Məhkəmə qərarları › İş №2(104)-123/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-123/2024

07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-123/2024 07.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun cavabehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcu” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-148/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ASC ilə Cavabdeh1 Nurədin oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, №410002337 saylı Kredit Müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 Nurədin oğluna 36 ay müddətinə, illik 26% olmaq şərti ilə 12700 (on iki min yeddi yüz) USD məbləğində kredit verilmişdir. İddiaçı ASC, Cavabdeh1 Nurədin oğlu və Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, №410002337/ZM saylı Zaminlik Müqaviləsindən görünür ki, Cavabdeh1 Nurədin oğlu xx.xx.2014-cü il tarixli, №410002337 saylı Kredit Müqaviləsi üzrə öhdəlikləri icra etmədiyi halda zamin Cavabdeh2 bank qarşısında borclu ilə birgə məsuliyyət daşımasını öz üzərinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh1 Nurədin oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, №410002337 saylı Kredit Müqaviləsinə xx.xx.2014-cü il tarixli №410002337 Əlavə Sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli, №410002337 saylı Kredit Müqaviləsinə əsasən kredit öhdəliyinin qalığı 10 018.94 (on min on səkkiz dollar, doxsan dörd sent) ABŞ dolları hesablanmış və kreditin müddəti xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. İddiaçı ASC, Cavabdeh1 Nurədin oğlu və Cavabdeh2 arasında bağlanmış №410002337/ZM saylı xx.xx.2014-cü il tarixli Zaminlik Müqaviləsinə xx.xx.2014-cü il tarixli №410002337 Əlavə Sazişdən görünür ki, tərəflər müqaviləyə dəyişikliklər edilməsi barədə razılığa gələrək, Kredit Müqaviləsinə əsasən kredit öhdəliyinin qalığı 10 018.94 (on min on səkkiz dollar, doxsan dörd sent) ABŞ dolları hesablanmış və kreditin müddəti xx.xx.2019cu il tarixinədək uzadılmışdır. xx.xx.2022-ci il tarixli Maliyyə arayışdan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 Nurədin oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, №410002337 saylı kredit müqaviləsi üzrə sonuncunun 8469.95 ABŞ dolları əsas, 11788.91 ABŞ dolları faiz, 10447.41 ABŞ dolları cərimə, 1250.80 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği borcu olmaqla, cəmi 31957.07 ABŞ dolları kredit borcu mövcuddur. xx.xx.2022-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehlər borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə onlara qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cǝmi borcu 31 957.07 (otuz bir min doqquz yüz əlli yeddi dollar doxsan beş sent) ABŞ dolları - bundan 8469.95 ABŞ dolları əsas, 11788.91 ABŞ dolları faiz, 10447.41 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1250.80 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 252.98 manat dövlət rüsumunun cavabdehlǝr Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, X5 "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Dəmir Bank” Açıq Səhmdar Cəmiyyətinin Bərdə filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehǝ 36 (otuz altı) ay müddətinə illik 26 % dərəcəsi ilə ödəmək şərtilə 12 700 (on iki min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 410002337ZM nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dǝyǝn digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinə 18 may 2015-ci il tarixli Əlavə Sazişə əsasən kredit öhdəliyinin qalığı 10 018.94 (on min on səkkiz dollar, 94 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizləri və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********256 saylı 10 mart 2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. xx.xx.2022-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 31 957,07 (otuz bir min doqquz yüz əlli yeddi dollar, 07 sent) ABŞ dolları təşkil edir. Bundan 8469,95 (səkkiz min dörd yüz altmış doqquz dollar, 95 sent) ABŞ dolları əsas, 11 788,91 (on bir min yeddi yüz səksən səkkiz dollar, 91 sent) ABŞ dolları faiz, 10 447,41 (on min dörd yüz qırx yeddi dollar, 41 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azrbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1250,80 (bir min iki yüz əlli dollar, 80 sent) ABŞ dolları faiz borcu təşkil edir. Qeyd olunanlara əsasən məhkəmədən ərizənin təmin edilməsi xahiş olunmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-148/2023 saylı qətnaməsi ilə (hakim Q.Əbilov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 8469.35 ABŞ dolları əsas borc, 7548.43 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1250.80 ABŞ dolları faiz borcu olmaqla, cəmi 17318.58 ABŞ dolları tutularaq qətnamə icra olunan vaxt Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq iddiaçı X5 İddiaçı ASCnin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 386, 442, 445, 448, 472, 739, 462, 465, 467, 741-ci maddələrini rəhbər tutaraq iddia tələbini qismən təmin etmişdir. Cavabdeh1 qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin olunmaması barədəm qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk öncə kredit müqaviləsinin müddətinə diqqət edilməsini xahiş edir. Belə ki, kredit müqaviləsinin tarixlərindən də göründüyü kimi bu cür müqavilələr əsassızdır və həmin müqavilələrin etibarlılığı məhkəmə tərəfindən müəyyən edilməlidir. Çünki müqavilənin etibarlılığını yoxlamaq məhkəmənin borcudur və bunun üçün qarşılıqlı iddia qaldırmaq ehtiyac deyil (Bax: Konstutisiya Məhkəməsininxx.xx.2021-ci il tarixli qərarı). Bundan əlavə kredit müqaviləsinin və kredit müqaviləsinə əlavə sazişdən də göründüyü kimi məqsəd həmin dövrdə Prezident tərəfindən verilmiş fərmana onun kreditinin salınmamasından ibarət olmuşdur. Belə ki, 10000 ABŞ dollarına kimi kreditlər həmin fərmana düşsə də ona Əlavə Sazişə görə verilmiş kredit məbləği 10018,94 ABŞ dolları olmuşdur. Bu o deməkdir ki, ona qarşı qərəzlilik olmuş və bu öz növbəsində pərdələnmiş əqd olmuşdur. Bu səbəbdən də xx.xx.2015-ci il tarixli Əlavə saziş və kredit müqaviləsi etibarsız sayılmalıdır. Bununla bərabər nəzəri iddianın verilməsi müddətinə də çəkmək istəyir. Belə ki, iddia ərizəsi iddia müddətinin keçməsinə bir neçə gün qalmış verilmişdir. Bu da öz növbəsində qərəzdən başqa bir şey deyil. İkincisi qeyd etmək lazımdır ki, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondudur. Bilindiyi kimi onun ödənişləri normal olmuş və o, öz borcunu vaxtı-vaxtında ödəmişdir. Lakin iddiaçının ləğv edilməsi səbəbindən və onun ləğvetmə prosessində olması səbəbindən o, pulun hansı hesaba ödənilməsindən xəbərsiz olmuşdur. Bankın heç bir filialı işləməmiş və əlaqə saxlamaq istəsə də heç bir nəticəsi olmamışdır. Ona nə bildiriş, nə də xəbərdarlıq gəlməmişdir. Bununla da onun məhkəməyə verilməyinə kimi borcunun məbləğindən xəbəri olmamışdır. Bununla da qanunvericiliyin və insan hüquq və azadlıqlarının bütün prinsipləri pozulmuşdur. Üçüncüsü onun narazılığı faizlərlə bağlıdır və faizlərin reallıqdan daha çox hesablanması qənaətindədir. Belə ki, iş üzrə ekspertiza təyin olunsa da hər hansı səbəbdən ekspert faiz borcunu əsas borca mütənasib deyil əsas borca bərabər hesablamışdır. Sözügedən faiz məbləği ilə əsas borcun eyni olması ağlabatan deyil. Çünkü ipoteka kreditində belə bu cür faizlərin gəlməsi görünməmişdir. Bankın əsassız olaraq bank faizləri ilə onu əlavə maliyyə sanksiyasına məruz qoyması vicdanlılıq prinsipinə ziddir. Vicdanlılıq prinsipi Mülki Məcəllədə müqavilə öhdəliklərinin və müqavilənin bağlanmasının əsasını təşkil etməli və bu prinsipin pozulması müqavilənin etibarsızlığına səbəb olur. Bundan əlavə iş üzrə ekspert rəyləri mövcud olsa da mühasibatlıq ekspertizası araşdırmanı və hesablamanı düzgün aparmamışdır. Ona görə də təkrar ekspertizanın keçirilməsi mütləqdir. Bundan əlavə iş üzrə həmin ekspertizanı aparan ekspert məhkəmə iclasına dəvət olunmalı və öz rəyini tam və qanuni olmasını izah etməlidir. Əsas məbləğə yaxın məbləğdə faiz borcnun olması ona inandırıcı deyil və müqavilə etibarsız sayılarsa bunun aparılmasına da ehtiyac olmayacaq. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanılmasını xahiş etdi. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Həmin Məcəllənin 384.0.3-cü maddəsində həmçinin apellyasiya instansiyası məhkəməsinin qətnaməni dəyişdirmək səlahiyyəti əksini tapmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(021)-148/2023 saylı qətnaməsi «Cavabdeh1 8469.35 ABŞ dolları əsas borc, 7548.43 ABŞ dolları faiz və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1250.80 ABŞ dolları faiz borcunun tutularaq qətnamə icra olunan vaxt Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq iddiaçı X5 İddiaçı ASC-nin xeyrinə ödənilməsi» hissəsində dəyişdirilməli, Cavabdeh1 tutulmalı olan əsas borcun məbləği 8221,70 ABŞ dolları, faiz borcunun məbləği 7318,14 ABŞ dolları və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu 1192.15 ABŞ dolları məbləğdə müəyyən edilməli, qətnamə digər hissələr üzrə dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qətnamənin tam ləğv olunması tələb olunduğuna görə qətnamə tam yoxlanmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri kreditlə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına tərəflər arasında bağlanmış kredit müqavilələrinə, habelə qanunvericiliyin borc ilə bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. Tərəflər arasında bağlanmış və göstərilən kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Məhkəmədə müəyyən olunmuşdur ki, kreditor kredit müqaviləsində nəzərdə tutulmuş borcu borcalana verməklə, müqavilə üzrə vəzifəsini yerinə yetirmişdir. Lakin borcalan aldığı krediti müqavilələrdə müəyyən olunmuş müddətlərdə və məbləğdə tam ödəməmiş və bununla da iddiaçının hüquqları pozulmuşdur. İddiaçı ASC, Cavabdeh1 Nurədin oğlu və Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, №410002337/ZM saylı Zaminlik Müqaviləsinə əsasən xx.xx.2014cü il tarixli, №410002337 saylı Kredit Müqaviləsi üzrə öhdəlikləri Cavabdeh1 Nurədin oğlu icra etmədiyi halda zamin Cavabdeh2 bank qarşısında borclu ilə birgə məsuliyyət daşımasını öz üzərinə götürmüşdür. xx.xx.2014-cü il tarixli №410002337 Əlavə Sazişə əsasən tərəflər müqaviləyə dəyişikliklər edilməsi barədə razılığa gələrək, Kredit Müqaviləsinə əsasən kredit öhdəliyinin qalığı 10 018.94 (on min on səkkiz dollar, doxsan dörd sent) ABŞ dolları hesablanmış və kreditin müddəti xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Odur ki, iş materiallarından müəyyən edilir ki Cavabdeh2 münasibətdə tələb etmə müddəti ötürülmüşdür və birinci instansiya məhkəməsi haqlı olaraq ona münasibətdə iddianı təmin etməmişdir. Sadalanan hallar və hüquq normaları borcalandan kreditin ödənilməsi tələbinin əsaslı olduğunu təsdiq edir. Belə ki, borcalan kreditor qarşısında üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Nəticədə onun kreditora 8469.95 ABŞ dolları əsas, 11788.91 ABŞ dolları faiz, 10447.41 ABŞ dolları cərimə, 1250.80 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği borcu olmaqla, cəmi 31957.07 ABŞ dolları kredit borcu yaranmışdır. Bundan başqa əsas və faiz borcuna münasibətdə məhkəmə kollegiyası tərəfindən borcun düzgün müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmişdir. Ekspertizanın xx.xx.2023-cü il tarixli, 9/6717 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, iş materiallarında olan çıxarış məlumatları nəzərə alınmaqla ekspert qarşısında qoyulmuş sual üzrə 18 may 2019-cu il tarixə Cavabdeh1 iddiaçı X5 İddiaçı ASC-yə olan əsas borc üzrə 8469,35 ABŞ dolları, faiz borcu üzrə 7548,43 ABŞ dolları və 18 may 2019-cu il tarixdən 29 aprel 2022-ci il tarixədək Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu 1248.05 ABŞ dolları təşkil edir. Əlavə məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/10159 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinin tərkib hissəsi olan xx.xx.2015-ci il tarixli əlavə sazişin şərtləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarı nəzərə alınmaqla ekspert qarşısında qoyulmuş sual üzrə 18 may 2019-cu il tarixə Cavabdeh1 iddiaçı X5 İddiaçı ASC-yə olan əsas borc üzrə 8221,70 ABŞ dolları, faiz borcu üzrə 7318,14 ABŞ dolları və 12 aprel 2022-ci il tarixə Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu 1192.15 ABŞ dolları təşkil edir. Kollegiya qanunvericliyin tələblərini və işin hallarını nəzərə alaraq hesab edir ki, rəydə qeyd olunan borc əsas götürülməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, əsas borc, faiz borcu və Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu ekspert rəyinə əsasən müəyyən edilməlidir. Bundan başqa cərimə məbləğinin ödənilməsi tələbinin hüquqi əsasları kimi qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İş materiallarından göründüyü kimi, borcalana cərimə hesablanmasının mümkünlüyü barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin cəriməni azaldaraq 50 ABŞ dolları həddində müəyyən etməsi işin hallarına uyğundur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(021)-148/2023 saylı qətnaməsi «Cavabdeh1 8469.35 ABŞ dolları əsas borc, 7548.43 ABŞ dolları faiz və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1250.80 ABŞ dolları faiz borcunun tutularaq qətnamə icra olunan vaxt Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq iddiaçı X5 İddiaçı ASC-nin xeyrinə ödənilməsi» hissəsində dəyişdirilməli, Cavabdeh1 tutulmalı olan əsas borcun məbləği 8221,70 ABŞ dolları, faiz borcunun məbləği 7318,14 ABŞ dolları və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu 1192.15 ABŞ dolları məbləğdə müəyyən edilməli, qətnamə digər hissələr üzrə dəyişdirilmədən saxlanmalıdır. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən 195 manat ekspertiza xərci Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(021)-148/2023 saylı qətnaməsi «Cavabdeh1 8469.35 ABŞ dolları əsas borc, 7548.43 ABŞ dolları faiz və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1250.80 ABŞ dolları faiz borcunun tutularaq qətnamə icra olunan vaxt Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq iddiaçı X5 İddiaçı ASC-nin xeyrinə ödənilməsi» hissəsində dəyişdirilsin. Cavabdeh1 tutulmalı olan əsas borcun məbləği 8221,70 ABŞ dolları, faiz borcunun məbləği 7318,14 ABŞ dolları və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu 1192.15 ABŞ dolları məbləğdə müəyyən edilsin. Qətnamə digər hissələr üzrə dəyişdirilmədən saxlansın. İş üzrə ekspertiza xərci Cavabdeh1 aid edilməklə, 195 manat pul Cavabdeh1 tululub SAP (XİİS), X2, kod210005, VÖEN**********, m/h Az41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar