Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1236/2023 03.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı və cavabdeh Kəlbəcər rayonu 91 saylı tam orta məktəbin direktoru Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh Kəlbəcər rayonu 91 saylı tam orta məktəbə qarşı müvafiq dərs yükü ilə təmin edilmə və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(040)- 168/2023 saylı qətnaməsindən cavabdeh Kəlbəcər rayonu 91 saylı tam orta məktəbinin direktoru Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Kəlbəcər Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(040)-168/2023 saylı qətnaməsi ilə (hakim H.Qəniyev) iddianın təmin edilməsi, Kəlbəcər rayonu 91 saylı tam orta məktəbdə müəllim vəzifəsində işləyən İddiaçı həmin məktəbdə qanunvericiliklə təmin edilməli olan dərs yükünün “riyaziyyat” fənni üzrə Kəlbəcər rayonu 91 saylı tam orta məktəbdə mövcud olan dərs yükü hesabına bərpa edilməsi, İddiaçı Kəlbəcər rayonu 91 saylı tam orta məktəbdə həftəlik dərs yükünün həcmi hazırki qətnamə əsasında dərhal ən azı 15 (on beş) saata çatdırılması, İddiaçı Kəlbəcər rayonu 91 saylı tam orta məktəbdə ixtisasına uyğun 1 (bir) stavkadan az olmayan dərs yükü ilə təmin edilməsi üçün qanunvericiliyə uyğun bütün zəruri hərəkətlərin edilməsinin Kəlbəcər rayonu 91 saylı tam orta məktəbin direktoruna tapşırılması, İddiaçı 2022/2023-cü tədris ilinin başlanmasından hazırkı qətnamə icra olunanadək keçən müddət ərzində məcburi işburaxmaya görə - yəni həmin müddət ərzində iddiaçının məhrum olunduğu (həftəlik 10 /on/ saat hesabı ilə) dərs yükünün cəminə görə ödənilməmiş əmək haqqı, həmçinin ödədiyi 50 (əlli) manat mediasiya xərcinin pul əvəzinin cavabdeh Kəlbəcər rayonu 91 saylı tam orta məktəbin rəhbərliyi tərəfindən bunun üçün qanunvercilikdə nəzərdə tutulmuş qaydada ayrılmalı xərclər hesabına tam olaraq ödənilməsi qət edilmişdir. Cavabdeh Kəlbəcər rayonu 91 saylı tam orta məktəbinin direktoru Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Kəlbəcər rayonunun Yanşaq kəndindən məcburi köçkündür və Goranboy rayonunun Qaraçinar kəndində məskunlaşmışdır. 2007ci ildə Azərbaycan Beynəlxalq Universitetini “Riyaziyyat və informatika” ixtisası üzrə bitirmiş və Dövlət Attestasiya Komissiyasının 13 iyul 2007-ci il tarixli qərarı ilə ona B 094270 nömrəli, 515 qeydiyyat nömrəli ali təhsil haqqında diplom verilmişdir. Ali məktəbi bitirdikdən sonra Goranboy rayonunun Yuxarı Ağcakənd kəndində fəaliyyət göstərən Kəlbəcər rayonu 91 nömrəli tam orta məktəb direktorunun 01 mart 2009-cu il tarixli 63 nömrəli əmri ilə riyaziyyat-informatika ixtisası üzrə müəllim vəzifəsinə təyin olunmuş və hal-hazırda həmin məktəbdə müəllim işləyir. Son beş tədris ilində onun: 2017/2018-ci tədris ilində 27 saat (fizika və riyaziyyat fənləri üzrə), 2018/2019-cu tədris ilində 24 saat (riyaziyyat və informatika fənləri üzrə), 2019/2020-ci tədris ilində 23 saat (riyaziyyat və informatika fənləri üzrə), 2020/2021-ci tədris ilində 23 saat (riyaziyyat və informatika fənnləri üzrə), 2021/2022-ci tədris ilində 01 fevral 2022-ci ilədək 20 saat (riyaziyyat fənni üzrə), 01 fevral 2022-ci ildən 22 saat (riyaziyyat və informatika fənnləri üzrə) dərs yükü olmuşdur. Həmin dərs yükü məktəb direktorunun həmin illər üzrə müvafiq olaraq 107, 160, 204, 10 və 43 nömrəli əmrləri ilə təsdiq edilmişdir. Lakin çox təəssüf ki, 2022/2023-cü tədris ilində onun dərs yükü məktəb direktoru tərəfindən qanunsuz azaldılaraq ona cəmi 6 (altı) saat dərs yükü verilmişdir. Bundan 5 (beş) saat ixtisası üzrə riyaziyyat dərsi, 1 (bir) saat isə fakultativ dərsdənkənar məşğələdir. 2022/2023-cü tədris ilində məktəbin tarif cədvəli üzrə 5-11-ci siniflərdə 6 (altı) sinif komplektləşdirilmişdir ki, hər sinif üzrə riyaziyyat dərsi 5 (beş) saat olmaqla məktəb üzrə cəmi 30 (otuz) saat riyaziyyat dərsi təsdiq edilmişdir. Məktəbdə isə cəmi 2 (iki) riyaziyyat müəllimi vardır- o və digər bir müəllim. Lakin cari dərs ilində ona cəmi 5 (beş) saat riyaziyyat dərsi verildiyi halda, digər riyaziyyat müəlliminə 25 (iyirmi beş) saat riyaziyyat dərsi verilmişdir. Bu, tamamilə qanunsuz və ədalətsiz dərs bölgüsü olmaqla onun konstitusion hüquqlarının kobud surətdə pozulmasıdır. Bu qanunsuz bölgü ilə bağlı məktəb direktoru onu bəhanə gətirir ki, onun diaqnostik qiymətləndirmə balı digər riyaziyyat müəlliminin diaqnostik qiymətləndirmə balından aşağıdır. Qanunvericilikdə isə diaqnostik qiymətləndirməyə görə əsas dərs yükünün müəyyənləşdirilməsi nəzərdə tutulmamışdır. Ona verilmiş dərs yükünə görə isə əmək haqqı: 5 (beş) saat riyaziyyat dərsinə görə - 185 manat və 1 (bir) saat dərsdənkənar məşğələyə görə 37 (otuz yeddi) manat olmaqla cəmi 222 (iki yüz iyirmi iki) manat təşkil edir. Bu da ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqından aşağıdır. Halbuki, onun 2017-2021-ci tədris ilində əmək haqqı 800 (səkkiz yüz)-1300 (min üç yüz) manat civarında olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2010-cu il tarixli 215 nömrəli “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Qərarının 1-ci hissəsinin üçüncü abzasına əsasən, bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 (bir) stavka dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkanı aşmamalıdır) müəyyən edilmişdir. Qərar normativ hüquqi aktdır və icrası bütün işəgötürənlər tərəfindən məcburidir. Həmin Qərarda dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin istisna edilməsi öz əksini tapmır, yəni diaqnostik qiymətləndirmədə iştirak etməyən və ya iştirak edən, habelə qiymətləndirmə balı çox və ya az olan müəllimlərə dərs yükü ilə bağlı fərq nəzərdə tutulmamışdır. Əmək Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Əgər o, 5 (beş) saat dərs yükü ilə təmin olunursa və əlavə olaraq ona 1 (bir) saat dərsdənkənar məşğələ verilirsə, onun aylıq əmək haqqı 222 (iki yüz iyirmi iki) manat təşkil edir. Halbuki, ölkə üzrə minimum əmək haqqı 300 (üç yüz) manatdır. “Fakultativ, fərdi və qrup məşğələləri üçün ayrılmış saatlardan istifadə barədə” Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 avqust 2022-ci il tarixli xx-xx-4306/16 nömrəli Təlimatının 5-ci bəndinin tələbinə görə, bütün hallarda fakultativ, fərdi və qrup məşğələləri üçün ayrılmış saatlardan müəllimlərin dərs yükü ilə təminat vasitəsi kimi istifadə olunmamalıdır. Hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarının tələblərinə müvafiq olaraq işlədiyi Kəlbəcər rayonu 91 saylı tam orta məktəbdə 2022/2023cü tədris ili üçün müəyyən edilmiş 30 (otuz) saat riyaziyyat dərsi onunla digər bir nəfər həmin riyaziyyat müəllimi arasında 1 stavka (18 saat) dərs yükünə münasibətdə bərabər bölünməli və hər biri 15 (on beş) saat dərs yükü ilə təmin edilməlidirlər. Əgər məktəb üzrə 36 (otuz altı) saatdan çox dərs yükü müəyyən edilmiş olsaydı, belə halda iki müəllimin hər birinə 1 (bir) stavka (18 saat) dərs yükü verilməklə, qalan saatlar diaqnostik qiymətləndirmənin nəticələrinə görə daha çox bal toplayana əlavə oluna bilər. Yəni 1 (bir) stavka dərs yükü ilə təmin edilmə qanunvericiliyin mütləq şərti, mütləq normasıdır. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, ümumtəhsil məktəblərində müəllimlərin 1 (bir) stavka dərs yükü 18 saat müəyyən edildiyinə görə Kəlbəcər rayonu 91 saylı tam orta məktəb üzrə tarifləşmə cədvəlinə əşasən 2022/2023-cü tədris ili üçün mövcud olan 30 (otuz) saat riyaziyyat dərsindən 15 (on beş) saat dərs yükü ilə təmin edilməsi, növbəti tədris illərində ixtisasına görə riyaziyyat-informatika fənni üzrə ümumi dərs saatlarının miqdarı nəzərə alınmaqla 1 (bir) stavka (18 saat) dərs yükünə münasibətdə dərs saatları ilə təmin edilməsi, tədris ilinin əvvəlindən qətnamə qanuni qüvvəyə mindiyi vaxtadək ona dəymiş maddi ziyanın əvəzi olaraq qanunsuz azaldılmış 10 (on) saat riyaziyyat dərsinə görə əmək haqqının hesablanıb ona ödənilməsi və 50 (əlli) manat mediasiya xərcinin cavabdehdən tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)- 168/2023 saylı qətnaməsi ilk növbədə mülki mübahisəyə uyğun olaraq deyil, inzibati orqanın üzərinə məcburi olaraq vəzifənin qoyulması ilə çıxarılmışdır. Eyni zamanda da hakim mübahisəyə qiymət verərkən iddiaçıya dərs saatının hansı əsasla 6 saat verilməsinə qiymət verməmişdir. “Ümumtəhsil müəssisələrində müəllimlərin, psixoloqların və digər pedoqoji heyətin bilik və bacarıqların diaqnostiq qiymətləndirilməsinin aparılması qaydaları haqqında” Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2019-cu il tarixli, F-595 nömrəli əmrinin 5.5-ci bəndinə əsasən ümumi təhsil müəssisələrində dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmədə iştirak edərək hər hansı bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş, üzrsüz səbəbdən diaqnostik qiymətləndirmədə iştirak etməmiş, həmçinin ixtisas üzrə 10 baldan aşağı nəticə göstərmiş müəllimlər üçün dərs yükü 06 saat müəyyənləşdirilir. Hazırki işdə iddiaçı diaqnostik qiymətləndirmədə iştirak edərək ümumi olaraq 16 bal, ixtisası olan riyaziyyat fənni üzrə 06 bal, metodika üzrə isə 10 bal toplamışdır. Göründüyü kimi iddiaçı öz ixtisası üzrə 6 bal toplamışdır ki, bununla da ona 6 saatdan artıq dərs yükünün verilməsi Nazirin əmrinə ziddir. İddiaçı diaqnostik qiymətləndirilmədən sonra əvvəlki qayda ilə dərs yükü ilə təmin edilmiş, qeyd olunan əmrin tələblərinə zidd olaraq iddiaçıya 6 saatdan artıq dərs yükünün verilməsi əsas gətirilərək Kəlbəcər Rayon Təhsil Şöbəsinin müdirinin xx.xx.2022-ci il tarixli, K-44 saylı əmrinə əsasən 91 saylı məktəbin rəhbər heyətinə intizam tənbehi olaraq töhmət verilmişdir. Göründüyü kimi qətnamə qanunsuz və əsassızdır. Məhkəmə sübutlara düzgün qiymət verməmiş, yalnız iddiaçının dediklərini əsas gətirərək iddianı təmin etmiş, cavabdeh tərəfin sübutlarına qiymət verməmişdir. Yuxarıda qeyd etdiyim kimi iddiaçı diaqnostik qiymətləndirmədən keçərkən öz fənni üzrə 10 ballıq baryeri keçə bilməmiş, buna baxmayaraq məktəb rəhbərliyi tərəfindən o əvvəlki illər üzrə eyni dərs saatı ilə təmin edilmiş, yalnız rəhbərlik tərəfindən cəzalandırıldıqdan sonra iddiaçının dərs yükü 6 saata endirilmişdir. Məhkəmə isə bunların heç birinə qiymət verməmişdir Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında cavabdeh Kəlbəcər rayonu 91 saylı tam orta məktəbin direktoru Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, sonrakı vaxtlarda müəllimlərin bilik və bacarıqlarının yenidən diaqnostik qiymətləndirilməsi keçirilmiş, iddiaçıya yenidən diaqnostik qiymətləndirmədə iştirak etməsini təklif etmiş olsa da, o, vaxtının olmadığını əsas gətirərək yenidən qiymətləndirmədə iştirak etmək istəməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı əlavə olaraq izah etdi ki, diaqnostik qiymətləndirmədə az bal toplamasının səbəbi qiymətləndirməyə hazırlıqsız getməsi ilə bağlı olmuşdur. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə iclasında iştirak edən iddiaçı və cavabdeh tərəfi dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İş materiallarında olan Azərbaycan Beynəlxalq Universiteti tərəfindən İddiaçı adına 2007-ci ildə verilmiş “B № 094270” nömrəli diplomun təsdiqlənmiş surətindən görünür ki, Dövlət Attestasiya Komissiyasının 13 iyul 2007-ci il tarixli qərarı ilə ona “riyaziyyat və informatika” ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. İş materiallarında olan Kəlbəcər rayonu 91 saylı tam orta məktəb tərəfindən 01 mart 2009-cu il tarixdə verilmiş 031453 nömrəli əmək kitabçasının notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, İddiaçı məktəb direktorunun 01 mart 2009-cu il tarixli əmri ilə həmin məktəbə riyaziyyat və informatika müəllimi təyin edilmişdir. İş materiallarında olan X3 Təhsil İdarəsi Kəlbəcər rayonu üzrə təhsil sektorunun Kəlbəcər rayon 91 nömrəli tam orta məktəbin 01 mart 2009-cu il tarixli 63 nömrəli əmrindən çıxarışdan görünür ki, məktəbin riyaziyyat informatika müəlliminə ehtiyac olduğu üçün İddiaçı məktəbə ixtisası üzrə müəllim təyin edilmişdir. İş materiallarında olan elektron sistemdən çıxarılmış, “xxxxxxx000200” nömrəli “Əmək müqailəsi bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, İddiaçı oölu Kəlbəcər rayonu 91 saylı tam orta məktəbdə müddətsiz əmək müqaviləsi əsasında riyaziyyat müəllimi vəzifəsində işləyir. İş materiallarında olan Kəlbəcər rayonu 91 saylı tam orta məktəbin direktoru tərəfindən 27 oktyabr 2022-ci il tarixdə tərtib olunmuş cədvəlli arayışdan görünür ki, Kəlbəcər rayonu 91 nömrəli tam orta məktəbə 01 mart 2009-cu il tarixdə 63 nömrəli əmrlə riyaziyyat və informatika ixtisası üzrə müəllim təyin olunan İddiaçı müəllim vəzifəsi üzrə 2017-2022-ci illər üzrə məktəbdə çalışdığı dövr ərzində aşağıda göstərilən dərs saatları ilə təmin edilmişdir: 15 sentyabr 2017-ci il 27 saat, 15 sentyabr 2018-ci il 24 saat, 16 sentyabr 2019-cu il 23 saat, 15 sentyabr 2020-ci il 23 saat, 15 sentyabr 2021-ci ildə 20 saat, 01 fevral 2022-ci il tarixdən 22 saat, 15 sentyabr 2022-ci il tarixdən 6 saat. İş materiallarında olan Kəlbəcər rayon 91 nömrəli tam orta məktəbin direktoru Cavabdeh tərəfindən Kəlbəcər Rayon Məhkəməsinə ünvanlanmaqla tərtib olunmuş və möhürlə təsdiq edilmiş yazılı “Məlumat”dan görünür ki, məktəbin riyaziyyat-informatika müəllimi İddiaçı 01 mart 2009-cu il tarixdən məktəbə ixtisası üzrə müəllim təyin edilmişdir, hal-hazırda məktəbdə ixtisası üzrə müəllim işləyir; məktəbin riyaziyyat-informatika müəllimlərinin diaqnostik qiymətləndirmə balı nəzərə alınaraq İddiaçı 2022-2023-cü tədris ili üzrə 5 (beş) saat riyaziyyat dərsi və 1 (bir) saat dərsdənkənar məşğələ saatı verilmişdir. İş materiallarında olan Kəlbəcər rayon 91 nömrəli tam orta məktəbin direktoru Cavabdeh tərəfindən Kəlbəcər Rayon Məhkəməsinə ünvanlanmaqla tərtib edilmiş və möhürlə təsdiq edilmiş yazılı “Məlumat”dan görünür ki, 2022/2023-cü tədris ilində məktəbin tarif cədvəli üzrə 5-11-ci siniflərdə 6 (altı) sinif komplektləşdirilmiş, bunlardan hər sinif üzrə riyaziyyat dərsi 5 (beş) saat olmaqla, məktəb üzrə cəmi 30 (otuz) saat dərs təsdiq edilmişdir. Həmin dərslər məktəbin ixtisas müəllimlərinin diaqnostik qiymətləndirmə balı nəzərə alınaraq aşağıdakı qaydada bölünmüşdür: X1 (DQ balı ümumi 56, ixtisas 38) – 25 saat, İddiaçı (DQ balı ümumi 16, ixtisas 6) – 5 (beş) saat dərs və əlavə 1 (bir) saat dərsdənkənar məşğələ. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 23 noyabr 2022-ci il tarixli 06043 saylı arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat mediasiya xərcini ödəmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş “Ümumtəhsil müəssisələrində müəllimlərin, psixoloqların və digər pedoqoji heyətin bilik və bacarıqların diaqnostiq qiymətləndirilməsinin aparılması qaydaları haqqında” Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2019-cu il tarixli, F-595 nömrəli əmrinin 5.5-ci bəndinə əsasən ümumi təhsil müəssisələrində dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmədə iştirak edərək hər hansı bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş, üzrsüz səbəbdən diaqnostik qiymətləndirmədə iştirak etməmiş, həmçinin ixtisas üzrə 10 baldan aşağı nəticə göstərmiş müəllimlər üçün dərs yükü 06 saat müəyyənləşdirilir. Apellyasiya şikayətinə əlavə edilmiş Kəlbəcər rayon Təhsil şöbəsinin əməkdaşları tərəfindən Goranboy rayonunun Yuxarı Ağcakənd kəndində fəaliyyət göstərən Kəlbəcər rayonu 91 nömrəli tam orta məktəbində şikayət əsasında keçirilmiş yoxlamanın nəticələri ilə bağlı tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, yoxlama zamanı digər qüsurlarla yanaşı 2021-2022-ci tədris ilində məktəbdə dərs bölgüsü aparılan zamanı tədris planı və müəllimlərin DQ və MİQ ballarının tələbləri pozulmuş, məktəbin direktoru Cavabdeh 12 saat qeyri-ixtisas, təlim-tərbiyə işləri üzrə direktor müavini Hüseynova Sima ixtisas balı 10 baldan aşaağı olduğu halda 10 saat dərs tarifləşməsi. X2 - təşkilatçı müavin qeyri-ixtisas 4 saat, İddiaçı ümumi bal 16, ixtisas 6 bal, dərs saatı 20 saatı – dərs saatları bala uyğun bölünməmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş Kəlbəcər rayon Təhsil şöbəsi üzrə xx.xx.2022-ci il tarixli k-44 nömrəli əmrin surətindən görünür ki, Kəlbəcər rayon 91 nömrəli məktəbdə aparılmış yoxlama zamanı aşkar olunmuş nöqsanlar əsas götürülərək məktəbin direktoruna, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavininə və uşaqlarla məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavininə işlərində yol verdiyi nöqsanlara görə töhmət verilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddiaçı 2007-ci ildə Azərbaycan Beynəlxalq Universitetini “Riyaziyyat və informatika” ixtisası üzrə bitirdikdən sonra Goranboy rayonunun Yuxarı Ağcakənd kəndində fəaliyyət göstərən Kəlbəcər rayonu 91 nömrəli tam orta məktəb direktorunun 01 mart 2009-cu il tarixli 63 nömrəli əmri ilə riyaziyyat-informatika ixtisası üzrə müəllim vəzifəsinə təyin olunmuş və hal-hazırda həmin məktəbdə müəllim işləyir. Son beş tədris ilində onun: 2017/2018-ci tədris ilində 27 saat (fizika və riyaziyyat fənləri üzrə), 2018/2019-cu tədris ilində 24 saat (riyaziyyat və informatika fənləri üzrə), 2019/2020-ci tədris ilində 23 saat (riyaziyyat və informatika fənləri üzrə), 2020/2021-ci tədris ilində 23 saat (riyaziyyat və informatika fənləri üzrə), 2021/2022ci tədris ilində 01 fevral 2022-ci ilədək 20 saat (riyaziyyat fənni üzrə), 01 fevral 2022-ci ildən 22 saat (riyaziyyat və informatika fənnləri üzrə) dərs yükü olmuşdur. Lakin 2022/2023-cü tədris ilində onun dərs yükü məktəb direktoru tərəfindən azaldılaraq ona cəmi 6 (altı) saat dərs yükü verilmişdir. Bundan 5 (beş) saat ixtisası üzrə riyaziyyat dərsi, 1 (bir) saat isə fakultativ dərsdənkənar məşğələdir. O, həm də bir sinif üzrə sinif rəhbəridir. İddiaçının dərs yükünün 2022-2023-cü tədris ilində azaldılmasının səbəbi iddiaçının 2017ci ildə keçirilən diaqnostik qiymətləndirmə zamanı ümumilikdə 16 bal, o cümlədən ixtisas üzrə 6 bal toplaması olmuşdur. Cavabdeh əvvəlki tədris illərində dərs yüküknün bölüşdürülməsi zamanı diaqnostik qiymətləndirmənin nəticələrini nəzərə almamış, lakin Kəlbəcər rayon Təhsil şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə həmin təhsil müəssisəsində aparılmış yoxlama zamanı qeyd olunan nöqsan da aşkar olunduğuna və əlaqəli şəxslər barəsində intizam tənbehi tətbiq edildiyinə görə cavabdeh tərəfindən növbəti tədris ilində iddiaçının və digər müəllimlərin dərs yükü diaqnostik qiymətləndirmə zamanı qazandığı ballara uyğun müəyyən edilmişdir. İddianı təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh Kəlbəcər rayonu 91 saylı tam orta məktəbin direktoru iddiaçının dərs yükünü qanunvericiliyə zidd şəkildə azaltmaqla qanunsuzluğa yol vermişdir. Belə ki, ümumtəhsil məktəblərində müəllimlərin ən azı 1 (bir) stavka, yəni həftəlik 18 (on səkkiz) saat dərs yükü ilə təmin edilməli olması “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2010-cu il tarixli 215 nömrəli qərarında birmənalı olaraq təsbit edilmişdir. Məktəb rəhbərliyi tərəfindən iddiaçının 2022/2023-cü tədris ilində mövcud imkanlar daxilində ən azı həftəlik 15 (on beş) saat dərs yükü əvəzinə qanunsuz olaraq 5 (beş) saat dərs yükü və 1(bir) saat dərsdənkənar məşğələ ilə işləməyə vadar edilməsi və bunun nəticəsində iddiaçının təhsilinə və tutduğu vəzifəyə uyğun olmayan həddə-hətta ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqından aşağı həddə əmək haqqı alması qanunvericiliyin, o cümlədən Konstitusiyanın, Əmək Məcəlləsinin və Nazirlər Kabinetinin 24 noyabr 2010-ci il tarixli 215 nömrəli qərarının tələblərinə ziddir. Bundan başqa, işəgötürən işçiyə əmək şəraitinin şərtlərinin dəyişməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada (Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsi) xəbərdarlıq da etməmişdir. Cavabdeh tərəfin iddiaçıya qarşı qanunsuz hərəkətləri nəticəsində iddiaçı 2022/2023-cü tədris ilinin əvvəlindən hal-hazıradək həftəlik ən azı 10 (on) saat dərs yükündən və həmin dərs yükünün tədrisinə görə əmək haqqından məhrum olmuşdur. Belə olan halda, Kəlbəcər rayonu 91 saylı tam orta məktəbdə müddətsiz əmək müqaviləsi əsasında müəllim vəzifəsində işləyən İddiaçı həmin məktəbdə qanunvericiliklə təmin edilməli olan dərs yükü “riyaziyyat” fənni üzrə həmin məktəbdə mövcud olan dərs yükü hesabına bərpa edilməli, İddiaçı Kəlbəcər rayonu 91 saylı tam orta məktəbdə həftəlik dərs yükünün həcmi hazırki qətnamə əsasında ən azı 15 (on beş) saata çatdırılmalı, habelə İddiaçı Kəlbəcər rayonu 91 saylı tam orta məktəbdə ixtisasına uyğun 1 (bir) stavkadan az olmayan dərs yükü ilə təmin edilməsi üçün qanunvericiliyə uyğun bütün zəruri hərəkətlərin edilməsi Kəlbəcər rayonu 91 saylı tam orta məktəbin direktoruna tapşırılmalıdır. Həmçinin, İddiaçı 2022/2023-cü tədris ilinin başlanmasından hazırkı qətnamə icra onunanadək keçən müddət ərzində məcburi işburaxmaya görə-yəni həmin müddət ərzində iddiaçının məhrum olunduğu (həftəlik 10 /on/ saat hesabı ilə) dərs yükünün cəminə görə ödənilməmiş əmək haqqı, həmçinin ödədiyi 50 (əlli) manat mediasiya xərcinin pul əvəzi cavabdeh Kəlbəcər rayonu 91 saylı tam orta məktəb tərəfindən bunun üçün qanunvercilikdə nəzərdə tutulmuş qaydada ayrılmalı xərclər hesabına tam olaraq ödənilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 33.3.2-ci maddəsinə əsasən təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək təhsilverənin vəzifəsidir. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən dövlət təhsilverənlərin sosial müdafiəsinə təminat verir. Təhsil işçilərinin əmək haqqı və vəzifə (tarif) maaşları işçilərin funksional öhdəlikləri, peşə xüsusiyyətləri, ixtisas dərəcəsi və iş stajı nəzərə alınaraq təyin edilir. Azərbaycan Respublikası Təhsil nazirinin 4 oktyabr 2019-cu il tarixli F-595 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində müəllimlərin, psixoloqların və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”nın 5.5-ci bəndinə əsasən, ümumi təhsil müəssisələrində dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmədə iştirak edərək hər hansı bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş, üzrsüz səbəbdən diaqnostik qiymətləndirmədə iştirak etməmiş, həmçinin, ixtisas üzrə 10 baldan aşağı nəticə göstərmiş müəllimlər üçün dərs yükü 6 (altı) saat müəyyənləşdirilmişdir. İş materiallarından da göründüyü kimi İddiaçı 18 aprel 2017-ci il tarixdə keçirilmiş diaqnostik qiymətləndirmə (DQ) imtahanlarında ixtisasdan 6 (altı) bal, metodikadan 10 bal olmaqla ümumilikdə 16 bal toplamışdır. Bu səbəbdən də İddiaçı 5 (beş) saat riyaziyyat dərsi və 1 (bir) saat dərsdənkənar məşğələ verilmişdir. Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2015-ci il tarixli sərəncamının 1-ci bəndində göstərilmişdiir ki, Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılsın. Məhkəmə kollegiyası qeyd edir ki, ümumtəhsil müəssisələrində çalışan müəllimləri arasında dərs yükünün bölüşdürülməsi zamanı diaqnostik qiymətləndirilmənin nəticələrinin nəzərə alınmaması özlüyündə diaqnostik qiymətləndirilmənin keçirilməsinin əhəmiyyətini heçə endirir. Halbuki bu kimi qiymətləndirmə ilə müəllimin müvafiq ixtisas üzrə bilik səviyyəsi ortaya qoyulur və müəllimə bilik səviyyəsi və bacarığına uyğun dərs yükünün verilməsi onu daha keyfiyyətli dərs deməyə həvəsləndirir və bunun üçün sərait yaradır. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı diaqnostik qiymətləndirmədən az bal topladığından Təhsil nazirinin müvafiq əmrinə əsasən Kəlbəcər rayonu 91 saylı tam orta məktəbin direktoru Cavabdeh haqlı olaraq ona 06 saat dərs yükü vermişdir. İddianın ona 6 saat dərs yükü müəyyən edilməklə aldığı əmək haqqının Respublika üzrə müəyyən edilmiş normadan aşağı olmasına dair dəlilinə gəldikdə kollegiya qeyd edir ki, iddiaçıya hesablanan aylıq əmək haqqı 300 manatdan yuxarı olduğuna görə iddianın həmin dəlili əsassızdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyinə görə apellyasiya şikayəti təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 385.1 və 385.1.4-cü maddələrinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372, 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Kəlbəcər rayonu 91 saylı tam orta məktəbin direktoru Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(040)-168/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh Kəlbəcər rayonu 91 saylı tam orta məktəbə qarşı “müvafiq dərs yükü ilə təmin edilmə və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1236/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1236/2023
03.05.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver