Məhkəmə qərarları › İş №2(104)-1197/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1197/2024

15.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1197/2024 15.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və 3-cü şəxs Şəmkir rayon 1 saylı saylı notariat ofisinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, eləcə də vərəsəlik hüququnun tanınması və miras əmlakda payların müəyyən olunması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X5 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və Şəmkir rayon 1 saylı saylı notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, eləcə də vərəsəlik hüququnun tanınması və miras əmlakda payların müəyyən olunması tələbinə dаir mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 2(076)-1004/2024 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə 15 avqust 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Evlənmək haqqında şəhadətnamədən görünür ki, X9 ilə X8 23 mart 1963-cü il tarixdə nikaha daxil olmuşlar.

2. Doğum haqqında şəhadətnamələrdən görünür ki, X9 ilə X2 birgə nikahından xx xxxxxxxx 1955-ci il tarixdə Zilxumar, xx xxxxxx 1958-ci il tarixdə Ziyarət və 01 yanvar 1963-cü il tarixdə İradə adlı uşaqları doğulmuşdur.

3. Ölüm haqqında şəhadətnamələrdən görünür ki, X8 01 yanvar 1976-cı il tarixdə, X9 10 dekabr 2003-cü il tarixdə vəfat etmişlər.

4. 06 noyabr 2019-cu il tarixli ərizədən görünür ki, Cavabdeh Şəmkir rayon 1 saylı notariat kontoruna müraciət edərək 10 dekabr 2003-cü il tarixdə vəfat etmiş X4 miras qalan əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.

5. Şəmkir RİHB-nın Qapanlı kənd İƏD üzrə nümayəndəsinin 08 oktyabr 2019-cu il tarixli arayışından görünür ki, X6 vəfatından sonra ailə üzvlərindən Cavabdeh təsərrüfatında qalmışdır.

6. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 04 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0,2680 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X6 adına qeyd edilmişdir.

7. 06 noyabr 2009-cu il tarixli 2V-1211 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 10 dekabr 2003-cü il tarixdə vəfat etmiş X6 vərəsəsi Cavabdehdır və o, miras payından irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 2 ünvanında yerləşən 0,2680 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evidir.

8. Apellyasiya icraatı zamanı sorğu əsasında alınmış arayışdan müəyyən olunmuşdur ki, X10 01 aprel 1953-cü ildə anadan olmuşdur. X1, anası X3r.

9. Həmçinin AZ ******* nömrəli döğum haqqında şəhadətnamənin surətindən görünür X17 01 aprel 1953-cü ildə anadan olmuşdur. X1, anası X3r.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

10. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh, üçüncü şəxs Şəmkir rayon 1 saylı saylı notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, eləcə də vərəsəlik hüququnun tanınması və miras əmlakda payların müəyyən olunması tələbi ilə Şəmkir Rayon Məhkəməsinə mürаciət edərək, mərhum anaları X2 mərhum ataları X6 qanun üzrə vərəsə tanınması, mərhum atalarının adına olan və Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0,2680 ha torpaq sahəsində inşa edilmiş 104,0 kv.m fərdi yaşayış evinin ataları ilə analarının ümumi birgə əmlakı olması; Həmin əmlaka dair Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontorunda 16 noyabr 2019-cu il tarixdə Cavabdeh adına verilmiş 2V-1211 nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, valideynlərinə məxsus miras əmlak üzərində iddiaçıların və cavabdehin bərabər paylarla qanun üzrə vərəsə kimi hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xаhiş etmişlər.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum valideynləri X9 və X8 birgə yaşadıqları müddətdə Şəmkir rayonu, Qapanlı kəndində fərdi yaşayış evi inşa etdirmişlər. Anaları 01 yanvar 1976-cı il tarixdə vəfat etmiş və onlar analarına məxsus ½ hissədə mirası qəbul edərək idarə etmişlər. Ataları 2003-cü il tarixdə vəfat etdikdən sonra da ½ hissədə mirası faktiki qəbul edərək idarə etmişlər. Lakin 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin ev Cavabdeh adına keçmişdir. Həmin şəhadətnamə verilərkən Qapanlı icra nümayəndəsinin arayışına istinad edilmişdir. Belə ki, həmin arayışda valideynlərinin vərəsəsi kimi yalnız cavabdeh qeyd olunmuşdur. Miras əmlak faktiki olaraq qəbul edilməsinə baxmayaraq, hüquqları kobud şəkildə pozulmuş və cavabdehin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən onların adları vərəsə kimi gizlədilmişdir. Ona görədə məhkəmədə iddia qaldırmaq məcburiyyətində olmuşlar.

12. Birinci instansiya məhkəməsində icraat zamanı X12, X13 və X19 üçüncü şəxs qismində işə cəlb olunmuşdur.

13. Şəmkir Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 2(076)-1004/2024 nömrəli (hakim T.Musayev) qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mirasın qəbulu üçün müəyyən edilmiş müddətin bərpa olunması, qanun üzrə vərəsə tanınma, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və vərəsəlik hüququnun tanınması tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur.

14. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337, 1133.1, 1133.2, 1151.1, 1159.1.1 maddələrinə istinad etmişdir.

Apellyasiya instansiyası məhkəməsində icraat a) Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

16. İddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, atalarına məxsus Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0,2680 ha torpaq sahəsində inşa edilmiş 104,0 kv.m fərdi yaşayış evini faktiki qəbul etmişlər, lakin onlardan xəbərsiz Şəmkir rayon 1 saylı Dövlət notariat kontorunda iş üzrə cavabdeh olan bacılarının adına 16 noyabr 2019-cu il tarixdə 2V-1211 reyestr nömrəli qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamə verilmiş və bu şəhadətnamə əsasında çıxarış əldə olunmuş, hətda sonradan ev başqasına bağışlanmışdır. Azərbaycan Respublikası Konstutusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında Mülki Məcəllənin 1246 və 1273-1-ci maddəsinin konstutusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təlimatına və bu qərarın təsviri əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, nümayəndəsi olduğu şəxslər mirasdan imtina etməmişlər. Ona görədə payları müəyyən olunmallıdır. Nümayəndə sonda məhkəmə kollegiyasından qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, mirasdan imtina edilmədiyinə görə vərəsələr arasında paylar müəyyən olunmalıdır.

20. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh iddiaçı izahatında bildirmişdir ki, valideyinlərinin ölümündən sonra mirası qəbul etmiş və bu barədə notariat ofisindən vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnamə əsasında çıxarış almış, daha sonra isə həmin əmlakı bacısı qızı Aynurəyə bağışlamışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

21. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər, eləcədə üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

22. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

23. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

24. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

25. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

26. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

27. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

28. Maddə 1162 Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.

29. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

35. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

37. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

38. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

39. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması

40. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

41. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

Apellyasiya baxışının hədləri

42. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

46. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, X6 10 dekabr 2003-cü il tarixdə vəfatından sonra Şəmkir rayonu Qapanlı kəndi, Zaur Səmədov küçəsində yerləşən 35 nömrəli fərdi yaşayış evi və 0,2680 ha torpaq sahəsi miras qalmışdır. Miras qoyanın beş vərəsəsi qalmışdır. Vərəsələrdən Cavabdeh notariat ofisinə müraciət edərək miras əmlaka dair 06 noyabr 2009-cu il tarixli 2V-1211 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, fərdi yaşayış evinə çıxarış əldə etdikdən sonra isə həmin əmlakı bacısı qızı Aynurəyə bağışlamışdır. İddiaşılar mirası qəbul etmələrini və bacıları Ziyarətin onlardan xəbərsiz mirası ələ keçirməsini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı rədd etmişdir. Yuxarıda da qeyd olunduğu kimi qətnamədən iddiaçılar apellyasiya şikayəti vermişdir.

47. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

48. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Dövlət təminatı altına alınan əsas hüquqlardan biri də mülkiyyət hüququdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element bir-birini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir. Əsas hüquq və azadlıqların böyük bir hissəsi, o cümlədən vərəsəlik hüququnun realizəsi də sahəvi qanunvericilik normaları ilə tənzimlənir. Konstitusiya vərəsəlik hüququnu təsbit edərkən yalnız bu hüququn mövcudluğuna deyil, miras qoyanın mirasının vərəsələrinə keçməsini təmin edən qanuni mexanizmin mövcudluğuna da dövlət təminatı yaradır. Çünki belə bir hüquqi mexanizmin mövcud olmaması vərəsəlik hüququnun konstitusiya təminatını formal etmiş olar. X16 Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Qeyd olunan qərarla Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir.

49. Hazırkı iş üzrə iddia ərizəsi 12 yanvar 2023-cü il tarixdə yəni, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı qüvvəyə minməmişdən əvvəl məhkəmənin icraatında olmuşdur.

50. Yuxarıda da qeyd olunduğu kimi miras qoyanın ölümündən sonra beş vərəsəsi, yəni qızları İddiaçı1, İddiaçı2, Cavabdeh, X12 və X11 qalmışdır.

51. Cavabdeh 06 noyabr 2019-cu il tarixdə 2V-1211 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən vərəsələrin dairəsi gizlədilmişdir. Halbu ki, vərəsələrin heç biri mirasdan imtina etməmişlər.

52. Ona görədə kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd olunmuş hüquqi mövqeyi nəzərə alaaraq hesab edir ki, 06 noyabr 2009-cu il tarixli 2V-1211 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab olunmalı, X6 10 dekabr 2003-cü il tarixdə vəfatından sonra Şəmkir rayonu Qapanlı kəndi, Zaur Səmədov küçəsində miras qalmış 35 nömrəli fərdi yaşayış evi və 0,2680 ha torpaq sahəsi üzərində onun birinci növbə vərəsəlirin hər birinin 1/5 hissədə payları müəyyən olunmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 10- 1, 372-373, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 2(076)-1004/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Şəmkir rayon 1 saylı notariat kontoru tərəfindən Cavabdeh adına verilmiş 06 noyabr 2009-cu il tarixli 2V-1211 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab olunsun. X6 10 dekabr 2003-cü il tarixdə vəfatından sonra Şəmkir rayonu Qapanlı kəndi, Zaur Səmədov küçəsində miras qalmış 35 nömrəli fərdi yaşayış evi və 0,2680 ha torpaq sahəsi üzərində onun birinci növbə vərəsəliri, yəni qızları İddiaçı1, İddiaçı2, Cavabdeh, X12 və X7 hər birinin 1/5 hissədə payları müəyyən olunsun. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar