Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1203/2025 23.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı(satıcı) ilə cavabdeh(müştəri) arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, cavabdeh 100 manat ilkin ödəniş etməklə 1089 manat dəyərində Samsung Galaxy A54 markalı telefonu 12 ay müddətinə hissə-hissə ödəmək şərti ilə iddiaçıdan almışdır. İddiaçı(satıcı) ilə cavabdeh(müştəri) arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, cavabdeh 100 manat ilkin ödəniş etməklə 659 manat dəyərində Redmi 12C markalı telefonu 12 ay müddətinə hissə-hissə ödəmək şərti ilə iddiaçıdan almışdır. İddiaçı(satıcı) ilə cavabdeh(müştəri) arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, cavabdeh 50 manat ilkin ödəniş etməklə 729 manat dəyərində Samsung A244 markalı telefonu 12 ay müddətinə hissə-hissə ödəmək şərti ilə iddiaçıdan almışdır. İddiaçı tərəfindən təqdim edilmiş ərizədən müəyyən olunur ki, cavabdehin xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 413 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 281 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən iisə 396 manat borcu yaranmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1090 manat borcun və 41 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, “Elvin Telekom” adlı telefon mağazasını işlədir. 12 sentyabr 2023-cü il tarixdə cavabdehlə bağlanmış alğı-satqı müqaviləsi üzrə cavabdeh 100 manat ilkin ödəniş etməklə dəyəri 989 manat olan Samsung A54 manat markalı mobil telefonu, 28 sentyabr 2023-cü il tarixdə 100 manat ilkin ödəniş etməklə dəyəri 659 manat olan Redmi 12C markalı mobil telefonu və 08 oktyabr 2023-cü il tarixdə 50 manat ilkin ödəniş etməklə dəyəri 679 manat olan Samsung A24 markalı telefonu 12 ay müddətinə hissə-hissə ödəmək şərti ilə almışdır. Cavabdeh borclu olduğu pulu hissə-hissə ödəməyi öhdəsinə götürsə də öhdəlikləri qismən icra etmiş və cəmi 1090 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə əlaqədar xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmir. Kəlbəcər Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(040)- 109/2025 nömrəli iş üzrə qəbul etdiyi 08 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçı iddia ərizəsində əsaslandığı faktiki halları sübut edə bilməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə ödənişlərini və borcunu göstərən hər hansı bir sənəd (o cümlədən, hesabdan çıxarış, maliyyə arayışı və s.) iş materiallarında aşkar edilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi kredit müqaviləsinin özündə əks olunmuş ödəniş cədvəlini və anlaşılmayan əlyazma qeydlərini məhkəmə mötəbər sübut kimi qəbul etmir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 465.2, 467, 567, 600.1, 600.4, 601.1, 601.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4, 218.3, 284-1, 284-5.1, 284-5.2, 284-5.3-cü maddələrinə maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Dəlilləri iddia tələbinin dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verməmiş, nəticədə prosessual hüquq normasının pozulması ilə nəticələnən əsassız qətnamə qəbul edilmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinin məzmununa uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, işin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilələr üzrə alğı-saqtı predmeti olan əşyalar- - Samsung A54, Redmi 12C, Samsung A24 markalı mobil telefonlar cavabdehə təhvil verilmişdir. Rayon Məhkəməsi cavabdehin borcunu təsdiq edən sənədin(hesabdan çıxarış, maliyyə arayışı və s.) məhkəməyə təqdim edilməməsi əsası ilə iddianı rədd etmişdir. Məhkəmə, Rayon Məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə cavabdehlə bağlanmış alğı-satqı müqavilələri təqdim edilmişdir. MPM-in 284-5-ci maddəsində qeyd olunur ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Göründüyü kimi, birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarını pozaraq, iş üzrə tam və hərtərəfli araşdırma aparmayaraq, iddia tələbini rədd etmişdir. İddiaçı tərəfindən Məhkəməyə təqdim edilmiş ərizə(maliyyə arayışı) ilə müəyyən olunur ki, cavabdehin xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 413 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 281 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən isə 396 manat borcu yaranmışdır. Cavabdehin alğı-satqı müqavilələri üzrə öhdəliyini tam icra etməsi isə iş materialları ilə müəyyən olunmur. Belə olan halda iddiaçı 1090 manat məbləğində borcu cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə xərclərinə münasibətdə Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan iddia ərizəsinin verilməsi üçün ödənilməli olan 30,9 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğun deyil. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair tələbi təmin edilsin. Cavabdeh 1090(bir min doxsan) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30(otuz) manat 90(doxsan) qəpik pul tutularaq İddiaçı ödənilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1203/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1203/2025
23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver