Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1211/2023 25.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Qazax Rayon Məhkəməsinin 2(023)-53/2023 saylı mülki iş üzrə 03 fevral 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi, mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakdan və mərhum atası X1 adına dövlət tərəfindən köçürülmüş 8800 manat pul vəsaitindən onun payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-ci il tarixdə İddiaçı qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mirasın faktiki qəbul edilməsi, miras əmlakdan payın müəyyən edilməsi tələbi”nə dair məhkəməyə qarşılıqlı iddia ərizəsi vermişdir. Qazax Rayon Məhkəməsinin 2(023)-53/2023 saylı mülki iş üzrə 03 fevral 2023-cü il tarixli qərardadına əsasən Cavabdeh xx.xx.2023-ci il tarixdə İddiaçı qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mirasın faktiki qəbul edilməsi, miras əmlakdan payın müəyyən edilməsi tələbi”nə dair qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan Cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini, qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə dövründə 26 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qazax Rayon Məhkəməsinə daxil olmuş məktubda müəyyən olunmuşdur ki, atasından Azərbaycan Respublikasının Prezidentinin 23 dekabr 2021-ci il tarixli 1513 nömrəli Fərmanına əsasən əlilliyinə uyğun olaraq 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində birdəfəlik ödəmə vardır. Bu ödəməyə onun miras payı tam olaraq müəyyən edilməlidir. Bu hal 26 yanvar 2023-cü il tarixdə müəyyən olunduğu üçün o qarşılıqlı iddianı indi verib və qarşılıqlı iddiasını məhkəmə baxışında verməsi əsaslıdır. Qazax Rayon Məhkəməsinin 2(023)-53/2023 saylı mülki iş üzrə 17 fevral 2023-cü il tarixli qərardadı ilə (hakim:F.Məmmədov) şikayəti təmin edilməmiş və şikayətə işlə birlikdə baxılması üçün 7 gün müddətinə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasını Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını tətqiq edib, məruzəçi hakimi dinləyib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Qazax Rayon Məhkəməsinin 2(023)-53/2023 saylı mülki iş üzrə 03 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Göründüyü kimi, mərhum X2 adına dövlət tərəfindən 8800 manat pul vəsaitinin köçürülməsi barədə iddia ərizəsində məlumatlar verilmiş, iş üzrə məhkəmənin hazırlıq iclası 25 oktyabr 2022-ci il tarixdə keçirilmiş, məhkəmə baxışı 17 noyabr 2022-ci il tarixə təyin edilmiş və bundan sonra bir necə dəfə məhkəmə baxış iclasları keçirilmişdir. Qarşılıqlı iddia ərizəsi isə məhkəməyə 02 fevral 2023-cü il tarixdə verilmişdir. Bununla da qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddianın verilməsi üçün qanunla müəyyən edilmiş müddəti buraxmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini həmin əsasla geri qaytarmaqda haqlı olmuşdur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir, Cavabdeh şikayəti təmin edilməməli, Qazax Rayon Məhkəməsinin 2(023)-53/2023 saylı mülki iş üzrə 03 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməinin bu növ qərardadlarından kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 2(023)-53/2023 saylı mülki iş üzrə 03 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1211/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1211/2023
25.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver