Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1213/2024 06.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədirliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1109/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında ünvan 1 ünvanında yerləşən evə dair yazılmış 550.16 (beşyüz əlli manat on altı qəpik) manat borcun silinməsi tələbinə dair Gəncə Şəhər Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandımışdır ki, o müharibə veteranı olmaqla, ünvan 1 ünvanda yerləşən vəfat etmiş atası X1 məxsus olan evdə yaşayır və həmin evə dair **********00580 saylı abonent saldosu mövcud olmaqla təbii qaz istifadəçisidir. Cavabdeh tərəfindən 13 oktyabr 2023-cü il tarixdə G-4 markalı, **********8 saylı təbii qaz sayğacı yenisi ilə əvəz edilmiş,ona qanunsuz olaraq dəymiş ziyan hesablanaraq cərimə yazılmışdır. Beləliklə, cavabdeh təşkilat tərəfindən dəymiş ziyanlıq üçün tərtib edilmiş sənədləşmə arasında birbirinə uyğun olmayan sənədləşmə aparılaraq onun hüquqları birbaşa pozulmuşdur. Qaz sayğacına dəymiş ziyanın hesablanması qaydası haqqında heç bir əsas olmadan qanunsuz və qaz sayğacına müdaxilə edilməsi barədə “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktda sayğaca müdaxilə edilməsi barədə heç bir sübut olmadan əsassız 550,16 manat cərimə yazılmışdır. Hesab edir ki, cavabdeh təşkilatın bu cür istehlakçı hüquqlarını kobudcasına pozulması tamamilə qanunsuz və əsassızdır. Belə ki, sayğac cavabdeh təşkilatın nümayəndəsi tərəfindən onun evinə quraşdırılmış və sayğaca plomb vurulmuşdur. Sayğac sökülərkən isə yenə həmin təşkilatın nümayəndələri tərəfindən sökülmüş və plomb onların özü tərəfindən açılmışdır. Yəni onun tərəfindən ümumiyyətlə sayğaca müdaxilə edilməməsinə baxmayaraq Cavabdeh əməkdaşları tərəfindən 30 oktyabr 2023-cü il tarixli, ******* saylı aktda guya qaz sayğacına müdaxilə olunduğu göstərilmişdir. Sözü gedən akt onun iştirakı və xəbəri olmadan,xəbəri olmadığı halda onun əvəzinə imza hissəsində “imtina” kimi qeyd edilərək başqa bir yerdə tərtib olunmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1109/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Zaman İmanov) iddia təmin edilmiş, ünvan 2 ünvanında təbii qazdan istifadə qaydalarının pozulmasına görə ******* nömrəli, 30 oktyabr 2023-cü il tarixli akt əsasında İddiaçı Cavabdeh tərəfindən hesablanmış 550,16 (beş yüz əlli manat on altı qəpik) manat məbləğində borcun silinməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1109/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfin formal mülahizələrlə qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. İddiaçının mənzilində quraşdırılmış qaz sayğacı istismar müddətinin başa çatması ilə əlaqədar dəyişdirilərək, dövlət yoxlamasına göndərilmiş, sayğacın hesablama mexanizminin qaz həcminin qeyd etməməsi aşkar edilmişdir. Ona görə də, iddiaçıya 2023-cü ilin oktyabr ayında sayğac üzrə müəyyən edilmiş məbləğin və 31.76 manat debitor borcun ümumilikdə 550.16 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Cavabdeh İB-nə işə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, xx.xx.2023–cü il tarixdə yaşadığı ünvan 1 ünvanında yerləşən vəfat etmiş atasına məxsus fərdi yaşayış evində quraşdırılmış təbii qaz sayğacına Cavabdeh İB–nin əməkdaşları tərəfindən baxış keçirilmiş və onun məlumatı olmadan 550.16 manat borc hesablanmışdır. Belə ki, Cavabdeh ASC–nin əməkdaşları onu məlumatlandırmadan sayğaca baxış keçirmiş, baxış zamanı sayğacdan qaz keçməsi və hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsi müəyyən edilmiş, bununla da guya onun tərəfindən sayğaca müdaxilə edilməsi faktı aşkar olunmuşdur. Halbuki, o, tərtib edilmiş aktla razılaşmamışdır. Belə ki, həmin qaz sayğacına onun tərəfindən heç bir müdaxilə edilməməsini bildirsə də, cavabdehin əməkdaşları onun iradlarına məhəl qoymamışlar. Tərtib olunmuş aktın isə nə vaxt və kim tərəfindən tərtib edilməsindən məlumatı olmamışdır. Əlavə olaraq qeyd edir ki, istifadə etdiyi təbii qazın dəyərini vaxtlı–vaxtında ödəmiş və onun heç vaxt borcu olmamışdır. Bu hal isə ona dəlalət edir ki, tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış cərimə əsassız və qanunsuz olmuşdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1109/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1109/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə əlavə edilmiş: AZ-İ seriyalı, 082586 nömrəli, Gəncə şəhər Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş, 27 mart 2004-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 26 mart 2004-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 27 mart 2004-cü il tarixdə 199 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi beyin insultu qeyd edilmişdir. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Kirovabad şəhəri, ünvan 3 ünvanı X1 məxsusdur. İ-İE seriyalı, 758431 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1953-cü il tarixdə doğulmuşdur. Atası - X2, anası – X3r. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, 30 oktyabr 2023cü il tarixli aktdan görünür ki, Gəncə XS-nin TQQ və XS-nin rəis müavini Turqay Oktay, mühəndis Nəcəfov Kamil, çilingər Məmmədov Feyruz iştirakı ilə akt tərtib edilmişdir ondan ötrü ki, istehlakçıya məxsus qeyri yaşayış sahəsində xx.xx.2023-cü il tarixində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və aşağıdakılar müəyyən olunmuşdur: Cavabdeh İB-nin 14-2-2/3-5-10747 nömrəli rəyə əsasən sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Dəymiş ziyanın hesablanması və abonent tərərfindən ödənilməsi tələb edilmişdir. Həmin akt Turqay Oktay, Nəcəfov Kamil və Məmmədov Feyruz tərəfindən imzalanmış, istehlakçının nümayəndəsi Kərimov Əjdər tərəfindən aktın imzalanmasından imtina edilməsi qeyd edilmişdir. Fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus qaz sayğacı onun evinin həyət divarına bitişik, küçədə quraşdırılmışdır. **********00580 nömrəli abonent saldosundan görünür ki, ünvan 2 ünvanına təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilən akta əsasən ona 550,16 manat borc yazılmışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 13 oktyabr 2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, “Zenner” tipli, G-4 markalı, **********8 nömrəli sayğac sərfiyyatı silmədiyi üçün çıxarılmış, “Zenner” tipli, G4 markalı, **********8 nömrəli sayğacı quraşdırılmışdır. 20 iyun 1997-ci il tarixli, 001508 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Vəsiqə müddətsizdir və Azərbaycan Respublikasının ərazisində qüvvədədir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı mənzilində quraşdırılmış qaz sayğacı istismar müddətinin başa çatması ilə əlaqədar dəyişdirilərək, dövlət yoxlamasına göndərilmiş, sayğacın hesablama mexanizminin qüsurlu olması aşkar edilmişdir. Ona görə də, cavabdeh tərəfindən iddiaçıya itirilmiş qazın bərpası məqsədilə 550.16 manat borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 6-cı maddəsinin 2-ci hissəsinə görə, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. 13-cü maddəsinin 8-ci bəndinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 3.1.2-ci bəndinə görə, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçını qazın alğı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməlidir. 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.3-cü bəndinə görə, qaz sayğacları SMPDK tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.1-ci bəndinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qanunvericiliyin tələblərinə görə, fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini qaz paylayıcı daşıdığından, həmçinin qaz sayğacının sıradan çıxmasının bilavasitə istehlakçının təsiri üzündən baş verməsi sübuta yetirilmədiyindən, qaz sayğacında aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində heç bir sanksiya tətbiq edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus qaz sayğacının hesablama mexanizminin qüsurlu olması aşkar edilsə də, həmin halın baş verməsində iddiaçının təqsiri müəyyən edilməmişdir. Yəni, iddiaçıya məxsus fərdi yaşayış evində quraşdırılmış sayğacın mexanizminin qüsurlu olması məhz sonuncu tərəfindən həyata keçirilməsi və ya qüsurda onun hər hansı bir təqsirinin olması iş materialları ilə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki qanunvericliyin qeyd edilən tələblərindən göründüyü kimi, hüququ pozulmuş şəxsin əmlakından məhrum olması və ya əmlakının zədələnməsi nəticəsində və ya mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki hüquq pozuntusu - delikt isə, hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Göründüyü kimi, məhz iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1109/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPMnin 372, 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1109/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1213/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1213/2024
06.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver