Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1286/2023 18.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədirliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-97/2023 nömrəli qətnaməsindən cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona qarşı qanunsuz hesablanmış 638,40 manat borcun cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-97/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Z.Rəsulov) iddia qismən təmin edilmiş, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən abonent kodu **********05430 olan İddiaçı yazılmış 489,60 manat borcun silinməsi və “Azəriqaz” İstehsalat Birliyindən 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-97 /2023 nömrəli qətnaməsinin ləğv edilməsini və İddiaçı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfin formal mülahizələrlə qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. İddiaçının mənzilində quraşdırılmış qaz sayğacı istismar müddətinin başa çatması ilə əlaqədar dəyişdirilərək, dövlət yoxlamasına göndərilmiş, sayğacın hesablama mexanizminin qüsurlu olması aşkar edilmişdir.Ona görə də, iddiaçıya xx.xx.2018-ci il tarixli akt əsasında 489,60 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. İş üzrə tərəflərə işə baxılmanın yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-97/2023 nömrəli qətnaməsi iddia qismən təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə əlavə edilmiş: xx.xx.2021-ci il tarixli Abonentin saldosu adlı çıxarışından görünür ki, Ağstafa rayonu Yuxarı Göycəli kəndində yaşayan İddiaçı ilə Qazax MQKS arasında təbii qazdan istifadəyə dair müqavilə münasibətləri mövcuddur. Belə ki, abonent kodu **********5430-dur, onun ailə tərkibi 4 nəfərdən ibarətdir.Həmin evdə 4 gözlü qaz plitələri, qızdırıcı radiator peçi, su qızdırıcı kalonka vardır. xx.xx.2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, abonent kodu **********5430 olan İddiaçı məxsus Ağstafa rayonu Yuxarı Göycəli kəndində yerləşən evdə G-4T markalı **********996 zavod nömrəsi olan sayğacının quraşdırıldığı qeyd edilir.4464562 nömrəli sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, qaz sayğacının xətaları normaya uyğun deyil. Sayğac minumum sərfiyyatda 100 faiz xəta ilə işləyir.Kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirilmiş, plastmas borunun deşilməsi aşkar olunmuşdur. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı yaşadığı evə quraşdırılmış qaz sayğacı istismar müddətinin başa çatması ilə əlaqədar dəyişdirilərək, dövlət yoxlamasına göndərilmiş, sayğacın plastmas borusunun deşilməsi və hesablama mexanizminin qüsurlu olması aşkar edilmişdir. Buna görə cavabdeh tərəfindən iddiaçıya itirilmiş qazın bərpası məqsədilə 489,60 manat borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 6-cı maddəsinin 2-ci hissəsinə görə, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. 13-cü maddəsinin 8-ci bəndinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 3.1.2-ci bəndinə görə, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçını qazın alğı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməlidir. 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.3-cü bəndinə görə, qaz sayğacları SMPDK tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.1-ci bəndinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qanunvericiliyin tələblərinə görə, fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini qaz paylayıcı daşıdığından, həmçinin qaz sayğacının sıradan çıxmasının bilavasitə istehlakçının təsiri üzündən baş verməsi sübuta yetirilmədiyindən, qaz sayğacında aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində heç bir sanksiya tətbiq edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus qaz sayğacının hesablama mexanizminin qüsurlu olması aşkar edilsə də, həmin halın baş verməsində iddiaçının təqsiri müəyyən edilməmişdir. Yəni, iddiaçıya məxsus fərdi yaşayış evində quraşdırılmış sayğacın mexanizminin qüsurlu olması məhz sonuncu tərəfindən həyata keçirilməsi və ya qüsurda onun hər hansı bir təqsirinin olması iş materialları ilə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki qanunvericliyin qeyd edilən tələblərindən göründüyü kimi, hüququ pozulmuş şəxsin əmlakından məhrum olması və ya əmlakının zədələnməsi nəticəsində və ya mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki hüquq pozuntusu - delikt isə, hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Göründüyü kimi, məhz cavabdeh tərəfindən qaz sayğacına müdaxilə edilməsi öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi haqlı olaraq iddianı hissədə təmin etmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-97/2023 nömrəli qətnaməsi iddianın qismən təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPMnin 372, 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-97/2023 nömrəli qətnaməsi iddianın qismən təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1286/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1286/2023
18.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver