Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1197/2023 23.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh oğlunun iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə yaranmış borcun qaytarılması və lizinq obyektinin geri qaytarılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 14 fevral 2023-cü il tarixli 2(125)-768/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 21 may 2022-ci il tarixli MAS-5257 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2022-ci il buraxılışlı, “Khazar SD” markalı, 77PT834 dövlət qeydiyyat nişanlı, nvaw01hhfne440843 ban nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 21 may 2022-ci il tarixli MAS-5257 saylı daxili lizinq müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 23 noyabr 2022-ci il tarixə 3420,78 manat gecikdirilmiş əsas, 410,42 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 325,42 manat dəbbə pulu olmaqla cəmi 4156,62 manat borc və ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı MMC iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, lizinq obyekti olan “Khazar SD” markalı, 77PT834 dövlət qeydiyyat nişanlı avtomobil geri qaytarıldığından iddia tələbinin həmin hissəsindən imtina etdiklərini bildirmişdir. Gəncə Şəhər Məhkəməsinin 14 fevral 2023-cü il tarixli 2(125)-768/202 nömrəli (hakim C.Tağıyev) qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli MAS-5257 nömrəli daxili lizinq müqaviləsinin ləğv edilməsi; Cavabdeh xx.xx.2022-ci il tarixli MAS-5257 nömrəli daxili lizinq müqaviləsi üzrə 3420,78 manat gecikdirilmiş əsas, 410,42 manat gecikdirilmiş mükafat və 325,42 manat dəbbə pulu olmaqla cəmi 4156,62 (dörd min bir yüz əlli altı manat 62 qəpik) manat və dövlət rüsumunun əvəzi olaraq 100 manat alınaraq İddiaçı MMC-in xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı MMC tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 21 may 2022-ci il tarixli MAS-5257 saylı daxili lizinq müqaviləsinə əsasən, 2022-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440843 ban nömrəli, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən, lizinq alan illik 17,5 faiz hesablanmaqla 12 ay müddətə hər ay sabit məbləğdə 1280,19 manat, ümumilikdə isə 18362 manat İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Həmin məbləğin 17000 manatı əsas məbləğ təşkil edir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh MAS-5257 saylı daxili lzinq müqaviləsinə əsasən 23 noyabr 2022-ci il tarixə ümumilikdə 4156,62 manat gecikmə borcu yaranmışdır. Cavabdeh tərəfindən daxili lizinq müqaviləsi və ödəniş cədvəlinin şərtlərinə əməl edilməmişdir. Müqavilənin 13.9-cu bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğində gündəlik 0,3 faiz hesablanmaqla cərimə ödəyir. Lizinq alan müqavilə üzrə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəniş etmirsə, müqavilə lizinq verənin təşəbbüsü ilə lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki iddiaçı ilə aralarında bağlanmış lizinq müqaviləsinə əsasən, mübahisə predmeti olan avtomobil onun sahiblik və istifadəsinə verilməli idi. Lakin həmin avtomobil onun sahiblik və istifadəsində olmamışdır. Belə ki, avtomobil faktiki şəkildə X1 olmuşdur. Sonuncu tərəfindən İddiaçı MMC-dən bir neçə avtomobil lizinqə götürüldüyündən hazırkı lizinq müqaviləsi onun adına rəsmiləşdirilmişdir. Müqavilə üzrə ödənişləri X2 ödəmiş və ona bildirmişdir ki, ödənişlərdə gecikmə yoxdur. Lizinq müqaviləsi üzrə borc düzgün hesablanmamış, işə baxan birinci instansiya məhkəməsi isə buna düzgün hüquqi qiymət verməmişdir. Həmçinin lizinq müqaviləsinin müddəti bitmədən iddiaçı hazırkı iddianı qaldırmışdır. Eləcə də məhkəmə cərimə borcunu hesablayarkən onun əmlak mənafelərini nəzərə almamışdır. İş materiallarında sonuncu ödənişin hansı tarixdə olması barədə rəsmi sənəd yoxdur. Borcun müəyyən edilməsi üçün iş üzrə müvafiq ekspertiza təyin edilməli idi. Bundan əlavə, məhkəmə iclasının vaxtı və yeri barədə ona qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməmiş və beləliklə məhkəmə çəkişmə prinsipi pozulmuşdur. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, X2 öz uşağını Türkiyə Respublikasına aparacağını bildirmiş və bu səbəbdən avtomobilin sənədləşdirilməsinə dair ona etibarnamə vermişdir. O da elə bilmişdir ki, avtomobili Elsevər lizinqə götürür. Bu səbəbdən müqaviləyə imza etmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Sonuncu məhkəməyə ərizə göndərərək, işə iştirakları olmadan baxılmasını, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hmrtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: xx.xx.2022-ci il tarixli MAS-5257 nömrəli daxili lizinq müqaviləsi və ona əlavədən görünür ki, 17000 manat dəyərində “Khazar SD” markalı, nvaw01hhfne440843 ban nömrəli, ağ rəngli avtomobil muzdla lizinq alan Cavabdeh müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Lizinq alan Cavabdeh müəyyənləşdirilmiş dövriliklə illik 17,5 faiz hesablanmaqla 12 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 1280,19 manat, ümumilikdə 18362 manat muzd ödəməyi öhdəsinə götürmüşdür; 21 may 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Khazar SD” markalı, nvaw01hhfne440843 ban nömrəli avtomobil Cavabdeh təhvil verilmişdir; xx.xx.2022-ci il tarixli, BB246374 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir; xx.xx.2022-ci il tarixli, 4482 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, MAS-5257 saylı daxili lizinq müqaviləsinə əsasən İddiaçı MMC-yə 23 noyabr 2022-ci il tarixə 3420,78 manat gecikdirilmiş əsas, 410,42 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 325,42 manat dəbbə pulu olmaqla cəmi 4156,62 manat borcu vardır; xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 445.2.1, 448.1, 448.2, 747.1, 748-1.12.4 və 748-7.1-ci maddələrinə əsasən iddia tələbi təmin olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmçinin həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında 21 may 2022-ci il tarixli MAS-5257 saylı daxili lizinq müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, 2022-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440843 ban nömrəli, ağ rəngli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 17,5 faiz hesablanmaqla aylıq müddətə hər ay sabit məbləğ olmaqla 1280,19 manat, ümumilikdə isə 18362 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Lizinq alan Cavabdeh müqavilə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən lizinq verən hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini təmin etmişdir. Bundan əvvəldə qeyd olunduğu kimi məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarından göründüyü kimi tərəflər arasında lizinq müqaviləsi bağlanmış və onlar müqavilə üzrə öz hüquq və öhdəliklərini müəyyən etmişlər. xx.xx.2022-ci il tarixli, 4482 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 21 may 2022-ci il tarixli, MAS-5257 saylı daxili lizinq müqaviləsinə əsasən İddiaçı MMC-yə 23 noyabr 2022-ci il tarixə 3420,78 manat gecikdirilmiş əsas, 410,42 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 325,42 manat dəbbə pulu olmaqla cəmi 4156,62 manat borcu vardır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, işdən göründüyü kimi lizinq müqaviləsi İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış və sonuncu 21 may 2022-ci il tarixli təhvil-təslim aktına əsasən, “Khazar SD” markalı, nvaw01hhfne440843 ban nömrəli avtomobili təhvil almışdır. Məhkəmə kollegiyası həmçinin cavabdehin apellyasiya şikayətinin “lizinq müqaviləsinin müddəti bitmədən iddiaçı əsassız olaraq hazırkı iddianı qaldırmışdır” dəlili ilə bağlı qeyd edir ki, iş materiallarına nəzər saldıqda tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli MAS-5257 nömrəli daxili lizinq müqaviləsinin 9.1.4-cü bəndindən görünür ki, lizinq alan lizinq ödənişlərini bu müqvilədə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəniş etmədikdə və ya 15 (on beş) təqvim günündən artıq müddətə 3 (üç) dəfədən artıq ödənişi geçikdirdikdə, müqavilə lizinq verənin təşəbbüsü ilə lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən müqviləyə birtərəfli qaydada xitam verə bilər. Hazırkı işdən görünür ki, cavabdeh müqvilənin şərtlərini pozmaqla ödənişlərin edilməsi öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Ona görə də, cavabdehin bu dəlili də kollegiya tərəfindən əsassız hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir və qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 14 fevral 2023-cü il tarixli 2(125)-768/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə şikayət verilməzsə 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1197/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1197/2023
23.05.2023 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver