Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1249/2024 13.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-510/2024 nömrəli qətnaməsindən cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ARDNŞ "Azəriqaz” İstehsalat biliyinin nümayəndələri tərəfindən xx.xx.2023-ci il tarixində MSK-14-2-2/3-5-9616/Q001 nömrəli akt əsasında qanunsuz hesablanmış 777.60 (yeddi yüz yetmiş yeddi manat 60 qəpik) manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki , o Şəmkir rayon Könüllü kəndində yaşayır, yaşadığı ünvanda istilik enerjisini qaz vasitəsi ilə alır, indiyənədək cavabdeh olan "Azəriqazın" kənd ərazisindəki rəsmi şəxslər ilə ödəmə və sərfiyyatla bağlı heç bir problem yaşamamışdır. Tam normal məsuliyyətli abonent olmuş və istifadə etdiyi qazı sayğac vasitəsi ilə dəyərləndirərək vaxtı vaxtında hesab bildirişə uyğun borcunu ödəmişdir. Lakin, xx.xx.2023-cü il tarixində "Azəriqaza" məxsus sayğacların bütün kənd ərazisində olan yivliyin ləğvi (yəni polad yivli birləşmələrin) ilə əlaqədar qaz sayğacları sistemdən sökülmüş, yenidən sistem yivli birləşmələri bir-başa qaynaq edilərək yenidən quraşdırılmış və quraşdırılma işləri "Azəriqazın" sifarişi ilə X1 Birliyinin işçiləri vasitəsi ilə həyata keçirilmiş, həmin müddətədək onun sayğacında heç bir qüsur olmamışdır və sayğaca vurulmuş dövlət plombu qırıq olmamışdır. Həmin vaxt “Azəriqaz” əməkdaşlarının ehtiyatsızlıqı ucbatından qaynaq aparatından çıxan şlank (isti isqralar) ona məxsus sayğaca çıxış durbasının sonuncu qaynaq hissəsindən sayğacın durba vasitəsi ilə sayğacın daxilindəki qaz hesablama mexanizminə daxil olub göz ilə görünən ərimə və yanma qüsur yaratmış, sayğac quraşdırıldıqdan sonra onun sayğacına 12615674 nömrəli dövlət plombu vurulmuş, həmin hadisədən 15 gün sonra təyin olunmuş qaz nəzarətçisi tərəfindən hesab bildirişi təqdim edən zaman ona bildirilmişdir ki, onun sayğacı qaz sərfiyatı qeyd etmir. Nəzarətçi öz növbəsində tabe olduğu rəsmi şəxslərə məlumat vermiş, ona məxsus qaz sayğacını onun iştirakı olmadan yenisi ilə əvəz etmişlər. Cavabdeh təşkilat göz ilə görünən sayğacdakı ərimə qüsurunu səbəbini bilmələrinə baxmayaraq, təkrar onun sayğacına AKT tərtib edərək güya onun sayğaca müdaxilə etmə kimi qeydlər aparmışlar. Akt onun və ailə üzvlərindən heç kimin xəbəri olmadan tamamilə başqa bir yerdə tərtib olunmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-510/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Həvayət Məhəmmədi) iddia təmin edilmiş, ünvan 2i ünvanında yerləşən yaşayış sahəsi üzrə akt əsasında 2023-cü ilin sentyabr ayında abonent İddiaçı adına hesablanmış 777,60 manat (yeddi yüz yetmiş yeddi manat 60 qəpik) məbləğində borcun silinməsi qət edilmişdir. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-510/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının istismarında olan qaz sayğacının işləmədiyi işin mübahisəsiz halıdır və iddiaçıya xx.xx.2023-ci il tarixdə qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında 777.60 manat itirilmiş qazın bərpası üçün ziyan hesablanmışdır. Sayğacın nisbi xəta ilə işləmə tarixi qeyri müəyyən olduğundan fakt aşkarlandığı vaxtdan 90 günlük hesabat aparılmışdır.Buna baxmayaraq məhkəmə 2023-cü ilin sentyabr ayında müəyyən edilmiş məbləğin hamısının silinməsini qət etmişdir. Cavabdeh «Azəriqaz» İB-nə işə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, xx.xx.2023-ci il tarixdə yaşadığı Şəmkir rayonu, Yuxarı Könüllü kəndində yerləsən yaşayış evində adına quraşdırılmış təbii qaz sayğacına “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən baxış keçirilmiş və onun məlumatı olmadan 777.60 manat borc hesablanmışdır. Halbu ki, həmin qaz sayğacına onun tərəfindən heç bir müdaxilə edilməməsini bildirsə də, cavabdehin əməkdaşları onun iradlarına məhəl qoymamışlar. İstifadə etdiyi təbii qazın dəyərini vaxtlı– vaxtında ödəmiş və onun heç vaxt borcu olmamışdır. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-510/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-510/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə materiallarına əlavə edilmiş: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli aktdan görünür ki Şəmkir rayonu, Yuxarı Könüllü kəndində yerləşən yaşayış evində yaşamış abonent İddiaçı yaşadıqı ünvana quraşdırılmış Elster G-4 10341229 sayğac yeni Elster G-4 ******* sayğacla əvəz olunmuş. Səbəb isə sayğacın çıxış borusu qaynaq vasitəsi ilə deşik olduğu aşkar olunmuşdur. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli 25 sentyabr 2023-ci il tarixli aktdan görünür ki, istehlakçı kimi qeydə alınmış İddiaçı yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, sayğacın çıxış borusu qaynaq vasitəsi ilə deşik olduğu müəyyən edilmiş, sayğacın əvəzlənməsi və dəymiş ziyanı hesablanaraq abonent tərəfindən ödənilməsi qərara alınmışdır. Abonentin saldosundan görünür ki, 2023–cü ilin sentyabr ayına Şəmkir rayonu, Yuxarı Könüllü kəndində yerləsən yaşayış evində yaşayan abonent İddiaçı adına 777.60 manat borc hesablanmışdır. “Dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, iddiaçı tərəfindən sayğaca müdaxilə edilməklə istifadə edildiyi üçün 6480m3 təbii qaz sərfi hesablanmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı mənzilində quraşdırılmış qaz sayğacının işləməməsi ilə əlaqədar dəyişdirilərək, dövlət yoxlamasına göndərilmiş, sayğacın hesablama mexanizminin qüsurlu olması aşkar edilmişdir. Ona görə də, cavabdeh tərəfindən iddiaçıya itirilmiş qazın bərpası məqsədilə 777.60 manat borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 6-cı maddəsinin 2-ci hissəsinə görə, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. 13-cü maddəsinin 8-ci bəndinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 3.1.2-ci bəndinə görə, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçını qazın alğı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməlidir. 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.3-cü bəndinə görə, qaz sayğacları SMPDK tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.1-ci bəndinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qanunvericiliyin tələblərinə görə, fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini qaz paylayıcı daşıdığından, həmçinin qaz sayğacının sıradan çıxmasının bilavasitə istehlakçının təsiri üzündən baş verməsi sübuta yetirilmədiyindən, qaz sayğacında aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində heç bir sanksiya tətbiq edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus qaz sayğacının hesablama mexanizminin qüsurlu olması aşkar edilsə də, həmin halın baş verməsində iddiaçının təqsiri müəyyən edilməmişdir. Yəni, iddiaçıya məxsus fərdi yaşayış evində quraşdırılmış sayğacın mexanizminin qüsurlu olması məhz sonuncu tərəfindən həyata keçirilməsi və ya qüsurda onun hər hansı bir təqsirinin olması iş materialları ilə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki qanunvericliyin qeyd edilən tələblərindən göründüyü kimi, hüququ pozulmuş şəxsin əmlakından məhrum olması və ya əmlakının zədələnməsi nəticəsində və ya mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki hüquq pozuntusu - delikt isə, hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Göründüyü kimi, məhz iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-510/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPMnin 372, 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-510/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1249/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1249/2024
13.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver