Məhkəmə qərarları › İş №2(104)-1247/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1247/2024

13.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1247/2024 13.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı mülki iş üzrə Açar sözlər: borcun silinməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı prosessual hüquq varisi X1 iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2(076)-410/2024 nömrəli qətnaməsindən cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə 13 avqust 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2022–ci il tarixli ******* saylı “Təbii X3nın pozulması haqqında” aktdan görünür ki, Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən istehlakçı İddiaçı məxsus ünvanda gecə yoxlama zamanı sayğacdan giriş örtücüdən (krantdan) rezin boru ilə qeyriqanuni qoşulma faktı müəyyən edilmişdir (qaz işlədici avadanlıqlar-Qaz plitəsi PQ-3, Su qızdırıcı və dəmir soba);

2. xx.xx.2023–cü il tarixli ******* saylı “Təbii X3nın pozulması haqqında” aktdan görünür ki, Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən istehlakçı İddiaçı məxsus ünvanda yoxlama zamanı sayğacdan F-16 vasitəsilə qeyri-qanuni qoşulma faktı müəyyən edilmişdir. (qaz işlədici avadanlıqlar- qaz plitəsi PQ-3, qaz sobası İran peçi, su qızdırıcı QSQ-180 L, Qaz sobası dəmir);

3. xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair Tələbnamə”dən görünür ki, Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən istehlakçı İddiaçı məxsus ünvanda quraşdırılmış sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunması aşkar edilmiş, 26990 m3 təbii qaz sərfi müəyyən edilmişdir;

4. Abonentin saldosundan görünür ki, 2022–ci ilin noyabr ayına Şəmkir şəhəri, S. Vurğun küç, ev-0, mən-383 ünvanda yerləşən abonent İddiaçı adına hesabına 3623,04 manat, 2023-cü ilin may ayına 3238,80 manat borc hesablanmışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2023-cü il tarixli 038916 saylı aktlar üzrə hesablanmış 6856,68 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Şəmkir şəhərində ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı fərdi yaşayış evində qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edirlər. Həmin qaz sayğacı onun adına qeydə alınmışdır. O, hər ay mütəmadi olaraq təbii qazdan istifadə etdiyinə görə ödənişlər edir. 10 noyabr 2022-ci il tarixdə Qaz İstismar İdarəsinin əməkdaşları ona məxsus evə quraşdırılmış sayğaca baxış keçirərək, sayğacın giriş vintilindən (krantdan) rezin boru ilə qeyri-qanuni qoşulma aşkar edilməsi barədə xx.xx.2022- ci il tarixli ******* saylı akt tərtib etmişlər. Bundan sonra onlar akt üzrə 3623,04 manat borc hesablamışlar. O, sayğaca heç bir müdaxilə etməmişdir. 18 may 2023-cü il tarixdə isə Qaz İstismar İdarəsinin əməkdaşları təkrar olaraq ona məxsus evə quraşdırılmış sayğaca baxış keçirərək, sayğacdan kənar F-16 vasitəsilə qeyri-qanuni qoşulma aşkar edilməsi barədə xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib etmişlər. Bundan sonra onlar ona həmin akt üzrə 3242.64 manat borc hesablamışlar. Ümumiyyətlə həmin borudan istifadə etməmişdir. Akt tərtib olunarkən onlara həmin xətti evə çəkmədiyini bildirmişdir. Bundan başqa kənar xətdən istifadə edilməsinə görə ona yazılmış cərimənin miqdarı olduqca çox hesablanmışdır. X4 əməkdaşları xx.xx.2023-ca il tarixli, ******* saylı aktda onun evində 189 gün üçün itirilmiş qaz hesablamışlar. Hesab edir ki, ona həmin cərimə düzgün hesablanmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən həmin aktları əsassız və qanunsuz hesab edir.

7. Şəmkir Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2(076)-410/2024 nömrəli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) iddia qismən təmin edilərək, cavabdeh “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən təbii X3nın pozulmasına görə tərtib edilmiş xx.xx.2022–ci il tarixli ******* nömrəli akt və xx.xx.2023–cü il tarixli ******* akt əsasında hesablanmış borcdan 5517.84 (beş min beş yüz on yeddi manat səksən dörd qəpik) manat borcun silinməsi; İddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1 və 1096.2-ci maddələrinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinentinin “X3” haqqında Qərarının 3.1.10, 3.1.11, 6.5, 6.5-1, 6.5-1.1, 6.5-1.2, 6.5-1.3, 6.5-2, 6.5-3 və 6.5-4-cü bəndlərinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi qaz xəttinə özbaşına qanunsuz müdaxilə faktı ilə bağlı kifayət qədər sənədləşmə aparılmış, fakt təsdiqini tapmışdır. İddiaçı tərəfindən etiraf edilmiş qaz xəttinə özbaşına müdaxilə edilməklə qazdan qanunsuz istifadə işin mübahisəsiz halıdır və bu səbəbdən də xx.xx.2022-ci il tarixdə X3nın pozulması haqqında ******* saylı akt əsasında 3623,04 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında isə 3238,80 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Buna baxmayaraq, məhkəmə 5517,84 manat məbləğin silinməsini qət etmişdir. İddia tələbinin ilk hissəsində qeyd edilən 2022-ci ilin noyabr və 2023-cü ilin may aylarında hesablanmış borc məbləği qaz xəttinə qanunsuz müdaxilə nəticəsində abonent tərəfindən məsrəf edilmiş qaza görə hesablanmışdır və mövcud qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Apellyasiya instansiyas məhkəməsində icraat

12. AZ-İİ seriyalı 413466 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilmişdir ki, İddiaçı 06 aprel 2024-cü il tarixdə ölmüşdür. Apellyasiya instansiyasında icraat zamanı mərhum İddiaçı oğlu X2 iddiaçının prosessual hüquq varisi qismində işə cəlb edilmişdir.

e) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı prosessual hüquq varisi X2 apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etməmişdir.

Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu

15. Maddə 1. Qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir.

16. Maddə 8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

17. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfıyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X3 ilə tənzimlənir. X3 müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X3”

19. Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

20. Maddə 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 384.0.1. apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

30. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi qismən təmin olunmuş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin apellyasiya şikayətinin məzmunundan müəyyən olunur ki, qətnamə iddia tələbinin təmin olunmuş hissəsində mübahisələndirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni iddia tələbinin təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, məişət abonenti olmuş İddiaçı yaşadığı evdə “Azəriqaz” İB-nin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda xx.xx.2022-ci il tarixdə yoxlama zamanı evdə quraşdırılmış sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunması aşkar olunmuşdur. Bu səbəbdən də xx.xx.2022-ci il tarixdə X3nın pozulması haqqında ******* saylı akt əsasında 3623,04 manat İddiaçı abonent hesabına yazılmışdır. Həmçinin xx.xx.2023-cü il tarixində sayğacdan F-16 vasitəsilə qeyri-qanuni qoşulma faktı müəyyən olunduğundan həmin tarixdə ******* saylı akt əsasında İddiaçı abonent hesabına 3238,80 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. İddiaçı (istehlakçı) onun tərəfindən qaz sayğacına hər hansı müdaxilə edilmədiyini və qaz sayğacına kənar xətt qoşulmadığını əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini qismən təmin etmişdir. Bu qətnamənin 30-cu bəndində qeyd edildiyi kimi birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılır və məhkəmə kollegiyası həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

33. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “X3”-nın 6.5-1-ci bəndinə görə, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.

34. Bu Qaydaların 6.5-2-ci bəndinə görə, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

35. Həmin Qaydaların 6.5-3-cü bəndinə görə, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

36. İşin hallarından göründüyü kimi mərhum abonent İddiaçı istifadəsində olmuş qaz sayğacına qanunsuz qoşulma halları aşkar edilmişdir. Ona görə də itirilmiş qazın bərpası üçün qaz paylayıcı tərəfindən dəymiş ziyanın hesablanması qanuni və əsaslı olmuşdur. Lakin məhkəmə kollegiyası hesab edir ki, itirilmiş qazın bərpası üçün dəymiş ziyan məbləğinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən aparılmış hesabatla müəyyən edilməsi yolverilməzdir.

37. Çünki, qanunvericilikdə qaz paylayıcısı tərəfindən 3 ayda bir dəfə istehlakçının sayğacına baxış keçirilməsi və sayğacla bağlı pozuntu aşkar olunarsa nəticəsini aktla rəsmiləşdirməli olması, eləcə də sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla dəymiş ziyanın hesablanması nəzərdə tutulmuşdur.

38. İş materiallarındakı dəymiş ziyanın bərpasına dair 30 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə X3nın pozulması haqqında ******* saylı akt əsasında istehlakçı İddiaçı sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilməsi ilə əlaqədar qaz sayğacının nominal saatlıq qaz sərfinin orta günlük iş rejimi 24 saat və hesabat müddəti 340 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesab aparılmış və cəmi 30192m3 dəymiş ziyan müəyyən olunmuşdur. Həmçinin, dəymiş ziyanın bərpasına dair 19 may 2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə X3nın pozulması haqqında ******* saylı akt əsasında istehlakçı İddiaçı sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilməsi ilə əlaqədar qaz sayğacının nominal saatlıq qaz sərfinin orta günlük iş rejimi 24 saat və hesabat müddəti 189 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesab aparılmış və cəmi 26990m3 dəymiş ziyan müəyyən olunmuşdur.

39. Göründüyü kimi, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaz xəttinə kənar xətt qoşulması səbəbindən dəymiş ziyanın əvəzi müəyyənləşdirilərkən evdə təbii qazın orta günlük iş rejimi 24 saat, hesabat müddəti isə ilkin aktda 340 gün, sonrakı aktda 189 gün üzrə hesablanmışdır.

40. Məhkəmə kollegiyası qeyd edir ki, fərdi yaşayış evində təbii qazın gündəlik sərfiyyatının cavabdeh təşkilat tərəfindən nəzərdə tutulmuş müddətlərə və 24 saat orta günlük iş rejimi ilə hesablanması qanuni və əsaslı hesab edilə bilməz. Ona görə ki, qaz sayğacı evdə quraşdırılmışdır. Belə olan halda evin isidilməsi, habelə təbii qaz vasitəsilə istifadə edilən məişət əşyalarının gün ərzində fasiləsiz olaraq istifadə edilməsi inandırıcı və ağlabatan olmamaqla yuxarıda qeyd olunan Qaydaların 6.5-1-ci bəndinə uyğun olmamışdır. Bundan başqa iş materiallarında olan abonent saldosu adlı sənədə əsasən abonentin müvafiq aylar üzrə sərf etmiş olduğu qaz sərfinin həcmi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaz xəttinə kənar xətt qoşulması səbəbindən dəymiş ziyanın əvəzi müəyyənləşdirilərkən nəzərə alınmış qaz səffiyyatı həcmi (24 saat) sistemli şəkildə tədqiq olunduqda kənar xətt qoşulmasına görə müəyyənləşdirilmiş qaz sərfiyyatının artıq hesablanmış olması təsbit edilir.

41. Şərh olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, dəymiş ziyan 5.95 x12 x 90=6426m3, 64263 x 0,12=771,12 və 4.45 x 12 x 90= 48063 (48063 x 0,12=576,72 manat məbləğində müəyyən edilməli və cavabdeh tərəfindən artıq hesablanmış 5517,84 (6865,68 (3623,04+3242,64) -1347,84) manat borc məbləği iddiaçıya məxsus abonent hesabından silinməlidir.

42. İşin qeyd olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı sayır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən şikayətin dəlilləri kollegiya tərəfindən əsassız hesab edilmişdir.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392- 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2(076)-410/2024 nömrəli qətnaməsi yoxlanılan, yəni iddia tələbinin təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar