Məhkəmə qərarları › İş №2(104)-1285/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1285/2023

30.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1285/2023 30.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İbadulla oğlunun cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı mülki iş üzrə Açar sözlər: Əsassız hesablanmış borcun silinməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı İbadulla oğlunun nümayəndəsi X1 iştirakı ilə, Ağstafa Rayon Məhkəməsinin 2(015)-83/2023 saylı mülki iş üzrə 11 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 30 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan 31 mart 2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, abonent İddiaçı məxsus olan, Ağstafa rayonu Köçəsgər kəndində yerləşən evdə təbii qaz sayğacına sayğacın dəyişdirilməsi ilə bağlı baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombun kəsilməsi və nəticədə qaz itkisi yaranması müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı İbadulla oğlu nümayəndəsi X2 vasitəsilə cavabdeh ARDNŞ «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, ARDNŞ «Azəriqaz» İstehsalat Birliyi tərəfindən iddiaçıya hesablanmış 518.40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Azəriqaz” abonentidir və adına **********02880 saylı abonent saldosu vardır. Cavabdeh təşkilatın işçiləri tərəfindən iddiaçının istifadəsində olan qaz sayğacının qaynaq vasitəsilə yeri dəyişdirilmiş və daha sonra sayğacı çıxarıb başqa sayğacla əvəz etmişlər. Sonradan iddiaçıya cərimə yazılmışdır. Hazırda “Azəriqaz” İB tərəfindən iddiaçıya 518,40 manat qanunsuz pul hesablanmışdır. Qaz sayğaclarına cavabdeh “Azəriqaz” İB-nin əməkdaşları tərədindən 1 ayda 2 dəfədən artıq baxış keçirilir. Əgər sayğaca müdaxilə baş vermişdirsə hansı səbəbə görə vaxtında heç bir tədbir görülməmişdir. Bundan başqa qaz sayğacına dəymiş ziyanlığın hesablanması qaydası haqqında heç bir əsas olmadan iddiaçıya 518,40 manat borc hesablanmışdır.

4. Ağstafa Rayon Məhkəməsinin 2(015)-83/2023 saylı mülki iş üzrə 11 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim:Z.Rəsulov) iddia tələbi təmin edilmiş, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 31 mart 2022-ci il tarixli ******* saylı akta əsasən İddiaçı İbadulla oğluna hesablanmış 518.40 manat borcun silinməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

5. Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin 2(015)-83/2023 saylı mülki iş üzrə 11 yanvar 2023-cü il tarixli qətnaməsini ləğv edərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmənin iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə səhvdir. Belə ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğusu plombun kəsilməsi və yenidən yapışqan maddə ilə yapışdırılması faktı aşkarlanmışdır. Nəzərə alınmamışdır ki, ekspertiza prosesində Azərbaycan Metrologiya İnstitutunun nümayəndələri də iştirak etmişlər. Sayğaca müdaxilə faktı ilə bağlı kifayət qədər sənədləşmə aparılmış, fakt təsdiqini tapmışdır. İddiaçıya xx.xx.2022-ci il tarixdə qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında 518.40 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Lakin, məhkəmə əsassız olaraq həmin borcun silinməsi qənaətinə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya məhkəməsində icraat c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı İbadulla oğlunun nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etirazını bildirirək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. 9.İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun:

10. Maddə 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydaları: 1

11. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

12. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

13. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

Tətbiq edilməli olan prosessual hüquq normaları

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllləsinin;

14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

15. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

17. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;

18. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

19. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

22. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb məruzəçi hakimi və iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin uzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübut etmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

25. Məhkəmə kollegiyası göstərir ki, iş materiallarında İddiaçı İbadulla oğlunun təbii qazdan istifadə etməklə bağlı yaranan borcunun olması barədə heç bir sübut yoxdur, hesablanmış borc iddiaçının mübahisələndirdiyi Akta əsasən hesablanmışdır, həmçinin qaz sayğacında ortaya çıxmış problemin məhz onun təqsiri üzündən yaranması sübut edilmir.

26. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, irəli sürülən iddianı təmin etməklə birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qətnamənin ləğvinə əsas vermi

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticəetibarı ilə qanuni vəəsaslı qətnamə qəbul etmişdir. Buna görə də, apellyasiya şikayətinin dəlilləri həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanmalıdır.

28. Kollegiya qeyd edir ki, hazırki işdə iddianın qiyməti 518.40 manatdır. Ona görə də, hazırki iş üzrə qəbul edilən qətnamədən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin 2(015)-83/2023 saylı mülki iş üzrə 11 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar