Məhkəmə qərarları › İş №2(104)-1213/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1213/2025

05.06.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1213/2025 05.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası – hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Tovuz Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli, 2(062)-1803/2024 saylı qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək (maraqlı şəxs Tovuz RQİ və TBŞ) “Mercedes Benz 208” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair Cavabdeh2 ilə X2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını, əməlində cinayət tərkibi olan şəxslərin barəsində xüsusi qərardad çıxararaq prokurorluğa göndərilməsini xahiş etmişdir Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı 11.000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-1803/2024 nömrəli qətnaməsi ilə (hakim Z.Hünmətov) iddianın qismən təmin edilməsi, Cavabdeh4 11.000 (on bir min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 manatın alınaraq İddiaçı2 verilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh4 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh4 eyni zamanda apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Tovuz rayon Məhkəməsinin 2(062)-1803/2024 saylı, xx.xx.2024-cü tarixli qətnaməsini xx.xx.2024-cü il tarixdə almışdır. Həmin qətnamədən vaxtında apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti düzgün tərtib olunmadığına görə geri qaytarılmışdır. Ona görə də müddət bərpa edilməlidir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(062)-1803/2024 nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı “11.000 manat pul” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-1803/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsi, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)- 1803/2024 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinin ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı2 şikayət verərək, şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh müddət bərpası ilə bağlı ərizəni elektron qaydada verməmiş, adi qaydada kağız formatında vermişdir. Bundan əlavə xx.xx.2024-cü il tarixində iş üzrə icra vərəqəsi İcra Şöbəsinə göndərilmişdir. Ona görə də hesab edir ki, Tovuz Rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ləğv olunmalıdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(062)-1803/2024 nömrəli qərardadı ilə Tovuz Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli 2(062)-1803/2024 qərardadından verilmiş şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün Azərbaycan Respublikası MPM-nin 269.3-cü maddəsinin tələbinə uyğun olaraq işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimi dinləyərək hesab edir ki, şikayət təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli, 2(062)-1803/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Tovuz rayon Məhkəməsinin 2(062)-1803/2024 saylı, xx.xx.2024-cü tarixli qətnaməsi Cavabdeh4 məxsus elektron kabinetə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. İşin hallarından müəyən olunur ki, Cavabdeh4 ilk dəfə apellyasiya şikayətini vaxtında vermiş, həmin apellyasiya şikayəti düzgün tərtib olunmadığına görə geri qaytarılmış, bundan sonra göstərilən nöqsanları düzətdikdən sonra yenidən apellyasiya şikayəti vermiş, bu zaman prosessual müddəti buraxmışdır. Hazırki halda kollegiya cavabdehin narazı qaldığı məhkəmə aktından şikayət verə bilməsi hüququnun realizə edilməsinin mümkün edilməsi üçün hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin edilməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsində təsbit olunmuş İnsan və vətəndaş hüquqularının müdafiəsi adlanan maddəsində göstərilir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsində isə göstərilir ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 08 may 2008-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı hüquqi mövqeyini aşağıdakı qaydada nümayiş etdirmişdir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq-hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli Qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir”. Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilmədən Tovuz Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli, 2(062)-1803/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 133, 264, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli, 2(062)-1803/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar