Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1245/2024 01.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: borcun silinməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı cərimə borcunun silinməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2(076)-430/2024 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə 01 iyul 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 23 fevral 2023-cü il tarixli ******* nömrəli aktın surətindən müəyyən olunur ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğacdan kənar qeyri-qanuni qoşulma aşkar olunmuşdur.
2. Dəymiş ziyanın bərpasına dair 23 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 23 fevral 2023cü il tarixli ******* nömrəli akt əsasında İddiaçı 29376 m3 qaz sərfiyyatı hesablanmışdır.
3. Abonentin saldosundan görünür ki, İddiaçı akt üzrə 3525,12 manat cərimə hesablanmışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı Şəmkir Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 3525,12 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən 02 fevral 2023-cü il tarixdə hal şahidlərinin iştirakı olmadan istifadəsində olan **********5 zavod nömrəli qaz sayğacına baxış keçirərək sayğacdan kənar qoşulma aşkar olunması əsası ilə akt tərtib etmişlər. Sayğac küçədən keçən xəttə quraşdırılmışdır. Onun və ailə üzvlərinin sayğacdan kənar qoşulmadan xəbərləri olmamışdır. Ona görə də həmin aktı imza etməkdən imtina etmişdir.
6. Şəmkir Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2(076)-430/2024 nömrəli (hakim H.Məhəmmədli) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş 23 fevral 2023–cü il tarixli ******* nömrəli akt əsasında abonent İddiaçı adına hesablanmış 2941,92 (iki min doqquz yüz qırx bir manat doxsan iki qəpik) manat borcun silinməsi; İddia qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 1069 maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinentinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 213, 216-220, 233, 360 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, iddia tələbinin təmin edilməsi hissədə qətnamənin ləğv edilməsini, həmin hissədə də iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, cavabdeh sayğacdan kənar qoşulma ilə qazdan istifadə etmişdir. Ona görə də məsrəf edilmiş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilərək 2023-cü ilin fevral ayında abonent hesabına işlənmişdir. Sayğaca müdaxilə faktı ilə bağlı kifayət qədər sənədləşmə aparılmış və fakt öz təsdiqini tapmışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
13. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
15. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
17. Maddə 1115 Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
22. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
23. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
28. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən 02 fevral 2023-cü il tarixdə İddiaçı istifadəsində olan **********5 nömrəli sayğaca baxış keçirilərkən sayğacdan kənar xətt aşkar olunması əsası ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 23 fevral 2023-cü il tarixli ******* nömrəli akt tərtib etmiş, həmin akt əsasında da abonentə 3525,12 manat cərimə hesablanmışdır. İddiaçı akt tərtib olunarkən hal şahidlərinin iştirakı olmadığını, eləcədə sayğacdan kənar qoşulmadan onun və ailə üzvlıərinin xəbərsiz olmasını əsas gətirərək akt əsasında hesablanmış 3525,12 manat cərimənin silinməsi barədə hazırkı iddia ilə məhkıəməyə müraciət etmiş işə baxan birinci instansiya məhkəməsidə iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, 23 fevral 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 3525,12 manat cərimədən 2941,92 manat silməkdə məhkəmə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmədiyindən apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas deyil.
29. Belə ki, sayğacdan kənar qoşulma nəticəsində sərf olunmuş 29376 m3 qaz itkisinə görə abonentə 3525,12 manat cərimə hesablanması ilə razılaşmayan birinci instansiya məhkəməsi hesab etmişdir ki, dəymiş ziyan 90 gün müddətə və sutkanın 12 saatı nəzərə alınmaqla hesabat aparılmalıdır. Belə olan təqdirdə itirilmiş qazın həcmi 4,5(0,8+0,8+1,4+1,5)x12x90=4860 m3, 4860m3x0,12=583,2 manat. Bu səbəbdəndə artıq hesablanmış 2941,92 manat abonentin hesabından silinmişdir.
30. Bu qətnamənin 28-ci bəndində də qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin “qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır” dəlili mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas deyil.
31. Belə ki, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il trarixli 80 nömrəli Qərarının 6.5-2. bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
32. Qaydaların 3.1.10cu bəndində isə qeyd olunmuşdur ki, bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir.
33. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndiriləın hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. İşdən görünür ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2(076)-430/2024 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “cavabdeh “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş 23 fevral 2023-cü il tarixli ******* nömrəli akt əsasında abonent İddiaçı adına hesablanmış 2941,92 manat borcun silinməsi” hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.