Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1258/2024 13.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Muradov Rəhman Şaban oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, Ağdam Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(013)-230/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 5 saylı Bakı “Asan Xidmət” mərkəzində Notarial Ofifisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 5 saylı Bakı “asan xidmət” mərkəzində Notarial Ofifisində bağlanmış xx.xx.2023-cü il tarixli 4Ə517 reyester nömrəli müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi, birgə nikah dövründə Abşeron rayon Mehdiabad qəsəbəsində əldə olunmuş ümumi əmlakları sayılan 0.03 ha torpaq sahəsinin ½ hissəsinə pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(013)-230/2024 saylı qətnaməsi ilə (hakim Rafiq Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 5 saylı Bakı “Asan xidmət” mərkəzində Notarial Ofifisinə qarşı Cavabdeh1 və Cavabdeh2 arasında 5 saylı Bakı “Asan xidmət” mərkəzində Notarial Ofifisində bağlanmış xx.xx.2023-cü il tarixli 4Ə-517 saylı müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi, birgə nikah dövründə Abşeron rayon Mehdiabad qəsəbəsində əldə olunmuş ümumi əmlakları sayılan 0.03 ha torpaq sahəsinin ½ hissəsinə pay hüququnun tanınması tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, iş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(013)-230/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim olunan sənədlərdən mübahisəli əmlakın onların birgə nikahda olduqları dövrdə əldə olunduğu tam təsdiqini tapmışdır. Lakin məhkəmə əsassız olaraq mübahisəli əmlakın onların birgə nikahları dövründə əldə olunsa da, digər cavabdehin həmin əmlakı vicdanlı əldə edən olduğu qənaətinə gəlmişdir. Belə ki, məhkəmə araşdırması zamanı mübahisəli əmlakın tərəflərin birgə nikahda olduqları dövrdə əldə olunduğu kifayət qədər sübuta yetirilmiş, həmçinin Cavabdeh1 “torpaq sahəsini satarkən iddiaçının da razılığını almalı olduğunu bilirdinmi?” sualına “bəli bilirdim və buna görədə mən ona, yəni iddiaçıya müəyyən məbləğdə pul da təklif etmişdim, lakin o, razılaşmamışdı” kimi cavabı vermiş, lakin məhkəmə bunu nəzərə almamışdır. Eyni zamanda məhkəmə araşdırması zamanı digər Cavabdeh2 “Vasibin hazırkı əmlakı iddiaçı ilə birgə nikahda olduqları zaman əldə etdiyindən məlumatın vardımı?” sualına “bəli məlumatım vardı və Vasib mənə dediki aldığım pulun yarısını ona verib razılığını alacağam, heç bir problem olmayacaq, sən narahat olma” kimi cavab vermişdir. Məhkəmə isə əsassız olaraq bu halları nəzərə almadan digər cavabdehin mübahisəli əmlakı vicdanlı əldə edən olması qənaətə gəlmişdir. Halbuki, qanunun tələbinə görə (MM, maddə 182.1) əgər əldə edən özgəninkiləşdirilən əmlakın mülkiyyətçisi olmadığını bilirdisə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. İşin hallarından və tərəflərin izahatlarından da, göründüyü kimi digər cavabdeh Məmmədov əmlakın alqısatqısı üçün iddiaçının razılığının tələb olunduğunu bilirdi və ona görə də vicdanlı əldə edən ola bilməzdi. Məhkəmə işin bu halını nəzərə almamışdır. Cavabdehlər Cavabdeh2 və 5 saylı Bakı “Asan Xidmət” mərkəzində Notariat Ofisinə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, cavabdeh ilə xx.xx.2005-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Onların birgə nikahdan iki övladları olmuşdur və həmin uşaqlar artıq yetkinlik yaşına çatmışlar. Daha sonra onlar arasında olan nikah Ağsu Rayon Məhkəməsinin 2(016)-25/2022 saylı qətnaməsinə əsasən pozulmuşdur. Onlar birgə nikah dövründə, yəni xx.xx.2013-cü il traixli Alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Mehdiabad qəsəbəsində 0.03 ha torpaq sahəsini satın almış, o, həmin torpaq sahəsinin bölünməsi üçün dəfələrlə cavabdehə müraciət etmiş, lakin imtina edilmişdir. Həmin torpaq sahəsi onun razılığı və məlumatı olmadan Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Ağdam Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(013)-230/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilərək, torpaq sahəsi üzərində ½ hissədə payının müəyyən edilməsini xahiş etdi. İddiaçı X1 vəkili və nümayəndəsi Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, mübahisə edilən torpaq sahəsi ilə bağlı cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanılarkən, birgə mülkiyyətçi kimi iddiaçının razılığı alınmamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Ağdam Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(013)-230/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, birgə nikah dövründə əldə etdikləri digər əmlakı iddiaçıya qalmış, bütün bunların qarşılığında isə ona yalnız, Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinin qaldığından və bu barədə aralarında şifahi razılaşma olduğundan, iddiaçının yazılı razılığına lüzum bilməmişdir. Həm də, həmin puldan 3000 manat cavabdehə vermişdir. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Ağdam Rayon Məhkəməsinin 07 mart 2024cü il tarixli, 2(013)-230/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Ağdam Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(013)-230/2024 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Cavabdeh1 ilə Cavabdeh2 arasında torpaq sahəsinin alqısatqı müqaviləsinə dair xx.xx.2023-cü il trixli 4 ə-517 saylı notariat işinə əlavə edilmiş: torpaq sahəsinin plan və ölçüsü sənədindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında mülkiyyət kimi Cavabdeh1 adına tərtib edilmişdir. qeydiyyat nömrəsi **********6, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən «Çıxarış»ın sürətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətinə verilmişdir. xx.xx.2023-cü il tarixli AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin sürətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 17500 manat qiymətinə Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmışdır və həmin müqavilə 5 saylı Bakı “Asan xidmət” mərkəzində Notarial Ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmişdir. Ağsu Rayon Məhkəməsinin 14 yanvar 2022-cı il tarixli, 2(016)-25/2022 saylı qətnaməsinin sürətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında olan 10 avqust 2005ci il tarixdə bağlanmış nikah pozulmuşdur. Ağsu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-cü il tarixli AZ-İ № 394363 “X3 Şəhadətnamə”nin sürətindən görünür ki, Cavabdeh1 və İddiaçı arasında olan nikah, Ağsu Rayon Məhkəməsinin 14 yanvar 2022-cı il tarixli, 2(016)-25/2022 saylı qətnaməsinə əsasən pozulmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi Dairəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1 adına Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən 0.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023cü il tarixdə **********12 reyestr nömrəsi ilə qeydiyyata (Abşeron rayonu 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 17.09. 2013-cü il tarixli 4Ə-07-2114 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X6 və X5 paylı mülkiyyətində olan 0.155 ha torpaq sahəsindən özgəninkiləşdirilmişdir) alınmış, 5 saylı Bakı “asan xidmət” mərkəzində Notarial Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-517 reyestr nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, mülki qanunvericilikdə daşınmaz əmlakı əldə edənin vicdanlılığı prezimpsiyası müəyyən edilmişdir. Belə ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. O şəxs vicdanlı sayıla bilməz ki, alqı-satqı anında alqı-satqının predmeti barəsində 3-cü şəxslərin iddiaları barədə məlumatı olsun və həmin iddialar sonradan təmin olunmuş olsun. Hazırkı halda, Cavabdeh1 ilə Cavabdeh2 ilə sözügedən alqı-satqı müqaviləsini bağlayarkən iddiaçının hər hansı iddiası olmamışdır. İddiaçı həmin torpaq sahəsi ilə iddia qaldırarkən isə artıq qeyd olunan alqı-satqı müqaviləsi bağlanmışdır. Bununla da, Cavabdeh2 xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə əldə etdiyi torpaq sahəsinə dair vicdanlı alıcı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar... 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 xx.xx.2005-ci ildə rəsmi nikah münasibətinə daxil olmaqla evlənmiş, onların birgə nikahından Nail və Aidə adlı uşaqları anadan olmuşdur. Ağsu Rayon Məhkəməsinin 2(016)-25/2022 saylı qətnaməsi ilə onlar arasında olan nikah pozulmuşdur. Tərəflərin birgə nikahda olduqları dövrdə, birgə gəlirləri hesabına 17.09. 2013-cü il tarixli 4Ə-07-2114 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən 0.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əldə edilmiş və Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixli AN-İ ******* saylı Daşınmaz Əmlakın alqısatqı müqaviləsi ilə həmin torpaq sahəsini 17500 manata digər Cavabdeh2 satılmışdır. Halbu ki, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır və daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Göründüyü kimi, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tərəflərin birgə nikah müddətində birgə vəsaitləri hesabına əldə edildiyindən, iddiaçı həmin torpaq sahəsinə dair onun ½ hissədə payın verilməsini tələb etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi isə, iddianı rədd etməklə, iddiaçının mülkiyyət hüququnun pozulmasına gətirib çıxarmışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən 0.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı Cavabdeh1 Cavabdeh2 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin torpaq sahəsinin ½ hissəsi üzərində İddiaçı payı müəyyən edilməli, həmin etibarsız əqd üzrə Cavabdeh1 aldığı 17500 manat məbləğində pul ondan alınaraq Cavabdeh2 verilməli, pulun verilməsi ilə torpaq sahəsinin qaytarılması eyni vaxtda icra edilməldir. Azərbaycan Respublikası MPM-nin: Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış və mübahisənin maddi-hüquqi əsasları düzgün mnüəyyən edilməmişdir.Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Ağdam Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(013)-230/2024 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 5 saylı Bakı “asan xidmət” mərkəzində Notarial Ofisində bağlanmış xx.xx.2023cü il tarixli 4Ə517 reyester nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsində İddiaçı, ½ hissəsində isə Cavabdeh1 payı müəyyən edilməli, etibarsız əqd üzrə Cavabdeh1 aldığı 17500 manat məbləğində pul ondan alınaraq Cavabdeh2 verilməli, pulun verilməsi ilə torpaq sahəsinin qaytarılması eyni vaxtda icra edilməldir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDi : Apellyasiya şikayəti təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(013)-230/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 5 saylı Bakı “asan xidmət” mərkəzində Notarial Ofisində bağlanmış xx.xx.2023-cü il tarixli 4Ə517 reyester nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsində İddiaçı, ½ hissəsində isə Cavabdeh1 payı müəyyən edilsin. Etibarsız əqd üzrə Cavabdeh1 aldığı 17500 manat məbləğində pul ondan alınaraq Cavabdeh2 verilsin və pulun verilməsi ilə torpaq sahəsinin qaytarılması eyni vaxtda icra edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1258/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1258/2024
13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver