Məhkəmə qərarları › İş №2(104)-1250/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1250/2024

11.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1250/2024 11.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı mülki iş üzrə Açar sözlər: borcun silinməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2(076)-676/2024 nömrəli qətnaməsindən cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə 11 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış İtron tipli, G-4 markalı, 1302AZ**********86 nömrəli qaz sayğacı yeni Zenner tipli, G-4 markalı, **********062 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Aktda çıxarılan İtron tipli, G-4 markalı, 1302AZ**********86 nömrəli qaz sayğacı çıxarılan zaman sayğacın quraşdırılması səbəbi əvəzetmə qeyd edilmişdir;

2. AN-İ ******* nömərli, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş sürətindən görünür ki, X2 Ceyran Vəzir qızına ünvan 1 ünvanında yerləşən mənzili 10000 manata satmışdır;

3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın təsdiq olunmuş surətindən müəyyən olunur ki, Şəmkir şəhəri Səməd Vurğun küçəsi ev 143/1, mənzil-1 İddiaçı tam mülkiyyətindədir;

4. “Qaz sayğacının yoxlanılması barədə” xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-879 saylı aktdan görünür ki, 1302AZ**********86 daxili nömrəsi olan sayğaca baxış keçirilmiş, sayğacın klapanının işlək olmadığı, sayğacın mənfi ilə işləməsi, sayğacın üzərində mexaniki mexanizmi qoruyucu ekranın deşildiyi aşkar edilmişdir. Sayğacın istismara yararsız olması müəyyən edilmişdir.

5. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, X6 məxsus yaşayış sahəsində xx.xx.2023-cü il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması vəziyyəti yoxlanılmışdır. Aktda aşağıdakılar qeyd olunmuşdur: AR DNŞ-nin “Azəriqaz” İB-dən daxil olan xx.xx.2023-cü il tarixli MSK- 14-2-2/3-5-879 saylı akta əsasən 1302AZ**********86 nömrəli sayğacın klapanının işlək olmaması, sayğacın mənfi ilə işləməsi, sayğacın üzərində mexaniki mexanizmi qoruyucu ekranın deşilməsi aşkar olunmuşdur. Dəymiş ziyan hesablanması və ödənilməsi qeyd olunmuşdur.

6. Şəmkir şəhəri, S. Vurğun kəç., ev-0, mən-65 ünvanının abonenti X1 görünür ki, abonent hesabına may ayında 2023-cü il üçün 3110,40 manat borc hesablanmışdır;

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, ******* saylı qüsur aktı üzrə hesablanmış 3110,40 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı mənzili xx.xx.2023-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X3 almışdır. Şəmkir şəhəri Səməd Vurğun küçəsi, ev-143/1, mənzil-1 ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarış əsasında onun mülkiyyətinə verilmişdir. Yaşadığı mənzildə qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edirlər. Həmin qaz sayğacı mənzilin əvvəlki mülkiyyətçisi X5 adına qeyd edilmişdir. Hazırda isə mənzilin mülkiyyətçisi odur. O hər ay mütəmadi olaraq təbii qazdan istifadə etdiyinə görə ödənişləri etmişdir. Hələ o mənzili alqı-satqı tamamlamamış 04 oktyabr 2022-ci il tarixdə «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən həmin mənzilə quraşdırılmış qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Köhnə sayğacı söküb aparmışlar. 31 may 2023-cü il tarixdə «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən onların iştirakı olmadan ******* saylı akt tərtib edilərək, sayğacın klapanının işlək olmadığını, sayğacın mənfi ilə işlədiyini, sayğcın üzərində mexaniki mexanizmi qoruyucu ekranın deşildiyini qeyd etmişlər və həmin akt üzrə 3110.40 manat borc hesablamışlar.

9. Şəmkir Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2(076)-676/2024 nömrəli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) iddia təmin edilərək, ünvan 4 ünvanında yerləşən yaşayış evi üzrə təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən abonent X5 adına hesablanmış 3110,40 manat məbləğində borcun silinməsi qət edilmişdir.

10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4, 158.2, 158.4 və 560.1-ci maddələrinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Qazdan istifadə Qaydaları” haqqında Qərarının 4.8-ci bəndinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçıya məxsus qaz sayğacına qanunsuz müdaxilə olunduğundan sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və 2023-cü ilin may ayında iddiaçının abonent hesabına işlənilmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfinin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Belə ki, sayğacın hesablama mexanizminin üzərindəki qoruyucu ekranın deşilməsi aşkarlanmışdır. Nəzərə alınmamışdır ki, ekspertiza prosesində Azərbaycan Metrologiya İnstitunun nümayəndələri də iştirak etmişdir. İş materiallarından da göründüyü kimi sayğaca müdaxilə faktı ilə bağlı kifayət qədər sənədləşmə aparılmış, fakt təsdiqini tapmışdır. İddiaçının istismarında olan qaz sayğacının işləmədiyi işin mübahisəsiz halıdır və iddiaçıya xx.xx.2023-cü il tarixdə qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında 3110,40 manat itirlmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Sayğacın nisbi xəta ilə işləmə tarixi qeyri müəyyən olduğundan fakt aşkarlandığı vaxtdan 180 günlük hesabat aparılmışdır. Buna baxmayaraq məhkəmə 2023cü ilin may ayında müəyyən edilmiş məbləğin hamısının silinməsini qət etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, sayğac quraşdırılmış evi 20 fevral 2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında almışdır. O, həmin evə köçəndə yeni sayğac quraşdırılmış olmuşdur. Evin kommunal borclarının olub-olmamasını maraqlanmış və ona kommunal borc olmadığı bildirilmişdir. Bir müddət qaz sayğacından istifadə etmişdir. Sonradan sayğaca pul köçürəndə müəyyən etmişdir ki, sayğaca köçürülən pul vəsaiti borcun silinməsinə yönəlir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etməmişdir.

Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu

16. Maddə 1. Qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir.

17. Maddə 8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

18. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfıyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

19. Maddə 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır.

20. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

21. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 384.0.1. apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. İşin müəyyən olunmuş və faktiki hallarından göründüyü kimi ünvan 1 olan fərdi yaşayış evinin təbii qazla təmin edilməsi üçün “Azəriqaz” İB ilə X5 (evin köhnə mülkiyyətçisi) arasında təbii qazın alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X7 20 fevral 2023-cü il tarixdə qaz sayğacı quraşdırılmış evi İddiaçı satmışdır. Hazırda həmin mənzildə iddiaçı və onun ailə üzvləri yaşayır. xx.xx.2022-ci il tarixdə, yəni iddiaçı həmin evi alqı-satqı etməmişdən əvvəl evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac çıxarılmış, çıxarılan sayğac 6 aydan çox keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə yoxlamadan keçirilmiş və 1302AZ**********86 nömrəli sayğacın klapanının işlək olmaması, sayğacın mənfi ilə işləməsi, sayğacın üzərində mexaniki mexanizmi qoruyucu ekranın deşilməsi aşkar olunmuşdur ki, bununla da cavabdeh təşkilat 25920 kub/metr qaz itkisinə məruz qaldığını iddia etmişdir. Bu səbəbdən “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən istehlakçıya 3110,40 manat borc hesablanmışdır.

30. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta əsasən qaz sayğacı başqası ilə əvəzlənmişdir. xx.xx.2023-cü il tarixdə isə istismar müddəti bitmiş sayğac yoxlamadan keçirilmiş və sayğacın üzərində mexaniki mexanizmi qoruyucu ekranın deşik olması müəyyən edilmişdir ki, bununla da cavabdeh təşkilat 25920 kub m. qaz itkisinə məruz qaldığını iddia etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixdə əvəzlənməsi üçün çıxarıldığı zaman sayğacda hər-hansı bir müdaxilənin olması müəyyən edilməmiş və bu barədə akta hər hansı bir qeyd aparılmamışdır ki, qaz sayğacı çıxarıldıqdan sonra yoxlamaya göndərildiyi müddət ərzində ehtiyyatsızlıqdan və ya hər hansı məqsədə nail olmaq üçün qərəzli olaraq sayğaca müdaxilə edilməsi də istisna olunmayan haldır. Digər tərəfdən cavabdeh təşkilat sayğacın hesablama mexanizminin müdaxilə nəticəsində qaz itkisinə səbəb olmasını da əsaslandırmamışdır.

31. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə abonent tərəfindən sayğaca müdaxilənin edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin, abonent tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarına hər hansı sübut əlavə edilməmişdir.

32. Odur ki, abonentə hesablanmış borcun silinməsi qanunidir. Apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvinə əsas vermir. Dəlillər mötəbər sübutlarla təsdiq edilməyən subyektiv mülahizələrdən ibarətdir.

33. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2(076)-676/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar