Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1293/2024 17.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-143/2024 saylı, 07 mart 2024-cü il tarixli qətnaməsindən İddiaçı MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin məzmunundan görünür ki, İddiaçı MMC-də xx.xx.2019-cu ildə Cavabdeh satış üzrə nümayəndə vəzifəsinə işə qəbul edilmişdir.
2. xx.xx.2020-ci il tarixli 093/2020 saylı məhsulların nisyə alqı-satqısı barədə müqavilənin məzmunundan görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh arasında müqavilə bağlanılmış, həmin müqvailəyə əsasən satıcı ümumi dəyəri 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları alıcıya satır, alıcı qismində Cavabdeh isə həmin malların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüş, vəsait nəğd və ya köçürülmə formasında yalnız satıcının səlahiyyətli nümayəndəsindən qəbz almaqla ödəyir, bu qaydanın pozulmasına görə məsuliyyət alıcının üzərinə düşür.
3. xx.xx.2020-ci il tarixli, 093 nömrəli əşyaların təhvil-təslim aktının məzmunundan görünür ki, satıcı siyahıda qeyd edilmiş məhsulları təhvil vermiş, alıcı Cavabdeh ümumi dəyəri 30000 manat təşkil edən müxtəlif markalı enerji içkilərini təhvil almışdır.
4. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-yə 30000 manat borcunun yarandığını etiraf etmiş, üç aya borcunu tam ödəyəcəyini öhdəsinə götürmüşdür.
5. xx.xx.2021-ci il tarixli əmrlə işçi Cavabdeh ilə işəgötürən İddiaçı MMC arasında bağlanılmış əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2(a) bəndinə əsasən (öz təşəbbüsü ilə) xx.xx.2021-ci il tarixdə xitam verilmişdir.
6. Məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 1224 nömrəli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh məktub ünvanlanaraq, müqavilə əsasında götürdüyü məhsulların dəyərinin 30000 manat olan hissəsini bugünədək ödəmədiyini, borcun qısa müddət ərzində ödənilməsi, əks halda hüquqi müdafiə vasitələrindən istifadə edilməsi barədə xəbərdarlıq etmişdir..
7. xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh məktub ünvanlanaraq, müqavilə əsasında götürdüyü məhsulların dəyərinin 10730.82 manat olan hissəsini bugünədək ödəmədiyini, borcun qısa müddət ərzində ödənilməsi, əks halda hüquqi müdafiə vasitələrindən istifadə edilməsi barədə xəbərdarlıq etmişdir.
8. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1506 nömrəli ekspert rəyindən (tədqiqatın nəticə hissəsi) görünür ki, ekspertizaya təqdim olunmuş, Cavabdeh ilə İddiaçı MMC-nin adlarından olan 27 noyabr 2019-cu il tarixli “tam maddi məsuliyyət haqqında” müqavilənin 1-ci vərəqinin aşağı sağ küncündəki imza və 2-ci vərəqində olan “işçi” qrafasındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur.
9. Məhkəmə kollegiyasına təqdim edilmiş İddiaçı MMC-nin nümayəndəsi Ceyhun Məmmədsoyun ərizəsindən görünür ki, iddiaçının səlahiyyətli nümayəndəsi göstərir ki, Cavabdeh ilə İddiaçı MMC arasında işçi ilə işə götürən arasında borc yoxdur. Cavabdeh İddiaçı MMC-yə borcu mülki hüquq münasibətlərindən irəli gəlir. Nisyə alqı-satqı müqaviləsinə əsasən hal-hazırda borcu 10.730,82 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə üzrə ödəniməmiş 10730.82 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 122.19 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, tərəflər arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2020-ci il tarixli, 093/2020 saylı müqavilənin 1-ci bəndinə əsasən, iddiaçı cavabdehə ümumi dəyəri 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və iddiaçıya olan borcunun 10730.82 manat hissəsini bu günədək ödəməmişdir.
12. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-143/2024 saylı qətnaməsi ilə (hakim X.Səfərli) iddia təmin edilməmişdir.
13. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı nisyə alqı-satqı müqaviləsindən yaranmış borcun etirafı haqqında mülki hüquqi əqdə əsaslanaraq işçisi olmuş cavabdehdən pulun tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab etmişdir ki, işçi olmuş cavabdehin işəgötürən MMC-yə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı hallar əmək qanunvericiliyində dəqiq göstərilmişdir və tam tənzimlənmişdir, işçinin işəgötürənə vurduğu ziyan borcun etirafı haqqında mülki müqavilə ilə rəsmiləşdirilə bilməzdi, buna görə iddiaçının onunla əmək münasibətində olmuş cavabdehdən borcun etirafı haqqında mülki müqaviləyə əsaslanaraq vurduğu ziyanın əvəzinin ödənilməsi barədə tələbi əsassızdır və təmin edilməməlidir.
14. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337, 399, 442, 567, 600 və 882-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
15. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-143/2024 saylı qətnaməsindən narazı qalan İddiaçı MMC apellyasiya şikayəti verərək, Gəncə şəhər Məhkəməsinin e-2(125)-143/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın tam həcmdə təmin edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 61.10 manatın cavabdehdən iddiaçının xeyrinə tutulnması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi Mülki Məcəllənin 2.3 və 882-ci maddələrinin, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitsiya Məhkəməsi Plenumunun 17 iyul 2023-cü il tarixli Qərarını hazırki mübahisəyə tətbiq etməli olmadığı halda, bunu etmişdir. Çünki, iş materiallarından da, göründüyü kimi, hazırki mübahisə işçinin işəgötürənə vurduğu zərərin əvəzinin ödənilməsi ilə bağlı deyil. Cavabdehin iddiaçıya borcunun yarandığını təsdiq edən tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi və həmin müqaviləyə istinadən bağlanmış mövcud borcun etirafı haqqında müqavilə də, işçinin işəgötürənə zərər vurmasının rəsmiləşdirilməsi məqsədi ilə bağlanmamışdır. Hazırki mübahisənin mahiyyəti ondan ibarətdir ki, cavabdehlə iddiaçı arasında mülki hüquq münasibətlərinin yaranması məqsədi ilə məhsulların alqı-satqısı haqqında müqavilə bağlanıb, cavabdeh müqavilə üzrə malları iddiaçıdan təhvil alıb və malların dəyərini ödəməyi öhdəsinə götürüb. Tərəflər arasında yaranmış bu mülki hüquq münasibətlərinin, işə baxan birinci instansiya məhkəməsi tərəfindən əmək münasibətlərindən əmələ gəlmiş kimi qələmə verməsini dərk etmək mümkün deyil. Çünki, nə işin faktiki hallarından, nə məhkəmə iclasında müəyyən edilmiş faktlardan, nə də iş materiallarında olan sübutlardan bunu müəyyən etmək olmaz. Qısacası, cavabdeh İddiaçı MMC-yə işçi olaraq heç bir zərər vurmayıb. Tərəflər arasında bağlanmış müqavilə isə, onun işçi olaraq İddiaçı MMC-yə maddi zərər vurmasının rəsmiləşdirilməsi məqsədi daşımır. Cavabdeh İddiaçı MMC-dən mal alıb, lakin dəyərini tam şəkildə ödəməyib. Mübahisə mahiyyəti bu qədər aşkar və sadə olduğu halda, birinci instansiya məhkəməsi heç bir əsas olmadan və yalnız şəxsi mülahizələrinə görə, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin mahiyyətini işçinin işəgötürənə vurduğu zərərin rəsmiləşdirilməsi kimi qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən prosessual hüquq normalarına istinad etsə də, iş materiallarında olan sübutları nəzərə almamışdır. Bütün bunlar, Gəncə şəhər Məhkəməsinin iş üzrə e-2(125)-143/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsinin tamamilə qanunsuz və əsassız olduğunu bir daha təsdiq edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq isə bildirmişdir ki, iddiaçı cavabdehə alqı-satqı müqaviləsi əsasında bizon və digər içki məhsulları vermişdir. İş üzrə ekspertiza rəyi ilə razıdırlar.
19. Məhkəmə kolelgiyasının iclasında iştirak edən Cavabdeh izahat verib bildirmişdir ki, rəylə razı deyildir. Əgər müqavilə varıydısa birinci instansiya məhkəməsinə təqdim edilərdi. Hər məhkəmə iclasında iddiaçı tərəf başqa-başqa sənədlər ortaya çıxarmışdır. O, satış təmsilçisi idi. Onlar sifariş götürüb məhsulu başqa adama çatdırırdılar. O, iddiaçı ilə məhsulların alqı-satqı müqaviləsi bağlamamışıdlr.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
20. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
21. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
22. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
23. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
24. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
27. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
28. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
29. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
30. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
31. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
32. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.
33. Maddə 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur.
34. Maddə 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir.
35. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.
Azərbaycan Respublikası Əmək Məcəlləsi:
36. Maddə 2.1. 3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi prinsiplərinə əsaslanır.
37. Maddə 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
38. Maddə 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
39. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
40. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
44. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
47. 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
48. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
49. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
50. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
51. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı ümumilikdə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
52. 27. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-143/2024 saylı, 07 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Hazırkı iş üzrə iddia tələbi borcun etirafı haqqında mülki hüquqi əqdə əsaslanmışdır, işçinin vurduğu ziyana görə tam maddi məsuliyyət daşıması barədə əmək qanunvericiliyi ilə tənzimlənən müqavilə ilə əsaslandırılmamışdır.
54. Tərəflər öz aralarında əmək hüquq münasibətlərinin mövcud olmasını qəbul etsə də, iddiaçı əmək münasibətlərindən deyil cavabdehlə bağlanmış, nisyə alqı-satqı müqaviləsi və təhvil təslim aktı əsasında yaranmış borcu tələb etdiklərini qeyd etmişdir. Kollegiya əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında həm 093/2020 saylı məhsulların nisyə alqı-satqısı barədə müqavilə, həm də, 093 nömrəli əşyaların təhvil-təslim aktı xx.xx.2020-ci il tarixdə bağlansa da, iddiaçı Cavabdeh üç ay müddət tamam olmamış, yəni xx.xx.2020-ci il tarixdə Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-yə 30000 manat borcunun yarandığını etiraf etməsinə və üç aya borcunu tam ödəyəcəyinə dair ərizə almışdır. Halbuki, 093/2020 saylı məhsulların nisyə alqı-satqısı barədə müqaviləsində və 093 nömrəli əşyaların təhvil-təslim aktında götürülmüş məbləğ və qaytarılması vaxtı əks olunmuşdur. Digər tərəfdən iddiaçı 2021-ci ilin 17 dekabrında və 20 dekabrında borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq göndərmişdir. xx.xx.2021-ci il tarixli xəbərdarlıqda cavabdehin 30000 manat, xx.xx.2024-cü il tarixli xəbərdarlıqda cavabdehin 10.730.82 manat borcunun qaldığı göstərilmişdir ki, iddiaçının nümayəndəsi buna aydınlıq gətirə bilməmişdir. İş materiallarında iddiaçı tərəfindən təqdim edilmiş və cavabdehin alqı-satqı müqaviləsi əsasında ödədiyi qeyd edilən müvafiq olaraq xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli 811894 və 811896 saylı mədaxil qəbzlərinin götüyündən görünür ki, 811894 saylı qəbzlə 5150.12 manat, 811896 saylı qəbzlə 5000 manat ödəniş edilmişdir. Qəbzlərdə cavabdehin imzası yoxdur. İddiaçı həmin ödənişlərin cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə 093/2020 saylı məhsulların nisyə alqı-satqısı müqaviləsi üzrə olan 30000 manat borcundan ödədiyini qeyd etmişdir. Lakin iddiaçı xx.xx.2020-ci il tarixdə 093/2020 saylı məhsulların nisyə alqı-satqısı müqaviləsi üzrə cavabdehdən 10730.82 manat tələb etsə də, həmin məbləğin haradan yaranmasını təsdiqləyəcək sübutları təqdim edə bilməmişdir. İddiaçının cavabdehin ödənişləri kimi təqdim etdiyi qəbzlər isə 10150.12 manat təşkil edir. Qalan məbləğin kim tərəfindən, nə zaman ödənilməsi barədə sübutlar təqdim edilməmişdir. Həmçinin iş materiallarında əlavə edilllmiş digər ödənişlərdən görünür ki, həmin ödənişlər üzərində bar kodu olan kassa ödənişləri qəbzi ilə qəbul olnub, təhvil verən və təhvil alan şəxs tərəfindən imza edilmişdir. Cavabdehin alqı-satqı müqaviləsi əsasında ödədiyi qeyd edilən müvafiq olaraq xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli 811894 və 811896 saylı mədaxil qəbzlərlə həmin qəbzlər fərqlidir.
55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdeh İddiaçı MMC-yə işçi olaraq heç bir zərər vurmaması, tərəflər arasında bağlanmış müqavilənin isə onun işçi olaraq İddiaçı MMC-yə maddi zərər vurmasının rəsmiləşdirilməsi məqsədi daşımaması, yalnız cavabdeh İddiaçı MMC-dən mal alıb, lakin dəyərini tam şəkildə ödəməməsi ilə bağlı dəlillərinə qiymət verərək qeyd edir ki, iddiaçı tərəf həmin alqı-satqı müqaviləsi ilə bağlı malların təhvil təslim aktından başqa heç bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Vergi Məcələsinin 13.2.62 və 3.2.63-cü maddələrinə əsasən, pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektronqaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətini, topdansatış isə – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətini ehtiva edir. Lakin iddiaçı tərəfindən malların verilməsini təsdiqləyən qeyd edilən sənədlərdən heç biri məhkəməyə təqdim edilməmişdir. Bu baxımdan kollegiya cavabdehin iddiaçı ilə aralarında hər hansı real mülki xarakterli əqdin mövcud olmaması ilə bağlı dəlilini əsaslı hesab etmir. Cavabdehin İddiaçı MMC-də satış meneceri vəzifəsində işləməsini və həmin vəzifəni yerinə yetirməsi üçün iddiaçının ona əmək haqqı ödəməsini nəzərə alsaq, iddiaçının əmək haqqı ödədiyi satış menecerinə nisyə alqı-satqı müqaviləsi əsasında istehsal etdiyi 30000 manat dəyərində malları satması, həmin halı təsdiqləyəcək sübutların fonunda inandırıcı deyildir. Cavabdeh tərəfindən təqdim edilmiş və cavabdehin məsul olduğu və Rafel adlı şəxsə nisyə mal satılması barədə satış fakturasından görünür ki, iddiaçı tərəfindən malların satışı üzərində bar kod olan müqavilənin nömrəsi, faktura nömrəsi, sifariş nömrəsi, yükləmə nömrəsi, anbar nömrəsi, sürücü, nəqliyyat vasitəsi, malların siyahısı və d. vacib məlumatlar olan satışa məsul şəxs və mal alan tərəfindən imza edilmiş kompyüterdən çap edilmiş satış fakturaları vasitəsilə həyata keçirilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının təqdim etdiyi nisyə alqı-satqı müqaviləsini və təhvil təslim aktını cavabdehlə aralarında yaranmış əmək münasibətinin mülki hüquqi müqavilə ilə rəsmiləşdirilməsi kimi qiymətləndirir.
55. Məhkəmə kollegiyası 093/2020 saylı məhsulların nisyə alqı-satqısı barədə müqavilənin və 093 nömrəli əşyaların təhvil-təslim aktının xx.xx.2020-ci il tarixdə bağlanmasına baxmayaraq iddiaçının Cavabdeh üç ay müddət tamam olmamış, yəni xx.xx.2020-ci il tarixdə Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-yə 30000 manat borcunun yarandığını etiraf etməsi və üç aya borcunu tam ödəyəcəyinə dair ərizəsini almasını, iddiaçı tərəfindən təqdim edilmiş və cavabdehin alqı-satqı müqaviləsi əsasında ödədiyi qeyd edilən, müvafiq olaraq xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli 5150.12 manat ödənilməsinə dair 811894 saylı və 5000 manat ödənilməsinə dair 811896 saylı mədaxil qəbzlərinin götüyündə cavabdehin imzasının olmaması, İddiaçı MMC kmi cəmiyyətin fevral ayından iyul ayınadək cəmi iki mədaxil əməliyyatını həyata keçirməsi(811894 saylı və 811896 sayl), iddia edilən 30000 manat borcun 10150.12 manatdan artıq hissənin ödənilməsinin təsdiqini tapmamasını, qalıq məbləğə dair sübutların təqdim edilməməsini, cavabdehə malların təhvil təslim aktı əsasında verilməsini, digər şəxslərə isə malların satışının üzərində bar kod olan müqavilənin nömrəsi, faktura nömrəsi, sifariş nömrəsi, yükləmə nömrəsi, anbar nömrəsi, sürücü, nəqliyyat vasitəsi, malların siyahısı və d. vacib məlumatlar olan satışa məsul şəxs və mal alan tərəfindən imza edilmiş kompyüterdən çap edilmiş satış fakturaları vasitəsilə həyata keçirilməsini, cavabdehlə iddiaçının işçi və işəgötürən statusunda olmasını ümumilikdə qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə real olaraq xx.xx.2020-ci 093/2020 saylı məhsulların nisyə alqı-satqısı barədə müqaviləsi və 093 nömrəli əşyaların təhvil-təslim aktı əsasında mal satması tam sübuta yetirilmir və təqdim edilmiş sübutlar zidiyyətli olmaqla yetərli deyildir.
54. Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 17 iyul 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 2.3cü maddəsinə müvafiq olaraq, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Həmin maddənin məzmunundan göründüyü kimi, mülki qanunvericilik əmək münasibətlərində yalnız subsidiar olaraq tətbiq edilə bilər... Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, Məcəllə işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir... Əmək Məcəlləsinin 2ci maddəsinin 3-cü hissəsində əmək hüququnun prinsiplərindən biri kimi əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi müəyyən edilmişdir. Qeyd edilməlidir ki, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi prinsipi həm əmək münasibətlərinin yaranması, həm dəyişdirilməsi, həm də xitamı ilə əlaqədar bütün mərhələlərinə eyni dərəcədə şamil edilir. Həmin prinsipdən irəli gələrək qanunverici tərəfindən bir sıra münasibətlərin bilavasitə əmək münasibəti hesab edilməsi və həmin münasibətlərin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi müəyyən edilmişdir (Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsi). Xüsusilə də Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.8-ci hissəsinə görə, müqavilədə bu Məcəllənin 10, 77, 112, 179 və 186-cı maddələrində göstərilən məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda, belə müqavilə (münasibətlər) mülki hüquqi müqavilə qaydasında rəsmiləşdirilə bilməz. Əmək Məcəlləsinin 10-cu maddəsinin 1-ci hissəsinin (ç) bəndinə əsasən isə işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir. Əmək Məcəlləsinin “İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyəti” adlanan Vİİİ bölməsinin normaları işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyətini, habelə işəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyətini tənzimləyir. Hüquqi məsuliyyətin bir növü olan maddi məsuliyyət əmək müqaviləsinin bir tərəfinin (işçinin və ya işəgötürənin) digər tərəfə əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi zamanı təqsirli, hüquqazidd hərəkətləri nəticəsində vurduğu ziyanı qanunvericiliklə müəyyən olunmuş qaydada və həddə ödəmək vəzifəsini nəzərdə tutur. Qeyd edilməlidir ki, əmək münasibətlərində maddi məsuliyyət məqsəd və vəzifələrinə, subyektlərinə, maddi məsuliyyətin həddi və onun müəyyən edilməsi şərtlərinə və qaydasına görə mülki hüquqi məsuliyyətdən fərqlənir... Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Göründüyü kimi, istər işəgötürən, istərsə də işçi əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə mülki qanunvericilik normaları əsasında deyil, əmək qanunvericiliyi normaları əsasında maddi məsuliyyət daşıyır və vurulmuş ziyanın ödənilməsi ilə bağlı tərəflər arasında hər hansı mülki hüquqi müqavilənin bağlanması tələb olunmur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir.
57. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 2(125)-143/2024 saylı, 07 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi :
Gəncə Şəhər Məhkəməsinin 2(125)-143/2024 saylı, 07 mart 2024-cü il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-143/2024 saylı, 07 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.