Məhkəmə qərarları › İş №2(104)-1262/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1262/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1262/2025 11.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(061)-1642/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il və xx.xx.2024cü il tarixli müqavilələrə əsasən BAG TRUST BOLOGNA ECO kompüter çantası, MOUSE, HUAWEİ MATEBOOK D14 kompüter, SAMSUNG COMPACT CHARGER, İmei kod **********27921 SAMSUNG GALAXY A24 markalı telefon üçün ödənilməmiş hissə üzrə ümumilikdə 2707 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 47.07 manat pulun cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(061)-1642/2024 nömrəli qətnaməsi (hakim Kamil Rzayev) ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti ilə məhkəmə müraciət etmiş və birinci instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətin mümkünlüyü yoxlanyan məhkəmə kollegiyası hesab edir ki, şikayət prosessual qanunvericiliyin tələblərinə uyğun verilmədiyindən birinci instansiyası məhkəmə şikayəti baxılması üçün apellyasiya məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Bu səbəbdən də apellyasiya qeyri-mümkün hesab edilməli və şikayətə hüquqi qiymət verilməsi üçün iş materialları birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Belə ki, apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş qaydada, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Digər tərəfdən qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnaməyə uyğun olaraq, “elektron kabinet” sistemi məhkəmə iştirakçıları üçün məcburi hüquqi platformadır və bu platforma tətbiq sahəsinə şəxsin azadlıqdan məhrum olunma vəziyyəti daxil olmaqla bütün hüquqi rejimləri əhatə edir. Məhkəmə qeyd edir ki, penitensiar müəssisələrdə olan şəxslər üçün “Elektron kabinet” sisteminə çıxış texniki baxımdan mümkündür – onlar ya müəssisə rəhbərliyi vasitəsilə, ya da vəkil/nümayəndə vasitəsilə sistemə daxil ola və şikayətlərini bu qaydada təqdim edə bilərlər. Bu imkanlar dövlət tərəfindən praktik səmərəlilik və hüquqi əlçatanlıq prinsiplərinə uyğun olaraq yaradılmışdır. Bu baxımdan, cavabdehin cəzaçəkmə müəssisəsində saxlanılması onun elektron qaydada şikayət təqdim etmə vəzifəsindən azad olunması üçün əsas deyildir. Əksinə, bu halda belə şəxslər məhkəmə sisteminə qanunla müəyyən olunmuş vasitə ilə “elektron kabinet” üzərindən müraciət etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10, 263, 264, 363.1.5. və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(061)-1642/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti hüquqi qiymət verilməsi üçün mülki işlə birlikdə Tərtər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar