Məhkəmə qərarları › İş №2(104)-1185/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1185/2023

01.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1185/2023 01.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “miras mülkdən pay” tələbinə dair Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-211/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı xx xxx 1948-ci ildə X9 ilə X5 birgə nikahlarından Tovuz rayonu Çobansıxnaq kəndində anadan olmuşdur. Qəzənfər Məmmədrzayev və Bənövşə Məmmədrzayevanın birgə nikahlarından iddiaçıdan başqa, 1951- ci ildə Almaz,1958-ci ildə Məfkurə,xx xxxxxx 1963-cü ildə Dayandur,1968-ci ildə Nərgiz,1970-ci ildə Nəcibə adlı uşaqları olmuşdur. İddiaçının atası Qəzənfər 29 noyabr 2006-cı ildə, anası Bənövşə 08 yanvar 2019-cu ildə vəfat etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Tovuz rayonu Çobansıxnaq kəndində yerləşən **********32 saylı çıxarışda göstərilən mərhum X6 və X4 miras qalmış torpaq sahəsindən altıda bir hissə payının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1948-ci ildə X9 ilə X5 birgə nikahlarından anadan olmuşdur. Atası xx.xx.2006-cı ildə, anası xx.xx.2019-cu ildə vəfat edib. Cavabdeh qardaşıdır. Atasını və anasını iddiaçı dəfn etmişdir. Onların ölmündən sonra mirası qəbul etmişdir. Tovuz rayonu Çobansıxnaq kəndində 0,6605 torpaq sahəsi mərhum atasına və ailə üzvlərinə verilib. Reyestr çıxarışına əsasən 0.6605 ha torpaq sahəsinin 7/2 hissə mirasın kütləsinə daxildir. Mirası faktiki olaraq iddiaçı və cavabdeh qəbul edib. Əvvələr qarşılıqlı cavabdehlə bölmələri mümkün olmamışdır. İddiaçı Tovuz ASAN xidmət Mərkəzinin notariat ofisinə mürciət etsə də vərəsələr arasında mübahisə olduğundan vərəsəlik hüququna dair şəhadətnamə verməkdən imtina edilmişdir. Ona görə də mülkün məhkəmə qaydasında bölünməli olduğunu hesab edir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-211/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Q.Baxşıyev) iddia tələbinin qismən təmin edilməsi, Tovuz rayonu Çobansıxnaq kəndində yerləşən **********32 saylı çıxarışda göstərilən mərhum X6 və X4 miras qalmış torpaq sahəsinin mirasın kütləsinə daxil olan 3/14 hissəsinin 1/6 hissəsinə (yəni ümumi əmlakın 3/84 hissəsinə) İddiaçı miras payının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Tovuz rayonu Çobansıxnaq kəndində yerləşən və reyes hətr nömrəsi **********32 saylı çıxarışda göstərilən 0,6605 ha torpaq sahəsindən mərhumların 2/7 payı var. Tərəflər arasında mübahisə olduğundan miras mülk məhkəmə qaydasında bölünməlidir. İşdə olan vəsiyyətnamənin surəti ilə müəyyən olunur ki, Bənövşə Məmmədrzayeva adına olan əmlakı Cavabdeh Binnət oluna vəsiyyət etmişdir. Bundan başqa, iş üzrə müəyyən olundu ki, mərhumların altı nəfər birinci növbəli vərəsəsi var. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının mərhum X6 miras qalmış torpaq sahəsindən 1/6 payı var. Cavabdeh adına vəsiyyətnamə olduğundan X4 miras qalmış torpaq sahəsindən iddiaçının məcburi payı, yəni 1/12 payı müəyyən olunmalıdır. Digər vərəsələr mirasdan pay tələb etmədiyinə görə onların payı açıq saxlanılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, mirasın kütləsinə Tovuz rayonu Çobansıxnaq kəndində yerləşən **********32 saylı çıxarışda göstərilən 0,6605 ha torpaq sahəsinin 3/14 hissəsi daxildir. Həmin mirasdan İddiaçı ümumi torpaq sahəsinin 3/84 hissəsinə payı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən, Tovuz rayonu Çobansıxnaq kəndində yerləşən **********32 saylı çıxarışda göstərilən mərhum X6 və X4 miras qalmış torpaq sahəsinin kütləsinə daxil olan 3/14 hissəsinin 1/6 hissəsinə (yən ümumi əmlakın 3/84 hissəsinnə) İddiaçı miras payı müəyyən edilməlidir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin apellyasiya icraatı qaydasında ləğv edilməsini və onun xeyrinə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, İddiaçı ona qarşı Tovuz rayon məhkəməsində miras mülkündən payların müəyyən edilməsinə dair iddia qaldırmışdır. Sözügedən mülkiyyət mərhum ata anasının adına olmuş mülkiyyətdir. 2013-cü il tarixdə Tovuz rayon Sarıtala kənd İƏD üzrə nümayəndəliyində vəsiyətnamə tərtib olunaraq anası əmlakını ona vəsiyyət etmişdir. Bununla bağlı Tovuz Rayon Məhkəməsində etirazını bildirsə də, Məhkəmə onun əlehinə qarşı tərəfin lehinə qətnamə qəbul etmişdir. Hesab edir ki, Tovuz rayon Cobansıxnaq kəndində yerləşən ümumi sahəsi 0,6605 ha torpaq sahəsi ona pay verilmişdir. Apellayasiya şikayətinə dair etiraz daxil olmamışdır. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək təmi edilməməsi xahiş edərək əlavə olaraq bildirdi ki, 1972-ci ildən Bakı şəhərində yaşayır. 2006cı ildə atası, 2019-cu ildə isə anası rəhmətə getmişdir. Həmin evdə atası, anası və cavabdeh yaşayıblar. 2016-cı ildə cavabdeh Bakıya köçərkən anasıda cavabdehlə birgə getmiş və Bakıda da rəhmətə getmişdir. Anası öldükdən sonra cavabdeh onu mübahisəli evə buraxmır. Özü həmin evdən heç bir daşınar əmlak götürməmişdir. Cavabdeh məhkəməyə teleqram göndərərək səhhətilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək onun lehinə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycam Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsində göstərilir ki, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Belə ki, işə əlavə olunmuş reyesrt nömrəsi **********32 saylı çıxarışdan görünür ki, Tovuz rayonu ümumi sahəsi 0,6605 ha olan torpaq sahəsi X7, X5, Cavabdeh, X1, X2, X3 və X8 ümumi birgə mülkiyyətindədir. Qeyd olunmalıdır ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Qüvvədə olan qanunvericilik mirasın qəbul olunmasının müddətini və qaydalarını müəyyənləşdirib. Miras qalmış mülkün qəbul edilməsi ilə bağlı kollegiya bildirir ki, mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Göstərilənlərin təhlili deməyə əsas verir ki, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. İstər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan işin halları araşdırılarkən, iddiaçı tərəfindən mərhum anasından qalmış miras əmlakın qəbulu üçün onun vəfatından 6 ay müddətində notarial qaydada müraciət etməsi müəyyən olunmur. İddiaçı tərəfindən mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsinvərəsənin-iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. İşin bu qaydada həll edilməsi isə əks tərəfin Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı anasından miras qalan əmlakı qəbul etməsini təsdiq edən sübutları təqdim etməmişdir. İddiaçının anasının ölümündən evdə yaşaması, orada hər hansı abadlıq işləri aparması iş materialları ilə müəyyən edilmir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə kollegiyası xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Məhkəmə kollegiyası, iddiaçının mirası qəbul etməsi sübut olunmadığına görə iddianın təmin olunmasını mümkünsüz sayır. Ədalət mühakiməsinin müvafiq məhkəmə tərəfindən qüvvədə olan hüquqi prosedurlar üzrə məhkəmə müdafiə hüququ (ədalətli məhkəmə araşdırılması hüququ) məcburi təmin edilməklə həyata keçirilməsi qanunun aliliyi baxımından mühüm şərtlərdən biridir (X.İ.Qasımovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin 13 dekabr 2005-ci il tarixli qərarı). Hüququn aliliyi hüquqi dövlətin təməl prinsiplərindən biridir. Bu prinsipə riayət olunması demokratik cəmiyyətdə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə dair hüquq kimi qəbul edilmiş ədalətli məhkəmə araşdırılması hüququnun həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Hüququn aliliyi və ədalət mühakiməsinin lazimi qaydada həyata keçirilməsi müasir məhkəmə icraatının iki qarşılıqlı və bir-birini tamamlayan şərtləridir (L.İ.Binnətovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı). Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına əməl olunmadığına görə ləğv edilməli, yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin olunmamalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-211/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar