Məhkəmə qərarları › İş №2(104)-1225/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1225/2023

11.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1225/2023 11.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı Raquf qızının iştirakı ilə, Naftalan Şəhər Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(052)-19/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Raquf qızı cavabdehlər Cavabdeh və Naftalan şəhər dövlət notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 sentyabr 2022-ci il tarixli, 2V-58 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 22 sentyabr 2022-ci il tarixli, 2V-58 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Naftalan Şəhər Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(052)-19/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ayaz Səlimov) iddia təmin edilmiş, Naftalan şəhər dövlət notariat ofisi tərəfindən verilmiş 22 sentyabr 2022-ci il tarixli, 2V-58 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Naftalan Şəhər Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(052)-19/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iddiaçı mərhum qardaşının ölümündən sonra onun dəfnində iştirak etməmiş, mərhumun bütün dəfn xərcləri onun tərəfindən icra edilmişdir. Qardaşının ölümündən sonra o, mirasın qəbulu ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmişdir. İddiaçı isə mirası qəbul etməmiş və onun qəbulu ilə bağlı heç bir hərəkət nümayiş etdirməmişdir. İddiaçının mirası qəbul etmədiyi halda mirasın qəbulu növbəlik üzrə 2-ci növbə vərəsəyə keçir. Cavabdehlər Cavabdeh və Naftalan şəhər dövlət notariat ofisinə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Raquf qızı apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, mərhum X12 onun əri olmuş, nikahlarından X13 adlı bir uşaqları doğulmuşdur. Cavabdeh isə onun keçmiş baldızıdır. X12 ilə ayrıldıqdan sonra qızı Aysu onun yanında yaşamışdır. Hazırda Aysunun 12 yaşı vardır. ünvan 1 ünvanında yerləşən ev mərhum əri X8 mülkiyyətində olmuşdur. X12 25 fevral 2022-ci il tarixdə vəfat etdikdən sonra, hazırda onun yanında yaşayan Aysu adlı qızı atasının birinci növbədə vərəsəsi olduğu üçün o, Goranboy rayon notariat ofisinə ərizə ilə müraciət etmiş, müraciəti əsasında vərəslik işi açılmışdır. Daha sonra ona bildirilmişdir ki, uşağın atasından miras qalmış əmlakın qəbul edilməsi üçün 6 ay müddət gözlənilməlidir. Həmin müddət keçdikdən sonra vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədi ilə notariat ofisinə yaxınlaşmış, bu zaman məlum olmuşdur ki, X5 qalmış miras ev barəsində Naftalan şəhər dövlət notariat ofisi tərəfindən mərhumun bacısı Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, Cavabdeh isə şəhadətnamə əsasında evi mülkiyyətinə keçirmişdir. Halbuki Naftalan şəhər dövlət notariat ofisi mərhumun birinci növbədən vərəsələrinin olmasını nəzərə almamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsini qanuni və əsaslı sayır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Naftalan Şəhər Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(052)-19/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Naftalan Şəhər Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(052)-19/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 20 aprel 2010-cu ildə doğulmuşdur. X2, anası İddiaçı Raquf qızıdır. doğum haqqında arayışdan görünür ki, X12 26 oktyabr 1966-cı ildə doğulmuşdur. X3, anası X6r. doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 11 iyul 1964-cü ildə doğulmuşdur. X3, anası X6r. ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 25 fevral 2022-ci il tarixdə ikincili bədxassəli yenitörəmə səbəbinədən ölmüşdür. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi, X4 və Mülkiyyət Hüquqların Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil X8 adına mülkiyyət hüququ əsasında fərdi yaşayış fondu kimi qeydə alınmışdır. “Elektron notariat” X1 Çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə ölmüş şəxs X8 qanun üzrə vərəsəsi X9 münasibətdə vərəsəlik işi açılmışdır. Vərəsəlik işində olan xx.xx.2022-ci il tarixli, 2V-58 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, 25 fevral 2022-ci ildə vəfat etmiş X8 vərəsəsi Muradova X15 şəhəri, İ.Həsənzadə küçəsi ev 8, mənzil 37 ünvanda yerləşən mənzildən ibarət miras əmlaka tam pay hüququ almışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən mənzil mərhum X8 mülkiyyətində olmuş, X12 25 fevral 2022-ci il tarixdə vəfat etdikdən sonra onun birinci növbədə vərəsəsi olan X7 anası İddiaçı Raquf qızı mərhumdan miras qalmış əmlakda qızının payının müəyyən edilməsi üçün 17 iyun 2022-ci il tarixdə Goranboy rayon notariat ofisinə, mərhumun bacısı Cavabdeh isə 20 iyul 2022-ci il tarixdə Naftalan şəhər dövlət notariat ofisinə müraciət etmiş, həmin müraciətlər əsasında vərəsəlik işləri açılmışdır. Daha sonra isə ilk olaraq Naftalan şəhər dövlət notariat ofisi tərəfindən mübahisəli mənzilə dair Cavabdeh adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırda İddiaçı Raquf qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh verilmiş şəhadətnamənin qanunvericiliyin tələblərinə zidd olaraq verildiyini, bu səbəbdən həmin şəhadətnamənin etibarsız hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MM-nin aşağıdakı maddələrinə görə:

19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, 20 aprel 2010-cu il təvəllüdlü X11 mərhum X8 uşağı olmaqla onun birinci növbədə, Cavabdeh isə bacısı olmaqla ikinci növbədə vərəsəsidir. İş materialları ilə müəyyən olunur ki, X7 qanuni nümayəndəsi (anası) notariat ofisinə müraciət etmiş olsa da, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə birinci növbədə vərəsə X7 adına deyil, ikinci növbədə vərəsə Cavabdeh adına verilmişdir. Halbuki Mülki Məcəllənin 1160-cı maddəsində qeyd edilmişdir ki, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Bu isə onu deməyə əsas verir ki, Naftalan şəhər dövlət notariat ofisi tərəfindən hazırkı miras əmlakla bağlı 22 sentyabr 2022-ci il tarixli, 2V-58 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən, mülki qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri pozulmuşdur ki, bununla da iddiaçının uşağı X11 mirasdan pay almaq hüququndan məhrum olmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Cavabdeh adına Naftalan şəhər dövlət notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2V-58 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbində haqlıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Naftalan Şəhər Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(052)-19/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Naftalan Şəhər Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(052)-19/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar