Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1204/2025 01.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: borcun ödənilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli 2(040)-295/2025 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə 01 iyul 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC-nin abunəçi Cavabdeh (abunə № **********00523) barəsində “Abunə haqqında” çıxarışından görünür ki, abunəçinin ünvanında 11 may 2013-cü il tarixdə quraşdırılmış “**********M0102370” nömrəli sayğac üzrə 15 noyabr 2022-ci ilədək olan hesablamaya görə cəmi 695 manat borcu olmuşdur;
2. 23 yanvar 2024-cü il tarixli “NDM №038101” nömrəli aktın surətində qeyd edilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları: S.N.İ-nin mühəndisi X.Hacıbabayevin iştirakı ilə Cavabdeh (kod № **********00523) Oğuz rayonunda yerləşən istehsal obyektində elektrik enerjisi uçotu və X1 Qaydalarına riayət olunması yoxlanılarkən aşağıdakı pozuntu faktı aşkar edilmişdir: “abonent kənar xətdən istifadə edir; kənar xəttin en kəsiyi (S=4 mm2 mis məftildən) ibarətdir”;
3. "xxxx" ASC tərəfindən 07 may 2024-cü il tarixdə abunəçiyə göndərilmiş pretenziya məktubundan görünür ki, abunəçi Cavabdeh "xxxx" ASC-yə olan borcu barədə məlumat verilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 695 manat borc və iddiaçı tərəfindən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun pul əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Oğuz Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli 2(074)-492/2024 saylı qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir
6. İddiaçı "xxxx" ASC tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********00523 olan Cavabdeh X1 etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 695 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh dəfələrlə müraciət edilmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elektrik enerjisinin haqqı olan 695 manat borcu bu günədək ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşları hər ay Cavabdeh ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Həmçinin elektrik enerjisinin alqı-satqısı ilə bağlı hüquqi münasibətlər tərəflər arasında bağlanılmış “Enerjitəchizatı müəsisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısı barədə” müqavilə ilə tənzimlənir və cavabdeh tərəf həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozur.
7. Kəlbəcər Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli 2(040)-295/2025 qətnaməsi ilə (hakim Həsən Qəniyev) iddianın rədd edilməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 386.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın 7.13, 8.2, 8.17-1, 8.17-2 və 8.35-ci bəndlərinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı "xxxx" ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə iddianın rədd edilməsinə dair qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeh barəsində 23 yanvar 2024-cü il tarixli X1 qaydalarının pozulması ilə bağlı NDM 038101 nömrəli akt tərtib edilmiş, lakin akt tərtib edilən zaman abonentin iştirakı təmin edilməmiş, aktda bunun səbəbi göstərilməmiş, həmçinin iddia olunan pozuntu ilə bağlı foto və video-çəkiliş aparılmamış, bununla da X1 Qaydalarının 8.17-2-ci bəndinin tələbləri pozulmuşdur. Qeyd etməyi zəruri hesab edir ki, akt tərtib edilən zaman cavabdehin iştirakı təmin edilmiş və iddiaçının akti imzalamaqdan imtina etməsi barədə qeyd yerinə imza atılmışdır. Həmçinin iddia olunan pozuntu ilə bağlı videoçəkiliş aparılmış və həmin videoçəkilişdə pozuntu tam olaraq sübut olnmuşdur. Aparılmış videoçəkiliş "xxxx" ASC tərəfindən CD diskə yazılaraq sübut kimi iş materiallarına əlavə edilmiş və həmin CD disk iş materiallarında mövcuddur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı "xxxx" ASC “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir.
14. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
«İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunu
15. Maddə 13.8. Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.
16. Maddə 17. Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş «X1 qaydaları» 1.1-ci bənd. Elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçı, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X1 edən istehlakçıdır. 7.11-ci bənd. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
22. Maddə 384.0.1. apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. İşin müəyyən olunmuş və faktiki hallarından göründüyü kimi Cavabdeh Oğuz rayonu Calud kəndindəki istehsal obyektində "xxxx" ASC-nin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən 23 yanvar 2024-cü il tarixdə abonent Cavabdeh yaşadığı evə verilən elektirik sayğacı ilə bağlı reyd keçirilmişdir. Bu zaman sayğacdan kənar X1 halı müəyyən edildiyi və elektrik yükünü ölçməyin mümkün olmadığı əsas göstərilməklə “NDM №038101” nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında da cavabdehin yaşadığı evin abonent hesabına 695 manat borc hesablanmışdır. İddiaçı həmin borcun ödənilməsi üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
29. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
30. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı təşkilat iddia ərizəsinin məzmununda cavabdehin istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış borcun ödənilməsini xahiş etsə də, lakin həmin borc X1 nəticəsində yaranmış borc deyildir, sayğacdan kənar xətt vasitəsilə istifadə ilə bağlı dəymiş ziyanın kimi hesablanmış cərimə borcudur.
31. «Elektroenergetika haqqında» 11 aprel 2023-cü il № 858-VİQ Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə görə, qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.
32. Hazırkı işdə sayğaca müdaxilə aşkar edilməsi barədə aktın bir nüsxəsinin müvafiq dövlət orqanına göndərilməsi, habelə istehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması barədə həmin orqanın və ya məhkəmənin qərarı olması müəyyən edilmir. Bu halda, iddiaçı təşkilatın elektrik enerjisi itkisinə məruz qaldığını əsas göstərməklə dəymiş ziyanın əvəzi qismində cavabdehdən borc tələb etməsi hər hansı hüquqi əsasa söykənmir. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
33. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli 2(040)-295/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.