Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1217/2025 05.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 Cavabdeh və maraqlı şəxs Bərdə regional “ASAN xidmət” mərkəzindəki notariat ofisinə qarşı iş üzrə Açar sözlər: iradə ifadəsi; etibarlı əqd Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 Cavabdeh və maraqlı şəxs Bərdə regional “ASAN xidmət” mərkəzindəki notariat ofisinə qarşı alqı-satqı müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli 2(021)-924/2025 nömrəli qətnaməsindən İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə 05 avqust 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bərdə şəhəri Koroğlu küçəsi ev 112-də yerləşən 5 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 məxsus olmuşdur;
2. **********620 nömrəli xx.xx.2024-cü il tarixli 8İ-5620 reyestr nömrəli İddiaçı1 tərəfindən notariat ofisinə ünvanlanmış ərizənin surətindən görünür ki, İddiaçı1 xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında ona məxsus olan Bərdə şəhəri Koroğlu küçəsi ev 112-də yerləşən 5 nömrəli mənzili satmaq istədiyini, bununla əlaqədar həmin əmlak üzərində qadağanın olubolmaması və s. barədə real vaxt rejimində məlumat əldə edilməsini xahiş etmişdir;
3. Satıcı İddiaçı1 və alıcı Cavabdeh tərəfindən birgə formada Bərdə regional “ASAN xidmət” mərkəzindəki notariat ofisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, onlar İddiaçı1 məxsus Bərdə şəhəri Koroğlu küçəsi ev 112-də yerləşən 5 nömrəli mənzilin (1/1 hissə 23.8 kv.m 1) 18000 manat qiymətə satılması barədə razılığa gəlmişlər. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiqi notariat qaydasında təsdiqlənməsi, həmçinin bununla bağlı bank xərclərinin ödənilməsini alıcı öz üzərinə götürür. “Alıcı” bu barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin "xxxx" Bərdə Asan şöbəsindəki depozit hesabına qəbul olunmasını xahiş edir. Satıcı həmin məbləğin müvafiq müqavilə təsdiq edildikdən sonra "xxxx" Bərdə Asan şöbəsindəki depozit hesabı vasitəsilə ödəniləcəyi barədə qanunvericiliyin tələblərinin ona izah olunmasını xahiş edir;
4. **********621 nömrəli xx.xx.2024-cü il tarixli 8İ-5621 reyestr nömrəli İddiaçı3 tərəfindən notariat ofisinə ünvanlanmış ərizənin surətindən görünür ki, o, xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında birgə nikah dövründə əldə edilmiş əri İddiaçı1 məxsus Bərdə şəhəri Koroğlu küçəsi ev 112-də yerləşən 5 nömrəli mənzilin satılmasına razı olduğunu və heç bir etirazı olmadığını qeyd etmişdir. Eyni zamanda bəyan edir ki, satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır;
5. Bərdə regional “ASAN xidmət” mərkəzindəki notariat ofisində bağlanmış 11 mart 2024-cü il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı1 özünə məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 23,8 kv.m, yaşayış sahəsi 19,2 kv.m olan 1 otaqlı mənzili 18000 manata alıcı Cavabdeh satmışdır;
6. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli mədaxil qəbzdən görünür ki, Cavabdeh 20000 manat pulu notariat ofisinin depozit hesabına köçürtmüşdür;
7. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, notariat ofisində bağlanmış alqı-satqı müqaviləsi üzrə 18036 manat vəsait alıcı Cavabdeh tərəfindən hesaba köçürülmüş, satıcı İddiaçı1 da ******* N qəbzə əsasən həmin vəsaiti qəbul etmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 Cavabdeh, maraqlı şəxs Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə bağlanmış AN İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin və onların doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, övladı İddiaçı4 Bərdə rayonunda fəaliyət göstərən "xxxx" MMC də işləmişdir. Sənədləşmə olmadan onlara övladının 38000 manat borcu olduğunu, hədələyərək tutduracaqları ilə qorxudaraq 35655 manat 90 qəpik borcu olması təəsüratını yaratmışlar. Onları qorxudaraq ünvan 3 ünvanında yerləşən evi – Cavabdeh adına Bərdə Asan Xidmət Mərkəzində alqı-satqı müqaviləsi ilə verilmişdir. Halbuki, onlar evi satmamış, nə də oradan pul almamışdırlar. Onlar hər ay borclarından 500 manat ödəmək istəsələr də də bunu etmirlər. Hətta onlardan zorla aldıqları evə özləri 18000 manat qiymət qoyublar. Halbuki, həmin evin dəyəri 30000-35000 manatdır.
10. Bərdə Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli 2(021)-924/2025 nömrəli qətnaməsi ilə (hakim Fərman Abdullayev) iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 Cavabdeh, maraqlı şəxs Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə qarşı “xx.xx.2024-cü il tarixli AN-İ №1211199 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbinin təmin olunmaması; İş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 152.1, 324.1, 324.2, 324.3, 324.4, 324.5, 324.6, 325.1, 331.1, 334.1, 334.2, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.1, 339.1, 339.2, 339.3, 339.4, 339.6, 347.1, 347.2, 347.3, 425.1, 560.1, 560.2 və 560.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı3 iddia ərizəsində qeyd edilən dəlillərə istinad etməklə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Prosessual məsələlər
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı1 məhkəməyə ərizə ünvanlayaraq hüzur yeri düşdüyü üçün məhkəmə iclasında iştirak edə bilməyəciyini bildirmişdir. Digər proses iştirakçıları isə məhkəmə iclasına gəlməmələrinin səbəbi və mümkünsüzlyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası əvvəlki məhkəmə iclasının təxirə salınmasını və işin baxılması müddətini nəzərə alaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
17. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
18. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
19. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
20. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
21. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
22. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən çıxarışa əsasən Bərdə şəhəri Koroğlu küçəsi ev 112-də yerləşən 5 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 məxsus olmuşdur. İddiaçılar İddiaçı1 və İddiaçı3 ər-arvaddır və sözügedən əmlak onların birgə nikah dövründə əldə edilmişdir. Həmin daşınmaz əmlakın alqı-satqısı barədə İddiaçı1la Cavabdeh arasında razılaşma olmuşdur. Bərdə regional “ASAN xidmət” mərkəzindəki notariat ofisində satıcı İddiaçı1 ilə alıcı Cavabdeh arasında bağlanmış 11 mart 2024-cü il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında satıcı Bərdə şəhəri Koroğlu küçəsi ev 112-də yerləşən 5 nömrəli mənzili alıcıya 18000 manata satmışdır. Alıcı Cavabdeh 20000 manat pulu notariat ofisinin "xxxx" ASC-dəki depozit hesabına köçürtmüşdür, satıcı İddiaçı1 da ******* N qəbzə əsasən həmin vəsaiti qəbul etmişdir. İddiaçılar sənədləşmə olmadan onlara övladının 38000 manat borcu olduğunu, hədələyərək tutduracaqları ilə qorxudaraq 35655 manat 90 qəpik borcu olması təəsüratını yaratdıqlarını, onları qorxudaraq ünvan 3 ünvanında yerləşən evi – Cavabdeh adına Bərdə Asan Xidmət Mərkəzində alqı-satqı müqaviləsi ilə verildiyini, halbuki onların evi satmadıqlarını, nə də ki, oradan pul almadıqlarını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər.
34. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
35. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarı).
36. İstənilən iddia ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
37. İşin müəyyən edilmiş və faktiki hallarından aydın olur ki, İddiaçı1 məxsus Bərdə şəhəri Koroğlu küçəsi ev 112-də yerləşən 5 nömrəli mənzilin alqı-satqısı barədə tərəflər arasında razılaşma olmuşdur. Bərdə regional “ASAN xidmət” mərkəzindəki notariat ofisində satıcı İddiaçı1 ilə alıcı Cavabdeh arasında bağlanmış 11 mart 2024-cü il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında satıcı Bərdə şəhəri Koroğlu küçəsi ev 112-də yerləşən 5 nömrəli mənzili alıcıya 18000 manata satmışdır.
38. İlk növbədə qeyd edilməlidir ki, mübahisələndirilən əqd səlahiyyətli subyektlər arasında bağlanmış, habelə əqdin forma və məzmunu ilə bağlı mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmişdir. Həmin əqdlə bağlı notariat ofisində açılmış notariat işinin sənədlərinə nəzər saldıqda satış predmeti olan əmlak İddiaçı1la arvadı İddiaçı3 birgə nikah dövründə əldə edildiyindən əmlakın özgəninkiləşdirilməsinə dair sonuncunun notariat qaydada təsdiq edilmiş razılıq ərizəsinin alındığı, evin dəyərinin notariat ofisinin depozit hesabından iddiaçı (satıcı) İddiaçı1 ödənildiyi müəyyən olunur. Bir sözlə, mübahisələndirilən alqı-satqı müqaviləsinin mülki qanunvericiliyin tələblərinə uyğun bağlandığı öz təsdiqini tapdığından məhkəmə kollegiyası həmin müqaviləni etibarlı əqd olaraq qiymətləndirir.
39. İddiaçıların iddia tələbi üzrə başlıca dəlilləri ondan ibarət olmuşdur ki, övladlarının 38000 manat borcu olduğu, hədələyərək tutduracaqları ilə qorxudaraq 35655 manat 90 qəpik borcu olması təəsüratı yaradılmış, onları qorxudaraq ünvan 3 ünvanında yerləşən evi – Cavabdeh adına alqı-satqı etmişlər.
40. Bir sözlə, iddiaçılar hədə-qorxuya məruz qalaraq məcburiyyət qarşısında qalaraq alqısatqı müqaviləsini imzaladıqlarını iddia edirlər.
41. Bu əsasla əqdin mübahisələndirilməsi isə Mülki Məcəllənin 339.4-cü maddəsində nəzərdə tutulmuşdur.
42. Həmin maddənin tələbinə görə, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
43. Kollegiya göstərir ki, İddiaçı1 yazılı qaydada tərtib edilmiş və notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında (arvadı İddiaçı1 da razılıq ərizəsi verməklə) əmlakı cavadeh Cavabdeh satdıqları, alıcının da əmlakın razılaşdırılmış dəyərini notariat ofisinin depozit hesabına köçürtməklə satıcıya ödəməsi sübuta yetirildiyinə görə, yuxarıda qeyd olunan olunan halların mövcudluğunu sübut etmə öhdəliyi də Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddiaçıların üzərinə düşür. Lakin, iddiaçılar qeyd olunan maddələrin dispozisiya şərtlərinin mövcudluğunu təsdiq edən heç bir sübutu təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişlər.
44. Bir sözlə, hazırkı işin halları yuxarıda göstərilən hüquq normaları baxımından tədqiq olunduqda görünür ki, iddiaçıların cavabdeh tərəfindən hədə-qorxuya məruz qoyulmaqla müqavilənin bağlanmasına məcbur edildiyi barədə nəticəyə gəlməyə əsas verən hallar mövcud deyildir. İddiaçı1 könüllü olaraq notarial qaydada mübahisəli əmlaka dair sərəncam vermiş və onun nəticələrini görərək bunu arzu etmişdir. Bir sözlə mübahisələndirilən alqı-satqı müqaviləsi onun iradə ifadəsini əks etdirmişdir. Beləliklə də hər hansı məcburetmə (zorakılıq və ya hədələmə) istifadə olunmasından bəhs etmək mümkün deyildir.
45. Kollegiya həmçinin qeyd edir ki, mübahisəsi gedən əmlakın bazar qiymətinə uyğun və ya bu qiymətdən aşağı dəyərə satılması mülki qanunvericiliyin tələbləri baxımından əqdin etibarsızlığına dəlalət etmir. Çünki, Mülki Məcəllənin 6-cı maddəsinə əsasən, mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı və mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin əsas prinsiplərindədir.
46. Qeyd edilməlidir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı əldə edənin əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyənin sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.
47. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən hallarını nəzərdən keçirərək qeyd edir ki, hazırkı vəziyyətdə iddiaçı tərəfin formal mülahizələrinə görə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi mübahisəsi gedən əmlakı qanuni əsaslarla əldə edən alıcı Cavabdeh da hüquqlarının əsassız olaraq pozulması ilə nəticələnər.
48. İşin sadalanan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğundur. Müqavilənin iddiaçıların iradəsinə zidd bağlanmış olması barədə hazırkı iddia tələbi əsassızdır.
49. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, alqı-satqı müqavilələsinin etibarsızlığından irəli gələn digər tələb üzrə (doğan hüquqi nəticələrin etibarsızlığı) əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır; çünki alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir.
50. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, işin yuxarıda sadalanan hallarına istinadən şikayətin dəlilləri kollegiya tərəfindən əsassız sayılmışdır.
51. Şərh olunanların yekunu olaraq kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir. Məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli 2(021)-924/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.