi barədə hüquq mühafizə orqanlarına çoxsaylı şikayət etdikləri halda, iddiaçının 13 dekabr 2019-cu ildə cavabdeh Lətifə Hüseynovaya 5000 manat, 03 fevral 2020-ci il tarixdən başlayaraq müxtəlif vaxtlarda digər Cavabdeh2 12500 manat borc pul verməsi ağlabatan görünmür. Əksinə apellyasiya şikayətinin dəlillərindən, həmçinin iş materiallarına əlavə edilmiş ərizə və digər sənədlərdən, həmçinin bank vasitəsi ilə köçürmə sənədlərindən görünür ki, cavabdeh Lətifə Hüseynova tərəfindən bank vasitəsilə iddiaçıya xx.xx.2016-cı il tarixdə 500 manat, xx.xx.2017-ci il tarixdə 2000 manat, xx.xx.2017-ci il tarixdə 22000 manat, cəmi 24500 manat pul göndərilmiş, cavabdeh L.Hüseynovanın çoxsaylı şikayətlərindən sonra iddiaçı həmin pulun 17500 manat hissəsini cavabdehlərə qaytarmışdır. Göründüyü kimi, iddiaçının yazılı qəbzlərdə göstərilən pul vəsaitlərini cavabdehlərə məhz borc şəklində verməsi iş materialları ilə açıq-aşkar istisna edilir. Odur ki, kollegiya apellyasiya şikayətinin dəlillərini onun təmin edilməsi üçün əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən düzgün hüquqi qiymət verilməməklə, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Apellyasiya şikayəti təmin edilsin. İş üzrə Tovuz Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 2(062)-1642/2020 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə çıxarılaraq, İddiaçı Balasoltan qızının cavabdehlər X5 və Cavabdeh2 oğluna qarşı “borc” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri təşkil edən 110 (bir yüz on) manat pul İddiaçı Balasoltan qızı və cavabdehlər Cavabdeh2 oğlu və X2 müştərək qaydada alınaraq, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Bayramov Hakimlər: Rəşad Mamedov Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2(104)-118/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-118/2023
10.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver