Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1270/2023 10.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və onun vəkili X2 iştirakları ilə, Tovuz Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(062)-148/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-3799 saylı qərarından görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı iddiası qismən təmin edilərək Cavabdeh1 xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən borclu olduğu 150.000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, tutmanın kredit müqaviləsinin şərtinə uyğun olaraq cavabdehin təsisçisi olduğu "xxxx" firmasının Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin ½ hissəsinə yönəldilərək açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin hesabına borcun ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilməmiş və Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Apellyasiya instansiyası məhkəməsinin həmin qətnaməsindən Cavabdeh1 və üçüncü şəxs X3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi Cavabdeh1 iddiaçının xeyrinə tutulması qət edilmiş pulun ödənilməsinin cavabdehin təsisçisi olduğu "xxxx" firmasının Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin ½ hissəsinə yönəldilməsi, onun açıq hərracdan satılıb borcun ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissəyə yenidən baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qətnamənin Cavabdeh1 İddiaçı xeyrinə 150.000 manatın tutulmasına dair hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)-853 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 və üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi – Cavabdeh1 İddiaçı xeyrinə tutulması qət edilmiş pulun ödənilməsinin cavabdehin təsisçisi olduğu "xxxx" firmasının Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin ½ hissəsinə yönəldilməsi, onun açıq hərracdan satılıb borcun ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməmişdir. Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı sonuncu dəfə xəbərdarlıq edilərək bildirilmişdir ki, 15 gün müddətində məhkəmə qərarının icrasını təmin etmədiyi halda Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunması üçün barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə təqdimat veriləcəkdir. Təsis payının bağışlanmasına dair xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, təsisçi Cavabdeh1 Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən "xxxx" firmasındakı nizamnamə kapitalındakı 100 faizlik payının 50 faizini Cavabdeh3, 30 faizini isə Cavabdeh2 bağışlamışdır. Təsis payının bağışlanmasına dair xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh3 Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən "xxxx" firmasındakı nizamnamə kapitalındakı 50 faiz payını, Cavabdeh2 isə Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən "xxxx" firmasındakı nizamnamə kapitalındakı 30 faiz payını X4 bağışlamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 Cəlal oğlunun Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən "xxxx" firmasındakı 100 faizlik təsis payının 50 faizini Cavabdeh3, 30 faizini isə Cavabdeh2 bağışlamasına dair X12 Xidmət mərkəzinin Notariat ofisində rəsmiləşmiş xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh1 Cəlal oğlu atasının əmisi oğlu, digər iki cavabdeh isə onun övladlarıdır. Cavabdeh1 Cəlal oğlu ilə qarşılıqlı razılaşmaqlarına əsasən xx.xx.2018-ci il tarixdə aralarında kredit (borc) müqaviləsi bağlanmışdır. Müqaviləni notariusda rəsmiləşdirmişlər. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh1 Cəlal oğluna 6 ay müddətinə 150.000 manat borc pul vermişdir. Həmin borcun təminatı olaraq aralarındakı razılaşmalarına əsasən cavabdeh həmin 150.000 manatı ödəməyəcəyi halda, təsisçisi və mülkiyyətcisi olduğu "xxxx" firmasının Tovuz rayonu, Qovlar şəhəri Vağzal küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin 1/2 hissəsini onun adına rəsmiləşdirilməsini öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozduğuna və öhdəliyi yerinə yetirmədiyinə görə, Tovuz Rayon Məhkəməsində iddia qaldıraraq cavabdehdən 150.000 manat borcun alınmasını və borcün cavabdehin mülkiyyətcisi olduğu Qovlar şəhəri Vağzal küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin hərracda satılmaqla, əldə olunan vəsaitə yönəlməsini xahiş etmişdir.Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş, Cavabdeh1 Cəlal oğlundan 150.000 manat borcun alınıb ona verilməsi qət edilmiş, tutmanın xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin mülkiyyətində olan Qovlar şəhəri Vağzal küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən verilmiş kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə, qətnamə cavabdehdən 150.000 manat borcun alınması hissəsində qüvvədə saxlanılmış, borcun cavabdehin mülkiyyətində olan yanacaqdoldurma məntəqəsinin 1/2 hissəsinə yönəldilməsi ilə bağlı qanunun tələblərinə əməl edilmədiyi, yəni aralarında ipoteka müqaviləsi bağlanmadığı, həmin müqavilənin notariusda təsdiq olunmadığı və dövlət qeydiyyatından keçmədiyi əsas göstərilərək həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Məhkəmə qərarının məzmunu ondan ibarət olmuşdur ki, cavabdehlə borc müqaviləsi bağlayarkən və cavabdeh öz əmlakını girov qoyarkən biz aralarında ayrıca ipoteka müqaviləsi bağlayıb, həmin müqaviləni dövlət reyestr orqanında qeydiyyatdan keçirməli olduqları halda, bunu etməmişlər. Ona görə iddianın həmin hissədə təmin olunması qanunun tələbimə uyğun olmamışdır. Yekunda Cavabdeh1 Cəlal oğlundan 150.000 manat borcun alınıb ona verilməsinə dair məhkəmə qərarının icrasına başlanılmışdır. İcra prosesində icra məmuru cavabdehin əmlak vəziyyətini yoxlayarkən məlum olmuşdur ki, kassasiya instansiyası məhkəməsinin qərarından sonra Cavabdeh1 təsisçi olduğu "xxxx" firmasındakı 100 faizlik payının 50 faizini oğlu Cavabdeh3 digər 30 faizini isə Cavabdeh2 adına bağışlama müqaviləsi əsasında keçirmişdir. Hesab edir ki, həmin bağışlama müqaviləsi cavabdehin məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 150.000 manat borcunun, icra qaydasında onun əmlakına yönəlməsinin qarşısının alınması üçün məqsədli bağlanmış formal və uydurma müqavilə olduğundan etibarsız sayılmalıdır. Qeyd olunduğu kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli yekun qərarı ilə Cavabdeh1 ona borclu olduğu 150.000 manatın alınıb verilməsi barədə mübahisə başa catmışdır. Məhkəmə qərarından sonra icra vərəqəsi icra şöbəsinə daxil olanadək cavabdeh borcunun icra qaydasında yönələcəyi yeganə əmlakı olan "xxxx" firmasındakı 100 faizlik nizamnamə kapitalının və firmanın xüsusi mülkiyyətində olan yanacaqdoldurma məntəqəsinin 80 faizini bağışlama yolu ilə formal olaraq uşaqlarının adına keçirmişdir. Burada cavabdehin niyyəti yalnız borcunun əmlakı hesabına ödənilməsinə manecilik yaratmaq olmuşdur. Hesab edir ki, məhkəmə qərarı ilə 150.000 manat borc ödəməli olan şəxsin, qərarın icraya yönəlməsi prosessindən əvvəl əmlakını övladlarının adına keçirməsi yalnız mülki hüquqlardan sui-istifadədir. Sonradan İddiaçı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə verərək Cavabdeh1 Cəlal oğlunun Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən "xxxx" firmasındakı 100 faizlik təsis payının 50 faizini Cavabdeh3, 30 faizini isə Cavabdeh2 bağışlamasına dair xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin və həmin əmlakın cavabdehlərin adından X1 adına X12 Xidmət mərkəzinin Notariat ofisində rəsmiləşmiş xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edəsiniz. Tovuz Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(062)-148/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim F.Əliyev) iddia tələbinin təmin edilməsi, Cavabdeh1 Cəlal oğlunun Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən "xxxx" firmasındakı nizamnamə kapitalındakı 100 faizlik payının 50 faizini Cavabdeh3, 30 faizini isə Cavabdeh2 bağışlamasına dair xx.xx.2021-ci il tarixli təsis payının bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh3 Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən "xxxx" firmasındakı nizamnamə kapitalındakı 50 faiz payının, Cavabdeh2 isə Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən "xxxx" firmasındakı nizamnamə kapitalındakı 30 faiz payının X4 bağışlamasına dair xx.xx.2021-ci il tarixli təsis payının bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə işin göstərilən hallarını yuxarıda sadalanan hüquq normalarının tələbləri baxımından qiymətləndirib, habelə Konstitusiya Məhkəməsinin müvafiq Qərarlarında əks olunmuş göstərişləri rəhbər tutmaqla hesab edir ki, mübahisələndirilən bağışlama müqavilələri hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanmamış və onların bəhrələnməsini istisna etməmişdir. Əksinə bağışlama müqaviləsinin bağlanılması Cavabdeh1 gələcəkdə borcun tutulması üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında tələbin yönəldiləcəyi əmlakı özgəninkiləşdirməklə bəhrələnməsinə yönəlmişdir. Bu yanaşma onun oğlanları olan Rüfət və Rəhman tərəfindən atalarından bağışlama üzrə əldə etdikləri payın ailənin gəlini olan (Rəhmanın arvadı) Gülnara hədiyyə edilən zaman onların da iradə ifadələrinə şamildir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, bağışlama müqavilələri uydurma əqddir. Yəni cavabdehlərin məqsədi bağışlama müqaviləsinin real məqsədlərinə xidmət edəcək hüquqi nəticə yaratmaqdan ibarət olmamışdır. Həmin qətnamədən narazı qalan Cavabdeh1 Cəlal oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, həmin iş üzrə iddiaçının iddia tələbinə görə onun həmin bağışlanma müqaviləsinin ləğv edilməsi üçün iddiaçının hansı şəkildə maraqlarına toxunub toxunmadığı hala qiymət vermədən qərar qəbul edilmişdir. Həmçinin cavabdehlərə məxsus olan "xxxx" firmasının Acess bank ASC-də girovda olması barədə xəbərdarlıq etməklərinə baxmayaraq, həmin hala da qiymət verilməmişdir. Çünki cavabdeh və ya maraqlı şəxs qismində bankı da işə cəlb etməli olduqları halda, cəlb etməmişlər. Bundan başqa həmin iş üzrə Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə həmin müqavilə əsasında "xxxx" firmasının 12-nə yönəldilə bilməməsi barədə tam aydın olaraq açıqlama verilməsinə baxmayaraq, nahaqdan bağışlanma müqavilələrinin ləğv edilməsinə iddiaçı nail olmuşdur. Həmin çıxarılmış olan qətnamə ilə razılaşmır. Ona görə ki, iddiaçıya yaranmış olan borc üzrə Tovuz rayon İcra və Probasiya şöbəsinin müvafiq təqdimatı əsasında Ədliyyə Nazirliyində Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Həmin ona məxsus olmuş "xxxx" firması həyat yoldaşı ilə birlikdə yaşadığı dövrdə əldə olunmuş olan əmlak olduğundan həmin əmlaka dair ümumi bağışlanma müqaviləsinin etibarsız sayılması qeyri-qanunidir. Hətta iddiaçı öz iddiasında və hakimin çıxarmış olduğu qətnaməsində onun qətnamənin icra olunmasından yayınmağı üçün guya ki, həmin əmlakı bağışlama müqaviləsi əsasında digər şəxslərə formal olaraq verməyini bildirmişlər. Apellayasiya şikayətinə dair etiraz daxil olmamışdır. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etirazını bildirərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı vəkili X5 da məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycam Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Belə ki, işin faktiki hallarından müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə kimi qaytarmaq şərti ilə iddiaçı tərəfindən cavabdehə 150.000 manat məbləğdə borc verilmişdir. Həmin borcun təminatı olaraq müqavilədə Cavabdeh1 borcu qaytara bilməyəcəyi halda təsisçisi olduğu "xxxx" firmasının Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin ½ hissəsini İddiaçı adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 müqavilənin şərtlərinə riayət etmədiyi üçün İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və onun iddiası üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsi əsasında Cavabdeh1 xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən borclu olduğu 150.000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, tutmanın kredit müqaviləsinin şərtinə uyğun olaraq cavabdehin təsisçisi olduğu "xxxx" firmasının Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin ½ hissəsinə yönəldilərək açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin hesabına borcun ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 və üçüncü şəxs Məhəbbət Ələkbərova tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Qeyd olunan qətnamədən Cavabdeh1 və üçüncü şəxs Məhəbbət Ələkbərova tərəfindən verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi Cavabdeh1 iddiaçının xeyrinə tutulması qət edilmiş pulun ödənilməsinin cavabdehin təsisçisi olduğu "xxxx" firmasının Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin ½ hissəsinə yönəldilməsi, onun açıq hərracdan satılıb borcun ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissəyə yenidən baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qətnamənin Cavabdeh1 İddiaçı xeyrinə 150.000 manatın tutulmasına dair hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Daha sonra Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 və üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi – Cavabdeh1 İddiaçı xeyrinə tutulması qət edilmiş pulun ödənilməsinin cavabdehin təsisçisi olduğu "xxxx" firmasının Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin ½ hissəsinə yönəldilməsi, onun açıq hərracdan satılıb borcun ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. İddiaçının mübahisələndirdiyi və iş materiallarına əlavə edilmiş daşınmaz əmlakın bağışlanması müqavilələri ilə: a) təsis payının bağışlanmasına dair xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, təsisçi Cavabdeh1 Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən "xxxx" firmasındakı nizamnamə kapitalındakı 100 faizlik payının 50 faizini Cavabdeh3, 30 faizini isə Cavabdeh2 bağışlamışdır. b) təsis payının bağışlanmasına dair xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh3 Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən "xxxx" firmasındakı nizamnamə kapitalındakı 50 faiz payını, Cavabdeh2 isə Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən "xxxx" firmasındakı nizamnamə kapitalındakı 30 faiz payını X4 bağışlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsində müqavilə tərəfi olmayan şəxslərə müqaviləni mübahisələndirmək hüququ verilmişdir. Belə ki, müqavilə əqddir, bəzi hallarda əqdin tərəfi olmayan şəxslərin də əqdi mübahisələndirmək hüququ tanınmalıdır. Lakin əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququ o halda tanına bilər ki, əqd onun hüququna, vəzifəsinə və ya qanuni mənafeyinə toxunmuş olsun. Toxunma müxtəlif formalarda ola bilər: - Hüququn və ya qanuni mənafenin pozulması üçün şərait yarada bilər; - Hüququ və ya qanuni mənafeni mübahisəli edə bilər; - Vəzifənin icrasını çətinləşdirə bilər. Toxunmanın olub-olmadığı müəyyən edilərkən əqdin yaratdığı nəticə əsas götürülür. Belə ki, Mülki Məcəllənin 324.1-ci maddəsinə görə bütün əqdlər nəticə yaratmağa yönəlir, həmin nəticə isə ümumilikdə 3 yerə bölünür: - Hüquq münasibəti əmələ gəlir; - Hüquq münasibəti dəyişir; - Hüquq münasibəti xitam olunur. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna 3 element daxildir: - Münasibətin subyekti; - Münasibətin obyekti; - Münasibətin məzmunu. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna daxil olan üç elementdən hər hansı birinin şəxsə aidiyyəti yoxdursa, həmin şəxs əqdi mübahisələndirmək hüququna malik olmur. Beləliklə, əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququnun olduğunu müəyyən edən meyar əqdin əmələ gətirdiyi, dəyişdiyi və ya xitam etdiyi hüquq münasibətinin strukturuna daxil olan üç elementdən heç olmasa birinin həmin şəxsə aid olmasıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan görünür ki, mübahisələndirilən müqavilələrə əsasən təsisçi Cavabdeh1 Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən "xxxx" firmasındakı nizamnamə kapitalındakı 100 faizlik payının 50 faizini Cavabdeh3, 30 faizini isə Cavabdeh2 bağışlamış, digər tərəf (hədiyyə alan) isə hədiyyəni qəbul etmişdir. Həmçinin Cavabdeh3 Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən "xxxx" firmasındakı nizamnamə kapitalındakı 50 faiz payını, Cavabdeh2 isə Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən "xxxx" firmasındakı nizamnamə kapitalındakı 30 faiz payını X4 bağışlamış, digər tərəf (hədiyyə alan) isə hədiyyəni qəbul etmişdir. Beləliklə hazırki işdə əmlakın bağışlanması müqavilələri cavabdehlərdən Cavabdeh1 mülkiyyət hüququnun xitamına, Cavabdeh3 və Cavabdeh2 üçün əksinə mülkiyyət hüququnun yaranmasına, yəni hüquq münasibətinin əmələ gəlməsinə yönəlmişdir. Belə ki, bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Göründüyü kimi hüquq münasibətinin strukturuna daxil olan üç elementdən heç birinin iddiaçıya aidiyyəti yoxdur. Belə ki, iddiaçı müqavilə münasibətlərinin subyekti deyildir, müqavilənin predmeti iddiaçıya hər hansı əşya hüququ ilə məxsus olmayan əmlakın bağışlanması ilə əlaqədardır. Bundan başqa müqaviləyə əsasən yaranmış öhdəlik münasibətinin məzmununun da iddiaçıya bağlılığı müəyyən edilməyib, çünki subyektiv hüquq və hüquqi vəzifə (məs. əmlakı bağışlamaq, müqavilə ləğv edildiyi təqdirdə hədiyyəni qaytarmaq və s.) müqavilənin tərəflərinə aiddir. Belə olan halda hazırki işdə yuxarıda göstərilən üç elementdən heç birinin iddiaçıya aidiyyəti olmadığı müəyyən edilir. Həmçinin iddiaçının iddia tələbində qeyd etdiyi dəlilləri ilə əlaqədar isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının “məhkəmə aktının icrasından yayınmaq məqsədilə cavabdehlərin mübahisəli bağışlama müqaviləri bağlamasına, bununla da onun tərəf olduğu mülki iş üzrə çıxarılmış məhkəmə aktının icrasına olan hüququnun pozulmasına” dair irəli sürdüyü dəlili heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakter daşıyır. Halbuki işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Nəzərə alınmalıdır ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Göründüyü kimi iddiaçı qeyd edir ki, məhkəmə aktının icrasından yayınmaq məqsədilə cavabdehlər mübahisəli bağışlama müqaviləri bağlamış, bununla da onun tərəf olduğu mülki iş üzrə çıxarılmış məhkəmə aktının icrasına olan hüququnun pozmuşlar, lakin kollegiya hesab edir ki, bu iki hüquqi fakt arasında səbəbli əlaqənin mövcud olması müəyyən edilmir. Belə ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Beləliklə də, qanunvericilik şəxslərin azad surətdə müqavilə bağlamalarını məhdudlaşdırmamışdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarının məzmunundan göründüyü kimi pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə o zaman yol verilə bilər ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmiş olsun. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia, buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından rədd olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına əməl olunmadığına görə ləğv edilməli, yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin olunmamalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(062)-148/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1270/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1270/2023
10.08.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver