Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1260/2023 23.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2(013)-505/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, “Azəriqaz” X5 Regional Qaz İdarəsinin Bərdə rayon filialı tərəfindən qanunsuz hesablanmış 363,36 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2(013)-505/2023 nömrəli (hakim: M.Niftəliyev) qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə Ağdam rayonu Çəmənli kəndində yaşayır. Təbii qazdan istifadəyə görə yaranmış borcu vaxtı-vaxtında ödəmişdir. Yaşadıqları evə quraşdırılmış qaz sayğacı mərhum atası X2 adına olmuşdur. Atası 10 noyabr 2020-ci il tarixdə ölmüşdür. “Azəriqaz” İstehsalat Birliyi isə atası öldükdən sonra sonuncuya qarşı 462 manat borcun ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmış və Ağdam Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 2(013)-2337/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə icra edilməsi üçün icra orqanına göndərilmiş və Ağdam rayon icra və probasiya şöbəsinin 25 aprel 2022-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Buna baxmayaraq borc məbləği abonent hesabından silinməmişdir. Bundan sonra cavabdeh tərəfindən ona məlumat verilmişdir ki, yaşadığı evə quraşdırılmış qaz sayğacına 363,36 manat cərimə borcu hesablanmışdır. Halbuki həmin sayğaca o və ya ailə üzvləri, habelə mərhum atası tərəfindən hər hansı müdaxilə edilməmişdir. Ona görə də sayğaca yazılmış cərimə borcu silinməlidir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı iddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə göndərərək məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş və iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: “Azəriqaz” İstehsalat Birliyinin 25 yanvar 2019-cu il tarixli ******* nömrəli aktında qeyd edilmişdir ki, X2 evinə quraşdırılmış sayğacın hesablama mexanizminin qapağına yan tərəfdən əzilmiş olduğu, daxili qulaqcıqlarda əzik-cızıq olduğu aşkar edilmişdir; **********00000 nömrəli abonent saldosundan görünür ki, 2019-cu ilin yanvar ayında abonent hesabına 392,40 manat akt borcu hesablanmışdır; Ağdam Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 2(013)-2337/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin iddiası təmin edilərək, X1 462 manat tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 373.2, 375.2, 1096 və 1097.1-ci maddələrinə istinadən iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, “Azəriqaz” İstehsalat Birliyi abonent X2 yaşadığı evə quraşdırılmış G-4 markalı ******* nömrəli qaz sayğacına baxış keçirərkən sayğaca müdaxilə halı aşkar edilmiş və bu səbəbdən sayğac yoxlamaya göndərilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, hesablama mexanizminin qapağı yan tərəfdən əzilmişdir və daxili qulaqcıqlarda əzik-cızıq vardır. Sayğaca müdaxilə nəticəsində “Azəriqaz” İstehsalat Birliyi ona 392,40 manat ziyan dəydiyini əsas götürərək istehlakçının yaşadığı evə quraşdırılmış qaz sayğacına həmin məbləğdə borc hesablamışdır. İddiaçı (mərhum abonentin oğlu) həmin borcun qanunsuz olduğunu əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddia müddətinin keçdiyini və cavabdehin iddia müddətinin tətbiqi barədə ərizə verdiyini, habelə mübahisələndirilən borcun tutulmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması əsasları ilə iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinə müvafiq olaraq, ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375-ci maddəsinə müvafiq olaraq, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşdən göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi borc qaz sayğacına müdaxilə edilməsi əsası ilə abonentin qaz sayğacına hesablanmışdır. Yəni həmin borc qaz paylayıcı ilə qaz istehlakçısı arasında bağlanmış təbii qaz alqı-satqısı barədə müqavilə əsasında yaranmamışdır. Belə ki, “Azəriqaz” İstehsalat Birliyi sayğaca müdaxilə əsasında ona dəymiş ziyanın əvəzi kimi (delikt) həmin məbləği abonentin hesabına yazmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin borc müqavilədən irəli gələn öhdəlik kimi qiymətləndirilə bilməz. İşə baxan birinci instansiya məhkəməsi isə qeyd olunan hala düzgün hüquqi qiymət vermədən həmin borcu müqavilədən irəli gələn öhdəlik (borc) kimi qiymətləndirmiş və iddia müddətinin keçməsi əsası ilə iddianın təmin edilməməsi barədə yanlış nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, həmin borc müqavilədən irəli gələn öhdəlik olmadığına görə həmin borca iddia müddətinin tətbiq edilməsi də istisna təşkil edir. Həmçinin məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi Ağdam Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 2(013)-2337/2021 nömrəli qətnaməsini hazırkı işlə əlaqələndirib Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsini tətbiq etməkdə də düzgün nəticəyə gəlməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliklə müəyyən olunmuşdur ki, mülki işin icraatı zamanı sübut edilməsinə ehtiyac olmayan faktlar preyudisial faktlardır. Preyudisial faktlar başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya hökmü ilə müəyyən edilmiş faktlar olur. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Nəzərə almaq lazımdır ki, bütövlükdə hər hansı məhkəmə aktının və belə aktdan irəli gələn bütün nəticələrin yox, həmin aktla müəyyən olunan konkret faktların və halların preyudisial əhəmiyyəti ola bilər. Qətnamənin preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır, konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmaqla yanaşı, bu fakt həmin işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Beləliklə qətnamə ilə müəyyən edilən preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Bundan əlavə, sonrakı işdə iştirak edən şəxslərdən hər hansı biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, onda həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların adi qaydada sübut edilməsini tələb edəcəkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair ”27 avqust 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (Mülki Prosessual Məcəllənin 53 və 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Məhkəmə kollegiyası qeyd edir ki, Ağdam Rayon Məhkəməsinin icraatında olmuş 2(013)- 2337/2021 nömrəli iş üzrə iştirak edən şəxslər “Azəriqaz” İstehsalat Birliyi və mərhum X4 olmuşdur. Hazırkı iş üzrə işdə iştirak edən şəxslər isə “Azəriqaz” İstehsalat Birliyi və İddiaçıdur. Göründüyü kimi qeyd olunan işlər üzrə tərəflər ayrı-ayrı şəxslərdir. Həmçinin məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci iş üzrə iddianın predmeti qaz sayğacına hesablanmış borcun ödənilməsi olmuşdur. Hazırkı iddianın predmeti isə qaz sayğacına hesablanmış borcun silinməsindən ibarətdir. Yəni iddiaların predmeti və əsasları eynilik təşkil etmir. Digər tərəfdən iş materialları ilə Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(013)-2337/2021 nömrəli qətnaməsi ilə X3 hesablanmış 462 manat cərimənin hazırkı iş üzrə iddiaçıya 25 yanvar 2019-cu il tarixli, ******* nömrəli akt əsasında hesablanmış cərimə borcu ilə əlaqəli olması müəyyən edilmir. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Ağdam Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 2(013)-2337/2021 nömrəli qətnaməsi hazırkı iş üzrə preyudisial əhəmiyyət daşımır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta əsasən qaz sayğacı başqası ilə əvəzlənmişdir. xx.xx.2019-cu il tarixdə isə istismar müddəti bitmiş sayğac yoxlamadan keçirilmiş və sayğacın hesablama mexanizminin qapağına yan tərəfdən əzilmiş olduğu, daxili qulaqcıqlarda əzik-cızıq olduğu aşkar edilmişdir ki, bununla da cavabdeh təşkilat 3924 kub m. qaz itkisinə məruz qaldığını iddia etmişdir. Lakin, iş materiallarında olan abonentin saldosu adlı sənəddən görünür ki, qaz sayğacı çıxarılmamışdan əvvəlki aylar üzrə iddiaçı tərəfindən istifadə edilmiş qazın həcmi hər ay qeydə alınmış və müvafiq ödənişlər edilmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktada qaz sayğacı əvəzlənməsi üçün çıxarıldığı zaman sayğacda hərhansı bir müdaxilənin olması müəyyən edilməmiş və bu barədə akta hər hansı bir qeyd aparılmamışdır ki, qaz sayğacı çıxarıldıqdan sonra yoxlamaya göndərildiyi müddət ərzində ehtiyyatsızlıqdan və ya hər hansı məqsədə nail olmaq üçün qərəzli olaraq sayğaca müdaxilə edilməsi də istisna olunmayan haldır. Digər tərəfdən cavabdeh təşkilat sayğacın hesablama mexanizminin müdaxilə nəticəsində qaz itkisinə səbəb olmasını da əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə abonent tərəfindən sayğaca müdaxilənin edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin, abonent tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarına hər hansı sübut əlavə edilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış və iş üzrə mühüm əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.2, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2(013)-505/2023 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin və iddia təmin edilsin. Azəriqaz” İstehsalat Birliyi tərəfindən X3 (abonent kodu: **********00000 nömrəli abonent) hesablanmış 363,36 (üç yüz altmış üç manat 36 qəpik) manat cərimə borcu silinsin. Qətnamədən kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1260/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1260/2023
23.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver